Məhkəmə qərarları › İş №2-1(103)-453/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-453/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-453/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4816/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci ildən, 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən (hüququnun yarandığı tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. xx.xx.1983-cü ildə əmək fəaliyyətinə başlamış və müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina ilə razı deyil və həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri yaşa və iş stajına malikdir. Eyni zamanda xx.xx.2010-cu ildən başlayaraq bu günədək iddiaçı kompressor qurğuları sexində 4-cü dərəcəli kompressor qurğuları üzrə təmirçi-çilingər peşəsində çalışır. Təmir etdiyi kompressor qurğuları texnoloji qurğulardır. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına haqq verən islahatların, peşələrin, vəzifələrin və göstərişlərin Siyahısı”nın 10.2-ci bəndində nəzərdə tutulmuşdur. İşlədiyi müəssisədə onunla eyni peşədə çalışmış və pensiya yaşına çatmış şəxslərə artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin şəxslər artıq bir neçə ildir pensiya alırlar. Güzəştli şərtlərlə yaşa görə mənə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malikdir və bu hal nəzərə alımaqla ona güşəştli şətrlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-4816/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən (hüququnun yarandığı tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İddiaçı cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (6 il 4 ay 11 gün (xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji qurğuların təmiri üzrə çilingərlər peşələri nəzərdə tutulmuşdur. Cavabdehə təqdim edilən "xxxx" MMC-nin 9 avqust 2023-cü il tarixli 22 nömrəli arayışında iddiaçının həmin müəssisənin kompressor qurğuları sexində kompressor qurğuları üzrə təmirçi-çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda çilingər peşəsində işlədiyi müddətdə texnoloji qurğuların təmiri barədə, təmir üzrə çilingər peşəsində işlədiyi müddətdə isə bilavasitə neft, qaz və qaz kondensatı hasilatı obyektlərinin təmiri ilə məşğul olub-olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmin dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmadığı üçün iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 4 ay 11 gün (xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1995xx.xx.2002-ci illərdə işlədiyi Kompressor qurğuları sexində maşinist peşəsi xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda mövcud olmamışdır. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 451 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə əlavə edilmişdir. İddiaçının işlədiyi peşələrin heç biri Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yoxdur, həmçinin qüvvədən düşmüş 320 saylı qərarla təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda kompressor qurğullarının təmirçi çilingər peşəsi mövcud deyil. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, sorğuya verdikləri cavab mötəbərdir, şirkət adından verilib, peşənin Siyahıda göstərilən peşəyə aidiyyəti xx.xx.2024-cü il tarixdən yaranmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin özü hər iki məhkəmə sorğusuna cavab məktubunda bildirimişdir ki, İddiaçı işlədiyi peşələrin heç biri Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yoxdur, həmçinin qüvvədən düşmüş 320 saylı qərarla təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və 23.01 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda kompressor qurğullarının təmirçi çilingər peşəsi mövcud deyildir. Belə ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İddiaçının ümumi iş stajı 39 il 11 ay 3 gün (xx.xx.2006-cı il tarixədək 21 il 11 ay 3 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət), xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il) təşkil edir. Onun xx.xx.2024-cü il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 68734,22 manat təşkil edir. Həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat məbləğində hesablanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan B seriyalı 125727 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1977-ci ildə 74 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 19 iyul 1980-ci ildə təmirçi çilingər peşəsi üzrə məktəbin tam kursunu bitirmiş, ona 3-cü dərəcəli təmirçi çilingər ixtisası verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 11 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji qurğuların təmiri üzrə çilingərlər peşələri nəzərdə tutulmuşdur. Cavabdehə təqdim etdiyiniz "xxxx" MMC-nin 9 avqust 2023-cü il tarixli 22 nömrəli arayışında həmin müəssisənin kompressor qurğuları sexində kompressor qurğuları üzrə təmirçi-çilingər peşəsində işlədiyiniz qeyd olunub. Lakin, sözügedən arayışda çilingər peşəsində işlədiyiniz müddətdə texnoloji qurğuların təmiri barədə, təmir üzrə çilingər peşəsində işlədiyiniz müddətdə isə bilavasitə neft, qaz və qaz kondensatı hasilatı obyektlərinin təmiri ilə məşğul olub-olmamağınız barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrlərin güzəştli iş stajınıza aid olubolmamasını müəyyən etmək mümkün deyil. Göstərilən səbəblərdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 4 ay 11 gün (xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd oiunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan “Azgerneft" MMC-nin “X1 Edilməsi, Hesablanması, Yenidən Hesablanması, Bir Növdən Başqa Növə Keçirilməsi və Ödənilməsi Qaydası"na 2 nömrəli Əlavəsinə əsasən xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd olunmuşdur ki, İddiaçı kompressor sexində kompressor qurğuları üzrə təmirçi-çilingər vəzifəsində 28 il, 5 ay, 7 gün fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 10.2 bəndinə/ (yarımbəndinə) və (və ya) a/fəhlələr vəzifə koduna uyğundur. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda göstərilmişdir ki, "xxxx" MMC 1994-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniya Federativ Respublikasının “Grünevald & SO.GMBH” şirkəti arasında bağlanmış müqaviləyə əsasən xx.xx.1996-ci il tarixdən karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və hasilatı sahəsində fəaliyyətə başlamışdır. xx.xx.1995-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul olunan, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı hazırda Kompressor qurğuları sexində Təmirçi çilingər peşəsində çalışır. İddiaçı xx.xx.1995-xx.xx.2002-ci illərdə Kompressor qurğuları sexində maşinist, xx.xx.2002xx.xx.2009-cu illərdə həmin sexdə gözətçi, xx.xx.2009-xx.xx.2010-cu illərdə İnzibatitəsərrüfat şöbəsində gözətçi peşəsində çalışmış, xx.xx.2010-cu il tarixdən bu günədək isə Kompressor qurğuları sexində təmirçi çilingər peşəsində işləyir. Kompressor qurğuları sexinin Təmirçi çilingərinin əmək funksiyaları aşağıdakılardan ibarətdir: Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin, kompressor qurğularının əsaslı və orta təmiri. Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi; Avadanlığın istismarı və təmir prosesində yoxlanılması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması; Mürəkkəb avadanlığın (soba, qarışdırıcı və s.) təmiri və quraşdırılması; Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması; Dəqiqlik və səmərəliliyin yoxlanılması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi. İddiaçı xx.xx.1995-xx.xx.2002-ci illərdə işlədiyi Kompressor qurğuları sexində maşinist peşəsi xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda mövcud olmamışdır. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 451 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə əlavə edilmişdir. İddiaçı işlədiyi peşələrin heç biri Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yoxdur, həmçinin qüvvədən düşmüş 320 saylı qərarla təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 137 saylı, xx.xx.2002-ci il tarixli, “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında, 38 saylı xx.xx.2000-ci il tarixli qərarları əsasında MMC-dəki iş yerlərinin attestasiyası nəticələrinə uyğun olaraq İddiaçı xx.xx.1995-xx.xx.2002-ci illərdə çalışdığı maşinist peşəsində əmək haqqına zərərli əmək şəraitinə görə tarif maaşına 4% artım, həmçinin “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı” üzrə əlavə məzuniyyət müəyyən olunmuşdur. Onun Kompressor qurğuları sexində çalışdığı təmirçi çilingər peşəsində də əmək haqqına zərərli əmək şəraitinə görə 4% artım, həmçinin “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı” üzrə əlavə məzuniyyət müəyyən olunmuşdur. Gözətçi peşəsində isə zərərli əmək şəraitnə görə əmək haqqına əlavə və əlavə məzuniyyət günləri olmamışdır. Eyni zamanda hazırda Kompressor qurğuları sexinin Təmirçi çilingəri peşəsində çalışan işçilərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 137 saylı, xx.xx.2002-ci il tarixli, “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında, 38 saylı xx.xx.2000-ci il tarixli qərarlarına uyğun, zərərli əmək şəraitlərinə görə tarif maaşlarına 8% artım təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi qaydalarına əsasən Kompressor qurğuları sexinin Təmirçi çilingəri İddiaçı 6 (altı) gün əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və 23.01 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarında” kompressor qurğullarının təmirçi çilingər peşəsi mövcud deyil. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.1995-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul olunan, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı hazırda Kompressor qurğuları sexində Təmirçi çilingər peşəsində çalışır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 81 nömrəli Qərarla qeyd olunan Siyahının 10.2-ci bəndinin (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) fəhlələr kateqoriyasında qeyd olunmuş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” sətri ilə əvəz olunumuşdur. 07-05/48 saylı, xx.xx.2024-cü il tarixli məktubda bu peşənin qeyd olunan Siyahıda olmamasının göstərilməsi, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 81 nömrəli dəyişikliyinin cavab göndərildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə edilməsi olmuşdur. Eyni saylı, eyni tarixli digər sorğunuzla əlaqədar bildiririk ki, İddiaçı verilmiş 22 saylı, xx.xx.2023-cü il tarixli arayış həmin vaxt qüvvədə olmuş Qərarın 10.2. bölməsinin “a” bəndinin 25-ci sətirinə (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər) əsasən verilmiş, lakin sonradan İddiaçı səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş imtina cavabı ilə peşənin həmin sətirə aidiyyətinin olmaması bəlli olmuşdur. Cavab hazırlanarkən 25-ci sətirdəki “elektrik montyorları” sözündən sonra vergül işarəsinin qoyulmalı olduğu, lakin normayaradan tərəfindən mexaniki səhvə yol verildiyi ehtimalına əsasən, Hüseynovun işlədiyi peşənin vergüldən sonrakı “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğunluğu barədə dəqiq olmayan qənaətə əsaslanılmışdır. Bu qənaət kompressor qurğularının da texnoloji qurğu olması fikrinə istinadən formalaşmışdır. Lakin dəqiqləşdirilmələr nətcəsində peşələrin Siyahıya aid edilməsi üçün Peşənin tam adının orada dəqiq göstərilməsinin şərt olması öyrənilmişdir. Sorğuya verdikləri cavab mötəbərdir, şirkət adından verilib, yuxarıdakı səbəblərlə peşənin Siyahıda göstərilən peşəyə aidiyyəti xx.xx.2024-cü il tarixindən yaranmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin xx.xx.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan sənədlərdən, o cümlədən iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı hərbi xidmət müddəti və təhsil də daxil olmaqla xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1977-xx.xx.1980 (təhsil), xx.xx.1980-xx.xx.1982 (hərbi xidmət), xx.xx.1983-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1991-xx.xx.1991, xx.xx.1994xx.xx.1995, xx.xx.1995-xx.xx.2022 - cəmi 41 il 03 ay 27 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı "xxxx" MMC-də xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək Kompressor qurğuları sexində maşinist vəzifəsində işləmiş, xx.xx.2010-cu il tarixdən hazıradək Kompressor qurğuları sexində kompressor qurğuları üzrə təmirçi çilingər peşəsində işləyir. Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi: a) fəhlələr: əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər. Cavabdeh iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək işlədiyi Kompressor qurğuları sexində maşinist vəzifəsini güzəştli iş stajına aid edilməsini mübahisələndirməsə də, xx.xx.2010-cu ildən hazıradək işlədiyi kompressor qurğuları üzrə təmirçi çilingər vəzifəsini güzəştli iş stajı kimi nəzərə almamışdır, buna baxmayaraq, bununla bağlı mövqeyini əsaslandırmamış və sübutlar təqdim etməmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 9 fevral 2024-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən: -1.2.1.1.3. “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri aşağıdakı redaksiyada verilsin: əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər. Göründüyü kimi, yeni dəyişikliklə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndinin (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) fəhlələr kateqoriyasında qeyd olunmuş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” sətri ilə əvəz olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2010-cu il tarixdən işlədiyi kompressor qurğuları sexində təmirçi çilingər peşəsi qeyd edilən xx.xx.2024-cü il tarixli, 81 nömrəli dəyişikliklə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının”da 10.2-ci bəndində “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsi olaraq güzəştli iş stajına əsas verən peşə kimi nəzərdə tutulmuşdur. Bu halda iddiaçının xx.xx.2022-ci ilədək kompressor qurğuları sexində təmirçi çilingər peşəsində işlədiyi dövr onun güzəştli iş stajına hesablanmalıdır. İddiaçının işlədiyi peşənin güzəştli peşə kimi adıçəkilən Siyahıya xx.xx.2024-cü il tarixindən daxil edilmiş olsa da həmin tarixdən etibarən deyil, həmin vəzifəyə təyin olunduğu və əmək funksiyalarının icrasına başladığı xx.xx.2010-cu il tarixdən güzəştli iş stajı hesablanmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 81 nömrəli nömrəli Qərarın 3.3-cü bəndində göstərilmişdir ki, bu Qərarın 1.2.1-ci (1.2.1.1.1-1.2.1.1.3-cü abzaslar istisna olmaqla) və 1.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş yeni peşə və vəzifələr bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınmır. Göründüyü kimi Qərarla edilmiş dəyişikliyə əsasən “əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsinin Qərarın qəbul edildiyi vaxtdan əvvəlki dövr üçün güzəştli iş stajı kimi hesablanması istisna edilməmişdir. Odur ki, iddiaçının həmin vəzifəyə olan güzəştli pensiya hüququnun xx.xx.2024-cü il tarixindən yaranmasına istinad edilə bilməz. Bundan başqa, işəgötürən tərəfindən təqdim edilmiş məktubdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdən kompressor qurğuları sexinin təmirçi çilingəri peşəsinin əmək funksiyalarını icra etmiş, işlədiyi dövrdə əmək şəraitinin zərərli xüsusiyyətlərinə məruz qalmış, eyni zamanda zərərli əmək şəraitinə görə o, müvafiq güzəştlərlə təmin olunmuşdur. Başqa sözlə, iddiaçının həmin vəzifədə xx.xx.2010-cu il tarixdən güzəştli peşədə işlədiyi mübahisəsizdir, xx.xx.2024-cü il tarixli dəyişiklik isə qeyd edilən vəzifənin zərərli olmasının rəsmiləşdirilməsi kimi qəbul olunmalı və onun həmin vaxtdan hüququnun yarandığını (gözlənilən hüquq) aradan qaldırmır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (xx.xx.1995-xx.xx.2001, xx.xx.2010 xx.xx.2022- cəmi 18 il 01 ay 01 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüququnun yarandığı xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd edilməlidir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixdən qeyd olunan maddə yeni redaksiyada verilmiş və həmin maddədən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı tələb çıxarılmışdır. Göründüyü kimi, xx.xx.2022-ci ildən qüvvədə olan qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə əlaqədar tələb mövcud deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4816/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar