Məhkəmə qərarları › İş №2-1(103)-4555/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4555/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4555/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının və həmin qərarın icrası ilə bağlı meydana gəlmiş nəticələrin ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 noyabr 2024-cü il tarixli, 3-17-1/1-2-N-269563/2024 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 17201,14 (4739,38+5900,40+6561,36) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur.

2. Cavabdeh tərəfindən inzibati icraat materialları, iddiaçıya aid pensiya işində olan sənədlər təqdiim edilmişdir. Həmin sənədlərdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-403/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarına əsasən, İddiaçı xx.xx.2008-ci il tarixdən pensiya məbləği 1968,38 manatdan 1151,60 manata azaldılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2002-xx.xx.2007-ci il dövrlərinin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması, cavabdehin iddiaçı barəsində xx.xx.2025-ci il tarixdə qəbul etdiyi aktın ləğv edilərək tutulmuş vəsatin (pensiya və maddi yardım hissəsinin) geri qaytarılması və tutulmanın (son 3 il dövr üçün) dayandırılması barədə qərar qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-113- 403/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın və onun icrası ilə bağlı meydana gəlmiş nəticələrin ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması” kimi qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin 28 avqust 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixindən ona sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009-cu ildə isə pensiyasının növü əlillikdən yaşa görə pensiyaya dəyişdirilmişdir.”Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.2025-ci ilin yanvar ayınadək eyni qaydada iddiaçının da aldığı əmək pensiyası indeksləşdirilərək ödənilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh qurum tərəfindən iddiaçıya məktub ünvanlanaraq vaxtilə pensiya təyin edilərkən dövlət qulluğu stajının düzgün hesablanmadığı, bununla bağlı araşdırma başlanıldığı bildirilmiş və cavabdeh quruma dəvət edilmiş, xx.xx.2025-ci il tarixdə inzibati akt qəbul edilmişdir və iddiaçının pensiyasından müvafiq tutulma edilərək əmək pensiyası 1698 manatdan 1034 manata azaldılmışdır.Eyni zamanda xx.xx.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya məktub göndərilərək qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqnda" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyalarının və əmək pensiyasına əlavənin artiq ödənilmiş məbləği əmək pensiyaçılarından son üç il üçün tutulur. Həmin məktubda qeyd edilib ki, iddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 17201,14 (4739,38+5900,40+6561,36) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, bununla belə tərəfindən hər hansı razılıq təqdim edilmədiyinə baxmayaraq 2024-cü ilin yanvar ayının pensiyasından 116 manat maddi yardıma görə, 547 manat isə pensiyasından azalma olmuşdur.Qeyd edilən məktubda eyni zamanda bildirilmişdir ki, maddi yardım üzrə 2022-cı il üçün iddiaçıya 467,64 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 467,64 manat pul vesaiti 2025-ci ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir.Eyni zamanda həmin məktubda bildirilir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yeniden hesablanması ilə bağlı inzibati icraata başlanılıb və qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilib.Belə ki, idarəyə dəvət olunduğu zaman ona bildirilmişdir ki, xx.xx.2002- xx.xx.2007-ci il dövrləri dövlət qulluğuna şamil edilmir, belə ki, həmin dövlərdə İqtisadi İnkişaf Nazirliyində, daha dəqiq desə xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İİN nəzdində Ticarət və Xidmət Müəssisə Obyektlərinin fəaliyyətinin Əlaqələndirilməsi Mərkəzinin baş direktor müavini vəzifəsinə təyin edilmişdir, xx.xx.2003-cü il tarixdə Baş direktor vəzifəsinin icrası iddiaçıya həvalə edilmiş, xx.xx.2005ci il tarixdə Mərkəz AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tabeliyinə verilmişdir, xx.xx.2005-ci ildə isə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək isə İstehsal və Xidmət Mərkəzlərinin İdarəetmə mərkəzində rəhbər vəzifədə çalışmışdır. Bu müddətin dövlət qulluğu stajına şamil edilməməsini isə dövlət qulluğu dərəcəsinin göstərilməməsi ilə izah etmişlər. Belə ki, cavabdeh qurum bir halı nəzərə almamışdır ki, illərlə bu müddəti özləri dövlət qulluğu kimi nəzərə almışdır. Eyni zamanda bildirir ki, müvafiq qurum tərəfindən müvafiq dərəcənin qeyd edilməməsi iddiaçının təqsirindən olmamışdır, buna görə dövlət qulluğu vəzifəsində çalışdığı halda 5 ilədək müddətin nəzərə almmadan pensiyanın aşağı salınmağını qanunsuz hesab edir.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı V.X2 rayon şöbəsi tərəfindən 27 dekabr 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir, 4 avqust 2009-cu il tarixindən isə pensiyanın növü əlillikdən yaşa görə pensiyaya dəyişdirilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat, qulluq stajına əlavəsi 70,27 manat, ixtisas dərəcəsinə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 156,28 manat olmaqla orta aylıq əmək haqqı 1251,55 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1140,74 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (1251,55 manat) arasındakı fərq məbləğinin (110,81 man x 30,28 faiz=33,55 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (604,59 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 638,14 manat məbləğində hesablanmışdır.Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə əlavəsi 105,40 manat, ixtisas dərəcəsinə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 234,42 manat olmaqla orta aylıq əmək haqqı 1854,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1251,55 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1854,82 manat) arasındakı fərq məbləğinin (603,27 manat) 30,28 faizi-182,67 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (638,14 manat) üzərinə əlavə olunmaqla pensiya 820,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində kart hesabına hər ay 1210,52 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən həmin dövr üzrə iddiaçıya 4739,38 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən iddiaçının əmək pensiyası 1035,62 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində kart hesabına hər ay 1527,32 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən həmin dövr üzrə iddiaçıya 5900,40 manat artıq pul vəsaiti ödənilmişdir.Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası həmin tarixdən 1151,60 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024xx.xx.2024- cü il tarixləri arasındakı dövr ərzində kart hesabına hər ay 1698,38 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə 6561,36 manat artıq pul vəsaiti ödənilmişdir."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 17201,14 (4739,38+5900,40+6561,36) manat artıq pul vəsaiti ödənilmişdir."İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər.Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər.Mülahizənin dinlənilməsi üçün iddiaçı Mərkəzi Filiala 9 yanvar 2025-ci il tarixində gəlmiş və ona vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən əmək pensiyasının düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmiş, daha sonra yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmiş və bu barədə birgə akt tərtib edilmişdir. Lakin iddiaçı əmək pensiyasının yenidən hesablanmasından narazı olduğundan mülahizənin dinlənilməsi ilə bağlı tərtib edilmiş aktı imzalamamışdır.Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli,3-17-1/3-3-403/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği yenidən hesablanaraq 1698.38 manatdan 1151.60 manata azaldılmışdır. Əlavə olaraq qeyd edirik ki, maddi yardım üzrə 2022-cı ıl üçün iddiaçıya 467,64 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, həmin məbləğ 2025-ci ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir.Əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya təyin edilmiş pensiya cari ilin fevral ayında 1 yanvar 2025-ci il tarixindən hesablanmaqla 1244,88 manat artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilmiş olan 93,28 manat fərq məbləği hesablanmışdır.İddiaçıya ödənilməli olan 93,28 manat pul vəsaiti artıq ödənilmiş 17201,14 manat pul vəsaitindən çıxılaraq əvəzləşdirilmiş qalan 17107,86 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-403/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqıbda” qərarı və həmin qərarın icrası ilə bağlı meydana gəlmiş nəticələrin ləğv edilməsi, İddiaçı qeyd edilən qərar əsasında tutulmuş məbləğlərin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən iddiaçıya ödənilən pensiya məbləğinin artıq hesablandığı müəyyən edilmiş və pensiya məbləği yenidən hesablanaraq qanunvericiliyə uyğun məbləğ müəyyən edilmişdir. Bu zaman arada yaranan fərqin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxarılmasında inzibati orqan haqlı olduğu kimi, əsassız olaraq artıq hesablanmış məbləğin iddiaçının əmək pensiyasına əlavə olunmaqla ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, iddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən) 18.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

18. Belə ki, iddiaçı cavabdeh orqanın xx.xx.2025-ci il tarixli, 3-17-113- 403/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın və onun icrası ilə bağlı meydana gəlmiş nəticələrin ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılmasını tələb edir.

19. Cavabdeh orqan isə bildirir ki, ididaçının işlədiyi xx.xx.2002-xx.xx.2007-ci il dövrlərdə dövlət qulluğu dərəcəsi göstərilmədiyindən həmin müddət dövlət qulluğu stajına daxil edilməmişdir.

20. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixindən ona sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009-cu ildə isə pensiyasının növü əlillikdən yaşa görə pensiyaya dəyişdirilmişdir. Dha sonra cavabdeh orqan tərəfindən pensiya təyin edilərkən dövlət qulluğu stajının düzgün hesablanmadığı müəyyən edilmiş və iddiaçının pensiyasından müvafiq tutulma edilərək əmək pensiyası 1698 manatdan 1034 manata azaldılmışdır. Eyni zamanda iddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 17201,14 (4739,38+5900,40+6561,36) manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur.

21. Belə ki, cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.

22. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

23. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.

26. Lakin, hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

27. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

28. Lakin, cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Cavabdeh ehtimal etdiyi yanlışı (fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən etməsi) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır.

29. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

30. Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 32.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 33.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar