Məhkəmə qərarları › İş №2-1(103)-459/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-459/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-459/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2815/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 16.05.2019-cu il tarixli **********259200 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarından göründüyü kimi, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 16.05.2019cu il tarixli qərarın ləğv edilməli olmasına əsas olan hallar məhkəmə tərəfindən qərarda əsaslandırılmamışdır. Eyni zamanda, ciddi hesabat blanklarının forma və rekvizitlərinə cavab verməyən malların alış aktları əsas götürülməklə iddianın təmin edilməsi əsassız olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iddianın təmin edilməsi üçün əsas olmuş malların alış aktları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş nümunəvi formaya uyğun olmadığına, aktlarda satıcıların rekvizitləri haqqında hər hansı məlumat olmadığından, həmin aktlar birtərəfli qaydada alıcı (iddiaçı) tərəfindən A-4 formalı ağ kağızda tərtib edildiyindən xərcləri təsdiq edən sənəd kimi qəbul edilməməlidir. Eyni zamanda, 24 ədəd aktla alınmış 198.462,08 manat malların ödənişini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən A-4 formalı kağızlarda tərtib edilmiş aktların sonradan tərtib edildiyinə və saxta olmasına əsaslı şübhələr yaradır. Lakin, məhkəmə qeyd olunan halları nəzərə almamış və işin nəticəsi üzrə əsassız qərar qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malların alış aktlarının surəti 31.10.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında, yəni qərar elan olunan gün cavabehə təqdim edilmişdir. Həmin sübutların araşdırılması və yazılı münasibət bildirilməsi üçün əlavə vaxt istənilməsinə baxmayaraq, məhkəmə tərəfindən cavabdehə əlavə vaxt verilməmişdir. Bununla da proses iştirakçısı kimi cavabdehin məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. Belə ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Cavabdehin mübahisəli inzibati aktının qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin, “İnzibati icraat haqqında” AR Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabddehin 16.05.2019-cu il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən iddiaçının əsas fəaliyyət növü şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi olmuşdur. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; 37.1-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər; 37.4-cü maddəsinə görə, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir; 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Məcəlləyə əsasən müəyyən edilir. İddiaçı tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xammal və materiallar, malın dəyəri, enerji xərcləri, qaz xərcləri, yanacaq xərcləri, su və kanalizasiya xərcləri, rabitə xərcləri, mühafizə xərcləri, reklam xərcləri, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər və digər xərclər sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (251.560,48 manat) əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin 1 №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) hesabat dövrü ərzində vergi ödəyicisinin ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) məbləği (44.442,94 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləği (0 manat) (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (44.442,94 manat) (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 207.117,54 manat məbləğdə sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluqla əlaqədar iddiaçıya Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 08.04.2019-cu il tarixli **********338700 nömrəli məktub göndərilmişdir. Lakin, iddiaçı tərəfindən məktubda qeyd olunan müddət ərzində uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin mənfəət vergisi üzrə 41.423,51 manat əlavə vergi məbləği hesablanmış, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 16.05.2019-cu il tarixli **********259200 nömrəli qərar elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən 2018-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 41.423,51 manat əlavə vergi məbləğinin azaldılması barədə Vergilər Nazirliyinə daxil olmuş 17.05.2019-cu il tarixli **********729100 nömrəli inzibati şikayətin araşdırılması zamanı onun tərəfdən 2018-ci il ərzində icarə haqqı və istifadə olunmuş enerji sərfiyyatına görə icarəçilərə 318.798,10 manat, o cümlədən A.Bayramova (VÖEN **********) 2.033,88 manat, “xxxx" MMC-yə (VÖEN **********) 155.815,06 manat, E.Quliyevə (VÖEN **********) 10.169,48 manat, “xxxx” ASC-yə (VÖEN **********) 144.000 manat və Ə.Ələkbərova (VÖEN **********) 6.779,68 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 318.062,63 ümumi dövriyyədən daxilolmanın olduğu, 2018-ci il ərzində kommunal xidmətlər üzrə 52.016,73 manat dəyərində elektron qaimə-fakturaların alındığı, ƏDV-nin sub-uçot hesabından 44.442,94 manatlıq elektron qaimə-fakturaların dəyərinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının əsas fəaliyyətinin daşınmaz əmlakın icarəyə verilməsindən ibarət olduğu, fəaliyyət sahəsinin xüsusiyyətlərinə uyğun olaraq gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərin kameral vergi yoxlaması zamanı nəzərə alındığı, araşdırma zamanı iddiaçı tərəfindən nəzərə alınmış xərclərdən əlavə digər çəkilmiş xərclər barədə hər hansı təsdiqedici sənədlərin təqdim olunmadığı, cavabdeh tərəfindən yoxlamaların aparılması zamanı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən AR Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarının tətbiq edilməsinin vergi orqanının üzərinə qoyulduğu, inzibati araşdırma ilə hesablanmış verginin azaldılmasına əsas olan faktların və hüquqi halların müəyyən edilmədiyi, mübahisəli xərclərin tərkibinin əmək haqqı, sosial sığorta haqları, kommunal xərclər, amortizasiya və gəlirdən çıxılan vergilərdən ibarət olmadığı nəzərə alınaraq, iddiaçının inzibati şikayəti təmin edilməmiş və əlavə verginin hesablanması barədə qərar qüvvədə saxlanılmış, araşdırmanın nəticəsi üzrə İnzibati şikayətin təmin edilməməsi haqqında 29.07.2019-cu il tarixli **********134500 nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 16.05.2019-cu il tarixli **********259200 nömrəli qərarın ləğv edilməsinə əsas təşkil edən faktiki və hüquqi hallar məhkəmə tərəfindən əsaslandırılmamış, qərarda işin hallarının ümumi sadalanması ilə kifayətlənilmişdir. Halbuki, İPM-n 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (68.2). Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (68.3). Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən isə, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Birinci instansiya məhkəməsinin ciddi hesabat blanklarının forma və rekvizitlərinə cavab verməyən malların alış aktları əsas götürülməklə iddianın təmin edilməsi də əsassız olmuşdur. Belə ki, AR Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. AR Maliyyə Nazirliyinin 22.12.2005-ci il tarixli 1-163 nömrəli əmri ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blanklarının Siyahısı”na əsasən alış aktları ciddi hesabat sənədi sayılmır. Eyni Nazirliyin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04.04.2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə malların alış aktlarının nümunəvi forması təsdiq edilmişdir. Belə ki, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) almaqla, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib etməklə, belə malların anbara təhvil verilməsi isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MAA-1) ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Bununla da, mübahisənin maddi hüquqi əsasları baxımından işin faktiki hallarına hüquqi qiymət verən məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın təmin edilməsi üçün əsas olmuş malların alış aktları AR Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş nümunəvi formaya uyğun deyil, aktlarda satıcıların rekvizitləri haqqında hər hansı məlumat yoxdur, həmin aktlar birtərəfli qaydada alıcı (iddiaçı) tərəfindən tərtib edilmişdir, aktlarla alınmış malların ödənişini təsdiq edən sübutlar iddiaçı tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Bütün bunlar da həmin aktların xərcləri təsdiq edən sənəd kimi qəbul edilə bilməməsi barədə qənaətə gəlməyə əsas verir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi kameral vergi yoxlamasını həyata keçirən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona maliyyə sanksiyalarını tətbiq etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur (VM-37.4), cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləmişdir (VM-24.0.2), cavabdehin mübahisəli qərarı qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), qərar mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia əsassız olduğu üçün təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2815/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 16.05.2019-cu il tarixli **********259200 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar