Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-457/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Təhsildə X1rşı Baki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya “Yeni Rusiya Universiteti" tərəfindən verilmiş №0025186d nömrəli, xx.xx.2016-cı il tarixli ali təhsil haqqında bakalavr diplomunun qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2011-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində "Yeni Rusiya Universiteti"ndə hüquqşünasliq fakültəsinin mülki hüquq ixtisası üzrə bakalavr təhsil proqramını uğurla başa vurmuş, bu sahə üzrə qiyabi təhsil almış və iddiaçıya bu barədə № 0025186д saylı, xx.xx.2016-cı il tarixli diplom təqdim olunmuşdur. Təqdim etdiyi diploma əlavədən də göründüyü kimi ali təhsil aldığı müddətdə təhsil öhdəliklərini lazımı səviyyədə yerinə yetirmiş və qanuni təhsilini başa vurmuşdur. Eyni zamanda diplom apostil də edilmişdir. Diplomun Azərbaycan Respublikasında nostrifikasiya olunması üçün aidiyyatı quruma müraciət olunmuş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli NA00003437-TKTA nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, ekspertiza zamanı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında təhsil aldığı ölkədə qısa müddət ərzində olduğu müəyyən edilmişdir. İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq (atası rəhmətə getdiyi və ailəsinə iddiaçı baxmalı olduğu səbəbindən), qeyd edilən dövr üzrə maddi cəhətdən Rusiya ölkəsinə gedə bilmədiyi üçün, universitet ilə razılaşdıraraq, onlayn formada təhsil almışdır. Universitetin rəsmi onlayn dərs portalında iddiaçıya məxsus login və şifrə ilə dərslərə qoşularaq verilən tapşırıqları icra etmiş və imtahanlardan keçmişdir. Təhsil bitəndə 2016-ci il tarixində 2 dövlət imtahanından keçmiş, diplom işi və diplom müdafiəsində şəxsən özü iştirak etmiş və diplomu götürmüşdür. Bununla bağlı cavabdehə daha əvvəl məlumat vermişdir. İddiaçıya verilən imtina Rusiyaya tez-tez getməməyi səbəbindən olmuş, distant təhsil kimi anlaşılır, lakin Azərbaycanda distant təhsil “Təhsil haqqında” yeni Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il sənədində təsbit olunmuşdur. Diplomumda da təhsil forması qiyabi qeyd olunmuş, distant deyil. Diplomun tanınması iddiaçının iş həyatında vacib rol oynayır, cari vəziyyətdə diplom təsdiq olunmadığı üçün işə düzəlməyində çətinlik yaranır və bu da bir Azərbaycan Respublikasının gənc nəsil vətəndaşı olaraq iddiaçıya gələcəyində doğru yerdə olmağı və inkişaf etməyi üçün zəruridir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının “Yeni Rusiya Universiteti" tərəfindən adına xx.xx.2016-cı ildə verilmiş 137724 ******* nömrəli 0025186d qeydiyyat nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Rusiya Yeni Universiteti Universiteti tərəfindən verilmiş 137724 ******* nömrəli 0025186d qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli bakalavr diplomunun və ona əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 2016-cı ildə həmin Universiteti hüquqşünaslıq ixtisası üzrə bitirmiş və ona bakalavr dərəcəsi verilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli NA00003437 saylı qərarından görünür ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - İddiaçıya aid sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 1-ci kursda (2010- 2011 tədris ilində) 4 ay 20 gün, 2-ci kursda (2011-2012 tədris ilində) 2 ay 10 gün, 3-cü kursda (2012- 2013 tədris ilində) 0 gün, 4-cü kursda (2014-2015 tədris ilində) 0 gün, 5-ci kursda (2016-2017 tədris ilində) 0 gün, 6-cı kursda (2018-2019 tədris ilində) 20 gün Rusiya Federasiyasının ərazisində olmuşdur. - “Rusiya Yeni Universiteti” Muxtar qeyri-kommersiya ali təhsil təşkilatının 46 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışının notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsindən görünür ki, “Rusiya Yeni Universiteti” Muxtar qeyri-kommersiya ali təhsil təşkilatının arxiv fondunun sənədlərində İddiaçı “Rusiya Yeni Universiteti” Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatının Distant Təhsil İnstitutunun Hüquqşünaslıq" ixtisası üzrə qiyabi təhsil formasının tələbəsi olması barədə məlumatlar var. Dövlət yekun attestasiyasını uğurla başa vurması ilə əlaqədar dövlət imtahan komissiyasının xx.xx.2016-cı il tarixli 174/2 nömrəli protokolu əsasında İddiaçıo. 030501 Hüquqşünaslıq ixtisası üzrə hüquqşünas dərəcəsinə yiyələnməsi, təhsilini bitirməsi ilə əlaqədar Universitetdən xaric edilmiş və ona 09 iyul 2016-cı il tarixli №0025186A qeydiyyat nömrəli diploma əlavə (137724 2320135) ilə birlikdə mütəxəssis diplomu (137724 2315261) və təhsil haqqında sənəd verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın (bundan sonra mətndə - Qaydalar): 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saziş): 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi); 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır; 7-ci maddəsinə əsasən, beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Sazişin istinad edilən maddələrinin tələbindən göründüyü kimi, yalnız əyani təhsil alındıqdan sonra verilmiş diplomlar Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır. İşin hazırkı halları ilə müəyyən edilir ki, iddiaçıya Rusiya Yeni Universiteti Universiteti tərəfindən 137724 ******* nömrəli 0025186d qeydiyyat nömrəli xx.xx.2016- cı il tarixli hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu verilmiş, həmin diplom səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət edərək, aldıgı diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina edilmişdir. İmtina isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmuş və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının aldıgı diplomda onun əyani təhsil aldıgı qeyd olunsa da, özünün məhkəməyə təqdim etdiyi “Rusiya Yeni Universiteti” Muxtar qeyrikommersiya ali təhsil təşkilatının 46 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışında onun qiyabi təhsil formasının tələbəsi olması bildirilmişdir. Bu ziddiyyəti iddiaçı onunla izah etmişdir ki, ailə vəziyyəti ilə əlaqədar olaraq (atası rəhmətə getdiyi və ailəsinə iddiaçı baxmalı olduğundan), qeyd edilən dövr üzrə maddi cəhətdən Rusiya ölkəsinə gedə bilmədiyi üçün, universitet ilə razılaşdıraraq, onlayn formada təhsil almışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsində Azərbaycan Respublikasında qiyabi təhsilalma forması nəzərdə tutulmuşdur (13.1.2-ci maddə). Lakin istinad edilən Sazişdə qiyabi təhsil aldıqdan sonra verilmiş diplomların Rusiya Federasiyasında və Azərbaycan Respublikasında qeyd-şərtsiz tanınması nəzərdə tutulmamışdır. Belə olan halda, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz. Eyni ilə, iddiaçıya verilmiş diplomun Azərbaycan Respublikasında tanınması da həmin Qaydaların müəyyən etdiyi ümumi tələblərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qaydaların 3.2-ci bəndinin məzmunundan göründüyü kimi, Qaydalar “ekspertiza“ proseduruna xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınmasını da aid etmişdir. Buna görə də, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəasının tətbiqi “ixtisasın tanınması”na münasibətdə də istisna edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur İş materiallarından müəyyən edilir ki, iddiaçı təhsil aldığı ölkədə - 1-ci kursda (2010-2011 tədris ilində) 4 ay 20 gün, 2-ci kursda (2011-2012 tədris ilində) 2 ay 10 gün, 3-cü kursda (2012- 2013 tədris ilində) 0 gün, 4-cü kursda (2014-2015 tədris ilində) 0 gün, 5-ci kursda ( 2016-2017 tədris ilində) 0 gün, 6-cı kursda (2018-2019 tədris ilində) 20 gün nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilmiş diplomun əlavəsində qeyd edilən tədris yükü yerinə yetirilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-457/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-457/2023
17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver