Məhkəmə qərarları › İş №2-1(103)-458/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-458/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-458/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: X8) qarşı iş üzrə (Açar sözlər: tikililərə çıxarışın və texniki pasportun verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X6 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X8) “tikililərə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 iyul 2024cü il tarixli, 2-1(112)-204/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə aktı ilə üzərində istifadənin qanuniliyi tanınmış 1,16 ha torpaq sahəsindən geridə qalan 0,36 ha torpaq sahəsinin istifadə hüquqları ilə qeydiyyata alınaraq, 0,80 ha torpaq sahəsi ilə birlikdə 1,16 ha. torpaq sahəsi üçün vahid əmlak (0,80+0,36=1.16ha torpaq sahəsi) şəklində çıxarış verilməsi, həmçinin həmin 1,16 ha torpaq sahəsi ərazisindəki (üzərindəki) 1300 kv.m-dən ibarət olan anbar, istehsalat, ofis və digər qeyri-yaşayış sahələrinin faktiki istifadə vəziyyətində iddiaçnın adına mülkiyyət hüquqları ilə qeydiyyatının aparılması, bununla bağlı göstərilən ölçüdə torpaq sahəsi və tikililərdən ibarət daşınmaz əmlak obyektinin vahid daşınmaz əmlak kimi qeydiyyata alınması, vahid əmlaka (1,16 ha torpaq sahəsi +1300 kv.m. tikili) çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin 2-1(112)-6533/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X8 (bundan sonra – üçüncü şəxs) məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb edilmişdir.

3. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının daimi istifadəsində olan 0,80 ha torpaq sahəsi ərazisindəki (üzərindəki) 3 ədəd qeyri-yaşayış sahəsinin – 1 ədəd 299,2 kv.metrlik daş tikilinin, 01 ədəd 717,3 kv.metrlik iki mərtəbəli daş tikilinin, 1 ədəd 48 kv.metrlik daş tikilinin faktiki istifadə vəziyyətində iddiaçının adına mülkiyyət hüquqları ilə qeydiyyatının aparılması, həmin tikililərlə bağlı çıxarışın (0,80 sot torpaq sahəsi üzərində istifadə hüquqları, 3 ədəd tikili üzərində mülkiyyət hüquqları əks olunmaqla) və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 21 yanvar 2008-ci il tarixli, 2-469/4-14 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2091-ci məhəllə ünvanında yerləşən, iddiaçıya məxsus olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 678 saylı sərəncamı ilə ayrılmış 0.37 hektar və ona bitişik müəssisənin faktiki istifadəsində olan 1,58 hektar ümumilikdə 1.95 hektar torpaq sahəsinə iddiaçının daimi istifadə hüququ tanınmışdır. Qətnamə icra edilərək Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə 1,8953 ha torpaq sahəsi daimi istifadə hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququ əsasında qeydiyyata alınmışdır. Sonradan iddiaçı torpaq sahəsinin bir hissəsi üzərindəki istifadə hüquqlarını alqı-satqı müqavilələri ilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə satmış, bununla bağlı ilkin torpaq sahəsinin faktiki ölçüsü azalmışdır. Qanuni azalmalar nəticəsində iddiaçının qanuni sahibliyində qalmış 1,16 ha torpaq sahəsindən 0,80 ha üzərində istifadə hüququ təkrar qeydiyyata alınmış və buna dair iddiaçıya RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 1.16 ha torpaq sahəsindən yerdə qalan 0,36 ha torpaq sahəsi ilə bağlı hüquqların təkrar qeydiyyatı isə naməlum səbəblərdən həyata keçməmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş 1300 kv.m-dən ibarət olan anbar, istehsalat, ofis və digər qeyri-yaşayış sahələrinin faktiki istifadə vəziyyətinə uyğun olaraq müəssisənin adına sənədləşdirilməsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 7-176/17 saylı məktubu ilə razılaşdırılmışdır. Bundan əlavə, Nərimanov RİH tərəfindən 31 mart 2013-cü il tarixində qəbul edilmiş “İstismara qəbul aktı” ilə eyni torpaq sahəsi üzərində inşa edilmiş 1300 kv.m. və həmçinin, əlavə tikililəri də istismara hazır hesab edilmiş, bunların istifadəyə yararlılığı müəyyən edilmişdir. Göstərilənləri əsas tutaraq cavabdehə müraciət edilərək 0,36 ha torpaq sahəsinin istifadə hüququ ilə qeydiyyata alaraq 0,80 ha torpaq sahəsi ilə birlikdə 1,16 ha torpaq sahəsi üçün vahid əmlak şəklində çıxarış verilməsi, həmçinin həmin torpaq sahəsi üzərindəki 1300 kv.metrdən ibarət olan tikililərin üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması xahiş edilmişdir. Artıq üstündən 2 aydan çox zaman keçməsinə baxmayaraq, ərizə cavablandırılmamışdır.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və tikililər üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının direktoru X2 müvafiq torpaq sahəsi üzərində inşa edilmiş tikililərin X1 ilə əlaqədar olaraq 0,44 hektar ölçüdə olan sahə notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən azaldılmışdır. Bundan əlavə, torpaq sahəsində yerləşən mövcud tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyetsri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi dəmiryol xəttinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, torpaq sahəsinin yol boyu sərhəddindən 8 metr məsafəsindən (6 kv.t) yüksək gərginlikli elektrik xətti keçir. Digər tərəfindən 14-20 metr məsafə aralığından dəmir yolu xətti keçir. Həmçinin faktiki olaraq əlavə torpaq sahəsi istifadədədir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********07 saylı imtina məktubu ünvanlanmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(112)-204/2024 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı sənəd üzrə göstərilən 0,80 hektar torpaq sahəsi üzərində yerləşən 03 ədəd qeyri-yaşayış sahəsinin, yəni 01 ədəd sahəsi 717,3 kv.metr olan, 01 ədəd sahəsi 48 kv.metr olan tikililərin və 01 ədəd sahəsi 299, 2 kv.metr olan tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşən 264,2 kv.metr hissəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bununla bağlı çıxarışın (0,8 hektar torpaq sahəsi üzərində istifadə hüququ göstərilməklə) və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Baba apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə 0,80 hektar torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüququ qeydiyyata alınmışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,8 hektar torpaq sahəsinin koordinatları və kadastr göstəriciləri əks olunmuşdur.

14. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, surəti isə iddiaçıya ünvanlanmış 7- 176/17 nömrəli, xx.xx.2011-ci il tarixli məktubunda 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-469/4-14 saylı qətnaməsini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti yuxarıda qeyd olunan sənədlər əsasında Nərimanov rayonu, 2091ci məhəllədə iddiaçı tərəfindən tikilmiş 1300 kv.m-dən ibarət olan anbar, istehsalat, ofis və digər qeyri-yaşayış sahələrinin faktiki istifadə vəziyyətində həmin müəssisənin adına sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmiş və müvafiq qaydada rəsmiləşdirilməsi xahiş edilmişdir.

15. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1492/4-286 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdeh “Xaliq” RTT Baş İdarəsindən icarəyə götürdüyü Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Aerodrom küçəsi 507, 2091-ci məhəllədə yerləşən 1,58 ha torpaq sahəsində öz vəsaiti hesabına inşa etdirdiyi tikili və qurğular üzərində mülkiyyət hüququnun tanınması və həmin tikili və qurğulara mülkiyyət hüququ haqqında iddiaçıya qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi; Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsinə həvalə olunması qət edilmişdir.

16. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-469/4-14 nömrəli, 21 yanvar 2008-ci il tarixli qətnaməsinə əsasən iş üzrə cəlb edilmiş mütəxəssis İ.Ağayev tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli plana uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2091-ci məhəllə ünvanında yerləşən, iddiaçıya məxsus olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 678 saylı sərəncamı ilə ayrılmış 0,37 ha və ona bitişik kiçik müəssisəsinin daimi istifadəsində olan 1.58 ha, ümumilikdə 1,95 ha torpaq sahəsinə iddiaçının daimi istifadə hüququnun tanınması, həmin torpaq sahəsinə bu hüququn rəsmiləşdirilməsi üçün müvafiq müraciət məktubunun verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestrində daimi istifadə hüququnun qeydiyyata alınması Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2175/2012 nömrəli, 06 avqust 2012-ci il tarixli qərarına əsasən İ.Ağayev tərəfindən təsdiq edilmiş plana uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 678 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,37 ha və ona bitişik iddiaçının faktiki istifadəsində olan ümumilikdə 1,58 ha torpaq sahəsinə iddiaçının daimi istifadə hüququnun tanınması, Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 1,58 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun iddiaçının adına reyestrdə qeydə alınmasına razılıq məktubunun verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2091-ci məhəllə ünvanında yerləşən 1,58 ha torpaq sahəsinə daimi istifadə hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

18. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli arxiv arayışında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamından çıxarış məhkəməyə göndərilmişdir. Həmin çıxarışdan görünür ki, qeyd olunan sərəncama əsasən iddiaçıya Nərimanov rayon İcra Hakimiyyətinin xahişi nəzərə alınaraq Bakı şəhəri, Nərimanov rayonu, 2091-ci məhəllə ərazisində Azərbaycan Gənclər Birliyinin istehsalat bazasında olan torpaq sahəsi iddiaçının faktik istifadəsinə ayrılmışdır.

19. Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2013-cü il tarixli aktında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli məktubu əsas götürülərək Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 2091-ci məhəllədə yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin fəaliyyət göstərməsi üçün komissiya tərəfindən istismara yararlı hesab edilmişdir.

20. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2091-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi 6 kvluq hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini bildirir və qeydiyyata alınmasına etiraz edilmir.

21. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,8 ha olsa da, faktiki olaraq 1,16 ha təşkil edir. Sənəd üzrə göstərilən torpaq sahəsinin üzərində 1055,0 kv.m. 3 ədəd tikili (1 ədəd 2 mərtəbəli, 2 ədəd 1 mərtəbəli) mövcuddur ki, onların 35 kv.metr hissəsi sənəd üzrə göstərilən torpaq sahəsindən kənarda yerləşir. Sözügedən torpaq sahəsinin sənəd üzrə və faktiki vəziyyəti ilə bağlı döngə nöqtələrinin koordinatları (x,y) əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş 1,16 ha torpaq sahəsi və üzərindəki tikililərin bir hissəsi dəmir yol xəttinin və bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin istifadədə olan əlavə torpaq sahəsi ilə bağlı sənəd təqdim edilməmişdir. Sahə dövlət mülkiyyəti torpağıdır.

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 10/4076 nömrəli ekspert rəyində göstərilmişdir ki, mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin sənəd üzrə 0,8 hektar olsa da, faktiki olaraq 1,16 ha təşkil edir. Sənəd üzrə göstərilən torpaq sahəsinin üzərində 1055 kv.m 3 ədəd tikilinin (1ədəd 2 mərtəbəli, 2 ədəd 1 mərtəbəli) mövcud olduğu, onların 35 kv.m hissəsinin sənəd üzrə göstərilən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin sözügedən torpaq sahəsinin sənəd üzrə və faktiki vəziyyəti ilə bağlı döngə nöqtələrinin koordinatları (x,y) rəyin tədqiqat hissəsində öz əksini tapmışdır. Mütəxəssis rəyinə əsasən, koordinatları verilmiş 1,16 ha torpaq sahəsinin və üzərindəki tikililərin bir hissəsinin dəmir yol xəttinin və bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunur. Həmçinin aparılmış tədqiqatla sənəd üzrə iddiaçının istifadəsinə ayrılmış 0,8 ha torpaq sahəsinin daxilində yerləşən 48 kv.m sahəsi olan (4 x 12 m) bir mərtəbəli tikilinin 6 kV-luq hava elektrik veriliş xəttindən 9 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin 1 metr hissəsinin elektrik xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-1-24/2-533/2023 nömrəli məktubuna əsasən, dəmir yolunun qeyd olunan ərazisində təhkim zolağının eninin baş yoldan hesablanmaqla 24 metr təşkil etdiyi və iddiaçının daimi istifadəsinə verilmiş 0,8 ha torpaq sahəsində yerləşən üç ədəd qeyri-yaşayış sahəsinin - 299,2 kv.metr, 717,3 kv.metr və 48 kv.metrlik daş tikililərin dəmir yolu xəttinin mühafizə zolağından kənarda yerləşdiyi müəyyən olunur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

27. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində iddiaçının daimi istifadəsində olan torpaq sahəsi üzərindəki 3 ədəd qeyri-yaşayış sahəsinin faktiki istifadə vəziyyətində adına mülkiyyət hüquqları ilə qeydiyyatının aparılması, həmin tikililərlə bağlı çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (139-1.1.4.) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (139-1.1.8.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

30. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” öz əksini tapmışdır.

31. İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2091-ci məhəllə ərazisində torpaq sahəsi iddiaçının istifadəsinə ayrılmışdır.

32. Eyni zamanda 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1492/4-286 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən iddiaçının Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Aerodrom küçəsi 507, 2091-ci məhəllədə yerləşən 1,58 ha torpaq sahəsində öz vəsaiti hesabına inşa etdirdiyi tikili və qurğular üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2175/2012 nömrəli, 06 avqust 2012-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,37 hektar və ona bitişik iddiaçının faktiki istifadəsində olan ümumilikdə 1,58 hektar torpaq sahəsinə iddiaçının daimi istifadə hüququ tanınmışdır.

33. İddiaçının 0,8 hektar torpaq sahəsindən daimi istifadə hüququ dövlət qeydiyyatına alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

34. Beləliklə, Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,8 hektar torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüququ mövcuddur.

35. Mülki Məcəllədə göstərilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1.). Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (240.2.). Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir (240.3.).

36. Oxşar normalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) də təsbit olunmuşdur. Həmin Məcəllənin 58-ci maddəsində göstərilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.

37. İşdən göründüyü kimi iddiaçı öz qanuni istifadəsində olan torpaq sahəsində tikililər inşa etmiş və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1492/4-286 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən həmin tikililər və qurğular üzərində onun mülkiyyət hüququ tanınmışdır. İddiaçı inşa edilmiş tikili və qurğulara mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir.

38. İmtinanın əsasları bunlardır: 1. Torpaq sahəsi üzərində inşa edilmiş tikililərin X1 ilə əlaqədar olaraq 0,44 hektar ölçüdə olan sahə azalmışdır. 2. Tikililərlə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. 3. Torpaq sahəsinin bir hissəsi dəmiryol xəttinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

39. 07 noyabr 2023-cü il tarixli ekspert rəyində torpaq sahəsinin sənəd üzrə 0,8 hektar olsa da, faktiki olaraq 1,16 ha təşkil etdiyi, sənəd üzrə göstərilən torpaq sahəsinin üzərində 1055 kv.m 3 ədəd tikilinin (1ədəd 2 mərtəbəli, 2 ədəd 1 mərtəbəli) mövcud olduğu, onların 35 kv.m hissəsinin sənəd üzrə göstərilən torpaq sahəsindən kənarda yerləşdiyi, sənəd üzrə iddiaçının istifadəsinə ayrılmış 0,8 hektar torpaq sahəsinin daxilində yerləşən 48 kv.metr sahəsi olan bir mərtəbəli tikilinin 6 kV-luq hava elektrik veriliş xəttindən 9 metr məsafədə yerləşdiyi nəzərə alınaraq, həmin tikilinin 1 metr hissəsinin elektrik xəttinin mühafizə zolağına düşdüyü, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, dəmir yolunun qeyd olunan ərazisində təhkim zolağının eninin baş yoldan hesablanmaqla 24 metr təşkil etdiyi və iddiaçının daimi istifadəsinə verilmiş 0,8 ha torpaq sahəsində yerləşən üç ədəd qeyri-yaşayış sahəsinin dəmir yolu xəttinin mühafizə zolağından kənarda yerləşdiyi göstərilmişdir.

40. Ekspert rəyindən və torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, iddiaçının faktiki istifadəsində 1,16 hektar torpaq sahəsi olsa da, qanuni istifadəsində olan torpaq sahəsi 0,8 hektardır. Həmin sahədə sahələri 717,3 kv.metr, 48 kv.metr və 299,2 kv.metr olan 3 ədəd tikili mövcuddur. Sahəsi 299,2 kv.metr olan tikilinin 35 kv.metr hissəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindən kənarda, onun faktiki istifadəsində olan sahədə yerləşir.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.9.2.).

42. Göründüyü kimi iddiaçı qanuni istifadəsində olan torpaq sahəsində tikililər inşa etmiş və həmin tikililər üzərində mülkiyyət hüququnun yaranması üçün zəruri olan sənədləşməni aparmışdır. Torpaq sahəsinin azalması ilə bağlı qeyd edilməlidir ki, iddiaçının sənəd üzrə istifadəsində 0,8 hektar torpa sahəsi vardır ki, tikililər də (35 kv.metr istisna olmaqla) həmin sahədə yerləşir. Eyni zamanda ekspert rəyi ilə tikililərin dəmir yolunun mühafizə zonasından kənarda yerləşdiyi müəyyən olunur.

43. Torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

44. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi (12)

46. Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Qeyd edilməlidir ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyi bildirilmiş və qeydiyyata alınmasına etiraz edilməmişdir.

47. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

48. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə ona ayrılmış torpaq sahəsi ilə sahəsinə və yerləşmə yerinə görə tam uyğunluq təşkil edir.

49. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində olan tikililərdən sahəsi 299,2 kv.metr olan tikilinin 35 kv.metri iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindən kənarda yerləşdiyindən həmin tikilinin qeyd olunan hissəsinə mülkiyyət hüququ tanına bilməz.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

52. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

53. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(112)-204/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar