Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-457/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6446/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinə qarşı iddiaçının Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977- 1978) illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-173/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 811/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin iş stajına Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər daxil edilməmişdir. Belə ki, məhkəmə qərar qəbul etdikdən sonra, yəni xx.xx.2017-ci il tarixdə ona işlədiyi illər üzrə Qax rayon Dövlət Arxivi tərəfindən arxiv arayışı verilmiş və həmin arayışı məhkəməyə təqdim etmək imkanı olmamışdır. Bu səbəbdən də həmin illər iş stajına daxil edilməmişdir. Bununla əlaqədar olaraq cavabdeh orqana ərizə ilə müraciət edərək Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh orqan həmin iş stajı barədə əmək kitabçasında müvafiq qeydiyyatın aparılmadığını əsas gətirərək Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmasından (xx.xx.2020-ci il tarixli məktubla) imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6446/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, iddiaçının əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı ya əmək kitabçası, ya da onun üzrlü olmadığı halda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə müəyyən edilir. Arayış əsasında stajın müəyyən edilə bilməsi isə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxslər üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən də, həmin dövrlər iddiaçının iş staiı hesablanarkən nəzərə alına bilməz. Bundan əlavə, iddiaçının iş stajı hesablanarkən hansı dövrlərin hesablanmalı olması ilə əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşin faktiki hallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 811/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli məktubda bildirmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2009-cu il tarixdən yaranmışdır. İddiaçının iddia tələbindəki qeyd olunan müddət sosial sığorta stajına daxil edildiyi halda onun pensiya məbləğində 3,25 manat artım olacaqdır. İddiaçı hazırkı tələblə Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977- 1978) illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (01 iyul 2017ci ilədək olan redaksiyası): 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən (01 yanvar 2006-cü il) tez olmayaraq ömürlük təyin edilir. 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi 79 nömrəli xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli Arxiv Arayışına əsasən X2 rayon Qum kənd “Oktyabr” kolxozunda 1977-1978-ci illərdə işləmişdir. Qeyd olunan arayışda soyadın “Əhmədova” əvəzinə “Abbasova” yazılması ilə əlaqədar, qeyd edilməlidir ki, iddiaçının ilkin olaraq soyadı “Abdullayeva” olmuş, 04 yanvar 1977-ci il tarixdə X5 ilə nikaha daxil olaraq, ona “Abbasova” soyadı verilmiş, 11 may 1980ci il tarixdə X6 ilə nikaha daxil olmuş və iddiaçıya “Əhmədova” soyadı verilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 1977-1978-ci illərdə Qax rayon Qum kənd “Oktyabr” kolxozunda işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır. Apellyasiya baxışı zamanı məhkəməyə Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivindən daxil olmuş 32 nömrəli xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı 1977-1978-ci illərdə Qax rayon Qum kənd “Oktyabr” kolxozunda işlədiyi dövrdə əmək iştirakı (adam günü) minimumunun nə qədər təşkil etməsi barədə məlumatın təqdim edilməsi barədə O7 aprel 2022-ci il tarixli 2-1(103)-457/2022 saylı sorğunuz Qax rayon Dövlət Arxivinə xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Sorğu ilə əlaqədar olaraq bildiririk ki, vətəndaşın kolxozda işlədiyi dövrün əmək haqqına dair arxiv arayışı Qax rayon Qum kənd “Oktyabr” kolxozunun “Əməyin ödənişi üzrə hesablaşma kitabı”na əsasən tərtib olunub ki, həmin kitablarda əmək iştirakı (adam günü) minimumu qeyd edilməyib. Hal hazırda Arxivdə mühafizə olunan Qax rayon Qum kənd “Oktyabr” kolxozunun “Kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nda 1977-1978-ci illərdə kolxozda qadınlar üçün əmək iştirakı (adam günü) minimumunun 170 gün olduğu qeyd olunub. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, inzibati orqan arayışlarda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Bundan başqa, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-811/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tariədək Şəki rayon Baş Layısqı kənd Fəhlə-Kəndli birliyi kolxozunda tütünçü işlədiyini bildirmiş, odur ki, Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, iddiaçının iddiası təmin edilərək, Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə 52 yaşına xx.xx.2009-cu il tarixdə çatmış və onun 52 yaşı tamam olduğu tarixə 20 il xüsusi sığorta stajı (1974-1977, 1981-1998) və 30 ildən artıq ümumi sığorta stajı (1974-1977, 1981-1998, xx.xx.2007-hal-hazıradək) vardır. Göründüyü kimi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-811/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin olunan zaman İddiaçı Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977- 1978) illər sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə İddiaçı Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı pensiyanın yenidən hesablanması barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2-1(84)-811/2017-ci il tarixli qərarı ilə 15 iyul 2009-cu il tarixdən cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, iddiaçı həmin pensiyanı almağa başlamış, bundan sonra Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçı 2017-ci ilin iyul ayının 1-dək cavabdehə müraciət etməmişdir. Cavabdehə belə müraciət yalnız 30 iyul 2020-ci il tarixdə olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən -xx.xx.2020-ci il tarixdən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Belə ki, şəxs pensiyanın yenidən hesablanması ilə bağlı 30 iyul 2020-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başladığı 01 yanvar 2019-cu il tarixdən sonra müraciət edildiyindən və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1.2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarlarındakı hüquqi mövqelərə görə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1.2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən qeyd edilən Qanunun 22.1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu ilin yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1.1-ci maddəsinə uyğun ödənilir. Bu isə onu ifadə edir ki, əmək pensiyalarının yenidən hesablanması iddiaları üzrə 32.1.1-ci maddə ilə müəyyən edilmiş əvvəlki dövr üzrə pensiyanın ödənilməsi ilə bağlı üç illik müddət məhdudiyyəti 01 yanvar 2019-cu ildən sonra müvafiq tələblə müraciət etmiş şəxslərə şamil olunur. Göründüyü kimi iddiaçı pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Bu halda iddiaçıya yenidən hesablanmış pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (30 iyul 2020-ci il) əvvəlki illər üçün, yəni 30 iyul 2017-ci il tarixindən hesablanaraq ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmış pensiyanın müraciət etdiyi tarixdən əvvəlki üç ilə - xx.xx.2017-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6446/2021 saylı qərarı dəyişdirilsin. İddiaçı Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmış pensiyanın müraciət etdiyi tarixdən əvvəlki üç ilə xx.xx.2017-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-457/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-457/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver