Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-458/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Əlikişi oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-445/2021 saylı iş üzrə qəbul etdiyi 21 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının nənəsi X1 03.11.2015-ci il tarixdə ölümündən qalmış ünvan 1 ünvanda yerləşən miras əmlaka dair 20.10.2019-cu il tarixdə açılmış vərəsəlik işinə əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin özəlləşdirilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-445/2021 saylı iş üzrə qəbul etdiyi 21 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi X1 adına verilmiş və hazırda cavabdeh qurumun arxivində saxlanılan “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma İdarəsi tərəfindən 1983-cü il tarixdə tərtib olunmuşdur. Qeyd olunmalıdır ki, yerlərdə o, cümlədən iri şəhərlərdə daşınmaz əmlakın texniki invertarlaşdırılmasmı aparan qurumlar XDS-nin İcrayə komitələrinin tabeliyinə verildiyi kimi. Bakı Texniki İnvertarlaşdırma Bürosu da Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. Cavabdeh qurum Bakı Texniki İnvertarlaşdırma Bürosunun Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində olması və sonradan bu qurumdan ayrılmasına dair özünün internet resursunda yerləşən məlumatı inkar edə bilməmişdir. İnzibati icraat haqqında qanuna və İnzibati Prosessual Məcəlləsinin (maddə 14.3) tələbinə görə öz hərəkətinin doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki: - AZ-İ seriyalı 766661 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X2 03.11.2015-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri 15 saylı xüsusi notariat ofisi məhkəmənin sorğusuna cavab olaraq 24.10.2020-ci il tarixli məktubla bildirmişdir ki, ölümü ilə bağlı İddiaçı Abış oğlunun müraciətinə əsasən Bakı şəhəri 15 saylı notariat ofisində 20.10.2019-cu il tarixli, 119/2019 nömrəli vərəsəlik işi açılmışdır. Həmin açılmış vərəsəlik işilə bağlı şəhadətnamə verilməyib. 119/2019 nömrəli vərəsəlik işinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma İdarəsi tərəfindən 1983-cü ildə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair X1 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək 21.11.2019- cu il tarixli məktubla bildirmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsinə dair iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 14.02.2020-ci il tarixli məktubla İdarənin arxivində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair X1 adına tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Cavabdehin imtinasını əsassız hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlaka dair 20.10.2019-cu il tarixdə açılmış vərəsəlik işinə əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin özəlləşdirilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli qərarı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin hallarından aydındır ki, İddiaçı mübahisəli evin və torpaq sahəsinin nənəsi mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini tələb edir. Qanunvericiliyin normalarının mənasından isə görünür ki, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Adı çəkilən Təlimatın 2.4-cü bəndinə görə, daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Təlimatın 7.2-ci bəndində göstərilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında hüquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. Yəni iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin müddəaları əsasında həll olunmalıdır. Bu mövqedən yanaşıldıqda iş materiallarından görünür ki, iddiaçı Qanunun 22.2-ci maddəsinin şərtləri baxımından uğurlu iddia tələbi irəli sürməmişdir. Həmin norma vərəsəyə daşınmaz əmlakın ölmüş şəxsin adına qeydiyyata alınması barədə çıxarışın deyil, əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini nəzərdə tutur. Bu halda məhkəmə iddiaçı ilə işin hallarını bu baxımdan da müzakirə etməli, iddiaçıya uğurlu predmetli iddianı seçməkdə yardım etməlidir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşə baxmış birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, iddiaçı ilə bu cür müzakirə aparıb, ona iddianın hüquqi əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtlərinə uyğunlaşdırılmış iddianın verilməsi üçün tam hüquqi yardım göstərməmişdir. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddia tələbinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq dəyişdirilməsi barədə hüquqi yardım göstərildiyini qeyd etsə də, iş materiallarından iddiaçıya hər hansı hüquqi yardım məktubunun göndərilməsi və ya məhkəmə iclaslarında hüquqi yardım göstərilməsi halı müəyyən edilmir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi üzrə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-445/2021 saylı iş üzrə qəbul etdiyi 21 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının nənəsi X1 03.11.2015-ci il tarixdə ölümündən qalmış ünvan 1 ünvanda yerləşən miras əmlaka dair 20.10.2019-cu il tarixdə açılmış vərəsəlik işinə əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin özəlləşdirilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-458/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-458/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver