Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-457/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “evin sökülməsi faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8107/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı "xxxx" QSC-yə məxsus fərdi yaşayış evinin məhv olması (sökülməsi) faktının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə iddiaçıya müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 185,10 kv.m təşkil edir. İddiaçıya məxsus fərdi yaşayış evinin texniki pasportu da mövcuddur. İddiaçı ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin müraciətimə imtina cavabı verilmiş və göstərilmişdir ki, guya "xxxx" QSC-nə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İşə məhkəmədə baxılarkən keçirilmiş ekspertiza üzrə verilmiş mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 2 ünvanında "LUKOYL-Azərbaycan” QSC-yə məxsus tikili müəyyən edilmir. Həmçinin Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5814/2021 saylı mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 10/5527 saylı ekspert rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin faktiki olaraq sahəsi 185,1 kv.m olan iddiaçıya məxsus fərdi yaşayış evi olduğu müəyyən edilir, eləcə də iddiaçıya məxsus 185,1 kv.m fərdi yaşayış evinin 119,3 kv.m-i "xxxx" QSC tərəfindən istifadə edilir (zəbt edilmişdir). Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firması, X2, İddiaçı və X4 qarşı fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsi və orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, cavabdehlər İddiaçı və X7 tərəfindən 2716,24 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən və İddiaçı məxsus 185,10 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, ünvan 2 ünvanında "xxxx" QSC-yə məxsus hər hansı bir daşınmaz əmlak mövcud deyil. Lakin daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ünvanında "xxxx" QSC-nin adına daşınmaz əmlaka dair qeydiyyat yazısının mövcudluğu iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı cavabdehə müraciət edərək ünvan 2 ünvanındakı “LUKOYL-Azərbaycan" QSC-yə məxsus fərdi yaşayış evinin məhv olması (sökülməsi) faktının təsdiq edilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-8107/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı “evin sökülməsi faktının müəyyən edilməsi” ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciəti etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8107/2024 nömrəli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və qanuni olmayan qərardad qəbul edilmişdir. Belə ki, məhkəmə qərardadında iddiaçının daha əvvəl oxşar xarakterli iddia ilə məhkəməyə müraciət etdiyi və həmin iddianın qeyri-mümkün hesab olunduğunu, hazırkı iddiaya mülki icraat qaydasında baxılmalı olması ilə bağlı qərar qüvvədə olduğunu bildirmişdir. Həmçinin qərardadda bu mövqeyi istisna edən yeni bir halın mövcud olmadığı bildirilir. Məhkəmələr həmçinin qeyd etmişlər ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış müvafiq müqavilə əsasında verildiyindən, fərdi yaşayış evinin məhv olması faktının təsdiq edilməsi xüsusi icraat qaydasında (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) mülki məhkəmə icraatında müəyyən edildiyindən iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyil. İlk növbədə bildirir ki, iddiaçı məhkəmələrin göstərişi əsasında eyni tələblə mülki məhkəmələrə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2023-ci il tarixli, 2(001)-2836/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3500/2023 nömrəli qərardadı ilə təmin edilməmişdir. Məhkəmələr haqlı olaraq tələbin qeydiyyatın ləğvi ilə əlaqədar olduğundan işə inzibati proses çərçivəsində baxılmalı olduğunu qeyd etmişlər. Beləliklə, mülki icraat qaydasında qəbul edilən qərardad inzibati icraat qaydasında qəbul edilən qərardaddan sonrakı tarixdə qəbul edildiyindən bu, yeni hal kimi qiymətləndirilməli və iddia tələbini qeyri-mümkün hesab edən halların aradan qalxması kimi nəzərdən keçirilməlidir. İddia tələbinin mahiyyəti üzrə bildirir ki, tələb birbaşa inzibati orqanın vəzifəsi olan hərəkəti ilə bağlı tələbdir. Belə ki, hazırkı halda evin sökülməsi faktının tanınması məsələsi qaldırılsa da, bu tələb əmlakın qeydiyyatının ləğvi tələbi ilə bağlıdır. İnzibati Prosessual Məcəllənin 36.1.-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.4.-cü maddəsinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Göstərilənlərə əsasən hesab edir ki, əmlakın mövcud olmamasının müəyyən edilməsi məhkəmə qaydasında baxılmalı, işin faktiki halları araşdırılmalı və bütün tələblərə birlikdə qiymət verilərək yekun qərar qəbul edilməli idi. Məhkəmənin tələbi mümkün hesab edilməməsi zamanı qeydiyyatın onun əsasını təşkil edən mülki hüquqi əqdin mübahisələndirilməsi yolu ilə mülki qaydada baxılmalı olması ilə bağlı mövqeyi ilə də razılaşmayaraq bildirir ki, çıxarışla bağlı iddialara ancaq mülki icraat qaydasında baxılmalı olması ilə bağlı imperativ tələb yoxdur. Çıxarış inzibati akt olmamasına baxmayaraq, Reyestr Xidmətinin orqanları tərəfindən hüquqların qeydiyyatı zamanı inzibati icraat aparılır və bununla bağlı tələblərlə inzibati proses çərçivəsində baxılır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Mülki Məcəllənin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Həmin Məcəllənin 203.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları"nın 25-ci bəndində qeydiyyatın ləğvi proseduru tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2020ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0.18ci yarımbəndi ilə qeydiyyatın aparılması cavabdehin vəzifəsi olaraq müəyyən edilmişdir. Ali Məhkəmə İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-17/2024 nömrəli Qərarı ilə hətta üçüncü şəxslərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi idarələrinə qarşı qeydiyyatın ləğvi ilə bağlı iddia tələbi ilə müraciət etmək hüququ təsbitini tapmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1341/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı və həmin qərardan verilmiş şikayət əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında "xxxx" QSC-yə məxsus hər hansı əmlakın faktiki mövcudluğunun müəyyən edilmədiyi öz əksini tapmışdır. Həmin əmlakın mövcud olmaması faktının müəyyən edilməsi və qeydiyyatın ləğvi iddiaçının birbaşa marağında olmaqla, yalnız məhkəmə qaydasında tanına bilən hüquqdur. Bu səbəbdən hazırkı iddianın mümkün hesab edilərək işin bütün hallarının ətraflı araşdırılmasına və mübahisəli vəziyyətinin həll olunmasına zərurət vardır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2055/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında "xxxx" QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi, həmçinin ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair "xxxx" QSC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2055/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1052/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırda ünvan 1 ünvanındakı "xxxx" QSCyə məxsus fərdi yaşayış evinin məhv olması (sökülməsi) faktının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, iş materiallarından görünür ki, iddiaçı daha əvvəl bu tələblə məhkəməyə müraciət etmiş, məhkəmə isə iddianı mümkün saymamışdır. Göründüyü kimi, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır və həmin qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmələr qeyd etmişlər ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış müvafiq müqavilə əsasında verildiyindən, habelə fərdi yaşayış evinin məhv olması faktının təsdiq edilməsi xüsusi icraat qaydasında (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) mülki məhkəmə icraatında müəyyən edildiyindən iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbini qeyri-mümkün edən əsaslar aradan qalxmamışdır. Hazırkı iddiaya daha əvvəl baxılmaqla qiymət verildiyindən artıq eyni tərəflər arasında eyni iddia tələbinə eyni əsas üzrə yenidən baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbinə yenidən baxıla bilməz və iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8107/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-457/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-457/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver