Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-455/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3696/2023 saylı, 26 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar əsasında iddiaçıya əlavə vergi hesablanmışdır. Halbuki, iddiaçıdan kameral vergi yoxlamasının aparılması üçün hər hansı sənəd tələb olunmamışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində elektron qaimə-faktura əsasında 193.060,87 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə, həmçinin gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən xərclərin (e-qaimə faktura, idxal, elektron alış aktları əsasında əldə edilmiş mal (xidmətlər) həmçinin əməkhaqqı, məcburi dövlət sosial sığorta haqqı və icarə haqqı) 625,5 manat olmasına baxmayaraq, mənfəət vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********729500 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021-ci ilin mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2021-ci ilin mənfəət vergisi üzrə 9621,77 manat ((193060,87-625,5)*5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********380400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, vergi orqanının qərarı əsassızdır, cavabdeh həmin qərarı qəbul edərkən, iddiaçıya müvafiq qaydada məlumat verməmiş, heç bir sənəd, sübut tələb edilməmişdir. Qeyd olunanların əksinə bildirirlər ki, "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********729500 nömrəli məktub xx.xx.2022-ci il tarixində saat 12:52də vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və tərəfindən xx.xx.2022-ci il tarixində saat 9:18-də oxunmuş, xx.xx.2022-ci il tarixli **********380400 saylı Qərar isə xx.xx.2022-ci il tarixində saat 12:23-də vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, tərəfindən xx.xx.2022-ci il tarixində saat 9:19-da oxunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, kameral vergi yoxlaması tamamilə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, iddiaçı əsassız, ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3696/2023 saylı, 26 may 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3696/2023 saylı, 26 may 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz verilərək şikayətin təmin edilməyib, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3696/2023 saylı, 26 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçi) apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini arzulayır. Mübahisələndirilən qərara nəzər yetirdikdə görünür ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hal isə iddiaçının Vergi Məcəlləsinin müddəalarına əsasən mənfəət vergisi bəyannaməsinin təqdim etmədiyi təşkil edir. İddiaçının iddia etdiyinə görə cavabdeh həmin qərarı qəbul edərkən ona müvafiq qaydada məlumat verməmiş, heç bir sənəd, sübut tələb edilməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş: -Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh inzibati orqan iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müvafiq hesabat dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini, qeyd olunanlarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu, araşdırmaya təqdim edilməsi üçün zəruri olan sənədlərin təqdim olunması tələb olunmuşdur. -Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı MMC-yə 2021-ci il dövr üzrə 9.980,89 manat mənfəət vergisi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçı mənfəət vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumata əsasən mənfəət vergisi hesablanmışdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı ilə cavabdeh inzibati orqan arasında vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə bağlanmış, həmin müqavilə əsasında "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********729500 nömrəli məktub xx.xx.2022-ci il tarixində saat 12:52-də vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, və tərəfindən xx.xx.2022-ci il tarixində saat 9:18-də oxunmuşdur. Göründüyü kimi mübahisələndirilən qərar qəbul edilməmişdən əvvəl iddiaçı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim olunmasının zəruriliyindən məlumatlı olmuşdur. İddiaçı kameral vergi yoxlamasının aparılması üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün cavabdeh inzibati orqan haqlı olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə istinadən ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə edərək hesablamışdır. Bunun əsasında cavabdeh vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində elektron qaimə-faktura əsasında 193.060,87 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə, həmçinin gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən xərclərin (e-qaimə faktura, idxal, elektron alış aktları əsasında əldə edilmiş mal (xidmətlər) həmçinin əməkhaqqı, məcburi dövlət sosial sığorta haqqı və icarə haqqı) 625,5 manat olmasına baxmayaraq, gəlir (mənfəət) bəyannaməsinin, o cümlədən kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsinin təqdim edilmədiyinə istinad edərək, 2021-ci ilin mənfəət vergisi üzrə 9621,77 manat ((193060,87-625,5)*5%) əlavə vergi məbləği hesablanmışdır. Qərar qəbul edildiyi dövrə uyğun isə vergi və sığorta haqları üzrə öhdəlik 9.980,89 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında hesab etmişdir ki, inzibati aktların, qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu vergi orqanı tərəfindən sübut edildiyindən mübahisələndirmə növündə hazırkı iddianın təmini əsası mövcud olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3696/2023 saylı, 26 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-455/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-455/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver