Məhkəmə qərarları › İş №2-1(103)-4583/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4583/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4583/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9787/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aylıq pensiya haqqı məbləğinin, ona uyğun olaraq ödənilməmiş pensiya məbləğinin yenidən düzgün hesablanması və ödənilməmiş məbləğin birdəfəlik və ya daha qısa müddətə ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialma həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9787/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermə müddətini ötürməklə verdiyi şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9787/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı tərəfindən müddətin bərpa edilməsi barədə vəsatət də verilmişdir. İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə vəsatət onunla əsaslandırılmışdır ki, inzibati iş üzrə 02 iyul 2025-ci il tarixli qərar ona rəsmi olaraq məhkəmə qəbzinə imza etməklə 30 sentyabr 2025-ci il tarixdə təqdim edilmişdir. Elektron kabinetdən istifadə etmədiyi üçün kabinetdə olan məlumatlardan xəbərsizdir və hesab edir ki, yalnız qərar ona məktub vasitəsilə çatdırıldıqda onu qəbul etmiş sayılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməklə, geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin mümkün sayılmaqla, icraata qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9787/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Eyni zamanda, iş materiallarında olan sənədin götürülməsi barədə qəbzə əsasən, xx.xx.2025-ci il tarixdə sözügedən qərar iddiaçı tərəfindən yenidən əldə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9787/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə 23 oktyabr 2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti İddiaçı münasibətdə onun elektron kabinetinə yerləşdirildiyi tarixdən, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə 23 oktyabr 2025-ci il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası iddiaçının “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinə hüquqi qiymət verərək ilk öncə qeyd edir ki, İnzibati Prosesual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu proses iştirakçısının elektron kabineti olduğu halda sənədlərin digər qaydada verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının elektron kabineti olduğu halda ondan istifadə etməməsinə, bu səbəbdən məhkəmə qərarından məlumatsız olmasına istinad etməsi əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9787/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9787/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar