Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4565/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qərarların ləğv edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(112)-975/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarı iddiaçıya aid hissədə, 19 iyul 2024-cü il qərarı iddiaçıya aid hissədə və 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(112)-975/2025 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmamışdır. Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi beyin kötüyünün disfunksiya əlaməti qeyd olunur. Epileptiform paroksizmlər izlənilmir (pasient 25 sentyabr tarixində Tab. Kepra 100 mq qəbul edib). Üz-çənə nahiyəsində qəlpənin olması səbəbi ilə sol yarımkürədə bioelektrik aktivlik izlənilmədi’’ kimi qeyd olunmuş, təsdiqləyici dalğalar təqdim edilməmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixi defisit aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(112)-975/2025 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli qərarı iddiaçıya aid hissədə, 19 iyul 2024-cü il qərarı iddiaçıya aid hissədə və 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli, V00055159ZXY nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-9734/2023). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli, M00140640İTF saylı göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-3475/2024). Vətəndaş 3-17-4/1-19934/2024 saylı bildirişlə DTSERAya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7639/2024 saylı qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015ci il tarixli, 325 saylı Qərar verilmişdir. Həmin qərarda “Beyin silkələnməsi. Hərbi vaxtın isterik nevrozu. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən (xx.xx.1994-cü il) sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yaddaşsızlıq, əsəbilik, yuxusuzluq, zəif görmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında qəbul etdiyi dərmanların adlarını xatırlmadıqını ifadə etmiş, instrumental müayinələrdən keçdiyini qeyd etsə də, müvafiq sənədlər təqdim etməmiş, epileptik tutmalar haqqında heç bir şikayət bildirməmişdir. Təqdim olunmuş müalicə və müayinə sənədlərində qeyd olunmuş diaqnozlar öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli şikayətlər bildirmiş, şikayətlərini əsaslandıra bilməmişdir. Anamnezində baş vermiş qıcolma tutmalarını təsvir etməmişdir. Psixiatrik xəstəxanalara müraciətini poliklinika həkiminin göndərişi ilə olduğunu izah etmişdir. Psixi status: ünsiyyətdə sərbəst olmuş, spesifik şikayət təqdim etməmiş, ünsiyyət zamanı emosional stabil, affekti adaptiv izlənilmişdir. Mühakimə və analiz qabiliyyəti qusursuz olmuş, hal-hazırda əlillik təyinatına əsas verə biləcək patologiya izlənməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, qıcanma səbəbindən dişlərinin tökülməsindən, əsəbləşdiyi zaman ətrafdakı əşyaları sındırıb dağıtmasından şikayətlənmişdir. Ürək ağrılarından, yüksək arterial təzyiqdən əziyyət çəkdiyini, müalicə məqsədilə limon, Mg, Aktovegin, Kokarboksilaza istifadə etdiyini söyləmişdir. Yaşla əlaqədar görməsində zəiflik yarandığını bildirmişdir. Psixi status: İxtisaslı psixiatrik rəyi və və müalicə sənədləri olmamışdır. İllərdir müalicə aldığını nəticə vermədiyini iddia etmişdir. Təqdim etdiyi şikayətlər ümumi məzmunlu subyektiv əlamətlər olmuşdur. Müayinə zamanı ardıcıl, məntiqi təfəkkür, mühakimə qabiliyyətinin yüksəkliyi müşahidə edilmişdir. Koqnitiv fəaliyyəti (diqqət, konsentrasiya) yaşına uyğun olmuş, sualları tam qavramış, mahiyyətinə uyğun cavablar vermişdir. Emosional iradi stabil, affekti patologiyasız izlənmişdir. Heç bir müalicə sxemi təqdim etməmişdir. 1994-cü ildə alınmış travmanın 20-30 il sonra psixi pozuntuya səbəb olması patofizioloji absurd hüsab edilmişdir. X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Postkontuzion sindrom (QKBT-nın davamlı galıg əlamətləri). Xroniki posttravmatik baş ağrıları. Xoşxassəli kəllədaxili hipertenziya. Generalize olunmuş idiopatik epilepsiya gıcolma tutmaları ilə. Asteno nevrotik sindrom" kimi qeyd olunmuş, hiperdiaqnostikaya yol verilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Bilateral olarag beyin atrofiyası izlənilir. Atrofiyaya bağlı olarag üçüncü və yan mədəciklər bir gədər genişlənib. Beyin şırımlarının və Silvi yarıglarının genişliyi artıb. Sol üst çənə proyeksiyasında yumşağ toxumalarda, 15*15 mm ölçüdə metal yad cisim qeyd edilir kimi qeyd edilmiş, klinik əlamətlərdə əlillik təyinatına əsas verməmişdir. Verdiyi anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixi defisit aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurqulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövİət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Forma 88 qeyd edilən xəstəliklərinin ağırlaşması olmadığı halda iddia təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-H- 6151/2024 saylı iddiaçıya ünvanlanan məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 325 saylı qərarından görünür ki, iddiaçıda olan diaqnoz “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıda olan diaqnoz “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan müayinə aktlarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndəriş əsasında müəyyən olunur ki, iddiaçıda: Əsas diaqnoz - “Digər kəllədaxili travmalar, Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri” S06.8; Ağırlaşma – “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvü xəstəliyi” F07.0; Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Şəxsiyyət dəyişikliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT-nəticəsində şəxsiyyət dəyişikliyi koqnitiv funksiyaların ləngiməsi ilə MMSE T22, İQ71) F07.8; “Generalizə olunmuş idiopatik epillepsiya və epileptik sindromlar, Tez-tez baş verən epileptik tutmalarla (ayda 5-7 dəfə)” (G40); İş materiallarında olan Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 111 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı halhazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2”da “Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində şəxsiyyət dəyişikliyi. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-5 dəfə). Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da “Keçirilmiş QKBT nəticəsində şəxsiyyət dəyişikliyi” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, İnzibati işə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 18 nömrəli şəhər Xəstəxanasında “QKBT ciddi qalıq əlamətləri. Kəskin asteno nevrotik sindrom. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. Epilepsiya. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və halhazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Bu pozuntu alınmış kəllə beyin travması nəticəsində yaranmışdır. İş materiallarında olan Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1301 saylı təkrar ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2”da “Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində şəxsiyyət dəyişikliyi. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-5 dəfə). Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da “Keçirilmiş QKBT nəticəsində şəxsiyyət dəyişikliyi” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, İnzibati işə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 18 nömrəli şəhər Xəstəxanasında “QKBT ciddi qalıq əlamətləri. Kəskin asteno nevrotik sindrom. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. Epilepsiya. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və halhazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – F06 üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 postensefalit sindromu – F07.1 postkontuzion sindrom – F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları – F07.8 Qiymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -35-60 faiz və 2 il. 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 faiz və 2 il Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mötəbərliyi şübhə doğurmayan təkrar ekpert rəyindən və iş materiallarına daxil olan digər sənədlərdən, eləcə də əlillik təyinatına əsas olmalı olan göndərişdən görünür ki, iddiaçıda F 07.0 kodu ilə göstərilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvü xəstəliyi” xəstəliyi mövcuddur və həmin xəstəlikdən əziyyət çəkir. Müharibə zamanı alınmış həmin xəstəlik hal-hazırda iddiaçının tibbi sənədləri və müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin xəstəlik yuxarıda adıçəkilən Meyarlara əlavədən görünür ki, əlillik təyinatına əsas olan xəstəlikdir. Aydın məsələdir ki, həmin xəstəliyin təkcə özünün mövcudluğu ilə yanaşı, qiymətləndirilməsinə əsas verən digər hallar müəyyən edilməlidir ki, təkrar ekspert rəyində də xəstəliyin özü ilə yanaşı, eyni zamanda bu xəstəliyin iddiaçıda davranışın pozulmasının, anamnezidə qıcolma tutmaları ilə, torpidlik əlamətlərin olmasının istisna edilmədiyi göstərilmişdir. İddiaçı barədə qəbul edilmiş qərarlardan görünür ki, qərarlar əlillik əlamətinin təyin edilməməsi yox, diaqnozun təsdiqini tapmaması ilə əlaqədardır ki, ekspert rəyindən də görünür ki, göndərişdə göstərilmiş F 07.0 iddiaçıda öz təsdini tapmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilə bilməmiş, diaqnozun öz təsdini tapması isə ekspert rəyi və iş materiallarına daxil olan digər sənədlərlə sübut edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(112)-975/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(112)-975/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4565/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4565/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver