Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-456/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “növbəti hərbi rütbənin verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6840/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «növbəti polkovnik hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə: “...İddiaçı 1996-cı ildən 2022-ci ilədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş, “Həqiqi hərbi xidmətdə olduğu müddət ərzində heç bir qüsuru olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 iyun 2015-ci il tarixli 628R nömrəli əmri ilə ona “polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 20 iyun 2020-ci il tarixli 0462 nömrəli əmri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “polkovnik" ştat kateqoriyalı Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və həmin vəzifədən müdafiə nazirinin 24 noyabr 2021-ci il tarixli 01679 nömrəli əmri ilə” Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sözügedən vəzifədə xidmət etdiyi müddət ərzində intizam qaydasında cəzalandırılmamış, ehtiyata buraxıldığı günədək üzərində heç bir cəza olmamış və 2021-ci il üzrə sonuncu attestasiya balı 97.158 (100 üzərindən) olmuşdur. Əlavə olaraq sözügedən vəzifədə xidmət etdiyi müddət ərzində, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli 0256t nömrəli əmri ilə “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə Görə” və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 oktyabr 2021-ci il tarixli 0256t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medaları ilə təltif olunmuşdur. Qeyd olunanları nəzərə aaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi üçün 09 iyun 2021-ci il tarixdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və təqdimatı Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. Əlavə olaraq, 18 may ve 24 avqust 2021-ci il tarixlərində ehtiyata buraxılması barədə aparılan söhbətlər zamanı xx.xx.2021-ci il tarixində söhbət vərəqəsində “polkovnik-leytenant” hərbi rütbəsində olma müddətinin başa çatdığını nəzərə alaraq, növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi ilə birlikdə ehtiyata buraxılması barədə müraciətləri yazılı olaraq öz əksini tapmışdır. Buna baxmayaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarıldığı 15 yanvar 2022-ci il tarixədək qanunla müəyyən olunmuş qaydada ona növbəti “polkovnik” hərbi rütbəsi verilməmiş, növbəti hərbi rütbənin verilməsinin təxirə salınması ilə bağlı fərdi söhbət aparılmamış və səbəbləri izah edilməmişdir. Qeyd olunan təqdimatın nəticəsinin öyrənilməsi üçün 26 yanvar 2022-ci il tarixində ünvanladığı ərizəyə bu günədək heç bir cavab verilməmişdir...” Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianı əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: “... İddiaçıya növbəti “polkovnik" hərbi rütbəsinin verilməsi barədə təqdimatı xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. 21 gün əvvəl isə xx.xx.2021-ci il tarixdə iddiaçı“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılması barədə raportla yuxarı komandanlığa müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə isə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyini nəzərə alaraq, ona növbəti hərbi rütbəsinin verilməsi ilə bağlı müsbət qərar qəbul edilməmiş, təqdimat geri qaytarılmışdır. Bundan sonra 24 noyabr 2021-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 "j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılması ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə tanış olmuş və əmri icra etmişdir. Belə olan halda, iddiaçı barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə həmin dövrdə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir 5 (beş) ay 1 (bir) gün vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6840/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Verilmiş sorğulara cavablardan məlum olmuşdur ki, İddiaçı növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə təqdimatı xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. 21 gün əvvəl isə xx.xx.2021 -ci il tarixdə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılması barədə raportla yuxarı komandanlığa müraciət etmişdir. xx.xx.2021 -ci il tarixdə isə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyini nəzərə alaraq, ona növbəti hərbi rütbəsinin verilməsi ilə bağlı müsbət qərar qəbul edilməyərək təqdimat geri qaytarılmışdır. 24 noyabr 2021-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Məhkəmənin qərarı əsassızdır. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinatı almışdır. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə tanış olmuş və əmri icra etmişdir. Belə olan halda, iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi xidmət etmiş hərbi qulluqçulara növbəti hərbi rütbənin verilməsi hüququnu nəzərdə tutaraq, hərbi xidmətə stimul yaradılması, hərbi qulluqçuların döyüş hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin artırılması üçün istifadə edilir. İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 20 iyun 2020-ci il tarixli müvafiq əmri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “polkovnik” ştat kateqoriyalı şöbə rəisi vəzifəsinə təyin olunmağına baxmayaraq, 11 (on bir) aydan sonra yəni xx.xx.2021 -ci il tarixdə öz arzusu ilə ehtuyata buraxılması ilə bağlı raportla müraciət edərək ehtiyata buraxıldığından, ona yuxarı komandanlıq tərəfindən “polkovnik" hərbi rütbəsinin verilməsi ilə bağlı müsbət qərar qəbul edilməmişdir. Belə ki, İddiaçı 18 may 2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılması barədə raportla müraciət etmiş, bununla əlaqədar 22 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin qarşısında vəsatət qaldırılmış, ona növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi məqsədi ilə 9 iyun 2021-ci il tarixdə Şəxsi Heyət Baş İdarəsinə müvafiq təqdimat göndərilmiş, Kadrlar İdarəsində sözügedən təqdimata baxılaraq müsbət qərar qəbul olunmadığı üçün icra olunmadan geri qaytarılması barədə rəy bildirilərək 2 oktyabr 2021-ci il tarixdə geri qaytarılmışdır. Bu barədədə iddiaçıya oktyabr-noyabr 2021-ci il tarixdə şifahi məlumatın verilməsi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır...” Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəblərinə dair sübutlar məhkəməyə təqdim etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında haqqında iddia vasitəsilə «növbəti polkovnik hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və birinci məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. Məhkəmə bu qənaətə gələrkən qeyd etmişdir ki: “...Baxmayaraq ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmaq üçün raportla müraciət etdiyi vaxt ehtiyata buraxılmağı ilə əlaqədar onunla xx.xx.2021-ci il tarixdə keçirilmiş birinci söhbətləşmə zamanı ona “polkovnik” hərbi rütbəsinin verilməsi üçün müvafiq təqdimatın yuxarı instansiyaya göndərilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə iddiaçıya növbəti “polkovnik” hərbi rütbəsi verilməsi üçün müvafiq təqdimat onun xidmət keçdiyi Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsindən yuxarı instansiyaya – Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmiş, ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçı ilə xx.xx.2021-ci il tarixdə keçirilmiş 2-ci söhbətləşmə zamanı yenidən ona növbəti “polkovnik” hərbi rütbəsinin verilmədiyini bildirmiş və verilməməsinin səbəblərinin ona bildirilməsini xahiş etsə də, mövcud qanunda həmin təqdimatın rədd edilməsinin əsaslarının konkret müəyyən edildiyi, həmin halların iddiaçıya münasibətdə müəyyən edilmədiyi, təqdimatın rədd edilməsi haqqında qərarın qəbul edilməsinə əsas olan səbəb onunla şəxsi söhbət zamanı ona elan edilməli, yaxud şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb ona söhbət vərəqəsində imza etdirməklə elan edilməli və növbəti hərbi rütbə verilənədək şəxsi işinə tikilib saxlanılmalı, müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilməli oldugu halda, iddiaçı ilə keçirilmiş ikinci söhbətləşmə zamanı ona bu barədə heç bir məlumat verilməmiş, bu barədə vərəqdə heç bir qeyd edilməmişdir. Bu hallar da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyi nəzərə alınaraq ona növbəti hərbi rütbənin verilməməsi ilə bağlı qərar qəbul edərkən kobud inzibati icraat pozuntularına yol vermişdir. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən qərar işin faktiki hallarına uyğun olmamış, yuxarıda göstərilən hüquqi aktların tələblərinə görə cavabdehin hərəkəti qanunsuz və əsassız olmuşdur...” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Birincisi, İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, maddi hüquq normasına görə qiymətləndirmə və hər hansı maddi hüquq normasının tətbiqi üzrə qiymətləndirmə azadlığı inzibati orqana məxsus olduqda məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsini özündə əks etdirir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun (23 dekabr 2011-ci il № 274-İVQ) 30.1-ci maddəsinə əsasən hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı X1”nin tələblərinə müvafiq qaydada verilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: 41.“hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. Hərbi rütbə verilməsi haqqında əmrlər təntənəli şəraitdə sıra qarşısında (hərbi hissənin təntənəli yığıncağında) müəyyən edilmiş fərqlənmə nişanları ilə birgə paqonlar verilməklə elan edilir.
42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1”nin (20, 80 və s.) normalarında da (mm.20, 80 və s.) həvəsləndirmə və intizam qaydasında, müvafiq hərbi rütbələin vaxtından əvvəl verilməsi və ya bir pillə aşağı salınması qaydaları təsbit olunmuşdur. Beləliklə də hərbi vəzifədə olmanın və hərbi xidmət keçmənin təsbit olunduğu imperativ normalardan göründüyü kimi, hərbi rütbələrin verilməsi diskression səlahiyyətləri çərçivəsində qanunla müəyyən olunan şərtlər daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan bir qiymətləndirilməni ehtiva edən bir institutu özündə əks etdirir. Yəni, hərbi qülluqçuya növbəti hərbi rütbə verilməli olub-olmamasını qiymətləndirmək səlahiyyəti inzibati orqana verilən bir diskression səlahiyyətdir. Konkret halda da, məhz, işin faktiki allarından göründüyü kimi, 2021-ci ilin iyun ayında iddiaçıya növbəti “polkovnik" hərbi rütbəsinin verilmə vaxtı çatması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə barəsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat verilsə də, bundan 21 gün əvvəl onun xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılması barədə raportla yuxarı komandanlığa müraciət etməsi və xx.xx.2021ci il tarixdə də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasında israrlı istəyi müsbət qiymətləndirilməmiş, həmin təqdimat geri qaytarılmışdır. İş materiallarından görünür ki, daha sonra, 24 noyabr 2021-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 "j” bəndinə (öz arzusu ilə) əsasən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsindən, polkovnik-leytenant rütbəsində, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. X3, onun polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmasını ehtiva edən 24 noyabr 2021-ci il tarixli 01679 saylı həmin əmri iddiaçı tərəfindən onun üçün əlverişsiz olan hissəsində mübahisələndirməmiş və hal-hazırda həmin əmr qüvvəsindədir. Həmin əmrin qüvvədə olması isə polkovnik hərbi rütbəsinin verilməsi barədə hazırkı iddiasını uğursuz və tələbinin təmin edilməsini istisna edir. Beləliklə, iddiaçı tərəfindən İPM-in 14.3-ci maddəsinin tələbinə müvafiq olaraq, arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünr ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə işin hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, iddianın təmin olunması barədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, qəbul etdiyi qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6840/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6840/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.