Məhkəmə qərarları › İş №2-1(103)-4534/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4534/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4534/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, iddiаçı İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2" X8) qarşı “sərəncamların ləğvi” barədə iddiа tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziya və onun əlavəsinin dayandırılası haqqında” 49 saylı, 25 aprel 2023-cü il tarixli sərəncamının və “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinə verilmiş lisenziya və onun əlavəsinin ləğv edilməsi haqqında”kı 50 saylı, 26 aprel 2023-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarında olan elektron çıxarışdan (səh.158) görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş və həmin qərardan apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində verilməklə qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Göründüyü kimi, iddiaçı müvafiq qərardadı lazımi qaydada əldə etmiş, lakin həmin qəradaddan şikayət verməyərək prosessual müddəti ötürmüş və buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş və cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixində İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım məktubu yerləşdirilmiş, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçının nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilərək şifahi məhkəmə baxışına təyin edilməsini xahiş etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçının apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir. Həmçinin, məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 2750/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də kassasiya şikayətinin verilməsi üçün müddətlərin müəyyən olunmasıdır. Qərardaddan kassasiya şikayətinin verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə nəzərdə tutulan 10 günlük müddət keçdikdən sonra, poçt qurumuna təqdim olunmuşdur. İddiaçı prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən, habelə həmin Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar