Məhkəmə qərarları › İş №2-1(103)-457/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-457/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-457/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X1 vəkili Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4236/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli İQ-35/3 nömrəli və xx.xx.2020-ci il tarixli 79 nömrəli qərarlarının qanunsuz hesab edilərək, ləğv edilməsi, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ailə üzvləri ilə birlikdə Azərbaycana gəlmiş, sığınacaq vəsatəti ilə cavabdehə müraciət etmiş, onunla və arvadı ilə müsahibə aparılmışdır. Hər ikisi müsahibədə bildirmişlər ki, əvvəllər müsəlman olmuş, lakin sonradan İslam dinindən çıxıb, xristianlığı qəbul etdikləri üçün barələrində ölüm fətvası qəbul edilmişdir, qohumları və naməlum şəxslər tərəfindən ölümlə hədələndikləri üçün Pakistana geri qayıtmaq istəmirlər. Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçı və arvadının İslam dinini dəyişdiklərinə görə ölümlə cəzalanacaqları üçün təqib edilmələri riskidir. Pakistana dair Mənşə Ölkəsi Məlumatlarına əsasən İslam dinini dəyişmə dinə dönük çıxma hesab olunur və məhkəmələrin İslam hüququna verdikləri şərhə əsasən ölümlə cəzalandırılır. İslam dinini dəyişən kişi cinsinə mənsub 18 yaşdan yuxarı və qadın cinsinə mənsub 16 yaşlı vətəndaşlar 3 gün ərzində bu qərarlarından imtina etməsələr nikahlarının etibarsız elan olunması və bütün mülkiyyət və əmlaklarından məhrum edilmə təhlükəsinə məruz qala bilərlər. İslam dinini dəyişmiş şəxslər fiziki təhlükəsizliklərinə görə qorxu keçirirlər. İddiaçı qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Dini mənsubiyyətini islamdan digər dinlərə dəyişənlər adekvat müdafiə ilə təmin edilmirlər. Göstərilənlərdən hasil olur ki, iddiaçının izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir, ərizəçiyə qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, iddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizəanketin) qeydiyyatı və müsahibə zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə xristian (katolik) olduğunu (ərizəçi əvvəllər müsəlman olduğunu və sonradan dinini dəyişdiyini bildirmişdir), 1991-2003-cü illərdə orta təhsil aldığını, 2005-ci ildə mühasib ixtisası üzrə İBL adlı kolleci bitirdiyini, 2010-cu ilə qədər Pakistanın müxtəlif şəhərlərində mühasib, təmir, satış və s. işlər ilə məşğul olduğunu, sonradan taksi sürcüsü olaraq fəaliyyət göstərdiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən iddiaçı evli olduğunu, bu evlilikdən bir övladının doğulduğunu, üç bacısı olduğunu, atasının 2010-cu ildə qətlə yetirildiyini, anasının və bacılarının isə hazırda Pakistanda yaşadıqlarını bildirmişdir. İddiaçı 2015-ci ildə arvadı Neha Ayesha ilə ailə həyatı qurduğunu, arvadının xristian dininə etiqad etdiyini, lakin evlənməzdən bir ay öncə onun dinini dəyişərək İslamı qəbul etdiyini, lakin bir müddət sonra arvadının İslamı anlamaqda çətinlilk çəkdiyini və onun İncili yenidən oxumağa başladığını bildirmişdir. Ərizəçi müəyyən müddət sonra özünün də bu dinlə (xristian) maraqlandığını, tez-tez kilsəyə getdiyini, 2019-cu ilin aprel ayında arvadı ilə birlikdə xristianlığı qəbul etdiklərini, xaç suyuna salındıqlarını, ailə üzvlərinin (iddiaçının) bundan xəbər tutduqları zaman onlara fiziki təzyiq göstərdiklərini və evdən qovduqlarını bildirmişdir. İddiaçı bundan sonra yaxın qohumları və din xadimləri tərəfindən təhdid edildiklərini, İslama qayıtmayacağı təqdirdə öldürüləcəyi, uşağının ondan alınacağı ilə bağlı naməlum şəxslərin ona xəbərdarlıq etdiklərini və barələrində fətva qəbul edildiyini əsas gətirərək Pakistanda yaşamaqdan ehtiyat etdiyini, bu səbəbdən ölkəsini tərk edərək ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldiyini söyləmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçının ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı onun verdiyi məlumatlarda bir sıra ziddiyyətli məqamlar aşkar edilmiş, ona belə məqamlara izah verməsi üçün imkan yaradılmış, lakin o, əsaslı cavablar verə bilməmiş, bu səbəbdən onun söylədikləri inandırıcılıq baxımından qəbul edilməmişdir. Belə ki, o, ilk öncə arvadı ilə birlikdə xristianlığı qəbul etməsi, xaç suyuna salınması ilə bağlı verilən suala cavab olaraq əvvəlcə 2019-cu ilin aprel ayında, müsahibə zamanı isə 2018-ci ilin aprel ayında qəbul etdiklərini bildirərək fərqli cavablar vermişdir. Bundan başqa, ərizəçi xristianlığı qəbul etdiyini, hər həftə kilsəyə getdiyini desə də, o, bu dinlə bağlı ona verilən sadə sualları cavablandıra bilməmişdir. Qeyd edilənlərdən əlavə, iddiaçı müsahibə zamanı barəsində fətva verildiyini qeyd edərək bu barədə sənədi (fətvanı) təqdim etmişdir. Təqdim edilən sənədin təhlili zamanı məlum olmuşdur ki, həmin sənəd fətva deyil və yalnız Muhammad Asif adlı şəxs tərəfindən din xadiminə ünvanlanan sorğu olmuşdur. Bundan başqa, şübhə doğuran digər məqamlardan biri iddiaçının və arvadının pasportunda dini etiqadlarının islam olaraq göstərilməsidir. İddiaçı bunun səbəbini müsəlman dinini tərk edib başqa dini qəbul edən şəxslərin cəmiyyətdə pis qarşılanması və nəticədə belə şəxslərin həbs edilməsi qorxusunun olması ilə əsaslandırmışdır. İddiaçı arvadının birinci pasportunda isə onun dini etiqadının xristian olduğunu (birinci pasportu təqdim edilməmişdir) qeyd etsə də, sonuncu pasporta baxış zamanı bu pasportun xx.xx.2019-cu il tarixdə alındığı, həmin pasportu xristianlığı yenidən qəbul etdikdən sonra əldə etdiyi təqdirdə orada dini etiqadının xristian olaraq göstərilməməsi şübhə doğurmuş və bu şübhə onun xeyrinə həll edilməmişdir. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o və ailə üzvləri vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “İnzibati icraat haqqında” AR Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada onun iştirakı ilə müzakirə edilmiş, Komissiyada dinlənilməsi, o, cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli İQ-35/3 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçının bu qərardan verdiyi inzibati şikayəti cavabdehin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 79 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun tərcüməçinin iştirakı ilə dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini dini ayrıseçkiliyə məruz qalması, bu səbəbdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmək istəsə də, verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır, ölkəsində dini dözümsüzlüyün mövcud olması barədə irəli sürdüyü fikirlər isə ona münasibətdə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-in 14.3-cü maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4236/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. X1 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar