Məhkəmə qərarları › İş №2-1(103)-457/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-457/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-457/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X29 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X23 və X24 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2023 saylı 26 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1602 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1100, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında yerləşən tikinti obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 25 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006472 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0759 nömrəli qərara əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 50.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********776100 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin əsas fəaliyyəti daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında yerləşən anbarında, əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmadığından təmir işləri görülməsi məqsədi ilə 21 nəfərlə xidməti (müki) müqavilə bağlayıb təmir işləri görərkən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əmakdaşları operativ vergi nəzarəti tədbiri tikinti obyektində həyata keçirmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) təqdim edilmədən, vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmadan, operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar alınmadan və zəruri sənədlərlə tanış olmadan, vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilmədən, vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirimədən, işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin və ya xidməti müqavilələrin mövcudluğu araşdırılmadan, bu müqavilələrin surətləri götürülmədən, vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan əmək müqavilələri və ya xidməti müqavilələrin bağlanaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilmədən və bu şəxslərin siyahısı tərtib olunmadan, cavabdeh orqanın əməkdaşları tərəfindən operativ vergi nəzarətinin nəticələri barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan akt tərtib edilmişdir. Onlar qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla tanış edilməmişdir. Cavabdeh vergi orqanı əməkdaşları yoxlama zamanı obyektdə iddiaçının əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmadığından xidməti (mülki) müqavilə əsasında işləyən 25 nəfərdən 21 nəfərinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlı operativ vergi nəzarətinə dair xx.xx.2022-ci il tarixdə akt tərtib etmiş, akt yalnız vergi orqanının əməkdaşları tərəfindən imzalanmışdır. Müqavilə bağlamadan işə cəlb edildiyi iddia edilən: 1.X30; 2. X12; 3. X13; 4. X31; 5. X4; 6. X36; 7. X17; 8. X32; 9. X33; 10. X45; 11. X18; 12. X8; 13. X37; 14. X14; 15. X38; 16. X39; 17. X53; 18. X10; 19. X19; 20. X5; 21. X11; 22. X6; 23. X9; 24. X40; 25. X20 izahatları alınmamışdır. Cavabdehin əməkdaşlarının xx.xx.2022-ci il tarixli aktda istinad etdikləri pozuntu barədə halların foto və video çəkiliş vasitəsilə qeydə alınmaması, eləcə də aktda hər hansı digər mötəbər dəlillərin təsdiqini tapmaması və əlavələrində aşkar edilmiş pozuntuların hal şahidlərinin iştirakı ilə rəsmiləşdirilməməsi vergi ödəyicisinin konstitusion hüquqlarının pozulmasını bir daha sübut edir. Vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini aşkar etdiyi geyd etdiyi 25 nəfər və əsasən onlardan dördü: 1 .X1; 2. X31; 3. X6; 4. X9 həmin obyektdə konkret həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas, yaxud əlavə iş yeri olması kimi məsələləri araşdırmamış, bu barədə tərtib edilmiş aktda hər hansı qeydlər etməmişdir. Beləliklə, cavabdeh vergi orqanı onun VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusunu törətməsini sübut edən icraat materialları, o cümlədən 25 nəfərin iddiaçıya məxsus obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müqavilə (kontrak) bağlamadan işə cəlb edilməsinə dair cavabdeh orqanın əməkdaşları tərəfində yazılmış izahatlar, foto və ya video görüntülər və s. sübutlar, hər hansı digər mötəbər dəlillərin təsdiqini tapması mövcud olmadığından cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********0759 nömrəli Qərarında öz əksini tapmadığından, cavadehin təqdim etdiyi materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onların imzası və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab edilə bilməz. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1602 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1100, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında yerləşən tikinti obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 25 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006472 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmamış və 25 nəfərdən 5-nin izahatı alınmış, qalan fiziki şəxslər operativ vergi nəzarəti tədbiri zamanı izahat verməkdən imtina etmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0759 nömrəli qərar qəbul edilərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 50.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2022-ci il tarixli **********776100 nömrəli məktubu ilə vergi ödəyicisinin göndərilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2022ci il tarixli DVX seriyalı 006472 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsaslı tərtib olunmuşdur. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nda qeyd edilmişdir ki, Nəzarət kitabçası olmadıqda və ya təqdim edilmədikdə tədbiri keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu barədə tədbirin nəticəsinə dair tərtib edilmiş aktda müvafiq qeydlər aparılır. Göstərilənlərə əsasən İddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb edilməsi haqqında cavabdehin qərarının ləğv olunması tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2023 saylı 26 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli **********0759 saylı qərarı qismən - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X15 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın- iddianın təmin edilmiş hissəsində ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, müəssisə tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 25 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, aktda adları qeyd olunan 25 nəfər şəxs müəssisə ilə faktiki əmək münasibətlərində olmuş, eləcə də müəssisə məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərdən aydın olur ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə “X65” MTK arasında “Ekskavatorçu xidmətinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. “Hesabat-Axtarış” altsistemindən əldə edilmiş məlumata əsasən X42 “X65” Məntiz Tikinti Koorperativi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlamış və operator- ekskavator vəzifəsi üzrə çalışmış, daha sonra MTK tərəfindən həmin şəxslə əmək müqaviləsi bağlamamışdır. Vergi orqanı tərəfindən yoxlama keçirilən zaman, yəni xx.xx.2022-ci il tarixdə X42 heç bir şəxslə əmək müqaviləsi bağlamamış və iddiaçı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Əlavə olaraq Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı Baş İdarənin İstintaq və təhqiqat idarəsində araşdırılaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Bununla bağlı məhkəmə icraatının, həmin işlə bağlı başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş üzrə mübahisələndirilən məhkəmə qərarından görünür ki, iddia qismən təmin edilmişdir. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin olunduğu hissədə yoxlanılır. Çünki məhkəmə qərarı iddianın təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1602 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1100, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında yerləşən tikinti obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 25 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006472 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Nəticədə, iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 25 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 50000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda MMC cavabdehin onun barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli **********0759 saylı qərarının qismən - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X15 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsini tələb edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Həmin Qaydaların 10-cu bəndi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: Həmin Qaydaların 10.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. Həmin Qaydaların 10.2-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. Həmin Qaydaların 10.3-cü bəndinə görə operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. Həmin Qaydaların 10.4-cü bəndinə görə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıbbağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. Həmin Qaydaların 10.5-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. Həmin Qaydaların 10.6-cı bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. Həmin Qaydaların 10.7-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Hazırki iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 25 nəfər fiziki şəxsi işə cəlb etmişdir. Həmin fiziki şəxslərdən 24-nün iddiaçının fəaliyyətini həyata keçirdiyi anbarda əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. Bu səbəbdən inzibati orqanın qərarının 24 nəfərlə bağlı məsuliyyətə cəlbetmə hissəsində ləğv edilməsi barədə iddiaçının tələbi təmin olunmamışdır. Məhkəmə qərarı həmin hissədə mübahisələndirilmədiyi üçün qanuni qüvvəsini almışdır. Digər tərəfdən, əmək müqaviləsi olmadan işə cəlb olunduğu hesab edilən işçilərdən yalnız X15 iddiaçı ilə xidməti münasibətlərdə olan MTK-nin işçisi olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli “əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən (i.v. 147) və “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən (i.v. 148) görünür ki, X42 "xxxx" MTK-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi “ekskovatorçu” vəzifəsində işləmiş, eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “X65” MTK-də işləmişdir. 24 nömrəli xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, X42 ilə "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və işçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 4 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə tapşırılmışdır. “X65” MTK ilə iddiaçı şirkət arasında bağlanılmış 54 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, icarəyəverənə məxsus texnika iddiaçının icarəsinə verilmişdir. “X65” MTK-nin İ/Ə 02 saylı xx.xx.2021-ci il tarixli əmri ilə X42 ”Salvarti” MMC-yə ekskovatorçu işləmək üçün təhkim edilmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, vergi orqanının özü də apellyasiya şikayətinin məzmununda etiraf edir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MTK-nin adı dəyişdirilərək “X65” MTK kimi qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, X42 "xxxx" MTK-nin işçisi olmaqla, “ekskovatorçu” peşəsi üzrə əmək fəaliyyətini operativ vergi nəzarətinin aparıldığı dövrdə (xx.xx.2022-ci ildə) iddiaçı ilə MTK arasında bağlanmış xidmət müqaviləsi və həmin dövrdə qüvvədə olan (MTK-nin verdiyi) əmək müqaviləsi bildirişi, işçi kimi onun iddiaçı şirkətə təhkim olunması barədə xx.xx.2021-ci il tarixli əmri əsasında İddiaçı MMC-də davam etdirmişdir. Məlum olur ki, həmin şəxsin adına başqa şirkət tərəfindən verilmiş aktiv əmək müqaviləsi bildirişi və həmin şirkətlə iddiaçı şirkət arasında xidmət müqaviləsinin, şəxsin iddiaçı şirkətə işçi olaraq təhkim olunması barədə müvafiq əmrin olduğu halda, vergi orqanı operativ vergi nəzarəti zamanı Tural Yusiflinin əmək müqaviləsi olmadan iddiaçı şirkətdə işlərin görülməsinə cəlb edilməsinə görə iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Halbuki yuxarıda sadalanan qanun normalarının tələblərinə görə, əmək müqaviləsi bağlanmadan müvafiq işlərin görülməsinə cəlb edilən şəxslərə görə vergi məsuliyyəti yarana bilər. Hazırki vəziyyətdə iddiaçı şirkətin onunla başqa şirkət arasında bağlanmış xidmət müqaviləsi və həmin şirkətin işçisi olan Tural Yusiflini iddiaçı şirkətə işçi kimi təhkim etməsi barədə əmrinin olması, operativ vergi nəzarəti həyata keçirilərkən Tural Yusifli ilə həmin MTK arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olması iddiaçı şirkətin göstərilən əsaslarla vergi məsuliyyətinə cəlb edilmə məsələsini aradan qaldırır. Odur ki, bütün yuxarıda qeyd olunan məsələlər vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirildiyi zaman nəzərə alınmalı idi. Lakin göründüyü kimi, həmin hallar vergi orqanı tərəfindən nəzərə alınmadığı üçün birinci instansiya məhkəməsi iddiaçının iddiasını “vergi orqanının xx.xx.2022-ci il tarixli qərarının qismən- X22 münasibətdə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi” hissəsində təmin etməklə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli qərarın X22 münasibətdə qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasını “vergi orqanının xx.xx.2022-ci il tarixli qərarının qismən- X22 münasibətdə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi” hissəsində təmin etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər məhkəmə qərarının “iddianın təmin edildiyi” hissədə ləğv edilib həmin hissədə iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3296/2023 saylı 26 may 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2023 saylı 26 may 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar