Məhkəmə qərarları › İş №2-1(103)-458/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-458/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-458/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4879/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşmüş, vətənin müdafiəsində şücaət göstərmiş, müharibə veteranıdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının (MHHK) xx.xx.2018-ci il tarixli, 1564 saylı qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1994 -cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma - diaqnoz: "Qapalı kəllə-beyin travması nəticəsində baş beyin silkələnməsi dağınıq üzvi nevroloji simptomla olunmuş kəllədaxili hipertenziya", xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müalicə olunduğu travma-diaqnoz: "Keçirilmiş qapalı kəllə-beyin travması dağınıq üzvi nevroloji mikrosimptomla, asteno-nevrotik təzahürlərlə və mülayim dərəcədə ifadə olunmuş kəllədaxili hipertenziya ilə" və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Hospitalının HərbiHəkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: "Keçirilmiş qapalı kəllə-beyin travması dağınıq üzvi nevroloji mikrosimptomla, asteno-nevrotik təzahürlərlə və mülayim dərəcədə ifadə olunmuş kəllədaxili hipertenziya ilə. Sağtərəfli postkontuzion ağıreşitmə" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsinin xx.xx.2018-ci il tarixli 1601 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 438 nömrəli arayışı, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli , xx.xx.1994cü il tarixli çıxarış epikrizləri, xx.xx.1994-cü il tarixli 779 nömrəli arayış, xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir ), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Yuxarıda qeyd olunan qərar üçün əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a yarımbəndi və MN MHHK-nın 1463 saylı, xx.xx.2018-ci il tarixli protokoludur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan xx.xx.2018-ci il çıxarışına əsasən xəstəliyin səbəbi hərbi xidmət zamanı aldığı “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən” sonra başlamışdır. Psixiatrın daimi nəzarəti və qeydiyyatındadır. Daimi olaraq antidepresant dərman preparatları qəbul edir. Diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət posttravmatik eksefalopotiya, hipertenziya. Astenonevrotik sindrom”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan xx.xx.2019-cu il çıxarışına əsasən diaqnozu “Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə). Qısa anamnez: Anamnezindən xəstənin sözlərindən ilkin inkişafı qüsursuz keçib. 1993- cü ildə müharibədə zədə aldıqdan sonra psixi vəziyyətində dəyişikliklər müşahidə olunub. Pasiyentin vəziyyəti: Qarabağ veteranıdır. Baş ağrılarından, yuxusuzluqdan, qulağında olan cingiltilərdən şikayət edir. Yaddaşının zəif olduğunu bildirir. Sol baldır və sol saiddə kəsik izləri qeyd olunur. Zahirən bir qədər səbirsizdir. Disforiya halları müşahidə olunur. O zaman qulağında olan cingiltili səslər artır, hislərini cilovlaya bilmir. Bəzən məişət əşyalarını sındırır. Dağıdıcı reaksiyalara meyillidir. Son zamanlar yaddaşı zəifləyib. Öz psixi vəziyyətinə qarşı tənqidi münasibəti natamamdır. Xəstə HPKdan müayinədən keçdikdən sonra lazımi məsləhətlər ilə evə sahə psixiatrının müayinəsinə yazılmışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan xx.xx.2019-cu il çıxarışına əsasən diaqnoz baş-beyin üzvi xəstəliyi (travma mənşəli). Kəskin şəxsiyyət dəyişikliyi. “AUDİOMED” eşitmə mərkəzinin xx.xx.2019-cu il eşitmə analizlərinə əsasən, hər iki tərəfdə xəfif dərəcədə sensonerval tipdə eşitmə azlığı mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 0170003AADJL №-li, TSQ 088 saylı göndərişinə əsasən əsas diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Ağırlaşma: Üzvi mənşəli şəxsiyyət pozuntusu başbeyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Yanaşı xəstəliklər: Presbiopiya OU-presbiopiya, Posttravmatik stress pozuntusu. Travmadan sonrakı stress pozuntusu. TSEK-ə göndərilməsi üçün əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin Tibbi Sosial Ekspert Komissiyasında Sonuncu müayinəyə dair xx.xx.2019-cu il məlumatına əsasən “ Baş-beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları ilə, OU-presbiopiya. Travmadan sonrakı stress pozuntusu” müəyyən edilmişdir. Lakin əlilliyin verilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı 1993-cü ildən hazırki günə kimi müalicə alır. Səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Ağır baş-beyin xəstəliyindən əziyyət çəkir, habelə iddiaçıda kəskin şəxsiyyət dəyişiklikləri vardır. İddiaçı qeyd edilən xəstəliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı almışdır. Cavabdeh tərəfindən iddiaçının xəstəliyi ilə bağlı hazırki günə kimi müalicə almasına baxmayaraq formal mülahizə əsasında imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4879/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən ona əlillik dərəcəsi təyin olunduğunu, bu səbəbdən apelyasiya şikayətinin geri götürülməsini xahiş etmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4879/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4879/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 88-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4879/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar