Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-459/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azaldılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MTK (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faiz borcunun silinməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MTK-nın şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29.677,75 manat məbləğində göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 66.875,60 manat məbləğində vergi borcundan 5686,63 manat məbləğin DSMF-yə və 228,81 manat məbləğində borcu olması bildirilmişdir. Bu məbləğlərin böyük bir qismi cavabdehin hesabına ödənilmişdir. Yuxarıda qeyd edilən məbləğin əsası kimi vaxtında ödənilməyən vergi borcuna hesablanmış penya hesabı kimi qeyd edilir. Cavabdeh tərəfındən vergi hesablanarkən AR Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində pul tutulur. Lakin cavabdeh orqan bu maddənin tələblərini əhəmiyyətli şəkildə pozduğundan, iddiaçının hesablaşma hesabı üzərinə sərəncam qoyduğundan demək olar ki, iddiaçını iflic vəziyyətə salmışdır. Bundan əlavə, dəfələrlə cavabdeh orqana cərimənin əsassız olması barədə bildirsələr də, cavabdeh orqan məsələyə münasibət bildirməmişdir. Şəxsi hesab vərəqinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən vergi hesablanmağa başlanmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə olan borcu 105159 AZN təşkil etmişdir. Halbuki, cavabdeh tərəfindən aparılmış ödənilməmiş vergi borcuna görə hesablanmış faiz borcu heç bir sənədə əsaslanmayan məbləğ olmuş, həmin yoxlama ilə iddiaçının hesabladığı məbləğlər təkrar nəzərə alınmışdır. “Vergilərin hesablanması barədə” qərar iddiaçıya təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh orqan faiz borcunun ödənilməsi ilə bağlı iddiaçının əmlakları üzərinə həbs qoymuş və əmlakların açıq hərracdan satılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Sonda iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin hesablanmış borcun yarandığı tarixin 2009-cu ilə təsadüf etdiyindən “ümidsiz borc” kimi silinməli olduğunu bildirmişdir. Cavabdehin yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edildiyi və şəxsi hesab vərəqəsindən də göründüyü kimi iddiaçıya faiz hesablanması xx.xx.2020-ci il tarixdən başlanmışdır. Faiz hesablanmasının əsasını iddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən ilkin olaraq az bəyan edilən binanın sahəsinin sonradan artırılması olmuşdur. Belə ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin İV rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahəsinin 7149,04 kv.m olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış kameral uyğunsuzluq haqqında məktubda qeyd edilən kənarlaşma ilə bağlı hallar vergi ödəyicisinə bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmamışdır. Bununla əlaqədar vergi ödəyicisi tərəfindən 2016-cı ilin İV rübü üzrə dəqiqləşdirilmiş bəyannamə kağız formasında tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə yaranmış 110250,7 manat fərq 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə faiz hesablanmasına başlanılmışdır. Başqa sözlə, vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə qanunvericiliklə müəyyən edilmiş hər gecikdirilmiş gün üçün faiz hesablanmışdır. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. İddiaçı iddia ərizəsində faiz məbləğinin hesablanması ilə razılaşmadığını qeyd etməsinə baxmayaraq, hesablanmasının əsassızlığının nədən ibarət olmasını əsaslandırmamışdır. Halbuki, qeyd edilənlərdən aydın olduğu kimi faiz hesablanması vergi ödəyicinin özü tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi ilə bağlı olaraq həyata keçirilmişdir. Maddələrin tələbindən irəli gəlməklə, əsas vergi öhdəliyi müəyyən etmədiyindən və hər gecikdirilmiş günə münasibətdə hesablandığından faiz məbləği ilə bağlı inzibati aktın qəbul edilməsi tələb edilmir. Odur ki, iddiaçının qeyd edilən dəlili heç bir hüquqi əsasa malik deyildir. Digər tərəfdən, faiz məbləğinin hesablanması əsas vergi borcunun ödənilməsi ilə bağlı olduğundan sözügedən məbləğin silinməsi üçün əsas vergi məbləğinin silinməsi tələb edilir. Yəni, əsas vergi məbləği qüvvədə olduğu müddətdə faiz məbləğinin silinməsi əsası mövcud deyildir. Lakin işin hallarından da məlum olduğu kimi əsas vergi məbləği vergi orqanı tərəfindən həyata keçirilən hər hansı hesablama üzrə yaranmamış, məhz iddiaçının özü tərəfindən bəyan edilmiş və mübahisələndirilməmişdir. İddia predmetini təşkil edən faiz məbləğinin yaranması əsası vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşdirilmiş bəyannamədir. Yəni, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə üzrə hesablanan verginin məbləği cari bəyannamə üzrə hesablanan verginin məbləğindən daha az olduğundan faiz məbləğinin hesablanması həyata keçirilmişdir. İddiaçı həmçinin hesablanmış borcun yarandığı tarixin 2009-cu ilə təsadüf etdiyindən “ümidsiz borc” kimi silinməli olduğunu bildirmişdir. Vergi borcunun ümidsiz borc hesab edilməsi üçün qanunvericiliklə borcun vergi ödəyicisindən tutulması üzrə müddətin ötürülməsi tələb olunur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləgini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Lakin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi faiz borcunun hesablanması vergi ödəyicisinin bildirdiyi kimi 2009-cu ildən deyil, xx.xx.2020-ci il tarixdən başlanmışdır. Şəxsi hesab vərəqəsi üzrə vergi borcunun yaranması tarixindən 5 illik müddət keçmədiyindən borcun ümidsiz borc hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Digər tərəfdən, iddiaçı faiz borcunun yaranması tarixi ilə bağlı iddia ərizəsində bir-biri ilə ziddiyyət təşkil edən iki fərqli tarixə istinad etmişdir. Belə ki, iddiaçı əvvəlcə şəxsi hesab vərəqəsi üzrə borcun xx.xx.2020-ci il tarixdən hesablandığını qeyd etməsinə baxmayaraq, daha sonra borcun 2009-cu ilə aid olduğundan ümidsiz borc hesab edilərək silinməli olduğunu qeyd etmişdir. Digər tərəfdən, vergi ödəyicisinin 2013-cü ildə qeydiyyatdan keçdiyini nəzərə alınarsa, 2009-cu ildə vergi borcunun yaranması mümkün deyil. İddiaçının şəxsi hesab vərəqəsi də mübahisələndirilən faiz borcunun hesablama tarixinin başlanğıcının xx.xx.2020-ci il olduğunu təsdiq edir. Qeyd edilən hallar iddia tələbinin əsassızlığını birmənalı şəkildə təsdiq edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29.677,75 manat məbləğində göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi qanunsuz və əsassız olmaqla yanaşı, həmçinin, Vergi Məcəlləsinin 72.5 və 88-ci maddələrinin tələbləri ekspert tərəfindən nəzərə alınmamışdır. Bu barədə məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********030700 nömrəli 2-1(112)-5790/2022 saylı iş üzrə ekspert rəyinə mülahizə məhkəmə tərəfindən tam şəkildə nəzərə alınmamışdır. Nəticədə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara ümumiyyətlə məhəl qoymamış, iş üzrə hesablamanın mahiyyətinin nədən ibarət olmasını, BTFSV üzrə faiz məbləğinin hesablanması məsələlərini ümumiyyətlə araşdırmamış və tam ətraflı və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə iş üzrə düzgün olmayan və qanunsuz qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdehin apelyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1112/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-506/2023 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək 27 noyabr 2024-cü il tarixdən 04 dekabr 2024-cü il tarixədək ölkə xaricində olacağından 03 dekabr 2024-cü il tarixə təyin olunan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxışının onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarından görünür ki: - İddiaçıya aid şəxsi hesab vərəqəsindən xx.xx.2021-ci il tarixə olan çıxarışından görünür ki, iddiaçının həmin tarixə 66.814,76 manat məbləğində faiz borcu, 72.897,46 manat məbləğində ümumi borcu olmuşdur. - İddiaçıya aid şəxsi hesab vərəqəsindən xx.xx.2022-ci il tarixə olan çıxarışından görünür ki, iddiaçının həmin tarixə 66.481,64 manat məbləğində faiz borcu, 72.663,33 manat məbləğində ümumi borcu olmuşdur. - İddiaçı tərəfindən verilmiş 2016-cı ilin 4-cü rübü üçün xx.xx.2019-cü il tarixdə tərtib edilmiş dəqiqləşdirilmiş bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən 406.406,16 manat məbləğində vergi məbləği hesablanaraq bəyan edilmişdir. - Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçıya faiz hesablanması xx.xx.2020-ci il tarixdən başlanmışdır. Faiz hesablanmasının əsasını xx.xx.2017-ci il tarixdə 2016-cı ilin İV rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi üzrə yaranmış 110.250,7 manat fərq 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə faiz hesablanılmasına başlanılmış, ödəyici tərəfindən xx.xx.2020-ci ildə 105.000 manat ödəniş olmuşdur. - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli ərizələri ilə bildirilmişdir ki, 2019-cu ilin dekabr ayında təqdim etdiyi 2016-cı il üzrə dəqiqləşmiş bəyannaməyə əsasən 2016-cı ilin 4-cü rübündə bina tikintisi üzrə sadələşmiş vergi məbləğinə xx.xx.2020-ci il tarixində 104.547,63 əsas məbləğ və 74.358,97 manat faiz hesablama aparılmışdır, lakin 74.358,97 faiz məbləği Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq aparılmamışdır. 104.547,63 manat əsas məbləğ üzrə 59.1-ci maddəyə əsasən faiz ancaq 1 təqvim ili üzrə və 0,1 faiz hesablana bilər. Yuxarıda yazılanları nəzərə alınmasını və artıq hesablanmış faiz məbləğinin azaldılmasını xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən alınmış xx.xx.2022-ci il tarixli 9/2730 №-li məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatın nəticəsi olaraq İddiaçı MTK-nın faiz borcunun 29.677,75 manat məbləğində olması müəyyən olunmuşdur. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olmuşdur və sadələşdirilmiş vergi ödəyicisidir. İlk dəfə iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə 29715,05 x 10 rüb =297.150,5 manat vergi məbləği bəyan olunmuşdur. Vergi orqanının uyğunsuzluq məktubundan sonra, iddiaçının dəqiqləşdirilmiş bəyannamə təqdim etməyə cəhd göstərməsinə rəğmən, sistemdə xəta olduğundan bəyannamə sistem tərəfindən qəbul edilməyib. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə kağız daşıyıcıda bəyannamə vermiş və xx.xx.2020-ci il tarixdə həmin bəyannamə üzrə 11025,07 x 10 rüb = 110.250,7 manat vergi sistemə işlənilmişdir. Hər iki bəyannamə üzrə ödəmələrdə xeyli gecikmələr olmuş və bu səbəbdən də faizlər hesablanmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1112/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 29 və 30-cu bəndlərindən görünür ki, iddiaçının şəxsi hesab vərəqəsində ümumi faiz borcu 66814,85 manat müəyyən olunsa da, iddiaçı tələbini şəxsi hesab vərəqəsində faiz borcunun ekspert rəyinə uyğun olaraq 29677,75 manat göstərilməsi kimi dəyişdirmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi qeyri-müəyyən və qeyri-konkretdir. Belə ki, iddiaçı faiz borcunun azaldılaraq 29677,75 manat müəyyən edilməsini istəyir, lakin bunun hansı tarixə aid faiz borcu kimi göstərilməsini iddia tələbində açıqlamır. Hazırkı apelyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində 2016-cı ilin 4-cü rübünədək hesablanmış və tələb etmə müddəti keçmiş vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının 03 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında (38-43 bəndləri) həmçinin qeyd olunmuşdur ki, “... xx.xx.2017-ci il tarixdə növbəti dövr üzrə 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından, faizlərin hesablanması yenidən davam etmiş, xx.xx.2018-ci il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından borc məbləği 81611,31 manat məbləğə çatmışdır. Bundan sonra, 29615,55 manat ödəniş aparılmış, borc məbləği 63085,93 manat qalmış, faizlərin hesablanması davam etmiş, xx.xx.2018-ci il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından borc məbləği 103.907,86 manat həddə çatmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə 29615,55 manat ödəniş etmiş, borc məbləği 74292,31 manat qalmış və növbəti ödəmə müddətinədək qeyd olunan borc məbləğinə faizlərin hesablanması davam etmişdir. Analoji qaydada növbəti ödəmə müddətinədək faizlərin hesablanması aparılmış və xx.xx.2018-ci il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından, borc məbləği 115.243,86 manat təşkil etmiş, xx.xx.2018-ci ildə 29615,55 manat ödəniş edildikdən sonra borc məbləği 85628,31 manat qalmış, xx.xx.2019-cu il tarixdə 29800 manat məbləğində ödəniş olunmuş və borc məbləği 56080,31 manat qalmışdır. Bütün bu müddətlər aralığında faizlərin hesablanması davam etdirilmiş və faiz borcu 36977,72 manat həddə çatmışdır. xx.xx.2019-cu il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından borc məbləği 96765,03 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından borc məbləği 137.481,94 manat həddə çatmış, həmin tarixə faiz borcu isə 46314,26 manat təşkil etmişdir. Bundan sonra, xx.xx.2018-ci il tarixdə 29615,55 manat məbləğində ödəniş olunmuş, vergi borcu məbləği 107.866,39 manat qalmış və faizlərin hesablanması davam etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə 3500,26 manat ödəniş aparmış, bundan sonra 104446,13 manat məbləğində borc xx.xx.2020-ci il tarixədək qalmış və faizlər hesablanaraq 76804,05 manat həddə çatmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən 105000 manat məbləğində ödəniş aparılmış, əsas vergi borcu sıfırlanmış və faizlərin hesablanması dayandırılmışdır. Bundan sonra, xx.xx.2020-ci il tarixdə sərəncamla iddiaçının hesabından 9900 manat məbləğində ödəniş aparılmış və əsas vergi borcu olmadığından, həmin məbləğ faizlərdən silinmiş, ödənişdən sonra faiz borcu 66798,51 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2-1(103)-459/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2024-cü il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında (38-43 bəndləri) göstərilənlər nəzərə alındıqda hazırkı tədqiqatla iş materiallarının 30-35-ci vərəqlərində olan şəxsi hesab vərəqəsindəki hesablamalar arasında fərqlilik müəyyən olunmur. Yəni faiz borcu 66798,51 manat məbləğində müəyyən olunur. Tədqiqi hissədə göstərildiyi kimi, vergi orqanı tərəfindən hesablanmış faiz borcu 2016-cı ilin İV rübü üzrə hesablanmış BTFSV-yə görə olmuşdur. Həmçinin qeyd edilir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən 2016-cı ilin İV rübü üzrə hesablanmış BTFSV növbəti ayın 20-nə qədər verilməli idi. Bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü (hesablamaların aparıldığı dövrdə qüvvədə olan) maddəsində aşağıdakılar göstərilmişdir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Göründüyü kimi, vergi orqanı tərəfindən 2016-cı ilin İV rübü üzrə hesablanmış faiz borcunun 5 illik tutulma müddəti xx.xx.2022-ci il tarixinə qədər bitmişdir. Göstərilənlərə əsasən qeyd edilir ki, 2016-cı ilin İV rübü üzrə hesablanmış faiz borcunun 5 il ərzində tutulmasının son müddətinin iddia ərizəsinin verildiyi tarixdə keçməsi hüquqi xarakterli məsələ olduğundan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Yəni vergi orqanı tərəfindən 2016-cı ilin İV rübü üzrə hesablanmış faiz borcunun 5 il ərzində tutulmasının son müddətinin iddia ərizəsinin verildiyi tarixdə ötməsi nəzərə alındığı təqdirdə həmin faiz borcunun tələb etmə müddətinin keçməsi müəyyən olunur. Beləliklə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Vergi orqanları vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin tələbi hazırkı işə tətbiq etdikdə qeyd etmək olar ki, iddiaçıya münasibətdə 2016-cı ilin 4-cü rübünə görə hesablanmış vergi və faizlərin hesablanma və tutulma müddəti vergi orqanı tərəfindən ötürülmüşdür. Yuxarıda qeyd olunduğu kimi apelyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində 2016-cı ilin 4-cü rübünədək hesablanmış və tələb etmə müddəti keçmiş vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı MTK-nın barəsində 2016-cı ilin 4-cü rübünədək hesablanmış və tələb etmə müddəti keçmiş vergi borcunun silinməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı MTK-nın barəsində 2016-cı ilin 4-cü rübünədək hesablanmış və tələb etmə müddəti keçmiş vergi borcunun silinməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-459/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-459/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver