Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-456/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 470/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) məhkəməyə müraciət edərək, təyin olunmuş əmək pensiyasının AR Daxili İşlər Nazirliyi (bundan sonra - DİN) üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-00İ-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilən və əmək pensiyasına hesablanan, vəzifə maaşlarına əlavələr adlandırılan, reallıqda stabil vəzifə maaşı artımı kimi əks olunan dəyişiklik nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin 2014-cü il 01 iyun tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2014-cü il 01 iyun tarixədək xidmətdən tərxis olunmuş xüsusi rütbəsi olan əməkdaş kimi daxili işlər orqanlarında müvafiq olaraq illərlə müstəntiq, təhqiqatçı və kriminalist (ekspert) vəzifələrində xidmət etmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” NK-nın 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə DİN rəhbərliyinə ixtiyar verilmişdir ki, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin. Belə ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” NK-nın 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə 73 nömrəli qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən" sözləri əlavə edilmiş, dəyişiklikdən sonra həmin bənd aşağıdakı kimi olmuşdur: “1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxztında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin”. DİN üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrə əsasən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına xx.xx.2014-cü il tarixdən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr müəyyən edilmişdir. DİN-in Maliyyə Plan İdarəsinin daxili işlər orqanlarının rəislərinə ünvanladığı x xxxx 2014-cü il tarixli 027-1820-1214 nömrəli məktubun 8-ci bəndinə müvafiq olaraq əməkdaş xidmətdən tərxis olunarkən bu əlavə onun pul attestatında göstərilməklə əmək pensiyasına hesablanır. NK-nın 169 nömrəli qərarına əsasən vəzifə maaşına əlavələr müvafiq fondlar dairəsində təyin edilir. Təqaüdə çıxan əməkdaşın əmək pensiyasına hesablanan əlavə isə artıq “müəyyən olunmuş müvafiq fondlar dairəsində” deyil, dövlət büdcəsi hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. xx.xx.2014-cü ildən etibarən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarından tərxis olunmuş istisnasız olaraq bütün xüsusi rütbəlilərin əmək pensiyalarına bu əlavələr hesablanmışdır. Bu artım NK-nın 169 nömrəli qərarının verildiyi tarixədək tərxis olunmuş xüsusi rütbəli şəxslərə də şamil olunmalıdır. İddiaçıya xx.xx.2014cü il tarixədək DİO-da müstəntiq, təhqiqatçı, kriminalist (ekspert) vəzifələrindən azad olunaraq xidmətdən tərxis olunmuş pensiyaçılara vəzifə maaşına əlavə adlandırılan dəyişikliyi guya vəzifə maaşının artımı deyil, mükafat qismində adlı qaydada təyin olunan əlavə olduğu əsasına görə şamil etməkdən imtina olunur. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, AR Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 saylı xx.xx.2000-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən əlavələrin təyin edilməsi imperativ şəkildə müəyyən edilməmiş, həmin əlavələrin təyin edilməsi üçün DİN rəhbərliyinə ixtiyar verilmiş, ona görə də mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq inzibati orqanın diskresion səlahiyyətindədir. Adıçəkilən Nazirlər Kabinetinin qərarı Filiala daxil olmamış və müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əmək haqqının artırılması ilə bağlı məlumat, ştat cədvəli də göndərilməmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya artımı ilə bağlı AR Nazirlər Kabineti tərəfindən müvafiq vəzifələrə uyğun olaraq ştat cədvəlləri Filiala daxil olduqdan həmin artımlar edilərək, yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, “Göründüyü kimi, iddiaçının ona şamil edilərək pensiyasının yenidən hesablanmasını tələb etdiyi AR Nazirlər Kabinetinin ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” xx xxx 2014-cü il tarixli 169 nömrəli Qərarı iddiaçı X2 ehtiyata buraxıldıqdan sonra, yəni xx xxx 2014-cü il tarixdə qüvvəyə minmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı X2 ehtiyata buraxılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” xx xxx 2014-cü il tarixli 169 nömrəli Qərarı ilə nəzərdə tutulmuş əlavə haqq almadığından və həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. ... Göründüyü kimi, iddiaçının tələb etdiyi əlavə AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarı ilə mükafat kimi nəzərdə tutulmuş və həmin mükafatın verilməsi Daxili İşlər Nazirliyinin rəhbərliyinin diskresion səlahiyyətinə aid edilmişdir. Qanunvericiliyin sadalanan müddəalarından görünür ki, polis əməkdaşlarının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, polis əməkdaşlarının hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən qanunvericilikdə birmənalı norma yoxdur, bu, polis əməkdaşlarının fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunvericiliyin birbaşa göstərişinə əsasən polis əməkdaşlarına ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. Polis əməkdaşlarına mükafat fərdiləşmiş qaydada, heç də bütün polis əməkdaşlarına deyil, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir, yəni qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, AR Nazirlər Kabinetinin qərarında polis əməkdaşına vəzifə maaşlarına əlavələrin əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə təyin edilməsi nəzərdə tutulsa da, nazirin əmrində “əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə” ifadələri yoxdur, xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına əlavələr fərdiləşmiş qaydada deyil, əmrə 1 nömrəli əlavədə göstərilən vəzifə sahiblərinə tutduqları vəzifələrinə görə daimi əsaslarla təyin olunmuşdur. Təsadüfi deyil ki, əmrə 1 nömrəli əlavə “Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarının şamil edildiyi vəzifələrin (şəxslərin deyil!) siyahısı” başlığı altında verilmişdir. Bu azmış kimi Daxili işlər nazirinin xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmri ilə nəinki müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin), istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmayan digər əməkdaşlarının - rəislərin, rəis müavinlərinin vəzifə maaşlarına əlavələr təvin olunmuşdur. Əlavə, əmr imzalanan zaman DİN-in Təhqiqat İdarəsinin rəisinə də şamil olunmuşdur. Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmayan vəzifələrdə, yəni qeyrimüstəntiq, təhqiqatçı, kriminalist (ekspert) vəzifələrində xidmət edən yüzdən artıq ştat üzrə xüsusi rütbəli şəxslər 6,5 ildən artıqdır ki, bu əlavələri alırlar. Əməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə əlavələr yalnız fərdi inzibati aktlarla təyin edilməlidir. Nazirlər Kabinetinin qərarına əməl olunsa idi, bu əlavələr nazirin hər ay imzalamalı olduğu fərdi inzibati aktlarla (əmrlərlə) əməkdaşın tutduğu vəzifə ilə yanaşı soyadı, adı, atasının adı, əməyindəki yüksək nəticənin nədən ibarət olduğu göstərilməklə təyin olunmalı idi. Növbəti ay üçün ayrıca əmrlər verilməli idi. Çünki, əməkdaş bir ay hansısa nailiyyət əldə edər, amma gələn ay ola bilsin ki, vəzifə maaşına əlavə təyin etmək üçün əsas olmasın. Ötən 6,5 ildən artıq müddətdə DİN-in rəhbərliyi tərəfindən Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 169 nömrəli qərarının icrası ilə əlaqədar yeganə inzibati aktla (xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrlə) vəzifə maaşlarına əlavə təyin edildiyinə və bu əmrdə vəzifə maaşlarına əlavə təyin edilən əməkdaşların soyad və adları deyil, əlavənin şamil edildiyi vəzifələrin siyahısı göstərildiyinə görə əlavələrin təyin edilməsində fərdilikdən, xidmətdə fərqlənmədən, əməkdə yüksək nəticələrə nail olmaqdan söhbət gedə bilməz! Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə Daxili İşlər nazirinin xx.xx.2014-cü il tarixli əmri arasında kəskin ziddiyyətin mövcud olması, çoxsaylı şikayətlərə baxmayaraq, dövlət orqanları tərəfindən bu ziddiyyətin aradan qaldırılması istiqamətində heç bir tədbirin görülməməsi, əlavələrin təyin olunması və əmək pensiyasına hesablanması zamanı Nazirlər Kabinetinin qərarına deyil, Daxili İşlər nazirinin əmrinə riayət olunması, Nazirlər Kabinetinin 2014-ci il 29 may tarixli 169 nömrəli qərarının dekorasiya olduğunu bir daha təsdiq edir. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli qərarında “əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə” ifadələr Daxili İşlər nazirinin diskresion səlahiyyət çərçivəsində hərəkət etməsi, yəni bu qərarın DİN-in rəhbərliyini müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) əlavənin təyin edilib-edilməməsində öz mülahizəsinə istinadən seçim etmək səlahiyyəti və onların əməyi və xidməti fəaliyyətini qiymətləndirmə azadlığı ilə təchiz etməsi, əlavə adlandırılan vəzifə maaşlarına dəyişikliyin guya mükafat qismində təyin edildiyi görüntüsü yaratmaq məqsədinə xidmət edir. Əcaib vəziyyətə şahidlik edirik: Nazirlər Kabineti 169 nömrəli qərarı ilə start verdiyi vəzifə maaşı artımına don geyindirərək onu vəzifə maaşından hesablanan mükafat kimi təqdim edir. Riyakarlığın hədd-hüdudu yoxdur: Nazirlər Kabineti qərarında vəzifə maaşlarına əlavənin “əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə təyin” edilməsi şərti irəli sürməklə artım baş verməzdən əvvəl xidmətdən pensiya almaq hüququ ilə tərxis olunmuş müstəntiqləri, təhqiqatçıları və kriminalistləri (ekspertləri) bu artımdan yararlanmaq imkanından məhrum edir, onların narazılıq və şikayətləri pik həddinə çatanda isə heç nə olmamış kimi Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin şərh olunmasını xahiş edir. Sanki Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 169 nömrəli qərarının layihəsi müvafiq qurum tərəfindən artımın bundan əvvəl tərxis olunmuş müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) şamil olunmaması sifarişi əsasında hazırlanmamışdır! “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin şərh olunmasına nə ehtiyac var idi? Xidmətdən buraxıldığı günə vəzifə maaşına əlavə ilə mükafatlandırılmayan əməkdaşın əmək pensiyasına həmin əlavənin hesablanmasının yolverilməz olduğu gün kimi aydındır. İşin məğzi bundan ibarətdir ki, Nazirlər Kabinetinin 73 və 169 nömrəli qərarlarında mükafat qismində təqdim olunaraq vəzifə maaşlarına əlavə adlandırılan vəsait stabil vəzifə maaşı artımı kimi əks olunub. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, üçüncü şəxsin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən görünür ki, iddiaçı vəzifə maaşına mübahisəli əlavə nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi barədə cavabdehə müraciət etmiş, sonuncu rəsmi məktubla bundan imtina edərək, bildirmişdir ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. İddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilir ki, o, xx.xx.2003-cü il tarixdə daxili işlər orqanlarından xidmətdən tərxis olunmuş xüsusi rütbəli əməkdaşdır. Ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırkı iddia ərizəsi ilə əmək pensiyasının yenidən hesablanmasında nəzərə alınmasını tələb etdiyi əlavələri vaxtilə xidmət etdiyi dövrdə almadığı işin mübahisəsiz halıdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; 4-cü bəndinə görə, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanun və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın təhlilindən göründüyü kimi, bu qanunvericilik aktları hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə olan pul təminatından həmin günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir. İddiaçının məlumat vərəqi də məhz bu şəkildə tərtib olunmuş, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində və Qaydaların 2-ci bəndində nəzərdə tutulduğu kimi, xx.xx.2011-ci il tarixli məlumat vərəqi tərtib edilərkən iddiaçının aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzində kompensasiya və vəzifə maaşından hesablanan digər növ əlavə kimi məharət dərəcəsi də nəzərə alınmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 169 nömrəli Qərarı (bundan sonra - 169 nömrəli Qərar) ilə “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarının (bundan sonra - 73 nömrəli Qərar) 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən” sözləri əlavə edilmiş, dəyişiklikdən sonra həmin bənd aşağıdakı kimi olmuşdur: “1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin”. 169 nömrəli Qərarın elan olunması barədə DİN üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrin (bundan sonra - Əmr) 3-cü bəndi ilə bu əmrə 1 nömrəli əlavədə müəyyən edilmiş vəzifələrdə xidmət edən xüsusi rütbəli əməkdaşların vəzifə maaşlarına xx.xx.2014-cü il tarixdən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir. Əmrin 4-cü bəndi ilə göstərilən əməkdaşlar tərəfindən intizamsızlığa və ya xidmətdə nöqsanlara yol verildiyi halda, təyin edilmiş əlavənin ləğv edilməsi barədə Nazirliyin rəhbərliyi qarşısında vəsatət qaldırması DİN-in aidiyyəti orqan rəislərindən tələb olunmuşdur. İddiaçı əmək pensiyasının artırılaraq yenidən hesablanması tələbini vəzifə maaşından hesablanan digər əlavələrdə artımın olması ilə əsaslandırır. O, hesab edir ki, 73 nömrəli Qərarla müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) təyin edilən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr məhz “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi mənasında vəzifə maaşından hesablanan (digər) əlavələr kimi təfsir edilməklə, artım kimi ona da şamil olunmalıdır. Bu mövqe isə işin mübahisə doğuran əsas məqamı olmaqla, qanunvericiliklə təkzib olunur. Bu baxımdan, 73 nömrəli Qərarın təhlilindən göstərir ki, normayaradıcı orqan bu aktı ilə xüsusi rütbəli polis əməkdaşının maddi təminatlarını 2 növə ayırmışdır: 1. təyin edilməsi bilavasitə qanunvericilikdə təsbit olunan təminatlar; 2. təyin edilməsi DİN rəhbərliyinin ixtiyarına verilən təminatlar. Birinci növə aid təminatların məbləği və təyin edilməsi qaydaları Qərarın 1.1-ci bəndi ilə tənzimlənmişdir. Sözügedən normaya görə DİN polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu Qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilir. 73 nömrəli Qərara 1 nömrəli əlavə olaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”ndan aydın görünür ki, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa təminat xərcliyinə daxil olmaqla vəzifə maaşından hesablanan digər əlavələr dedikdə: 1. fasiləsiz xidmət illərinə görə verilən haqq; 2. məharət dərəcəsinə görə verilən əlavə; 3. şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi; 4. post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrində atlara və ləvazimatına qulluğa və ayıltma məntəqəsində işləməyə görə əməkdaşlara ödənən əlavə; 5. sürücülərə dərəcəyə görə verilən əlavə və 6. yüksəkliyə görə ödənən əlavə başa düşülməlidir. Bu kateqoriyaya aid təminatların təyin edilməsi aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq payı əvəzinə verilən pul kompensasiyasında olduğu kimi DİN-in rəhbərliyinin istəyindən asılı deyil və sonuncu tərəfindən ləğv edilə bilməz. Tam əksinə, ikinci növə daxil olan, yəni Qərarın 1.3-cü bəndində sadalanan təminatların təyin edilməsi birbaşa DİN rəhbərliyinin hüquqlarına aiddir ki, onlardan biri də müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla təyin edilən əlavələrdir. Yəni, sözügedən bəndə görə DİN rəhbərliyi bu növ təminatların təyin yaxud ləğv edilib-edilməməsi səlahiyyətinə malikdir. İşin 17-ci vərəqində olan, DİN Maliyyə-plan idarəsinin iddiaçının vəkili İqbal Həsənova ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda da göstərilmişdir ki, “... Əməklaşlar tərəfindən intizam tənbehi tətbiq edildiyi təqdirdə həmin əlavələrin ödənilməsi dayandırılır.” Bu da onu deməyə əsas verir ki, 73 nömrəli Qərara əsasən müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) Əmrlə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələrin təyin olunması DİN rəhbərliyi üçün mütləq (məcburi) xarakter daşımır və intizam məsuliyyəti tədbirlərinə paralel qaydada ləğv edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində vəzifə maaşından hesablanan digər əlavələr dedikdə təyin edilməsi imperativ xarakter daşıyan, yəni müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin iradəsindən asılı olmayan əlavələri nəzərdə tutmuşdur. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi mənasında vəzifə maaşından hesablanan digər əlavələr, 73 nömrəli Qərarın 1.3-cü bəndində nəzərdə tutulan müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) xidmətdə olduqları dövrdə onlara ödənilməyən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələri ehtiva etmir və bu səbəbdən də onu almayan xüsusi rütbəli polis əməkdaşının təminat xərcliyinin, ondan isə pensiyasının yenidən hesablanmasında nəzərə alına bilməz. Eynilə, 169 nömrəli Qərarla 73 nömrəli Qərara edilmiş dəyişikliklərin qüvvəyə mindiyi xx.xx.2014-cü il tarixdən sonra xidmətdə olan DİO-nun hər hansı xüsusi rütbəli əməkdaşına təyin olunan belə bir əlavə sonradan ləğv olunmuşsa və o, xidmətdən buraxıldığı günə bu əlavəni almamışsa, qeyd olunan əlavə onun da pensiyasına hesablanmayacaqdır. Həmçinin, 73 nömrəli Qərarın 1.3-cü bəndinin kazual təfsiri belə bir qənaət formalaşdırır ki, adıçəkilən normanın predmeti daha çox müəyyən olunmuş müvafiq fondlar dairəsində verilən maddi yardım və mükafatlar yaxud bu xarakterli digər ödənişlərlə (əlavələrlə) bağlıdır. Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci bəndi də DİO əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidmət illərinə görə haqqı, məharət dərəcəsinə görə verilən əlavəni, ərzaq payını və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyasını, digər müavinət və ödənişləri daxil etməklə, vəzifə maaşından hesablanan digər əlavələr ifadəsinə yer verməmiş, onun əvəzinə digər müavinət və ödənişlər sözlərindən istifadəyə üstünlük vermişdir ki, bunlar da 73 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə ilə tənzimlənmişdir. İddianın əsaslılığı ilə bağlı o da diqqətə alınmalıdır ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq xüsusi rütbəli şəxslərin əmək pensiyalarının yenidən hesablanması məqsədi ilə təminat xərcliyində baş verdiyi iddiaçı tərəfindən irəli sürülən artımlar barədə məlumat cavabdehə təqdim olunmamışdır. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunun səhv təfsirindən ibarət olan dəlilləri ilə bütövlükdə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-470/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-456/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-456/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver