Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-458/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdeh Bakı Şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6762/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə 50.000 manat, mənəvi ziyana görə 40.000 manat məbləğində pul vəsaitinin birdəfəlik tutulub ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, “... ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın hazırkı cavabdeh Bakı şəhəri Yasamaal RİH tərəfindən AR Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarının icrası ilə əlaqədar sökülməsi və bu söküntü işləri çərçivəsində həmin daşınmaz əmlakla bağlı orada yaşayan hazırkı iddiaçının da razılığı ilə əmlakın mülkiyyətçisi X2 evin zirzəmisi də nəzərə alınmaqla müvafiq məbləğdə pul vəsaiti ödənilməsi işin mübahisə olunmayan hallarına aiddir. Çünki, bu hallar müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və hazırkı icraatda iddiaçı bu halları birbaşa təkzib etmir. Həmçinin nəzərə alınmalıdır ki, söküntü ilə bağlı X2 müvafiq məbləğdə pul vəsaiti ödənilərkən, sonuncu ilə Rİh arasında əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. Məhkəmənin qənaətinə görə evin mülkiyyətçisi ilə söküntü işlərini aparan qurum arasında müvafiq müqavilə bağlandığından və həmin müqavilə üzrə ödənişin həcmində evin zirzəmisi də nəzərə alındığından, habelə hazırkı İddiaçı həmin əmlakın hər hansı hissəsinə dair hüquq müəyyənedici sənəd təqdim etmədiyindən, iddiaçı evin zirzəmisinin sökülməsi nəticəsində dəymiş maddi, eləcə də mənəvi ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır.” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, sözügedən ünvana iddiaçının pasport qeydiyyatı olduğu üçün onun həmin sahəyə istifadə hüququ vardır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddəsi). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçı müvafiq subyektiv hüquqa malik olmalı; 3. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 4. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi iddiasının mümkün sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Eyni kateqoriya işlər üzrə iddia tələbinin əsaslılığı yoxlanılan hallarda isə dörd şərtə əlavə olaraq, beşinci şərt də yerinə yetirilməli, yəni maraqlı şəxsə zərər vurulmuş və onun hüquqi vəziyyəti inzibati orqanın vəzifənin pozması nəticəsində pisləşmiş olmalı idi (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin, inzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair hazırkı iddianın mümkün sayılması üçün hüququ pozulan (maraqlı) şəxsin bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olması şərtinə iş üzrə əməl olunmur. Belə ki, iddiaçı mübahisəli əmlakın hər hansı hissəsinə dair hüquq müəyyənedici sənədə malik deyil. Bütün bunlar ümumilikdə onu deməyə əsas verir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə çıxış edə bilmək üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Çünki, iddiaçı ilə cavabdeh arasında indiki tələblə bağlı publik hüquqi sahədə meydana gələn hər hansı münasibətin mövcudluğu iş üzrə müəyyən edilmir. İddiaçı apellyasiya şikayətini də sözügedən ünvana pasport qeydiyyatının olması ilə əsaslandırmışdır ki, bu da özlüyündə onunla cavabdeh arasında inzibati hüquq münasibətlərinin, o cümlədən inzibati xarakterli mübahisənin yaranması anlamına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.” Həmin qərarla verilmiş şərhə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 35 və 87.6-cı maddələri). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6762/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-458/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-458/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver