Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-454/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5340/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) əmək fəaliyyətinə 1976-cı ildən başlamışdır. 16 sentyabr 1976-cı il tarixdə Mirbəşir şəhərində yerləşən “Azərkəndtikinti” Trestinin 47 nömrəli İdarəsinə 115 saylı əmrlə makinaçı vəzifəsinə qəbul edilmiş və 15 dekabr 1976-cı il tarixdə 165 nömrəli əmrlə öz xahişinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. 20 dekabr 1976-cı il tarixdən 16 oktyabr 1981-ci il tarixədək Mirbəşir Baş Kolxozlararası Tikinti İdarəsində makinaçı, 13 may 1982-ci il tarixdən 23 avqust 1982-ci il tarixədək Bakı şəhəri “Qız Qalası” Muzeyində muzey işçisi vəzifələrində çalışmışdır. 28 avqust 1982-ci il tarixdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin əyani şöbəsinə qəbul olmuş və 4 avqust 1984-cü il tarixdə öz xahişi ilə həmin fakültənin qiyabi şöbəsinə keçirilmişdir. 16 oktyabr 1984-cü il tarixdən 22 iyul 1985-ci il tarixədək Mirbəşir şəhər 18 nömrəli Yol Tikinti İdarəsində hüquqşünas, 4 may 1985-ci il tarixdən 30 mart 1987-ci il tarixədək Mirbəşir şəhər X8 hüquqşünas, 27 mart 1989-cu il tarixdən 14 avqust 1989-cu il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Trikotaj Fabirikində hüquqşünas, 19 aprel 1991-ci il tarixdən 1 sentyabr 1992-ci il tarixədək Yüngül Sənaye Nazirliyi 2 nömrəli Ayaqqabı Fabrikində hüquq məsləhətçisi, 1 sentyabr 1992-ci il tarixdən 2 oktyabr 1995-ci il tarixədək həmin Fabrikdə 2-ci dərəcəli hüquq məsələhətçisi vəzifələrində işləmişdir. 14 noyabr 1996-cı il tarixli 242 t/h nömrəli əmrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X4 Qrupu”na mütəxəssis vəzifəsinə təyin edilmiş, 3 oktyabr 1997-ci il tarixli 300 ş/h nömrəli əmrlə həmin Qrupun aparıcı mütəxəssisi vəzifəsinə, 8 iyun 1998-ci il tarixli 93ş/h nömrəli əmrlə isə Nazirliyin Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. 22 fevral 2005-ci il tarixli 8-T nömrəli əmrlə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar müvafiq uyğunlaşdırma ilə əlaqədar baş mütəxəssis vəzifəsi baş məsləhətçi vəzifəsi adlandırılmışdır. 4 oktyabr 2006-cı il tarixli 287-K nömrəli əmrlə Ədliyyə Nazirliyinin yeni strukturunun təsdiq edilməsi barədə 4 oktyabr 2006-cı il tarixli 17-T nömrəli əmrin icrası ilə bağlı «Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsini, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə»nin 16.5-ci bəndini rəhbər tutaraq, ixtisar edilmiş idarələrin işçiləri müvəqqəti olaraq tutduqları vəzifədən azad edilmişlər və idarələr birləşərək baş idarə statusuna yüksəlmişlər. Yeni idarələr təşkil edilərkən o (iddiaçı) da digər işçilər kimi 27 dekabr 2006cı il tarixli 404-k nömrəli əmrlə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin İnformasiya şöbəsində baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. 11 sentyabr 2007-ci il tarixdə isə, ərizəsinə əsasən onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. O, 1996 - 2007-ci illərdə ədliyyə orqanlarında çalışmışdır. Ona Ədliyyə Nazirliyi tərəfindən 2004-cü ildə kiçik ədliyyə müşaviri rütbəsi verilmişdir. O, ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi ona əmək pensiyasının təyin olunması ilə bağı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.29.1 və 20.29.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyası həmin vəzifədə 15 il və ya daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası əsassız və qanunsuz olmuşdur. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. İddiaçı İdarəyə müraciət edərək, ona ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Onun ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi iş stajı 15 ildən az olduğundan, ona ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.7.1, 20.1.14, 20.19, 20.19.1, 20.19.2-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5340/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci ilin 1 iyul tarixində edilmiş dəyişiklikdən öncə Qanunun 20.10.3-cü maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajının 10 ildən yuxarı olması həmin pensiyanın təyin edilməsi üçün kifayət edir. İddiaçının isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qulluq keçmə stajı 10 ildən çoxdur. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci ilin 1 iyul tarixində edilmiş dəyişiklikdən öncə qadınlara pensiya təyin edilmə yaşı 57 yaş olmuşdur. İddiaçının isə həmin tarixədək artıq 59 yaşı tamam olduğundan və onun ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi 10 ildən çox qulluq stajı olduğundan onun pensiya hüququ yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5340/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.7-ci maddəsinə görə ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.7.1) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla). Həmin Qanunun 2017-ci ilin 1 iyul tarixədək qüvvədə olan 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.7.1) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri. Həmin Qanunun 20.1.14-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya İ dərəcə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) əmək pensiyaçılarına təyin edilir. Həmin Qanunun 20.19-cu maddəsinin 2017-ci ilin iyul tarixindən qüvvədə olan tələblərinə əsasən bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: (20.19.1) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; (20.19.2) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.19.1 və 20.19.2-ci maddələrinin 2017-ci ilin 1 iyul tarixədək qüvvədə olan tələbləri aşağıdakı kimi olmuşdur: - (20.19.1) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə – orta aylıq əmək haqqının 45 faizi miqdarında; - (20.19.2) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə – orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır. İş materiallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi 10 ildən çox qulluq stajı olduğundan ona qulluq illərinə görə yaşa görə pensiyaya əlavələr təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh imtina edərək cavab məktubunda bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.29.1 və 20.29.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyası həmin vəzifədə 15 il və ya daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Kollegiya imtinanın dəlilləri ilə razılaşaraq qeyd edir ki, qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.19-cu maddəsinə əsasən bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: (20.19.1) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; İşdən görünür ki, iddiaçının ədliyyə orqanlarında qulluq stajı 15 ildən azdır. Beləliklə, kollegiya qeyd edir ki, İddiaçı əmək pensiyası hüququnun yarandığı zaman ədliyyə orqanlarında qulluq stajı ilə bağlı qanunvericiliyin tələbi 15 il olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci ilin tarixədək qüvvədə olmuş normaları hazırkı iş üzrə iddiaçıya tətbiq oluna bilməz. İddiaçının pensiya hüququ 2019-cu il tarixdə yarandığından həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq olunmalıdır. Pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə uyğun olaraq isə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il iş stajı toplanmadığından cavabdehin ona ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. “Ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan birinci tələbdən asılı və törəmə olduğundan həmin hissədə də iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5340/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-454/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-454/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver