Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-455/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1301/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşından, yəni xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, əmək kitabçasına əsasən xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1978 - xx.xx.1980-cı illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra xx.xx.2015-ci ilədək müxtəlifə peşələrdə işləmişdir. Onun xx.xx.2006-cı ilədək olan dövrü ərzində ümumi iş stajı 25 ildən çoxdur ki, bu stajın da 12 il 6 ayından çoxunu güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li qərarı ilə təsdiq edilmiş 2 №-li əlavə (siyahısında) - Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş — suvaqçı (2290100a-19727 şifrə), usta (2290000b — 23419 şifrə), iş icraçısı (2290000b - 24441 şifrə) peşələrində işləmişdir. Lakin cavabdeh heç bir qanuni əsas olmadan ona pensiya təminatından imtina etmişdir. Cavabdehin işə əlavə olunmuş, iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda imtinanın səbəbi kimi qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 yanvar 1981-ci il tarixli PT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “Azərbaycan Korlar Cəmiyyəti”nin 5 saylı Təmir Tikinti İdarəsində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin idarənin xx.xx.1996-cı il və sonrakı illərinə dair sənədlərin saxlanılmadığı və arxivə təhvil verilmədiyi bildirilmişdir. Buna görə də onun əmək stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən (24 il 1 ay 23 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 8 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddia ərizəsinə etirazında eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1301/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassızdır. Belə ki, əmək kitabçasında qeyd olunan xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “Azərbaycan Korlar Cəmiyyəti”nin 5 saylı Təmir Tikinti İdarəsində əmək stajının dəqiqləşdirilməsiilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin idarənin xx.xx.1996-cı il və sonrakı illərinə dair sənədlərin saxlanılmadığı və arxivə təhvil verilmədiyi bildirilmişdir. Buna görə də onun əmək stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən (24 il 1 ay 23 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 8 ay) təşkil edir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, 2006-cı ilədək 25 ildən çox ümumi, 12 ildən də artıq suvaqçı və iş icraçısı kimi iş stajı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li əlavə (siyahısında) - Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində «suvaqçı» (kod:2290100a-19727), «usta» (kod:2290000b-23419), «iş icraçısı» (kod:2290000b - 24441) güzəştli pensiya hüququ verən peşələr sırasına daxildir. İş materiallarına əsasən iddiaçının qanunvericiliyə uyğun əsaslarla, 25 ildən çox ümumi və 12 il 6 aydan da çox 2 nömrəli Siyahının qeyd olunan kodlarında nəzərdə tutulan peşələrdə güzəştli sığorta stajı müəyyən olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanun¬veri¬ciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir İddiaçının 2006-cı il tarixədək işlədiyi vaxt qüvvədə olmuş qeyd edilən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən isə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan əmək kitabçasının,hərbi biletinin surətlərinə əsasən 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1977 - xx.xx.1978-ci illərdə 88 №-li texniki məktəbdə təhsil müddəti (1 il 2 ay 18 gün); xx.xx.1978 - xx.xx.1980-ci illərdə hərbi xidmət müddəti (2 il 05 gün ); xx.xx.1981 - xx.xx.1983-cü illərdə heyvandarlıq sovxozunda fəhlə (1 il 11 ay 27 gün); xx.xx.1983 - xx.xx.1992-ci illərdə suvaqçı (9 il 06 ay 08 gün); xx.xx.1992 - xx.xx.1992-ci illərdə tikinti ustası (3 ay 1 gün); xx.xx.1992 - xx.xx.1993-cü illərdə iş icraçısı (1 il 1 gün ); xx.xx.1993 - xx.xx.1994-cü illərdə baş mühəndis (4 ay 1 gün); xx.xx.1994 - xx.xx.1996-cı illərdə rəis (1 il 11 ay 26 gün); xx.xx.1996 - xx.xx.2005-ci illərdə iş icraçısı (9 il 8 ay 29 gün). İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinədək ümumi sığorta stajı 28 il 1 ay 6 gün təşkil edir ki, həmin stajın da 12 il 6 aydan çoxunu o, suvaqçı, tikinti ustası və iş icraçısı kimi peş əvə vəzifələrdə çalışmışdır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Tikinti-İstehsalat Birliyinin 245 saylı xx.xx.2021-ci il tarixli və hazırkı mərhələdə də məhkəməyə təqdim olunmuş 17 noyabr 2022-ci il tarixli 253 nömrəli arayışlərından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Tikinti - İstehsalat Birliyində: xx.xx.1993-cü il tarixli 4/d p.1 saylı əmrlə xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək 1 saylı TTİ-də baş mühəndis; xx.xx.1994-cü ildə 7/k p.4. saylı əmrlə 5 saylı TTİ-də rəis təyin olunub xx.xx.1996-cı ildə 7/k p.1. saylı əmrlə həmin vəzifədən azad olunması; xx.xx.1996-cı il 12 p.9 saylı əmrlə 5 saylı TTİ-də iş icraçısı təyin edilməsi və 29 dekabr 2005-ci il tarixdə 20 p.8 saylı əmrlə işdən azad edilməsi; Beləliklə də, iddiaçının xx.xx.1993-cü ildən 29 dekabr 2005-ci il tarixədək olan 12 (on iki) il 26 (iyirmi altı) gün işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın «Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» bölməsində 2290000b və 2290000b-24441 şifrəsilə mövcuddur. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Tikinti-İstehsalat Birliyinin qeyd edilən 17 noyabr 2022-ci il tarixli 253 nömrəli arayışında eyni zamanda qeyd olunmuşdur ki, «suvaqçı peşəsi də Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2№-li Əlavəsində « Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» bölməsində 2290100a -19727 şifrəsində mövcuddur. Göründüyü kimi, tədqiq olunan arayışlar nəzərə alınmaqla iddiaçının güzəştli pensiya hüququ verən işlərdə (suvaqçı, tikinti ustası və iş icraçısı) nəinki 12 il 6 ay, həmin işlərdə onun 20 ildən də çox xüsusi stajı vardır. Lakin cavabdeh - imtina məktubu, iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərində mübahisələndirir ki, iddiaçının xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındakı dövrdə işlədiyi “Azərbaycan Korlar Cəmiyyəti”nin 5 saylı Təmir Tikinti İdarəsində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə verilmiş sorğuya cavab olaraq həmin idarənin xx.xx.1996-cı il və sonrakı illərinə dair sənədlərin saxlanılmadığını və arxivə təhvil verilmədiyini əsas tutaraq həmin illərin onun sığorta stajı kimi qəbul olunmasını istisna etmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır və birincisi qeyd edir ki, hazırkı mərhələdə məhkəmə sorğusu əsasında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 27 sentyabr 2022-ci il tarixli məlumatında bildirmişdir ki, Ədliyyə Nazirliyindən təhvil alınmış qeydiyyat qovluqları sırasında xx.xx.1994-cü il tarixdə 9303 nömrə ilə qeydiyyata alınmış Azərbaycan Korlar Cəmiyyəti Tikinti İstehsalat Birliyinin 5 №-li Təmir-Tikinti İdarəsi» adlı şəxs aşkar edilmişdir. 5 №-li Təmir-Tikinti İdarəsinin məhkəməyə təqdim olunmuş qeydiyyat şəhadətnaməsindən isə görünür ki, 03 may 1994-cü il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Digər tərəfdən, iddiaçının qeyd olunan müəssisədə işləməsi əmək kitabçasında həmin müəssisədə işləməsi –həmin təşkilatın adı, işə qəbul tarixi, vəzifənin adı, müvafiq əmrlərlə rəsmişədirməsi kimi rekvizitlər və məsul şəxsin (kadrlar müfəttişinin) imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1- ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Eyni zamanda,həmin vaxt qüvvədə olmuş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsi də nəzərdətuturdu ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasının cavabdeh tərəfindən mübahisələndirilən qeydləri inandırıcı və mötəbər məlumatlar kimi qəbul olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1996- xx.xx.2005-ci illlərdə “Azərbaycan Korlar Cəmiyyəti”nin 5 saylı Təmir Tikinti İdarəsindəki əmək fəaliyyətinə dair sənədlərin saxlanılmadığı və arxivə təhvil verilmədiyini əsas tutaraq həmin illəri onun sığorta stajı kimi nəzərə alınmamasının əsassız olduğu sübuta yetirilir. Ən azından sənədlərin arxivə təhvil vermək vəzifəsi iddiaçının öhdəliyi deyil və müəssisə tərəfindən həmin dövrün arxivinin təhvil verilməməsi sonuncunun hüquqularını məhdudlaşdıra bilməz. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin imtinası qanunsuz olmuş iddiaçının hüququnu pozmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ilə 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməsi əsaslıdır (İşə əlavə olunmuş ərizəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə pensiya təyinatı üçün müraciət etmişdir(i.v.4). İPM-in 73.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1301/2022 saylı, xx.xx.2021ci il tarixli qərarının əsassız olduğunu mübahisəndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1301/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-455/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-455/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver