Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4587/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” iddia tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci-ci il tarixli, 2-1(112)-12716/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “39 v” saylı, 1200 kvadrat metr bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli, **********21 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavab məktubunda bildirilmişdir ki, “təqdim olunmuş order surətdir və order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Təqdim olunmuş arxiv arayışında isə torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən sahənin yerləşdiyi ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamış, qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində aşkar edilməmişdir. Həmçinin qeyd olunan sahəyə dair ayrıca cizgi idarənin arxiv əsaslarında mövcud deyil. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “39 v” saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 03 iyun 1993-cü il tarixli, 1053 N-li Qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “39 v” saylı, 1200 kvadrat metr bağ torpaq sahəsi İddiaçı ayrılmış və hal-hazırda da həmin bağ torpaq sahəsi onun istifadəsindədir, digər üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinə müdaxilə olunmamış, heç bir iddia və tələb yoxdur, olmamışdır və qonşuluqda olan-digər qonşuları tərəfindən onlara məxsus bağ torpaq sahəslərinə dair müvafiq çıxarışlar alınmışdır. Həmin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən -“39 v” saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 aprel 2025-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılmış və 16 may 2025- ci il tarixli, 3-21-3- 30/2-19721/2025-**********21 N-li Bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinada aşağıdakılar göstərilmişdir:- “Müraciətinizlə əlaqədar bildiririk ki, təqdim olunmuş order surətdir və order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Təqdim olunmuş arxiv arayışında isə torpaq sahəsi barədə məlumat qeyd olunmamışdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən sahənin yerləşdiyi ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamış, qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində aşkar edilməmişdir. Həmçinin qeyd edilən sahəyə dair ayrıca cizgi idarənin əsaslarında mövcud deyil”. Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 03 iyun 1993-cü il tarixli, 1053 N-li Qərarının əslini və 15 N-li Orderin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməklə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Təqdim olunmuş arxiv arayışında isə torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən sahənin yerləşdiyi ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamış, qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində aşkar edilməmişdir. Həmçinin qeyd olunan sahəyə dair ayrıca cizgi idarənin arxiv əsaslarında mövcud deyil. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci-ci il tarixli, 2-1(112)-12716/2025 nömrəli qərarı ilə (hakim Ləman Musayeva) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “39V” saylı, 1200 kv.metr bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci-ci il tarixli, 2-1(112)- 12716/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Təqdim olunmuş arxiv arayışında isə torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən sahənin yerləşdiyi ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamış, qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində aşkar edilməmişdir. Həmçinin qeyd olunan sahəyə dair ayrıca cizgi idarənin arxiv əsaslarında mövcud deyil. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2025ci-ci il tarixli, 2-1(112)-12716/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “39 v” saylı, 1200 kvadrat metr bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə dair qanuni əsaslar mövcud deyildir. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, xx.xx.1993-cü il tarixli 1053 nömrəli qərara və 241 nömrəli bağ-tikinti kooperativinin 32 nömrəli orderinə əsasən İddiaçı 39V nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır (sənədlərin əslinə məhkəmə iclasında baxış keçirilmişdir). Məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “39V” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlilləri aşağıdakılardan ibarətdir:
1. Order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Təqdim olunmuş arxiv arayışında isə torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır.
2. Elektron kadastr məlumatına əsasən sahənin yerləşdiyi ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamış, qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bağ Tikinti Kooperativinin sxemində aşkar edilməmişdir. Həmçinin, qeyd olunan sahəyə dair ayrıca cizgi idarənin arxiv əsaslarında mövcud deyil.
3. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bağ sahəsinin ayrılması barədə sərəncamı və orderi təqdim etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə tərkibinin qənaətinə görə, müvafiq sənədlərin (hazırkı halda orderin) cavabdehin arxivinə təhvil verilmədiyi halda, «iddiaçının təqdim etdiyi sənədlər mötəbər deyil» kimi gəlinən nəticə səhvdir. Başqa sözlə, iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlərin cavabdehin arxivinə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal onun mülkiyyət hüququnun qeydiyyata alınmasındam imtina üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, iddiaçı bağ sahəsinin ayrılması barədə orderin surətini məhkəməyə təqdim etmişdir (əvvəlki məhkəmə iclasında əslinə baxış keçirilmişdir). Həmin orderin etibarsız hesab edilməsinə və ya ləğv olunmasına dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin ikinci dəlilinə münasabitdə qeyd olunmalıdır ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaması üçün əsas kimi qəbul edilə bilməz. İlk növbədə nəzərə almaq lazımdır ki, cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktına sxematik xəritənin müvafiq hissəsindən çıxarış əlavə edilmişdir. Həmin çıxarışdan müəyyən olunur ki, bağların bölgüsündə 39 nömrəli bağ mövcuddur (i.v.26). Hətta şərti qəbul etsək ki, müvafiq torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır, bu hal belə, cavabdehin hüquqi mövqeyi ilə razılaşmağa əsas vermir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, 241 saylı BTK-nın üzvlərinin siyahısı və həmin siyahıya uyğun olaraq üzvlərə ayrılan bağ sahəsinin yerləşmə cizgisi xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş (i.v. 93), iddiaçıya mübahisəli bağ sahəsi həmin tarixdən sonra, yəni xx.xx.1993-cü il tarixdə ayrılmış və bununla da 241 saylı BTK-nın bağ sahələrinin yerləşmə sxeminə dəyişiklik edilməsi sxemi tərtib edən şəxslərin vəzifəsi olmuşdur. Başqa sözlə, sonradan bölünmüş, yaxud yeni nömrə əsasında digər bir vətəndaşa verilmiş həmin bağların sxematik xəritəsini tərtib etmək, yaxud mövcud sxematik xəritəni həmin vəziyyətə uyğunlaşdırmaq iddiaçının deyil, müvafiq səlahiyyətli dövlət orqanlarının məsuliyyət sferasında olmuşdur. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin üçüncü dəlilinə münasabətdə qeyd edir ki, müayinə aktına əsasən ümumi hasar daxilində olan torpaq sahəsinin ümumi sahəsi 2480.0 kv.m təşkil edir. Başqa sözlə, həmin ümumi hasar daxilinə iddiaçıya ayrılmış 39v və iddiaçının atasına ayrılmış 39b saylı torpaq sahələri yerləşir. Belə ki, 39b saylı torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsi 2-1(112)- 12717/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. Həmin qərarla İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha sahəsi olan 39b saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövalət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Göründüyü kimi, hazırkı halda hər iki torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi faktı torpaq sahəsi ilə bağlı mübahisə olması ilə bağlı deyildir. Bu baxımdan, cavabdehin qeyd olunan hissədə də apellyasiya şikayəti əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci-ci il tarixli 2-1(112)- 12716/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.