Məhkəmə qərarları › İş №2-1(103)-4537/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4537/2025

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4537/2025 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən ##.##.2024-cü il tarixli, 3-21-3-30/2-M-1868-8/2024 ************ nömrəli məktubla imtina edilmişdir.

2. Bakı şəhəri Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına əsasən Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 1800 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilmişdir. Qərara kassa mədaxil orderinin, torpaqların alqı-satqısına dair aktın və yerləşmə cizgisinin surəti əlavə edilmişdir.

3. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**-*F/*-***/**** nömrəli məktubla bildirilmişdir ki, Səbail rayonu Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Səbail rayonu Səbail Bələdiyyəsinə müraciət edilməsi tövsiyə edilir.

4. Məhkəmənin sorğusuna əsasən Səbail Bələdiyyəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, **-***/M-**-****/**** nömrəli məktubla bildirilmişdir ki, Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **** saylı sərəncamı və ona əsas olan sənədlər Bələdiyyənin hazırda mövcud olan Arxiv bazasında əşkar edilməmişdir Bu səbəbdən də həmin qərar və ona aid inzibati icraat materiallarnın təsdiq olunmuş sürətlərinin göndərilməsi imkan xaricindədir.

5. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən ## ##### 2025-ci il tarixli, 3- **-*-**/*-*****/**** nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşn ** nömrəli qeyri-yaşayış sahəsinin (qeyri-yaşayış binasının) qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

6. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 5, 13 km (Yeni qaydalarla: AZ 1023, ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin ünvanla bağlı bütün sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və həmin çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2025- ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”-na və orto foto görüntüyə əsasən müəyyən edilmişdir ki, ərizə ilə əlaqədar sözügedən sahəyə baxış keçirmək üçün iddiaçının nümayəndəsinin iştirakı ilə faktiki göstərilməsi nəzərdə tutulan ünvanda olmuşlar, lakin, giriş darvaza qapısı bağlı olduğundan qapı açarı işləmədiyindən növbəti gün qapı açarını düzəltdikdən sonra sözügedən sahəyə baxış keçirilmiş, torpaq sahəsini yerləşmə cizgisində dəqiq istinad məsafələr qeyd olunmamışdır. Əlavə olaraq, sahənin qərb tərəf (yol tərəf) sərhəddindən 0.8-0.9 metr aralı məsafədən sərhəddi boyu yüksək gərginlikli (6kV) elektrik hava xətti və 15 sm diametrlik qaz boru xətti keçir. Faktiki göstərilən sahənin koordinatları digər hallarla bağlı baxılması üçün akta əlavə olunmuşdur. Torpaq sahəsini əks etdirən foto şəkil akta əlavə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

9. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1800 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, **** saylı sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1800 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Qeyd edir ki, torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. Lazımi sənədləri toplayıb qanuni istifadəsində olan 1800 kv.m torpaq sahəsinin hüquqi qeydiyyatıa alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə ##.##.2024-cü il tarixdə ********** saylı ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunan məktubda torpaq sahəsinə dair DTXK tərəfindən qeydiyyata alınmaması və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na əsasən rayon, şəhər, bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvfiq qərar qəbul edir. Hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Səbail rayonu Səbail Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli **** saylı sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1800 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin, mülkiyyət hüquqları qeydə alınmadığından əmlakın üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən qanuni istifadəsində olan torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

11. Sonradan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və ##.##.2024-cü il tarixli, 243021149891 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1700 kv.mdır. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir, sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Təqdim edilmiş cizgidə istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir və sahədən qaz boru xətti keçir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi ** saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir. (№ ******** registr) “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli qərarı ilə tənzimlənir.

13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürmüşdür.

15. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamının və ona əlavə edilmiş sənədlərin əsli iddiaçıda mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi (mötəbərlilik prezumpsiyası) baxımından həmin sənədlər məhkəmə tərəfindən mötəbər qiymətləndirilir.

16. Məhkəmə araşdırması zamanı isə torpaq sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və hüquqi cəhətdən etibarsız sayılması ilə bağlı hər hansı bir sübuta rast gəlinməmişdir.

17. Məhkəmə eləcə də, cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin faktiki ölçüsünün 1700 kv.m təşkil etməsi hazırki məhkəmə icraatında artıq tərəflər arasında mübahisəli məqam hesab edilmir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək torpaq sahəsi üzərində hüquqların faktiki sahəyə uyğun qeydə alınması xahiş edilmişdir. Belə olan təqdirdə məhkəmə cavabdehin həmin dəlilinin araşdırılaraq ona münasibət bildirilməsini lüzum bilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən elektron kadastr baza məlumatlarına əsasən sahənin dövlət mülkiyyətində olmaqla sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması və bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh inzibati orqandan əldə edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən edilmişdir ki, həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində Səbail Bələdiyyəsinin qərarları olmuşdur və həmin torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” göstərilmişdir. Göründüyü kimi, eyni faktiki və hüquqi hallara söykənən işlər üzrə cavabdeh tərəfindən fərqli qərarlar qəbul edilmişdir ki, bu hal iddiaçıya münasibətdə əsas konstitusion hüquqlardan biri olan bərabərlik hüququ və həmin hüquq əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-

18. ci maddəsində də, öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

19. Məhkəmə eləcə də, qeyd edir ki, torpaq sahəsinin cizgisində istinadlar, istinad məsafləri və perimetrik ölçülərin qeyd edilməməsi iddiaçının məsuliyyət sferası ilə əhat oluna bilməz.

20. O cümlədən, torpaq sahəsinin çox hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi və sahədən qaz boru xəttinin keçməsi və torpaq sahəsinin ** saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi və sahədən qaz boru xəttinin keçməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.

21. Eləcə də, cavabdeh imtinasının əsaslarında torpaq sahəsinin ** saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə istinad etsə də, bununla bağlı müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”-da və ortofoto görüntüdə belə bir hala rast gəlinməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

22. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

25. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13-cü maddəsinə əsasən (Etimad hüququnun qorunması prinsipi). 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”-in 1.4-cü bəndinə Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

36. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının, etirazının və apellyasiya şikayətinin əsasları aşağıdakılardır:

1. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.

2. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1700 kv.m-dır.

3. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir, sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur.

4. Təqdim edilmiş cizgidə istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

5. Torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir və sahədən qaz boru xətti keçir.

6. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi ** saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir (№ ******** registr).

37. İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürmüşdür.

38. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamının və ona əlavə edilmiş sənədlərin əsli iddiaçıda mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi (mötəbərlilik prezumpsiyası) baxımından həmin sənədlər məhkəmə tərəfindən mötəbər qiymətləndirilir.

39. Belə ki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

40. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, “...bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008- ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır...”

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır.

42. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il ## #### tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

43. Lakin, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsinə maneə törədən hallar əsaslandırılmamışdır.

44. Belə ki, sözügedən Plenum Qərarda göstərildiyi kimi, yalnız formal yanlışlıqlara (texniki səhvlərə) - torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmaması və s. və eləcə də, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

45. Məhkəmə araşdırması zamanı isə torpaq sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və hüquqi cəhətdən etibarsız sayılması ilə bağlı hər hansı bir sübuta rast gəlinməmişdir.

46. Məhkəmə eləcə də, cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin faktiki ölçüsünün 1700 kv.m təşkil etməsi hazırki məhkəmə icraatında artıq tərəflər arasında mübahisəli məqam hesab edilmir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək torpaq sahəsi üzərində hüquqların faktiki sahəyə uyğun qeydə alınması xahiş edilmişdir. Belə olan təqdirdə məhkəmə cavabdehin həmin dəlilinin araşdırılaraq ona münasibət bildirilməsini lüzum bilməmişdir.

47. Bundan əlavə, cavabdeh tərəfindən elektron kadastr baza məlumatlarına əsasən sahənin dövlət mülkiyyətində olmaqla sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması və bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh inzibati orqandan əldə edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən edilmişdir ki, həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində Səbail Bələdiyyəsinin qərarları olmuşdur və həmin torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” göstərilmişdir.

48. Göründüyü kimi, eyni faktiki və hüquqi hallara söykənən işlər üzrə cavabdeh tərəfindən fərqli qərarlar qəbul edilmişdir ki, bu hal iddiaçıya münasibətdə əsas konstitusion hüquqlardan biri olan bərabərlik hüququ və həmin hüquq əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində də, öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

49. Məhkəmə eləcə də, qeyd edir ki, torpaq sahəsinin cizgisində istinadlar, istinad məsafləri və perimetrik ölçülərin qeyd edilməməsi iddiaçının məsuliyyət sferası ilə əhat oluna bilməz.

50. O cümlədən, torpaq sahəsinin çox hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi və sahədən qaz boru xəttinin keçməsi və torpaq sahəsinin ** saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi və sahədən qaz boru xəttinin keçməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.

51. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”-in 1.4-cü bəndinə Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

53. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

54. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.

55. Eləcə də, cavabdeh imtinasının əsaslarında torpaq sahəsinin ** saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə istinad etsə də, bununla bağlı müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”-da və ortofoto görüntüdə belə bir hala rast gəlinməmişdir.

56. Həmçinin, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi ## ##### 2025-ci il tarixli məktubunda bildirmişdir ki, Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən ** saylı qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

57. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

58. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

59. Apellyasiya şikayəti ilə bağlı məhkəmə Kollegiyası həmçinin, onu da qeyd edir ki, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

60. ## #### 2026-cı il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, **/*** saylı Rəyi daxil olmuşdur.

61. Ekspert Rəyindən müəyyən olunmuşdur ki: Bakı şəhəri Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə İddiaçı ayrılmış 1700 kv.metr torpaq sahəsinin naturada yeri müəyyən edilmiş və koordinatları aşağıdakı kimidir: X=397018.693 Y=4462651.173 397050.786 4462637.111 397029.139 4462592.262 396998.441 4462606.784

Təqdim olunan torpaq sahələrinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, iddiaçının iddia etdiyi torpaq sahəsinin Bakı şəhəri Səbail Bələdiyyəsinin **** nömrəli, ç##.##.2004-cü il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə İddiaçı ayrılmış 1700 kv.metr torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Səbail rayonu, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahələrinin eskiz cizgisini və mülki iş materiallaında olan məlumatları nəzərə alaraq, iddiaçı İddiaçı faktiki istifadəsində olan 1700 kv.metr torpaq sahəsi, Bakı şəhər Səbail Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, Səbail bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin yaşayış massivində yerləşdiyini, o cümlədən mülki iş materiallarında olan məlumatları nəzərə alaraq, həmin torpaq sahəsinin kateqoriyasının “Yaşayış məntəqələri” torpaq kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin **** saylı, ##.##.2004-cü il tarixli qərarı əsasında İddiaçı istifadəsinə ayrılmış 1700 kv.metr torpaq sahəsinin faktiki vəziyyəti üzrə digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilməklə müəyyən edilə bilər. Bakı şəhəri, Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə İddiaçı ayrılmış 1700 kv.metr torpaq sahəsinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında, Salyan şossesi 6 ünvanında yaxud Salyan şossesi 12 ünvanında yerləşib-yerləşməməsinin, o cümlədən həmin ərazilərin fərqli olubolmamasının müəyyən edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilməklə müəyyən edilə bilər. Bakı şəhəri, Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə İddiaçı ayrılmış 1700 kv.metr torpaq sahəsinin üzərində sahəsi 28 kv.metr olan, mişar daşından inşa edilmiş tikili mövcuddur.

62. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

63. MPM-in 88-ci maddəsinə əsasən ekspertin rəyi digər sübutlarla yanaşı qiymətləndirilir.

64. Məhkəmə Kollegiyası ##.##.2026-cı il tarixli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.

65. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.

66. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyindən də göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinə baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, iddiaçının iddia etdiyi torpaq sahəsinin Bakı şəhəri Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə İddiaçı ayrılmış 1700 kv.metr torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.iddiaçı İddiaçı faktiki istifadəsində olan 1700 kv.metr torpaq sahəsi, Bakı şəhər Səbail Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, Səbail bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin yaşayış massivində yerləşdiyini, o cümlədən mülki iş materiallarında olan məlumatları nəzərə alaraq, həmin torpaq sahəsinin kateqoriyasının “Yaşayış məntəqələri” torpaq kateqoriyasına aid olduğu müəyyən edilmişdir.

67. Bundan başqa Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin **** saylı, ##.##.2004-cü il tarixli qərarı əsasında İddiaçı istifadəsinə ayrılmış 1700 kv.metr torpaq sahəsinin faktiki vəziyyəti üzrə digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

68. Həmçinin, iddiaçının vəkili (nümayəndəsi) məhkəmə Kollegiyasının iclasında bildirmişdir ki, Səbail Bələdiyyəsinin **** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə İddiaçı ayrılmış 1700 kv.metr torpaq sahəsinin üzərində sahəsi 28 kv.metr olan, mişar daşından inşa edilmiş tikili iddiaçıya məxsusdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

70. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar