Məhkəmə qərarları › İş №2-1(103)-4589/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4589/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4589/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “plan ölçünün tərtib edilməsi və çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9985/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş edilmiş Bakı şəhər Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli “Biləcəri qəsəbəsi ərazisində vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 2194 sərəncamından olan çıxarışda qeyd edilmişdir ki, İddiaçı Biləcəri qəsəbəsi ərazisində, fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq 300,0 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş cizgi sənədindən görünür ki, Bakı şəhər Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2194 sərəncamına əsasən İddiaçı Biləcəri qəsəbəsi ərazisində, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300,0 kv.m. torpaq sahəsinin cizgiləri, eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun müəyyən edilmişdir.

3. İddiaçı tərəfindən təqdim edilmiş hesabat cədvəlində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsində yerləşən yaşayış evinin inventar hesabatı "xxxx" MMC tərəfindən tərtib edilmiş və Binəqədi rayonu Biləcəri bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.

4. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi üç hissədən ibarət olmaqla mişar daş hasar və üzərindəki mövcud tiklilərin çöl divarları ilə sərhədlənib, bir hissəsi şərtidir. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 300 kv.m, faktiki 498 kv.m təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2194 saylı sərəncamından çıxarışa əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m. torpaq sahəsinin mülkiyyət hüququ əsasında iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 2194 saylı Sərəncamından çıxarışa əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m. torpaq sahəsi ona ayrılmışdır. Qeyd edir ki, torpaq sahəsinin cizgisi Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmişdir. Lazımı sənədləri toplayıb qanuni istifadəsində olan 300 kv.m. torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli 3- 21-3-30/2- 2050/2025-**********50 saylı cavab məktubunda torpaq sahəsinin sənəd üzrə ölçüsü 300,0 kv.m. olsa da, 73.0 kv.m. hissəsi ümumi istifadədə yerləşdiyindən torpaq sahəsinin azalması ilə bağlı notarial razılıq ərizəsinin təqdim edilməsi, bundan başqa, torpaq sahəsinə dair Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilən yerləşmə cizgisində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyini, həmçinin elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) istifadəsinə verilmiş ərazidə yerləşdiyi, bir hissəsinin sizin adınıza olan digər torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ’’Torpaq sahəsinin planı və ölçüsü sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşdüyü müəyyən edildiyini və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır ’’Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilirməsini əsas gətirərərk torpaq sahəsinin özəlləşdirilməsinə dair çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Binəqədi rayonu İcra Hakimiyyətinin 29 dekabr 2000-ci il tarixli 2194 saylı Sərəncamının çıxarışına əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m. torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtıvaxtında kommunal xərcləri ödəyir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakım üzərində sərəncam vermək hüquqları məhdudlaşdırlmışdır. Bu şəbədən qanuni istifadəsində olan torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq hesab edir sözügedən torpaq sahəsinə dair texniki pasportun və çıxarışın verilməsi vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır.

8. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 300,0 kv.m. olsa da, 73.0 kv.m. hissəsi ümumi istifadədə yerləşdiyindən torpaq sahəsinin azalması ilə bağlı notarial razılıq ərizəsinin təqdim edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, torpaq sahəsinə dair Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilən yerləşmə cizgisində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) istifadəsinə verilmiş ərazidə yerləşdiyi, bir hissəsinin sizin adınıza olan digər torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

9. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 300,0 kv.m olsa da, 73.0 kv.m. hissəsi ümumi istifadədə yerləşdiyindən torpaq sahəsinin azalması ilə bağlı notarial razılıq ərizəsi təqdim edilməmişdir. Bundan başqa, torpaq sahəsinə dair Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilən yerləşmə cizgisində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) istifadəsinə verilmiş ərazidə yerləşdiyi, bir hissəsinin (113 kv.m) iddiaçının adına olan digər torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məсəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Üçüncü şəxsin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi neftqaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X4" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neftqaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4- cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edir ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9985/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2194 sərəncamından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün Biləcəri qəsəbəsi ərazisində yerləşən 300,0 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış, həmin sahədə yerləşən 300 kv.m torpaq sahəsinin cizgisi sərəncama əlavə edilmişdir. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

13. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşmiş və torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarıdır.

14. Qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

15. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququnun qeydiyyata alınması təşkil etdiyindən, üçüncü şəxsin bu dəlili əsassızdır.

16. Cavabdehin imtinası və etirazına əsas olan digər dəlil isə ondan ibarətdir ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 300,0 kv.m. olsa da, 73.0 kv.m. hissəsi ümumi istifadədə yerləşdiyindən torpaq sahəsinin azalması ilə bağlı notarial razılıq ərizəsinin təqdim edilməsi məqsədəmüvafiqdir.

17. Məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan torpaq sahəsinin ortofotosundan görünür ki, torpaq sahəsi ümumi istifadədə yerləşməyib, iddiaçının digər torpaq sahəsi ilə sərhədlənib. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9985/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Torpaq sahəsinin sənəd üzrə ölçüsü 300,0 kv.m olsa da, 73.0 kv.m. hissəsi ümumi istifadədə yerləşdiyindən torpaq sahəsinin azalması ilə bağlı notarial razılıq ərizəsi təqdim edilməmişdir. Bundan başqa, torpaq sahəsinə dair Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilən yerləşmə cizgisində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) istifadəsinə verilmiş ərazidə yerləşdiyi, bir hissəsinin (113 kv.m) iddiaçının adına olan digər qonşu tərəfdəki torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

20. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X4" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Hesab edirlər ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

24. Eyni zamanda məhkəmə Kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz etmişdir. 25.Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 26.Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

27. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan SSR-in 1971-ci il Torpaq Məcəlləsinin: Maddə 10. Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir: ... - SSRİ vətəndaşlarına ... Maddə 13. Torpaq sahələrinin istifadəyə istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları Sovet icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır.

29. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

30. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

40. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2194 sərəncamından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün Biləcəri qəsəbəsi ərazisində yerləşən 300,0 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış, həmin sahədə yerləşən 300 kv.m torpaq sahəsinin cizgisi sərəncama əlavə edilmişdir. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

41. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir.

42. Cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətinin əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşmiş və torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarıdır.

43. Qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

44. Cavabdehin apellyasiya şikayətində həmçinin, göstərilmişdir ki, torpağın bir hissəsi iddiaçının adına olan digər qonşu tərəfdəki torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.Torpaq sahəsinin sənəd üzrə ölçüsü 300,0 kv.m. olsa da, 73.0 kv.m. hissəsi ümumi istifadədə yerləşdiyindən torpaq sahəsinin azalması ilə bağlı notarial razılıq ərizəsinin təqdim edilməsi məqsədəmüvafiqdir.

45. Bunla bağlı məhkəmə araşdırması zamanı iş materiallarında olan torpaq sahəsinin ortofotosundan müəyyən olunmuşdur ki, torpaq sahəsi ümumi istifadədə yerləşməyib, iddiaçının digər torpaq sahəsi ilə sərhədlənib. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.

46. 3-cü şəxsin apellyasiya şikayətinə münasibətdə məhkəmə Kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsə də, Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

47. Hazırkı işdə isə iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsinə dair sübut təqdim edilmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququnun qeydiyyata alınması təşkil etdiyindən, üçüncü şəxsin bu dəlili əsassızdır.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin və 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9985/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin və 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9985/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar