Məhkəmə qərarları › İş №2-1(103)-4574/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4574/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4574/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiyadan tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14447/2025 nömrəli, 02 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbində dəqiqləşdirilmə apararaq pensiyasından tutulmalarının qadağan edilməsi və tutulmuş vəsaitin geri verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixində anadan olmuşdur. Bu xəstəlik onda lap uşaqlıqdan var. 2006-cı ildə ona müddətsiz əlillik təyin edilmiş və bunun əsasında əmək pensiyası verilməyə başlanmışdır. Lakin xx.xx.2025-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun məktubunda qeyd edilir ki, guya ona 2015-ci ildən etibarən əsassız olaraq ümumilikdə 13.433,61 (on üç min dörd yüz otuz üç manat 61 qəpik) manat məbləğində artıq ödənilmə və bu məbləğin 34,38 manatını artıq pensiyadan tutulduğu və 12.906,35 (on iki min doqquz yüz altı manat 35 qəpik) məbləğində artıq pensiya ödənişini geri qaytarılması tələb olunur, (məktub xx.xx.2025-ci il tarixində poçt vasitəsilə təqdim edilmişdir). Həmçinin bildirmək istəyir ki, DSMF artıq bu məktuba əsasən 34,38 manat məbləğini pensiyadan tutmuşdur (əvəzləşdirmişdir). Bu, DSMF tərəfindən qəbul edilmiş inzibati aktın həyata keçirilməyə başladığını göstərir. Lakin qeyd edir ki, bu inzibati akt hüquqa ziddir və qanunsuz tələblər əsasında qəbul edildiyi üçün qalan məbləğin tutulmasının qarşısı alınmalı, həmçinin əvəzləşdirilmiş hissə də bərpa edilməlidir. Halbuki cavabdehin bu iddiası hüquqi və faktiki əsasa malik deyil: Onun anası yalnız 2020-ci ildə vəfat etmişdir, yəni 2015-2020-ci illər arasında ailə başçısını itirməyə görə pensiya almaq mümkün deyildi. Əgər DSMF bu dövrdə ona həmin əsasla pensiya təyin etmişdirsə, bu, onun özünün texniki və ya hüquqi səhvidir. O heç bir yalan və ya saxta sənəd təqdim etməmişdir. DSMF-nin öz qərarları əsasında pensiya almışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən, əgər artıq ödəniş vətəndaşın təqsiri olmadan və dövlət orqanının özünün səhvi nəticəsində baş vermişsə, bu vəsait geri tələb edilə bilməz. Bu səbəbdən DSMF tərəfindən qəbul edilmiş inzibati akt hüquqa ziddir və ləğv edilməlidir. Bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli məktubunda, ona guya 2015-ci ildən etibarən əsasız olaraq 12906,35 (on iki min doqquz yüz altı manat 35 qəpik) məbləğində artıq əmək pensiyası ödənildiyi və bu vəsaitin geri qaytarılması tələb edilir.” Belə ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə xx.xx.2020-ci il tarixindən əmək pensiyası təyin olunmuşdur. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılmış xidmət araşdırmasına əsasən, guya xx.xx.2015-ci ildən sonra onun əlillik statusu qeydə alınmamış olduğuna görə xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arası dövr üzrə əmək pensiyası artıq ödənilmiş hesab edilmiş və həmin dövr üzrə geri ödəniş tələbi qoyulmuşdur. Həmin dövrdə onun faktiki olaraq əlilliyi mövcud olmuş, sadəcə dövlət informasiya sistemlərində texniki və ya inzibati uyğunsuzluq səbəbilə bu status qeydə alınmamışdır. Bu vəziyyət vətəndaşın deyil, cavabdeh dövlət qurumunun məsuliyyətindədir. Onun tərəfindən heç bir hüquqi pozuntu və ya yanlış məlumat təqdim olunmamış, pensiya qanuni şəkildə təyin edilmiş və alınmışdır. Dövlət orqanlarının məlumat sistemindəki uyğunsuzluğun məsuliyyəti vətəndaşa deyil, cavabdeh orqana aiddir. xx.xx.2024-cü il tarixindən ona yenidən və müddətsiz İİİ dərəcə əlillik müəyyən edilmiş və əmək pensiyası bərpa olunmuşdur. Lakin həmin dövrdən hesablanmış əmək pensiyasının bir hissəsi əvvəlki “artıq ödəniş” kimi nəzərdə tutulan məbləğə əvəzləşdirilmiş, faktiki olaraq ona ödənilməmişdir. Bu əvəzləşdirmə və onun haqlı şəkildə almağa başladığı pensiyanın tutulması qanunsuz və əsassızdır. Ona bərpa olunmuş pensiyanın tam məbləğdə ödənilməsi təmin edilməli və əvəzləşdirilmiş hissə geri qaytarılmalıdır. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun müvafiq maddələrinə əsasən, dövlət orqanlarının fəaliyyətindən yaranmış texniki və hüquqi uyğunsuzluq hallarında məsuliyyət onların üzərində qalmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iş materiallarına əlavə olunmuş mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən sonra qüvvədə olan əlillik dərəcəsi mövcud olmadığı halda ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən iddiaçıya pensiya ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2021-ci il tarixindən (Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarından əvvəlki 3 il nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. xx.xx.2024-cü il tarixindən hesablanmış əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən xx.xx.2024cü il tarixinədək İddiaçı artıq ödənilmiş əmək pensiyası məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. X4 və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2025ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək müəyyən edilən artıqödəmə məbləği və "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azerbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən, xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üçün 200,00 manat məbləğində maddi yardım daxil olmaqla, cəmi 13433,61 manat artıqödəmə aşkar edilmişdir. Artıqödəmə məbləği xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək yaranan 492,88 manat keçmiş dövr fərq məbləği və "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli qərarının 6.6-cı maddəsinin tələblərinə uyğun olaraq 2025-ci ilin yanvar ayı üzrə hesablanmış 34,38 manat fərq məbləği ilə əvəzləşdirilmiş, cəmi 12906,35 manat artıqödəmə məbləği qalmışdır. İddiaçı iddia ərizəsində iyun 2024-dekabr 2024 tarixləri ərzində ümumilikdə 7 ay əmək pensiyasının ona ödənilmədiyini bildirsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "pensiya" altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri ərzində iddiaçıya 424.42 manat məbləğində ailə başçısını itirməyə görə pensiya ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14447/2025 nömrəli, 02 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi etimad hüququnun qorunmasına istinad etsə də, Qanunvericiliyin tələblərini nəzərə almaq lazımdır. Belə ki, Qanunun 14-cü maddəsinin tələblərindən görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün o, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs statusuna malik olmalıdır. İddiaçının qüvvədə olan əlillik dərəcəsi mövcud olmadığı halda ona bu əsasla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Bu səbəbdən iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən dayandırılmış və artıqödəmə müəyyən edilmişdir. Bununla da cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etmişdir. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmışdır. İddiaçı inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmuş, lakin nə iddia ərizəsində nə də məhkəmə iclasında qərarı mübahisələndirməmiş, iddia tələbinin əsası kimi qərarın ləğvini göstərməmişdir. Nəzərə almaq lazımdır ki, İddiaçı orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə İİİ dərəcəli əlillik təyin olunduğu andan, yəni əlilliyin bərpası səbəbindən iddiaçıya xx.xx.2024-cü il tarixindən 424,42 manat məbləğində pensiya təyin edilmişdir. Göründüyü kimi cavabdeh X6 tələblərini rəhbər tutaraq hərəkət etmiş, iddiaçının hüquqlarını pozmamışdır. Lakin məhkəmə tərəfindən bu hallara qiymət verilməmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “pensiya” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri ərzində iddiaçının əmək pensiyasından hər hansı tutulmalar aparılmamışdır. Hal-hazırda da iddiaçının əmək pensiyasından hər hansı tutulma aparılmır. Belə olduğu halda məhkəmə tərəfindən pensiyasından tutulmaların aparılmasının cavabdeh Mərkəzi Filiala qadağan edilməsi əsassızdır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin tam qanuni, əsaslı, sübutlara söykənmiş qərarının ləğv edilməsini tələb edən heç bir hüquqi arqument özündə ehtiva etmir. Birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları tam şəkildə araşdırmış, aidiyyəti məhkəmə təcrübəsini qiymətləndirmiş və “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Əlverişli inzibati akta etimad hüququ qorunmalıdır. İddiaçı üçün xx.xx.2020 tarixində qəbul edilmiş pensiya təyinatı barədə inzibati akt illərlə qüvvədə olmuş və həyata keçirilmişdir. İnzibati icraat haqqında Qanunun: 13.1 və 13.2-ci maddələri - inzibati praktikaya etimadın qorunmasını, 67.5-ci maddəsi - şəxsə verilmiş pul öhdəlikləri üzrə etimad hüququnun qorunmasını, 67.6-cı maddəsi isə hansı hallarda etimad hüququnun istisna oluna biləcəyini müəyyən edir. Bu iş üzrə iddiaçı heç vaxt yalan məlumat verməmiş, saxta sənəd təqdim etməmiş, hüquqi səhv və ya uyğunsuzluq yalnız cavabdeh orqanın öz informasiya sisteminin uyğunsuzluğu nəticəsində yaranmış, iddiaçının əlilliyi faktiki olaraq mövcud olmuş, lakin vahid məlumat bazasında texniki uyğunsuzluq səbəbi ilə görünməmişdir. Beləliklə, etimad hüququnu istisna edən hallardan heç biri mövcud deyil. Artıq ödənilmiş pensiya vəsaitinin tutulmasi qanuna ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş məbləğ yalnız pensiyaçının razılığı ilə tutulur. Razılıq olmadıqda bu ancaq məhkəmə qaydasında mümkündür. İddiaçı artıq ödənişin tutulmasına razılıq verməmiş, əksinə bu tələbi məhkəmədə mübahisələndirmişdir. DSMF buna baxmayaraq 34,38 manat məbləğində qanunsuz əvəzləşdirmə aparmış, bu da inzibati aktın məhkəmənin təsdiqindən əvvəl icra olunması deməkdir. Məhkəmə tam əsaslı olaraq bu tutulmanı qanunsuz hesab etmişdir. Aparılan hesablamalar hüquqi deyil, faktiki xəta əsasındadır. DSMF-nin arqumenti ondan ibarətdir ki, guya iddiaçı 2015-ci ildən sonra əlillik statusuna malik olmamışdır. Lakin iş materiallarında sübut edilmişdir ki, 2006-cı ildən etibarən əlillik mövcud olmuşdur. Sonradan əlillik statusunun bərpası xx.xx.2024 tarixli TSEK qərarı həmin dövrdə əlilliyin faktiki mövcud olduğunu təsdiqləyir, 2024-cü ilin iyulundan etibarən yenidən pensiya təyin edilib və ödənişlər davam edir. Deməli, iddiaçıya əvvəlki dövrlər üzrə pensiya ödənişi cavabdehin özünün səhv hüquqi və texniki yanaşması nəticəsində baş vermişdir. İddiaçının sosial və əmlak vəziyyəti hüquqi qorunmaya layiqdir. İddiaçı əlilliyi olan şəxsdir və bütün ödənişləri yalnız gündəlik yaşayış xərclərinə yönəltmişdir. Qeyd edir ki, 2004-cü ildən etibarən, yəni artıq 20 ildən çoxdur ki, əlillik təyin edilmişdir. Həmin dövrdən bu günə qədər əlillik statusu müvafiq tibbi- sosial ekspert komissiyaları tərəfindən mütəmadi olaraq təsdiq edilmiş, heç bir vaxt ləğv edilməmiş və dəyişdirilməmişdir. Bu müddət ərzində pensiya fasiləsiz şəkildə ödənilmiş, pensiya hüququ rəsmi olaraq tanınmış və illər üzrə bütün ödənişlər dövlət orqanlarının qərarlarına əsasən həyata keçirilmişdir. Bu faktlar onu göstərir ki, uzun illər ərzində dövlət tərəfindən əlillik dərəcəsi, sağlamlıq imkanlarının məhdudluğu və pensiya hüququ tam şəkildə qəbul edilmiş, heç bir mübahisələndirmə və ya şübhə doğurmamışdır. Mövcud hüquqi praktika və inzibati qərarlar göstərir ki, 20 ildən çox davam edən bu sabit hüquqi vəziyyət artıq legitim gözlənti yaratmışdır. Vətəndaşın uzun illər ərzində tanınmış və təsdiqlənmiş hüququ, qanunsuz və əsaslandırılmamış şəkildə dəyişdirilə və ya ləğv oluna bilməz. Əlillik statusu və pensiya hüququnun bu cür davamlı tanınması dövlət orqanlarının özünün uzunmüddətli idarəçilik təcrübəsi ilə də təsdiq olunur. Bu səbəbdən, əlilliklə bağlı sonradan verilmiş istənilən ziddiyyətli, əsassız və ya tibbi-hüquqi standartlara uyğun olmayan qərar əvvəlki 20 illik rəsmi tanıma praktikasına, legitim gözlənti prinsipinə və vətəndaşın sosial müdafiə hüququna zidd hesab edilməlidir. Dövlət tərəfindən təyin edilmiş pensiya və ya sosial ödəniş vətəndaş üçün yalnız maddi təminat vasitəsi deyil, həm də onun gələcək həyatını planlaşdırdığı, öz sosial və iqtisadi qərarlarını qurduğu sabit bir hüquqi zəmanətdir. Uzun illər ərzində dövlətin müvafiq qərarlarına əsasən pensiya alan şəxs öz həyat tərzini həmin gəlirə uyğunlaşdırır, gündəlik və aylıq xərclərini bu vəsait üzərindən planlaşdırır və öz sosial vəziyyətini həmin təminatın davam edəcəyinə dair qanuni etimad əsasında müəyyən edir. Belə bir şəxs üçün bu təminatın qəfil, əsaslandırılmamış, xəbərdarlıq edilmədən və obyektiv tibbi-hüquqi səbəblər olmadan dayandırılması, onun həyat şəraitinə, sosial vəziyyətinə və maddi imkanlarına birbaşa və ciddi şəkildə təsir edir. Pensiyanın gözlənilmədən kəsilməsi nəticəsində vətəndaşın yaşayış xərcləri, tibbi müalicə və dərman təminatı, kommunal və məişət öhdəlikləri, ailə büdcəsi, gündəlik sosial ehtiyacları tamamilə pozulur və bütövlükdə həyat tərzi dəyişir. Dövlət orqanlarının uzun illər ərzində verdiyi qərarlara güvənən və ona uyğun həyat quran vətəndaşın pensiyasının qəfil dayandırılması etimad hüququnun kobud pozulmasıdır. Vətəndaş dövlətin formalaşdırdığı sabit hüquqi vəziyyətə əsaslanaraq öz gəlirini planlaşdırmış, lakin həmin vəziyyət heç bir əsas olmadan dəyişdirildiyi üçün onun hüquqi və sosial balansı pozulmuşdur. Bu baxımdan məhkəmənin qərarı tam qanunidir. Odur ki, yuxarıda göstərilən əsaslara görə cavabdehin apellyasiya şikayəti tamamilə əsassızdır və məhkəmə qərarının ləğvi üçün heç bir hüquqi səbəb yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1992ci ildə doğulmuşdur. - "Əmək pensiyasının təyin edilməsi" haqqında xx.xx.2020-ci il tarixli 279 nömrəli qərardan görünür ki, İddiaçı İİİ dərəcə əlilliyi olan şəxs kimi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən 288,88 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. - xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli TSEK müayinə nəticələrinə əsasən F Koroğluyevin əlillik müraciətlərinə imtina verilmişdir. Bu səbəbdən xx.xx.2021-xx.xx.2024-cü il tarixinə kimi 13433,61 manat məbləğində artıqvermə müəyyən edilmişdir. - xx.xx.2015-ci il tarixli TSEK müayinə nəticəsindən görünür ki, İddiaçı əlillik müraciətinə imtina verilmiş, imtina əsası əlilliyin gücləndirilməməsi səbəbindən diaqnozun öz təsdiqini tapmaması kimi qeyd edilmişdir. - xx.xx.2018-ci il tarixli TSEK müayinə nəticəsindən görünür ki, İddiaçı əlillik müraciətinə imtina verilmiş, imtina əsası əvvəlki göndərişdəki diaqnozla indiki göndərişdəki diaqnozun tamamilə uyğunsuz olması-əvvəlki göndərişdə yüngül əqli gerilik yazıldığı halda indiki göndərişdə uşaq serebral iflici, spastik hemiplegiya göstərilməsi, forma 88-in tərtib olunmasında hiperdiaqnostikaya yol verilməsi olaraq qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli TSEK müayinə nəticəsindən görünür ki, İddiaçı orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə İİİ dərəcəli əlillik təyin olunmuşdur. - xx.xx.2024-cü il tarixli 3-17-1/1-K-152490/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, əlilliyin bərpası səbəbindən iddiaçıya xx.xx.2024-cü il tarixindən 424,42 manat məbləğində pensiya təyin edilmişdir. - xx.xx.2025-ci il tarixli 3-17-1/1-K53807/2025 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 3-17-1/1- K152490/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qüvvədə saxlanılmış, Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-1-113629/2024-cü il tarixli məktubuna əsasən təkrar qiymətləndirmənin nəticələrinə görə müayinə etibarsız hesab edilmiş, növbəti qiymətləndirmə xx.xx.2024-cü il tarixindən müddətsiz müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək pensiyası yenidən hesablanaraq 458,80 manata çatdırılmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda 12906,35 manat məbləğində artıq ödənilmiş məbləğin tutulmasına razılıq verilməsi və ödənilməsi bildirilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən 288,88 manat məbləğində ailə başçısını itirməyə görə (əlilliyi olan şəxs kimi) əmək pensiyası təyin olunmuşdur. “Əlillik" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən sonra qüvvədə olan əlillik dərəcəsi mövcud olmadığı halda ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən iddiaçıya pensiya ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2021-ci il tarixindən (Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarından əvvəlki 3 il nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Cavabdeh həmin artıq ödəmə kimi müəyyən etdiyi məbləğin bir qismini, yəni 34,38 manatı iddiaçıya sonradan təyin edilmiş pensiya məbləği ilə əvəzləşdirərək pensiya məbləğindən çıxmış, qalan 12906,35 manat artıqödəmə məbləğini iddiaçıdan tələb edir. Hazırkı iş üzrə iddiaçının tələbinin əsasını pensiyadan tutulmalarının qadağan edilməsi və tutulmuş (əvəzləşdirilmiş)vəsaitin geri verilməsi təşkil edir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının qüvvədə olan əlillik dərəcəsi mövcud olmadığı halda ona bu əsasla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Bu səbəbdən iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən dayandırılmış və artıqödəmə müəyyən edilmişdir. İddiaçı orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə İİİ dərəcəli əlillik təyin olunduğu andan, yəni əlilliyin bərpası səbəbindən iddiaçıya xx.xx.2024-cü il tarixindən 424,42 manat məbləğində pensiya təyin edilmişdir. Göründüyü kimi cavabdeh X6 tələblərini rəhbər tutaraq hərəkət etmiş, iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Göründüyü kimi, cavabdeh inzibati orqan İnzibati icraat haqqında qanunun tələblərinə uyğun icraat apardığını və qanunsuz qərar ləğv edilməklə, qanuni qərar qəbul edildiyini iddia edir. İşin araşdırılmış və faktiki hallarından aydındır ki, cavabdeh artıq ödəmə kimi o hala istinad edir ki, iddiaçıya əlilliyi olan şəxs kimi ailə başçısını itirməyə görə pensiya təyin edilib ödənildiyi halda, iddiaçının xx.xx.2015-ci il tarixindən sonra qüvvədə olan əlillik dərəcəsi mövcud olmamışdır. Bu əsasla cavabdeh iddiaçının pensiyasını xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2021-ci il tarixindən (Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarından əvvəlki 3 il nəzərə alınmaqla) artıq ödəmə hesablamışdır. Beləliklə, göründüyü kimi iddiaçı ona "Əmək pensiyasının təyin edilməsi" haqqında xx.xx.2020-ci il tarixli 279 nömrəli qərarın sonradan xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərarla dayandırılmasını mübahisələndirməmişdir. Hazırki tələb üzrə mübahisələndirilən hal iddiaçıya sonradan təyin edilmiş pensiya məbləğindən dayandırılmış pensiya üzrə yaranmış artıqödəmənin tutulması (əvəzləşdirilməsi) ilə bağlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşan kollegiya diqqətə çatdırır ki, hazırki iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi təşkil edir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.4-ci maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə kollegiyası qanunvericilik normalarının tələblərindən çıxış edərək diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki üsulu qeyd edilmişdir: 1) pensiyaçının razılığı, 2) məhkəmə qərarı ilə. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçıya sonradan təyin edilmiş pensiya məbləğindən əvvəlki pensiyaya görə tutulmaların aparılmasına (əvəzləşdirilməsinə) razılığı (belə bir razılıq məktubu təqdim edilmir) olmamışdır. Həmçinin, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə ondan artıq ödənilmiş pensiyanın tutulmasına razılığının olmamasını ifadə etmişdir. Bundan əlavə inzibati orqanın da artıqödəmə kimi müəyyən etdiyi pensiya məbləğinin tutulması (əvəzləşdirilməsi) barədə yuxarıda qeyd edilən normada göstərildiyi kimi müstəqil iddia tələbi və buna dair məhkəmə qərarı olmamışdır. Məhkəmə araşdırmaları zamanı cavabdehin səlahiyyətli nümayəndəsi tutulmaların aparılmadığını, cəmi bir dəfə əvəzləşdirilmənin olduğunu bildirsə də, iddiaçıya münasibətdə tutulma və ya əvəzləşdirmə eyni iqtisadi nəticə verir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə tam qanuni və əsaslı olduğundan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14447/2025 nömrəli, 02 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar