Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4584/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X1 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-9633/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavabdehlər sırasından çıxarılmasını, Bakı şəhəri Səbail bələdiyyəsinin 30 dekabr 2004cü il tarixli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. Halbuki, Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 68 saylı protokoluna əsasən Salyan şossesi 32 ünvanında yerləşən 600kv.metr torpaq sahəsi əlavə edilmiş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilmişdir. Bundan sonra “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmiş, iddiaçı xx.xx.2005-ci il tarixdə torpaq sahəsinin dəyərini Səbail rayonu Səbail bələdiyyəsinin hesabına ödəmiş və ona 169141 saylı kassa mədaxil qəbzi verilmişdir. Qeyd edilməlidir ki, həmin torpaq sahəsi cizgidə göstərilən sərhəd daxilində faktiki olaraq iddiaçının istifadəsindədir.
4. Cavabdeh iddia tələbinə dair etirazını təqdim etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-9633/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 595 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, yerləşmə cizgisində sərəncama istinad olunmamışdır. Bundan başqa, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir və ümumi sahəsi 595 kv.m təşkil edir. Bölgü zamanı ikinci sahəyə giriş-çıxış nəzərə alınmadığından həmin sahəyə giriş qonşu sahənin ərazisindəndir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 908 №-li sərəncamından müəyyən edilir ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilmişdir.
12. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” akta əsasən Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli qərarına əsasən 600 kv.metr torpaq sahəsi iddiaçıya satılmışdır.
13. İddia ərizəsinə iddiaçının 12 480 000 manat məbləğində pul vəsaitinin Bakı şəhəri Səbail Bələdiyyəsinin hesabına ödəməsini təsdiq edən xx.xx.2005-ci il tarixli 169141 nömrəli kassa mədaxil orderinin qəbzi əlavə edilmişdir.
14. İddia ərizəsinə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin plan-cizgisi əlavə edilmişdir.
15. İddia ərizəsinə "xxxx" MMC tərəfindən təsdiq edilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə edilmişdir.
16. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
17. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Səbail Bələdiyyəsi tərəfindən 2007-ci ilədək qəbul edilmiş qərarlar və ona əsas olan sənədlərin dövriyyəsinə dair qeydiyyat kitabları, eləcə də həmin dövrə aid olan inzibati aktlar və ona əsas olan icraat materialları Bələdiyyənin son 5 il ərzində fəaliyyətdə olan icra orqanına təhvil verilməmişdir. Səbail Bələdiyyəsində həmin dövrə aid arxiv bazası mövcud olmadığı üçün qeyd edilmiş sənədlərin təqdim edilməsi mümkün deyildir.
18. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə dair ilkin müayinə aktı, habelə həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən və üzərində vətəndaşların mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və onların verilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir.
19. Sorğu əsasında əldə edilən sənədlərdən olan xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən edilir ki, İddiaçı hüquqlarının qeydə alınması üçün müraciət etdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 600 kv.metr faktiki olaraq isə 595 kv.metr təşkil edir.
20. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1).
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55).
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.).
27. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Səbail bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə ayrılan 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir.
28. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil etmişdir: 1) müraciətə əlavə edilmiş sənədlərin surəti yoxdur; 2) TEKUİS-də Bakı şəhərindəki torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair məlumat mövcud deyil; 3) torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad edilməmişdir.
29. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.).
30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2).
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.).
32. Məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazilərdə bir neçə şəxsə Bakı şəhəri Səbail Bələdiyyəsinin sərəncamları ilə torpaq sahələri ayrılmış və həmin qərarlar əsasında həmin şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışlar verilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz.
34. Eyni zamanda iddiaçı tərəfindən Səbail Bələdiyyəsinin müvafiq qərarı və torpaqayırma sənədlərinin əsilləri məhkəməyə təqdim edildiyindən, həmin sənədlərin arxiv nüsxələrinin bələdiyyə orqanında saxlanmaması iddiaçının təqsiri deyildir.
35. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
36. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən ayrıayrı şəxslərə məxsus torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda iddiaçıya onun istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
39. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-9633/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev