Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-456/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiаçı nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1311/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya hesablanması zamanı iddiaçının ölmüş əri X2 pensiya hüququ yarandığı tarixdən yəni 04.04.2009-cu il tarixdən pensiyasının həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” AR Qanununun 10. 26 və 27-ci maddələrinə əsasən 2002-2004-cü illərdə aldığı orla aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və həmin hesablanma nəticəsində yaranmış fərqin ödənilməsi, həmçinin yenidən hesablanma nəticəsində ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası üzrə ödənilməmiş pensiya fərqi məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı ilə X4 arasında 08.08.1975-ci ildə nikah bağlanmışdır. X4 10.04.1947-ci il təvəllüdlü olmaqla 16.08.1971-ci ildən 12.11.2019-cu ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ölmüş əri X3 ilk dəfə 23 may 2011-ci il tarixdə 153 nömrəli qərarla DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. DSMF-nin Şirvan şəhər şöbəsi Muradov Mirağaya müraciət etdiyi tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 63 yaşdan pensiya təyin etmişdir. Həmin qərardan narazı qalan Muradov Mirağa 2012-ci ildə DSMF-nin Şirvan şəhər şöbəsinə müraciət edərək ona 62 yaşı tamam olan tarixdən pensiyanın təyin olunması və yaranmış məbləğ fərqinin ödənilməsini xahiş etmişdir. DSMF-nin Şirvan şəhər şöbəsi 10 sentyabr 2012-ci il tarixli 40-769 nömrəli məktubla həmin müraciəti təmin etməmişdir. Bundan sonra Muradov Mirağa cavabdeh DSMF-nin Şirvan şəhər şöbəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Həmin işə baxan Şirvan İnzibati-İqtisadi Məhkəməsi 04.12.2012-ci il tarixli 2-1(86)-1183/2012 nömrəli qərarla Muradov Mirağanın iddiasını təmin edərək cavabdeh DSMF-nin Şirvan şəhər şöbəsinin üzərinə iddiaçı X3 əmək pensiyası hüququnun yarandığı vaxdan, yəni 10.04.2009-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın qəbul edilməsi, həmçinin həmin tarixdən 01.01.2010-cu il tarixədək olan dövr ərzində pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyini qoymuşdur. Həmin qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. Adıçəkilən qərarla müəyyən edilmişdir ki, X3 DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən 63 yaşı tamam olduğu 10 aprel 2010-cu il tarixdən pensiya təyin olunması qanunsuz olmuşdur. Bu əsasla məhkəmə X2 62 yaşının tamam olduğu 10 aprel 2009-cu il tarixdən onun yaşa görə əmək pensiyası hüququnun yarandığını qeyd etmişdir. X4 12 noyabr 2019-cu il tarixdə ölmüşdür. Həmin vaxtdan etibarən iddiaçıya DSMF-nin Xətai rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və həmin pensiyanı hazırda alır. Hesab edir ki, ölmüş ərinə pensiya hesablanması zamanı qanunsuzluğa yol verilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Bu Qanunun 27-ci maddəsinə əsasən isə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Belə ki, İddiaçı 01.06.2020-ci il tarixdə 358,36 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı ƏƏSMN və DSMF publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək, ona 01.06.2020-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. DSMF publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş imtina məktubu ilə iddiaçıya 01.06.2020-ci il tarixdə təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 26-cı və 27-ci maddələrinə əsasən sığortaolunanlar üzrə faktiki orta aylıq əməkhaqqını nəzərə alaraq əmək pensiyalarının hesablanmasının nəzərdə tutulmaması qeyd edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1- 1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Əlavə olaraq qeyd etmək istərdik ki, iddiaçı iddia ərizəsində ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasında keçmiş qanunvericiliyin tələblərinə istinad etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1311/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ölmüş əri Qanun qüvvəyə minənədək yəni 2006-cı ilədək olan dövrdə son iki il ərzində əmək haqqını Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-də baş direktor vəzifəsində işlədiyi dövrdə almışdır. Onun zavodda aldığı əmək haqqı barədə arayışa əsasən qeyd edilən 24 ay ərzində 36.800.342 azm (7360 azm) məbləğində əmək haqqı almışdır. Bu isə hər ay üçün orta aylıq olaraq 306.66 manat təşkil edir. Adıçəkilən arayış birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman təqdim edilmiş pensiya işinin içində də mövcuddur. Göründüyü kimi, inzibati orqan əsassız yerə həmin halı vaxtında nəzərə almamış, işə baxan məhkəmə isə həmin halın qanuniliyinə özünəməxsus şəkildə hüquqi don geyindirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. X3 məxsus pensiya işində olan sənədlərdən görünür ki, 319239 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X4 ilə İddiaçı 08.08.1975-ci il tarixdə nikah bağlamışlar. Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsi tərəfindən X3 23.05.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-1183/2012 saylı 04.12.2012-ci il tarixli qərar ilə iddiaçı X2 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin üzərinə iddiaçı X3 əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni 10 aprel 2009-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın qəbul edilməsi, həmçinin həmin tarixdən 01 yanvar 2010-cu il tarixədək olan dövr ərzində pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. 049023 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X4 12.11.2019-cu il tarixdə ölmüşdür. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və iddianın rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçı ölmüş əri X2 pensiya hüququ yarandığı 04.04.2009-cu il tarixdən pensiyasının yenidən hesablanmasını tələb etsə də, X2 pensiya hüququnun 04.04.2009cu il tarixdən yaranması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. İddiaçı pensiya hesablanması zamanı iddiaçının ölmüş əri X2 04.04.2009-cu il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” AR Qanununun 10, 26 və 27-ci maddələrinə əsasən 2002-2004-cu illərdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etdiyindən (cavabdeh inzibati orqana da eyni tələblə müraciət olduğundan, yəni 04.04.2009-cu il tarixdən nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etdiyindən) və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından, digər müddətlə (10.04.2009) bağlı cavabdeh inzibati orqana müraciət etmədiyindən, məhkəmə məhz tələb üzrə 04.04.2009-cu il tarixdən əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi. Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində qeyd olunmuş 04.04.2009-cu il tarixdən” sözlərinin “10.04.2022-ci il tarixdən sözləri kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan yanlışlıq texniki səhv nəticəsində yarandığından iddia tələbinə verilmiş dəqiqləşmə qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. Həmin Qanunun 26.3-1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Həmin Qanunun 26.3-2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. Həmin Qanunun 26.3-3-cü maddəsinə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən bu Qanunun 20.1.1—20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş pensiyasının (bütün əlavələr və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ qulluq stajına görə əmək pensiyasına əlavə kimi müəyyənləşdirilir. Həmin Qanunun 26.5-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1—20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 26.6-cı maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar əmək pensiyasının baza hissəsinin üzərinə bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunmuş əlavələr hesablanır. Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-1183/2012 saylı 04.12.2012-ci il tarixli qərar ilə iddiaçının mərhum əri X3 10 aprel 2009-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. Göründüyü kimi 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddə yeni redaksiyada verilmişdir. İddiaçının mərhum ərinin pensiya hüququ isə artıq məhkəmə qərarı ilə 10 aprel 2009-cu il tarixdən yaranmışdır. Pensiya işində olan arayışdan görünür ki, iddiaçının mərhum əri X4 01 oktyabr 1997ci il tarixdən 11 may 2004-cü il tarixinədək "xxxx" MMC-də baş direktor vəzifəsində işləmiş, 2002-ci ilin 2-4-cü rüblərindən 2004-cü ilin 1-2-ci rübünə qədər cəmi 36.800.342 azm əmək haqqı almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum ərinin pensiya hüququ 10 aprel 2009-cu il tarixdə yaransa da, ona həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya hesablanmalı olduğu halda buna əməl edilməmiş və iddiaçının mərhum ərinə əsassız olaraq 01.01.2010-cu il tarixdən qüvvədə olan qanunvericilik normalarına uyğun pensiya hesablanmışdır. “Ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə münasibətdə kollegiya qeyd edir ki, bu məsələyə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı ilkin olaraq 18.06.2020-ci il tarixli ərizə ilə (13.07.2020-ci il tarixli imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, mərhum ərinin 2002-ci ilin may ayından 2004-cü ilin may ayınadək olan dövr üzrə əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və ödənilməsini xahiş etmişdir. Bu halda pensiyanın yenidən hesablanması 18.06.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni 18.06.2017-ci ildən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı vəfat etmiş əri X2 pensiya hüququ yarandığı tarixdən yəni 10.04.2009-cu il tarixdən pensiyasının həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” AR Qanununun 10, 26 və 27-ci maddələrinə əsasən 2002-2004-cü illərdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və müraciət etdiyi 18.06.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni 18.06.2017-ci il tarixdən həmin hesablanma nəticəsində yaranmış fərqin ödənilməsi, həmçinin yenidən hesablanma nəticəsində ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası üzrə ödənilməmiş pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1311/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı vəfat etmiş əri X2 pensiya hüququ yarandığı tarixdən yəni 10.04.2009-cu il tarixdən pensiyasının həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” AR Qanununun 10, 26 və 27-ci maddələrinə əsasən 2002-2004-cü illərdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və müraciət etdiyi 18.06.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni 18.06.2017-ci il tarixdən həmin hesablanma nəticəsində yaranmış fərqin ödənilməsi, həmçinin yenidən hesablanma nəticəsində ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası üzrə ödənilməmiş pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-456/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-456/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver