Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-455/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və cavabdehin üzərinə iddiaçının öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4277/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 0119 nömrəli əmrin ona aid hissədə ləğv edilməsini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən onun öz arzusu ilə müvafiq hərbi hissənin komandirinin müavini (bölmə rəisi) vəzifəsindən azad olunması və hərbi pensiyanın təmin edilməsi üçün müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Təyyarəçilik Məktəbində hava gəmilərinin uçuş istismarı ixtisası üzrə ali peşə istiqamətində təhsil almış və bakalavr dərəcəsi ilə təhsilini başa vurmuş, ona leytenant rütbəsi verilmiş, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Uçuş-Texniki Hazırlığı təlim mərkəzinə daxil olmuş, uçan aparatların uçuş istismarı kursunu bitirmiş, xx.xx.2016cı il tarixdən xx.xx.2016-cı il tarixədək AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində təyyarəçi olaraq müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək AR Silahlı Qüvvələrinin Hava Akademiyasında hərbi və dövlət müdafiəsini idarəetmə ixtisasının hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr təhsili almışdır. xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində müxtəlif vəzifələrdə işləyərək, hərbi hissə komandirinin idealoji iş və mənəvi-psixoloji təminat üzrə müavini – ideoloji iş və təminat bölməsinin rəisi vəzifəsinədək yüksəlmişdir. Silahlı Qüvvələrin Baş Qərargahının rəisinin xx.xx.2020-ci il tarixli əmri ilə Naxçıvan MR-də yerləşən müvafiq hərbi hissədə texniki istismar dəstəsinin rəisi vəzifəsində xidmət edir. 20 il 7 aydan artıq müddətdir Silahlı Qüvvələrdə xidmət edir. Həmin dövrün 17 təqvim ilini zabit kimi xidmət etmişdir. Qanunvericiliyə görə AR Silahlı Qüvvələrinin sıralarında 10 il zabit vəzifəsində xidmət edən hərbi qulluqçular öz arzusu ilə ehtiyata buraxılırlar. Ona görə də hərbi xidmətkeçməni tənzimləyən normativ hüquqi aktlara əsasən xx.xx.2020-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinin komandirinə raportla müraciət etmişdir. Həmin raport qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixdə hərbi hissədən yuxarı komandanlığa göndərilmişdir. Lakin 45 gün keçsə də, onunla heç bir söhbətləşmələr aparılmamış və onun qanunamüvafiq surətdə ehtiyata buraxılması təmin edilməmişdir. Halbuki, qanunvericiliyə görə hərbi hissə komandirinə təqdim etdiyi raport müvafiq əmrin verilməsi üçün AR Müdafiə Nazirliyinə göndərilməli və 15 gün müddətində ehtiyata buraxılması təmin olunmalı idi. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 18, 22-ci maddələrinin, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin tələblərinə əsasən 10 il zabit kimi xidmət edən hərbi qulluqçular tərəfindən öz arzusu ilə ehtiyata buraxılması barəsində verilən raporta 15 gün müddətində baxılmalıdır. Hərbi hissə komandiri tərəfindən qanuni tələblərin təmin olunmaması məlum olduqda o, xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissə komandirinə ərizə yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndnə əsasən müvafiq raporta baxılıb-baxılmaması, əgər baxılıbsa nəticəsi barədə məlumatın verilməsini xahiş etmişdir. AR Müdafiə Nazirliyi müvafiq hərbi hissəsinin komandirinin cavab məktubunda qeyd olunur ki, sözügedən raport xx.xx.2020-ci il tarixdə hərbi hissə tərəfindən yuxarı komandanlığa göndərilmişdir. Lakin raporta cavab verilmədən o, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0119 nömrəli əmri ilə Naxçıvan MR-də yerləşən müvafiq hərbi hissədə texniki istismar dəstəsinin rəisi vəzifəsinə göndərilmişdir. Hazırkı vəzifəsi qeyri-uçuş sahəsi olmaqla, əvvəlki vəzifəsindən aşağı sayılır. Vəzifədə aşağı salınmaqla yanaşı vəzifə üzrə aldığı əmək haqqı əvvəlki vəzifə üzrə əmək haqqından iki dəfə aşağıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci tarixli qərardadı ilə iddia hərbi pensiyanın təmin edilməsi üçün müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair hissədə mümkün sayılmamış, xx.xx.2020-ci tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin xx.xx.2020-ci il tarixli 0119 nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli 1280 daxilolma nömrəsi ilə qeydiyyatdan keçən raportla N nömrəli hərbi hissənin komandirinə müraciət etməsi barədə bildirmişdir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 22.4-cü (Təklif, ərizə və şikayət hüququ) maddəsinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən buraxılmaq üçün təqdim olunan hərbi qulluqçulara hərbi hissələrdə alay (briqada), əlahiddə tabor komandiri, onlara bərabər və onlardan yuxarı birbaşa rəislər tərəfindən imzalanan təqdimatlar tərtib edilir və vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq qurumların vasitəsilə qərar qəbul edilməsi üçün komanda üzrə müvafiq rəislərə göndərilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2018-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda kadr orqanlarının fəaliyyəti haqqında Təlimat”ın 15.4.7-ci yarımbəndinə əsasən hərbi hissənin kadr orqanı zabit və gizir (miçman) heyətinin həqiqi hərbi xidmətdən buraxılması üzrə təqdimatların tərtib edilməsini və onlara əlavə olunan sənədlərin hazırlanmasını həyata keçirir. Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsi”nin 6-cı maddəsinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Qanunvericiliyin tələblərinə görə iddiaçı ehtiyata buraxılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli raport əsasında qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyini hesab edirdisə, hərbi hissə komandirinə müraciət etməli və bu haqda raportu komanda üzrə verməli idi. Məhz həmin raport üzrə qərar qəbul edilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 39.1-ci maddəsinə uyğun olaraq iddiaçı müraciətdən 35 gün keçəndən sonra məhkəmədə inzibati aktın qəbulundan imtina olunmasının (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmaması) mübahisələndirilməsi hüququnu əldə edə bilərdi. Lakin iddiaçı tələblərin irəli sürməsi üzrə müəyyən edilmiş prosessual qaydalara riayət etmədən, ehtiyata buraxılma hüququnun təmin edilməsi üçün bütün hüquqi vasitələrdən istifadə etmədən və inzibati aktın qəbulundan imtina olunmasını mübahisələndirmədən, Müdafiə Nazirliyinin xidmət yerinin dəyişilməsi ilə bağlı qanuni əsaslarla qəbul edilmiş qərarının məhkəmədə ləğv edilməsini tələb etmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, “iddiaçının 10 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdən ehtiyata buraxılması hüququ olduğu halda, müraciətindən 22 gün keçdikdən sonra öz razılığı olmadan və ixtisasına, xidmət etdiyi əvvəlki vəzifəsinə uyğun olmayan başqa, hətta aşağı vəzifəyə (hansı ki, buna əsas olmamışdır) keçirilmişdir.” Bununla əlaqədar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 77-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ştatda “polkovnik” hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququna malikdir. Həmin Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların bərabər vəzifələrə təyin olunmaqla, xidmət yerinin dəyişilməsi xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün həyata keçirilir. İddiaçı hava gəmilərinin uçuş istismarı ixtisasına malik olmaqla, 2004-cü ildən uçuş istismarı vəzifələrində həqiqi hərbi xidmət keçməklə, qeyd olunan sahədə kifayət qədər bilik və praktiki vərdişləri mənimsəmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Müdafiə Nazirliyi diskresion səlahiyyəti hüdudunda iddiaçının malik olduğu təcrübə ilə bölünməsi məqsədilə və ondan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün ixtisasına aid olan N nömrəli hərbi hissədə texniki istismar dəstəsinin rəisi vəzifəsinə təyin olunmasına dair qərar qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini İPM-in 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.9-cu maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 18-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Qeyd olunan Qanunun 22-ci maddəsinin ikinci hissəsinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehyitata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malikdir. İşdən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xitmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2020-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Onun həmin tarixdə vəzifəsi hərbi hissə komandirinin müavini – ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi olmuşdur. Sözügedən raport xx.xx.2020-ci il tarixdə hərbi hissə tərəfindən yuxarı komandanlığa göndərilmişdir. Lakin, müraciət (raport) araşdırılmadan, onun özü ilə söhbət aparılmadan MN Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0119 nömrəli əmri ilə o, digər vəzifəyə – başqa hərbi hissənin texniki istismar dəstəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Cavabdeh, iddiaçının xx.xx.2020-ci il tarixdə təyin olunduğu yeni vəzifəsinin əvvəlki vəzifəsi ilə bərabər ştat kateqoriyalı olması və aşağı vəzifə hesab edilməməsi barədə MN Şəxsi heyət baş idarəsinin xx.xx.2020-ci il tarixli 1/2851 nömrəli məktubunu apellyasiya şikayətinə əlavə etsə də, bu fakt iddiaçının təqdim etdiyi Kapitalbank üzrə ona məxsus kart hesabından çıxarışlarla (aldığı əmək haqlarının məbləğinin daha az olması ilə) təkzib olunur. Bundan əlavə, cavabdeh ixtisası hava gəmilərinin uçuş istismarı ilə bağlı olan iddiaçının hansı əsaslarla həmin aparatların texniki istismarı sahəsinə keçirilməsini də əsaslandırmamışdır. Eləcə də, əgər cavabdeh iddiaçının bərabər vəzifəyə keçirildiyini irəli sürürsə, o halda da, bu dəyişikliyin xidməti zərurətlə yaxud xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə ilə və ya hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə olunması ilə əlaqəli olduğunu əmrdə qeyd etməli və əsaslandırmalı, bununla bağlı Məhkəməyə də mötəbər sübutlat təqdim etməli idi. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlillərini qəbul etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 78-ci maddəsinə görə, hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə – xidmət üzrə irəli çəkilmə qaydasında, b) bərabər vəzifələrə – xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün, v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə, q) aşağı vəzifələrə – bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla; 81-ci maddəsinə əsasən, hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda, b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə, v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə, q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən, d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə; 156-cı maddəsinin “j” bəndinə görə, hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verilərkən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat aparılmamış, onun ehtiyata buraxılması və ya bundan imtina olunması məsələsi araşdırılmamışdır, iddiaçının 10 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdən ehtiyata buraxılması hüququ olduğu halda, müraciətindən 22 gün keçdikdən sonra heç bir əsas göstərilmədən, öz razılığı olmadan, ixtisasına və əvvəlki vəzifəsinə bərabər olmayan başqa, əmək haqqısı daha aşağı olan vəzifəyə keçirilmiş, bununla da cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmuşdur. Digər tərəfdən, iddiaçı xx.xx.2020-ci il tarixli qərarı mübahisələndirmək üçün subyektiv hüquqa malikdir və iddia müddətini buraxmadan iddia qaldırmışdır. Apellyasiya şikayətinin İPM-in 39.1-ci maddəsinə istinad edən dəlili də əsaslı deyil. Belə ki, həmin maddədə nəzərdə tutulan 35 günlük müddətə əməl olunmuşdur. Göstərilənlərə əsasən, cavabdehin xx.xx.2020-ci il tarixli əmri iddiaçıya aid hissədə qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün qismən (iddiaçıya aid hissədə) ləğv olunmalıdır. İddianın ikinci tələbinə gəldikdə isə, İPM-in 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tərxis olunması məsələsi cavabdeh tərəfindən həll edilməli məsələ olduğundan, sonuncu bu məsələyə dair hər hansı konkret münasibət bildirmədiyindən və bu əsasla iş üzrə konkret qərarın qəbul edilməsi mümkün olmadığından, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyini cavabdehin üzərinə qoymaqla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgün olmuşdur. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) isə iş üzrə qismən təsdiqini tapsa da, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadığından (İPM-in 73.2-ci maddəsi), cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının müraciətinə baxılması öhdəliyinin qoyulması doğru olmuşdur. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPMin 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-455/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-455/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver