Məhkəmə qərarları › İş №2-1(103)-4558/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4558/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4558/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi və s” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Respublika Psixiatriya Xəstəxanasının 05 fevral 2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıda fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntuları F 62.0 diaqnozu ilə əlillik təyinatı aparılmışdır.

2. 13 iyun 2024-cü il tarixli imtina məktubunda qeyd edilir ki, 14 may 2024-cü il tarixdə qəbulda iddiaçı olmuş, müayinə zamanı müəyyən edilmiş ağırlaşma, patofunksional dəyişikliklər, göndərişdə qeyd edilmiş diaqnozlar əlillik təyinatına əsas verməmə barədə qərar qəbul edilmişdir.

3. Əlillik altistemində olan sənədlərdən, o cümlədən göndərişlərdən görünür ki, 06 mart 2022-ci il tarixdə müayinə ilə əlaqədar diaqnozun əlilik əlaməti təyin edilməməsi qərara alınmışdır. 25 dekabr 2024-cü il tarixli müayinə nəticəsində də eyni qərar qəbul edilmişdir. 19 aprel 2024-cü il tarixli müayinə nəticəsində də diaqnozun öz təsdini tapmaması barədə qərar qəbul edilmişdir. 09 aprel 2024-cü il tarixli göndərişdə əsas diaqnoz F 62.0, ağırlaşma F43.1 kodu və F48.0 kodu üzrə olan xəstəlik olmuşdur.

4. Cavabdehin 06 mart 2022-ci il tarixli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

5. Cavabdehin 25 dekabr 2022-ci il tarixli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

6. Cavabdehin 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, diaqnozun öz təsdini tapmaması barədə qərar qəbul edilmişdir.

7. Cavabdehin 03 iyun 2024-cü il tarixli qərarından görünür ki, iddiaçının əyani müayinəsi nəticəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.

8. 12 dekabr 2024-cü il tarixli ilkin ekspert rəyindən görünür ki, iddiaçıda F62.0, yəni fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyinin müəyyən edildiyi qeyd edilmişdir. Rəydə qeyd edilir ki, göstərilən hal anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, psixi vəziyyətin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gece yuxusunun pozulması, Respublika Psixiatriya Xəstəxanasında F62.0 diaqnozu təyin edilməsi, 2 saylı X1 eyni diaqnozun qoyulması, orada müalicə alması) və hal-hazırkı psixiatrik müayinənin nəticələrin (əhval ruhiyyənin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s ) sübut edir.

9. 23 aprel 2025-ci il tarixli təkrar rəydən görünür ki, iddiaçıda fəlakət keçirdikdən sonra yaranmış şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə və anamnezində suisidial fikirlərlə F62.0 müəyyən edilir. İnzibati iş materiallarında olan tibbi sənədlər və halhazırkı müayinə zamanı aşkar edilmiş psixi pozuntular sübut edir və bu xəstəliyin iddiaçıda bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya, reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müdddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətlərinin olmaması istisna edilmir.

10. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, posttravmatik stress pozuntusu, davranış pozuntuları ilə, gərginlik tip baş ağrısı və digər xəstəliklər hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin 03 iyun 2024-cü il tarixli qərarın iddiaçıya aid hissədə ləğv edilməsi, cavabdehin 19 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və sonuncu 09 aprel 2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur.

13. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, 03 iyun 2024-cü il tarixli qərarda göstərilir ki, əyani müayinə nəticəsində qiymətləndirmə aparılmış və diaqnoz əllillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, yeni göndəriş rəsmiləşdirilmiş, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətnamə verilmişdir. Haızrkı psixi vəziyyəti mütəxəssislər tərəfindən fəlakətdən sonra isterik tip şəxsiyyət dəyişikliyi, sosial, əmək adaptasiyası, nümayişkar davranış kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas olan davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd edilməmişdir. Diaqnozun təsdiqlənməməsi baərdə qərar qəbul edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin 03 iyun 2024-cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərarı İddiaçı aid hissədə və 19 aprel 2024-cü il tarixli diaqnozun öz təsdini tapmaması barədə qərarı ləğv edilməsi, İddiaçı Bakı 2 nömrəli X2 sonuncu 09 aprel 2024-cü il tarixli göndərişi əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Diaqnozun öz təsdiqini tapmaması iddiaçının əyani müayinəsi zamanı, həmçinin tibb müəssisələrinin müayinə sənədləri tədqiq edilən zaman Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Odur ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

18. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT- 10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il); 7.7. Spesifik şəxsiyyət pozuntuları Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. 7.7.1. spesifik şəxsiyyət pozuntuları F60 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski (35-60 faiz, 2 il); 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması (65-80 faiz, 2 il);

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 24.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)

26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

27. Belə ki, iddiaçı cavabdehin 03 iyun 2024-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi, cavabdehin 19 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və sonuncu 09 aprel 2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsini tələb edir.

28. Cavabdeh orqan isə diaqnozun öz təsdiqini tapmamasına əsaslanaraq əliliyin təyinatından imtina etmişdir.

29. Belə ki, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ tərəfindən təqdim edilmiş Xəstəlik haqqında Şəhadətnaməyə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən mülayim dərəcədə ifadə olunmuş gedişli posttravmatik stress pozuntusu, davranış pozuntusu ilə. Gərginlik tipbaş ağrısı, Partlayış travması (xx.xx.2020), sol əlin V daraq sümüyü başı səviyyəsində toxunub-keçən güllə yaralanması, sağ əlin İ-İİ barmağının toxunub-keçən güllə yarası, sol əlin V barmağının proksimal falanqasının çəp,yerdəyişməmiş sınığı, sol əlin İV və V barmağının yumşaq toxuma defektinə görə aparılmış yaraların birincilicərrahi (xx.xx.2020), sol əlin İV və V barmaqlarının deffektinin ikinci cərrahi işlənməsindən (xx.xx.2020), sol əlin V barmağının immobilizasiyasından sonrakı kafi bitişmiş sınıqları bərkimiş dəri çapıqları” “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.

30. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ilk dəfə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin göndərişinə əsasən xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müayinədə olmuşdur. İddiaçı 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının göndərişinə əsasən xx.xx.2022-cı ıl tarixindən xx.xx.2022-cı ıl tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Posttravmatik stress pozuntusu”. Təkrarən, İddiaçı Bakı Baş Səhiyyə Mərkəzinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur (Diaqnoz: “Uzun sürən posttravmatik stress pozuntusu. Nevrasteniya”). Təkrarən, Babaşov X7 Tibb Mərkəzinin göndərişinə əsasən xx.xx.2022- cı ıl tarixindən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur (Diaqnoz: “Uzun sürən posttravmatik stress pozuntusu. Nevrasteniya”). Təkrarən, Babaşov X7 Tibb Mərkəzinin göndərişinə əsasən xx.xx.2022- ci il tarixindən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur (Diaqnoz: “Uzun sürən posttravmatik stress pozuntusu,davranış pozuntuları ilə”). Təkrarən, İddiaçı 9 №-li Birləşmiş Şəhər Xəstəxanasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur (Diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə). Təkrarən, İddiaçı 41 №-li Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2023- cü il tarixindən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur (Diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə). Təkrarən, İddiaçı 41 №-li Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur (Diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə). Təkrarən, İddiaçı 41 №li Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur (Diaqnoz: “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”). Sonuncu dəfə, İddiaçı 41 nömrəli Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur (Diaqnoz: “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”).

28. Təkrar ekpert rəyindən və iş materiallarına daxil olan digər sənədlərdən, eləcə də əlillik təyinatına əsas olmalı olan göndərişdən görünür ki, iddiaçıda F 62.0 kodu ilə göstərilmiş fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi xəstəliyi mövcuddur və həmin xəstəlikdən əziyyət çəkir. Müharibə zamanı alınmış həmin xəstəlik hal-hazırda iddiaçının tibbi sənədləri və müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin xəstəlik yuxarıda adıçəkilən Meyarlara əlavədən görünür ki, əlillik təyinatına əsas olan xəstəlikdir. Eyni zamanda bu xəstəliyin iddiaçıda bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya, reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müdddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətlərinin olmaması istisna edilmədiyi göstərilmişdir.

29. Göründüyü kimi iddiaçının barəsində tərtib edilmiş Forma 88 arayışının TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti qrafasında xəstənin gərgin və narahat olması, qıcığa həssas, hövsələsiz, dava dalaşa meyilli, əhval ruhiyəsinin disforik, olması qeyd edilmişdir. Göründüyü kimi iddiaçıda aşkar edilmiş xəstəlik simptomları yuxarıda istinad edilən əsasnamənin 7.7.1-ci bəndlərində təsbit edilmiş simptomlara uyğunluq təşkil edir və həmin simptomların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) müəyyən edilməlidir ki, ən azından şəxsin intihara meyilli olması mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlərlə təsdiq olunur.

30. Qeyd olunan meyarları nəzərə alaraq hesab olunur ki, iddiaçının orqanizm funksiyalarının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməlidir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı iddiaçının orqanizm funksiyalarının pozulması 35-60 faiz qiymətləndirilərək 2 il müddətinə əlilliyi müəyyən olunmaqla dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı “İddiaçı orqanizm funksiyalarının pozulması 35-60 faiz qiymətləndirilərək 2 il müddətinə əlilliyi müəyyən olunması nəzərə alınmaqla” dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar