Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-455/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh və onun nümayəndəsi və Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə ilkin iddiasına, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tutulmuş pensiya məbləğinin geri qaytarılması barədə qarşılıqlı tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırma zamanı cavabdehə qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixinədək ümumilikdə 375 021,86 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Eyni zamanda, araşdırma nəticəsində cavabdehə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 13 iyun 2022-ci il tarixli, 02/2-83mat-22/1881 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-10158/2021 nömrəli qərarının icrası məqsədilə iddiaçı tərəfindən cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişi cari ilin sentyabr ayında bərpa edilib. Daha sonra iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraat başlanılıb. Müvafiq inzibati icraatla bağlı cavabdehin mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli, 3-17-1/2- Ə-240282/2023 nömrəli məktub ünvanlanıb. İnzibati icraatın gedişində cavabdeh xx.xx.2023-cü il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda olmuşdur. Eyni zamanda Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2- Ə- 2686xx/xx/2023 nömrəli məktub ünvanlanaraq qeyd olunan artıq ödənilən məbləğ barədə cavabdehə məlumat verilmiş, lakin cavabdeh həmin pul məbləğinin onun pensiyasından tutulmasına razılıq verməmişdir. Daha sonra cavabdehə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin cari ilin oktyabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Cavabdehin sonradan qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması səbəbindən 28 sentyabr 2022-ci il tarixindən ona 1015,21 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdehə qanunvericiliyə uyğun qaydada ümumi əsaslarla yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən aylıq 1164,44 manat məbləğində olmaqla bərpa edilib. Daha sonra cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilkin iddianın təmin edilməməsi və cavabdehin əmək pensiyasından tutulmuş 2842 manat pulun ona geri qaytarılması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, cavabdehə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsində qəbul edilərək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə iddiaçı tərəfindən cavabdehin pensiyasının dayandırılmasının qanunsuz olması, qəbul edilmiş müafiq inzibati aktın ləğv edilməsi və cavabdehə təyin edilmiş pensiyanın bərpa edilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarlarının qəbul edilməsindən uzun vaxt keçməsinə baxmayaraq iddiaçı tərəfindən cavabdehə pensiya verilməsi bərpa edilməyərək hüquqları bu günədək pozulmaqda davam edir. Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qərarlarının icra edilməsi üçün gecə gündüz dayanmadan şikayət edir və aidiyyəti instansiyalardan hüquqlarının bərpa edilməsini xahiş edir. Lakin bu günədək hüquqlarının bərpasına sənəd üzərində nail olsa da, faktiki olaraq hüquqlarının bərpasına nail ola bilməmişdir. Cavabdeh yaşlı insandır və hal hazırda yeganə dolanışıq yeri pensiyasıdır. Belə olan halda iddiaçı üç instansiya məhkəməsinin qərarlarının olmasına baxmayaraq iddiaçı cavabdehə qarşı yeni iddia qaldırıb guya ona artıq ödənilmiş pensiya ilə bağlı məbləğlərin tutulmasını tələb edir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına artıq 1 ildir ki əməl etmir və bu hərəkətsizlik Azərbaycan Respublikası Konstitusiyasının 129-cu və 60-cı maddələrindən irəli gələn tələblərin kobud şəkildə pozulması deməkdir. Hazırda cavabdebhə xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyasından iddiaçı tərəfindən artıq 1 il 4 ay müddət ərzində qanunsuz olaraq tutulmuş pul məbləğinə hüquqi don geyindirmək məqsədi ilə verilmiş iddia absurd xarakterli bir iddiadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh aylıq pensiya məbləğindən tutulmuş 2842 (iki min səkkiz yüz qırx iki) manat pulun ona qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. İlkin iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin pensiya ilə bağlı internetdə olan şəxsi kabinetindən çıxarışdan görünür ki, cavabdehə hər ay hesablanan pensiya məbləği 1164,44 manat göstərilsə də, tutulma məbləği 203 manat olmaqla, ona 961,44 manat ödəniş edilmişdir. Həmin çıxarışdan həmçinin görünür ki, cavabdehə aylıq hesablanan pensiya məbləği 1164,44 manat, yekun ödəniş məbləği isə 961,44 manatdır. - İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cavabdehin pensiya məbləği yenidən hesablanaraq ona 3946,81 manat pensiya təyin edilmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10158/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədində cavabdehə təyin edilmiş pensiyanın dayandırılması barədə iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş, cavabdehin əmək pensiyasının bərpa edilməsi vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Cavabdeh və digərlərinin pensiyalarının dayandırılması istiqamətində hər hansı tədbir görülməmişdir. - Bakı İnzibati Məhkəməsinin 8-1(112)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatın dayandırılması barədə xx.xx.2024- cü il tarixli qərarından cavabdehin verdiyi şikayət təmin edilmiş, qərar ləğv edilərək 2- 1(112)-10158/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. - Pensiya alt sistemindən çıxarışdan görünür ki, cavabdehin əmək pensiyasından cəmi 2842 manat tutulma aparılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1. ). Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər (3.1.). Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur (39.1.). Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur (39.2.). Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır (39.3.). Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır (39.4.). İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarla cavabdehə xx.xx.2007-ci il tarixindən təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Daha sonra həmin qərar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmiş və cavabdehin pensiyasının bərpa edilməsi qərara alınmışdır. İddiaçının pensiyasının bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq cavabdehin pensiyasından tutulma aparılmasını davam etdirmiş və halhazıra kimi cavabdehin pensiyasından 2842 manat tutma aparmışdır. İddiaçı tələbin əsası kimi qeyd edir ki, cavabdehə qanunsuz pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın iddiası əsassızdır. Belə ki, cavabdehə təyin edilmiş pensiyanın bərpa edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğu halda, iddiaçı cavabdehə qanunsuz pensiya təyini ilə bağlı hər hansı araşdırmanı əsas gətirərək pensiya ödənişlərini dayandırmaqda və ya cavabdehdən tutulma aparmaqda düzgün nəticəyə gəlməmişdir. Bir sözlə, nə qədər ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı yeni açılmış hallarla bağlı ləğv edilməyib, bütün dövlət və yerli özünüidarəetmə orqanları üçün məcburidir. İddiaçının dəlili kimi göstərdiyi Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan araşdırma ilə bağlı isə qeyd edilməlidir ki, həmin araşdırmanın nəticələrinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, həmin araşdırma ilə bağlı hər hansı şəxs barəsində tədbir görülməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5041/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-455/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-455/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver