Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-459/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin (VÖEN **********, hüquqi ünvan- AZ1052, ünvan 1lçi: X1, dövlət qeydiyyatına alındığı tarix-25.01.2016-cı il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6486/2020 nömrəli (iddia tələbinin mümkün sayılmaması barədə) qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq, müəyyən etdi: İddiaçı ”İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti 15.09.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhər LGBİ) qarşı qərarın ləğv edilməsi barədə iddia ərizəsi (iddia ərizəsi 05.08.2020-ci il tarixində direktor X1 göstərilməklə imzalanıb və möhürlə təsdiq edilmişdir) ilə məhkəməyə müraciət edərək, Bakı şəhər LGBİ tərəfindən iddiaçıya münasibətdə tərtib edilən 2016-2018-ci illərə aid dövrə görə 31.08.2020-ci il tarixli N **********139528 saylı ekspertiza təyin edilməsinə dair qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC qanunla nəzərdə tutulmuş qaydada rəsmi qeydiyyatdan keçməklə, qanunamüvafiq qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı 18 faiz yəni ƏDV ödəyicisidir. Cavabdeh tərəfindən iddiaçının 2016- 2018-ci illərə aid dövrə görə 31.08.2020-ci il tarixli N **********139528 saylı qərarla tərtib edərək iddiaçıya qiymətləndirmə ekspertizası təyin edilib. 2016-2018-ci illərə aid dövr üçün hesabatının tam şəkildə dəqiq qəbul edilməsi haqda rəsmi qanuni qüvvədə olan ekspertiza rəyi var. 2016-2018-ci illərə aid malların satış qiymətinin ekspertizası əsasında həmin dövrə görə də hesabat verilb. İddiaçı hesab edir ki, yenidən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən qanunun geriyə qüvvəsini tərəfin ziyanına tətbiq etmək qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6486/2020 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. İddiaçı 25.11.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6486/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti (apellyasiya şikayəti direktor X1 tərəfindən elektron imza ilə imzalanmışdır) onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2-1(112)-6486\2020 saylı qərardadı ilə razı deyil və sözügedən qərardad maddi və prosessual hüquq pozuntusu ilə qəbul edilmiş, işin faktiki halına uyğun gəlmədiyinə görə ləğv edilməsi üçün əsasdır. Sözügedən qərarın ləğv edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması inzibati məhkəmə aidiyyətidir. Cavabdeh icra hakimiyyətidir. Sözügedən qərar inzibati qərar olduğundan həmin qərarın cavabdeh tərəfindən ləğv edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Ərizə kimi qeyd edilməsini texniki xəta kimi qəbul edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib ,apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər LGBİ-nin ekspertizanın təyin edilməsi haqqında 31.08.2020-ci il tarixli **********139528 №li qərarına əsasən səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların aydınlaşdırılması məqsədilə avtomobillər üçün hissələrin qovşaqların bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi, ekspertizanın keçirilməsi üçün “xxxx” MMC-nin mütəxəssisi Faiq İbrahimovun ekspert kimi dəvət olunması, ekspertin qarşısında 01.01.2016-cı il tarixdən 30.09.2018-ci il tarixədək İddiaçı MMC-nin təqdim etdiyi avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların bazar qiymətinin müəyyənləşdirilməsi sualının qoyulması qərara alınmışdır. Qeyd olunan qərarla razı olmayan İddiaçı MMC hazırkı iddia ərizəsini tərtib etməklə (imzalamaqla), 11.09.2020-ci il tarixdə məhkəməyə göndərilməsi üçün poçta (AZ 1020) təqdim etmiş və həmin iddia ərizəsi 15.09.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən 2016-2018-ci illərə aid dövrə görə 31.08.2020-ci il tarixli N **********139528 saylı ekspertiza təyin edilməsinə dair qərar inzibati akt hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 4 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən sənəd (ekspertiza qərarı) inzibati orqanın inzibati aktı (qərarı) olmadığından birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6486/2020 nömrəli (iddia tələbinin mümkün sayılmaması barədə) qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-459/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-459/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver