Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4562/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Firuddin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5790/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Firuddin oğlu cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 09 sentyabr 2024-cü il tarixli diaqnozun təsdiqini tapmaması barədə qərarının və 07 noyabr 2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsini və müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 oktyabr 2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmışdır. Ona 01 noyabr 2021-ci il tarixdən etibarən müddətsiz birinci qrup əlillik təyinatı aparılmışdır. 2024-cü ilin fevral ayından müayinələrə yenidən cəlb edilmiş, sağlamlıq vəziyyətində irəliləyiş olmamışdır. Əlillik statusu əsassız olaraq 09 sentyabr 2024-cü il tarixdən ləğv edilmiş, bu barədə qərar qəbul edilmiş, həyat yoldaşı e-sosial portalında 06 dekabr 2024-cü il tarixdə şəxsi kabinet vasitəsi ilə məlumat əldə etmişdir. İddiaçı hesab edir ki, əlilliyin təyini barədə qərarın qəbulundan bir neçə il sonra əlilliyin ləğv edilməsinə dair qərarın qəbulu qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılır ki, 04 aprel 2024-cü il tarixli xəstəlik haqqında şəhadətnamədə vətəndaşın işləmədiyi və İ dərəcəli əlil olması haqqında məlumat qeyd edilmiş, bu da şəhadətnamənin dəyişdirilməsinə dəlalət etmişdir. 4 ədəd travma haqqında arayışlar (12 dekabr 2020, 16 yanvar 2021, 03 avqust 2021, 23 yanvar 2021) olmuşdur. Cavabdeh qeyd edir ki, yoxlama zamanı psixi statusunda vətəndaş kobud simulyativ davranış sərgiləmiş, müayinə prosesinə reaksiya verməmiş, sualları anlaqsız vəziyyət göstərməyə çalışaraq cavablandırmışdır. Qeyri-iradi sidik ifrazı sərgiləmiş, lakin onun su olduğu bilinmişdir. Anasının verdiyi izahat və anamnestik məlumatlar arasında ziddiyyətli məlumatlar aşkar edilmişdir. Tibbi sənədlərində uyğunsuzluq aşkarlanmış, üzvü faktor təsdiq olunmamışdır. Travma haqqında arayışlarında ilk öncə kəllə-beyin travması haqqında məlumatın olmaması, baş beynin instrumental müayinə nəticələrinin müxtəlif olması, bəzi sənədlərin möhür və imza ilə təsdiqlənməməsi ciddi şübhələr yaratmışdır. 2 saylı X1 18 yanvar 2024-19 fevral 2024-cü il tarixli çıxarışında diaqnoz baş beynin üzvi mənşəli (travma mənşəli) nəticəsində yaranan ağıl zəifliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla kimi qeyd olunsa da, kliniki olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin 27 fevral 2024-cü il tarixli tibbi rəyində diaqnoz baş-beyin travması nəticəsində demensiya kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı Psixiatriya Xəstəxanasının 24 aprel 2024-24 may 2024-cü il tarixli çıxarışında diaqnoz baş beynin üzvi mənşəli (travma mənşəli) nəticəsində yaranan ağıl zəifliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla MMSE 10 kimi qeyd olunsa da, öz təsdiqini tapmamışdır. X7 müayinəsinin yerli keyləşdirmə ilə aparıldığı qeyd olunmuş, vətəndaşın psixiatrik vəziyyətinin kafi vəziyyətdə olmasına dəlalət etmişdir. Psixi diaqnozlarla vətəndaşın əyani müayinədə sərgilədiyi davranışları arasında ciddi uyğunsuzluqlar aşkarlandığı üçün 2 saylı X2 müayinə və diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə göndəriş verilmiş və 04 oktyabr 2024-cü il tarixdə tibbi rəydə diaqnoz dissosiativ konversion pozuntu (qarışıq tip) psevdodemensiya, özünü kəsmələrlə təqdim olunmuş, beləliklə öncəki kəllə-beyin travması haqqında məlumat öz əksini tapmamışdır. Cavabdeh hesab edir ki, 09 sentyabr 2024-cü il tarixli diaqnozun təsdiqini tapmaması barədə qərar qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı Firuddin oğlu barəsində qəbul etdiyi 09 sentyabr 2024-cü il tarixli diaqnozun təsdini tapmaması barədə qərarının və 07 noyabr 2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 2746 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhdətnamədə “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan ağır (kəskin) dərəcədə ifadə olunmuş ağıl zəifliyi (demensiya), kobud davranış pozuntuları, psixotik daxilolmalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-bevin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik, insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (xx.xx.2020) Sağ əlin qayıqa bənzər sümüyünün distal hissəsinin köhnə bitişməmiş sınığı. Sağ budun yuxarı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2020). Burun tənəffüsünün mülayim (orta) dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol böyrəyin sadə kistası (14 m m). Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya etmir. 15.16-cı dişlərin adentiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli 2746 nömrəli xəstəlik haqqında Şəhadətnamədə anamnestik məlumatlarda vətəndaşın işləmədiyi və İ dərəcəli əlil olması haqqında məlumat qeyd olunmuşdur. Bu da, xəstəlik haqqında şəhadətnamənin dəyişdirilməsinə dəlalət etmişdir. Həmçinin, vətəndaş tərəfindən təqdim olunan sənədlər arasında 4 (dörd) ədəd travma haqqında arayış mövcud olmuşdur (xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il) xx.xx.2020-ci il tarixli 13080 nömrəli Arayışda “Sağ əlin qayığabənzər sümüyünün kafi bitişməkdə olan sınığı, funksiyanın müvəqqəti pozulması ilə. Partlayış travması (xx.xx.2020). Sağ budun kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri capığı. Partlayış travması (xx.xx.2020) nəticəsində burun sümüklərinin qapalı yerinin cüzi dəyisən sınığından sonrakı sümük döyənəyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol böyrəyin sadə kistası (7 mm), bövrəvin ekskrotor funksiyasının pozulmaması ilə. Xroniki kombinə olmuş babasil. Sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Təqdim olunan xx.xx.2024-cü il tarixli X7 Ezofaqoqastroduodenoskopiya müayinəsinin yerli keyləşdirmə ilə aparıldığını (ümumi sedasiya olunmayıb) qeyd olunmuş, bu da bir daha vətəndaşın psixiatrik vəziyyətinin kafi vəziyyətdə olmasına dəlalət etmişdir. Təqdim olunan tibbi sənədlərdə qeyd olunan psixi diaqnozlarla vətəndaşın əyani müayinədə sərgilədiyi davranışları arasında ciddi uyğunsuzluqlar aşkarlandığı üçün tərəflərindən 2 saylı X2 müayinə və diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə göndəriş verilmiş və xx.xx.2024-cü il tarixli tibbi rəydə diaqnoz “Dissosiativ konversion pozuntu (qarışıq tip) - psevdodemensiya, özünü kəsmələrlə” kimi təqdim olunmuş, beləliklə öncəki kəllə-beyin travması haqqında məlumat öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Əlillik altisistemindən görünür ki, iddiaçıya 01 noyabr 2021-ci il tarixdən birinci dərəcə müddətsiz əlillik təyin edilmiş, lakin sonradan cavabdeh tərəfindən təyin edilmiş əlillik 09 sentyabr 2024-cü il tarixli müayinənin nəticəsində ləğv edilmişdir. - 2 nömrəli X1 08 oktyabr 2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyində və Respublika Psixiatriya Xəstəxanasının 21 oktyabr 2024-cü il tarixli rəyində qeyd edilir ki, iddiaçının diaqnozu dissosiativ konversion pozuntu, psevdodemensiya F 44.7-dir, özünü kəsmələrlə müşahidə edilir. - Psixi Sağlamlıq Mərkəzinin 07 iyul 2021-ci il tarixli rəyində qeyd edilir ki, iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar fikirləri ilə F 07.0 mövcuddur. Eləcə də həmin Mərkəzin 22 avqust 2022-ci il tarixli rəyində qeyd edilir ki, baş-beyin travması nəticəsində demensiya F 02.8 mövcuddur. Mərkəzin 27 fevral 2024-cü il tarixli məktubunda qeyd edilir ki, baş -beyin travması nəticəsində demensiya F02.8 müşahidə edilir. - Mərkəzi Hərbi Həkim Komissiyasının şəhadətnaməsində qeyd edilir ki, baş beynin üzvi xəstəliyi nəticəsində yaranan ağır dərəcə ifadə olunmuş ağıl zəifliyi-demensiya, kobud davranış pozuntuları, psixotik daxilolmalarla, partlayış travması keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və s. xəstəliyi ilə şəhadətəndirilmişdir. - Elektron sistemdən çıxarışdan görünür ki, etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79) meyarı üzrə Y 36.2 hərbi əməliyyatlar nəticəsində digər təsnifat kodu üzrə, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması nəticəsində keçirilmi qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan dekompensasiyalarla, vegetativ damar davamsızlığı və ya davranış pozuntuları ilə təzahür edən nəticələri, kəkələmə, sağ əlin qayığabənzər sümüyünün odlu silah yaralanmasından sonrakı sınığının əlamətləri, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, sağ bazunun orta 1/3-nin sağ bud dizi oynağı nahiyyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Kəkələmə (hıqqana-hıqqana danışmaq), qaraciyərin qaraciyər nekrozu ilə müşayiət olunan toksiki zədələnməsi, qaraciyərin kiçik ölçülü hemangioması, funksiyanın pozulması ilə, göz qapağı və gözyüvası yanı nahiyyəsinin digər səthi travmaları, OU- Travmadan sonrakı vəziyyət, sadə miopik astiqmatizm. Onurğanın osteoxondrozu, onurğanın boyun və bel-oma nahiyyəsinin osteoxondrozu L4-L5 fəqərəarası məsafənin daralması, burun arakəsməsinin yerdəyişməsi, burun tənəffüsünü mülayim dərəcədə çətinləşdirən burun arakəsməsinin əyrliyi diaqnozu ilə əlaqədar iddiaçıya 01 noyabr 2021-ci il tarixdən birinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfndən iddiaçı xəstəlik əlaməti müəyyən edən diaqnozun öz təsdiqini tapmaması barədə 09 sentyabr 2024-cü il tarixli qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-8163/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarına əsasən Əlilliyin qiymətləndirilməsi nəticəsinə dair İddiaçı Firuddin oğlu - xx.xx.2024-cü il tarxindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik Hüquqi şəxsinin 08 aprel 2025-ci il tarixli, 1049 saylı ekspert rəyində qeyd edilir ki, iddiaçıda üzvi dissosiativ pozuntu, psevdodemensiya, özünükəsmələrlə (F06.5) xəstəliyi mövcuddur. İddiaçı hazırkı iddiasında müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, müddətsiz əlilliyin təyin edilməsi barədə inzibati akt cavabdeh tərəfindən qəbul edilərkən diaqnoz barədə məlumat və sənədlər iddiaçıda mövcud olmuş, əlillik 01 noyabr 2021-ci il tarixli tibbi müəssisəsinin göndərişi əsasında təyin edilmiş, iddiaçı tərəfindən saxtalığı müəyyən edilmiş hər hansı sənəd və məlumat verilməmiş, rüşvət və hədə-qorxu kimi üsulların istifadəsi mövcud olmamışdır. Əlillik təyinatı aparılarkən təqdim edilən sənədlər, əlillik təyinatının aparılmasına dair diaqnozla uyğunluq təşkil etmiş, göstərilən sənədlər müvafiq tibb mərkəzləri tərəfindən, eləcə də ixtisaslaşmış psixiatriya sahəsinə aid tibb müəssisələri tərəfindən verilmişdir. İş materiallarında mövcud olan sənədlərdən, eləcə də 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cavabdeh 2 saylı X1, Psixi Sağlamlıq Mərkəzinin müəyyən etdiyi diaqnozların klinik olaraq öz təsdiqini tapmaması ilə bağlı araşdırma aparılmış, lakin cavabdeh əlillik təyinatının aparılmasına dair aparılmalı olan həmin icraatı təyin edilmiş əlilliyin ləğvinə yönələn icraatla qarışdırmışdır. Halbuki, 1 illik müddət ötdükdən sonra icraatın aparılması üçün tələb konkretdir və rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma halları ilə əlaqədar olmaqla, həmin hallar müəyyən edilərsə əlilliyin ləğvi mümkündür. Hazırkı halda isə həmin sənədlər iddiaçı tərəfindən saxtalaşdırılmamış, göndəriş səlahiyyətli tibb mərkəzi tərəfindən göndərilmiş, təqdim edilən sənədlər ixtisaslaşmış tibbi müəssisələrindən əldə edilmiş, cavabdehə təqdim edilmiş həmin göndəriş və sənədlər əsasında da iddiaçıya əlillik təyin edilmişdir. Qeyd olunur ki, iddiaçı məhkəməyə vəsatət təqdim edərək ekspertizanın keçirilməsini xahiş etmiş və əsaslandırma zamanı bildirmişdir ki, 1 ay içində 3 dəfə başqabaşqa diaqnozlar qoyulub rəylər verilmişdir. Ekspert rəyində qeyd edilir ki, iddiaçıda üzvi dissosiativ pozuntu, psevdodemensiya, özünükəsmələrlə (F06.5) xəstəliyi mövcuddur. Hazırkı halda da 2021-ci il tarixdən əlilliyi müddətsiz olmuş və psixi xəstəlikdən əziyyət çəkdiyi də iş materialları ilə təsdiq edilən şəxsə münasibətdə 3 ildən sonra əlilliyin ləğvinə yönələn icraat göstərilən məqsədlərə xidmət etməməkdədir. Cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, təqdim olunan tibbi sənədlərdə qeyd olunan psixi diaqnozlarla vətəndaşın əyani müayinədə sərgilədiyi davranışları arasında ciddi uyğunsuzluqlar aşkarlandığı üçün tərəflərindən 2 saylı X2 müayinə və diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə göndəriş verilmiş və xx.xx.2024-cü il tarixli tibbi rəydə diaqnoz “Dissosiativ konversion pozuntu (qarışıq tip) - psevdodemensiya, özünü kəsmələrlə” kimi təqdim olunmuş, beləliklə öncəki kəllə-beyin travması haqqında məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçıya 01 noyabr 2021-ci il tarixdən birici dərəcə müddətsiz əlillik təyin edilmişdir. Sonra cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar əsasında iddiaçıya təyin edilmiş əlillik ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.8-ci maddəsnə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. “İnzibati icraat haqqında” Qanuna əsasən: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 09 sentyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli qərarlarında, həmçinin iddiaçı ilə inzibati icraat materiallarında iddiaçıya əlilliyin təyin edilməsi barədə qəbul edilmiş inzibati aktın ləğv edilməsi üçün əsaslar, inzibati aktın mübahisələndirilməsinə əsas olmuş hallar barədə məlumat qeyd edilməmişdir. İnzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-4562/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4562/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver