Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4597/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinnin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanda yerləşən mənzillərin iddiaçının mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2- 1(112)-11312/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, özünün və ailə üzvlərinin hazırda qeydiyyata olduğu və yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 129/131 saylı ünvanda yerləşən mənzilin (yaşayış evinin) 1980-ci ildə X3 tərəfindən onlara, yəni həyat yoldaşı X1 5400 manata satılmasını, iddiaçının və ailə üzvlərinin hazırda qeydiyyata olduğu və yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 129/131 saylı ünvanda yerləşən digər bir mənzilin 1983-cü ildə Əzimov Məmməd-Sadıq (Mamed-Sadıq) Bala-Qardaş oğlu tərəfindən onlara, yəni həyat yoldaşı X1 4400 manata satılmasını nəzərə alaraq həmin mənzillərin iddiaçının mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-11312/2025 saylı saylı qərardadı ilə (hakim T.R.Məlikov) iddia mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-11312/2025 saylı qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, onun və ailə üzvlərinin hazırda qeydiyyata olduğu və yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 129/131 saylı ünvanda yerləşən mənzil 1980-ci ildə X3 tərəfindən həyat yoldaşı X1 5400 manata satılmışdır. Sənədləşmə kimi 04 yanvar 1980-ci il tarixli razılaşma vardır. Alqı-satqı həyata keçirildiyi 1980-ci ildən həmin mənzil iddiaçının və ailə üzvlərinin istifadəsində olmaqla həmin mənzilin bütün komunal xərcləri tərəflərindən ödənilmişdir. X2 vəfat etmiş və alqı-satqı tamamlanılmamışdır. ünvan 2 ünvanda yerləşən digər bir mənzil isə 1983-cü ildə Əzimov Məmməd-Sadıq (Mamed-Sadıq) Bala-Qardaş oğlu tərəfindən iddiaçı və həyat yoldaşı X1 4400 manata satmışdır. Sənədləşmə kimi onlar arasında 01 sentyabr 1983-cü il tarixli razılaşma vardır. Alqı-satqı həyata keçirildiyi 1983cü ildən həmin mənzil iddiaçı və ailə üzvlərinin isitifadəsində olmaqla həmin mənzilin bütün kommunal xərcləri tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq həmin evi adına sənədləşdirə bilməmişdir. Belə ki, Əzimov Məmməd-Sadıq (Mamed-Sadıq) Bala-Qardaş oğlu vəfat etmiş və alqı-satqı tamamlanılmamışdır. 30 ildən artıq həmin evdə yaşayır və bütün kommunal xərcləri ödəyir. Əmlakların sənədləşdirilməsi tələbi ilə cavabdehə müraciət edilmiş, lakin müraciəti müsbət həll edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, “ ... inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin mümkünlük şərtlərini ödəməməsi barədə birinci instansiyası məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı eyni sənədlərə istinad etməklə, eyni iddia tələbi ilə bundan əvvəl də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-15687/2023 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardadı mübahisələndirməmiş və qərardad qanuni qüvvəsini almışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehə qarşı eyni əsaslarla, eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş qərarı ilə hüquqi qiymət verildiyindən və qeyd olunan məhkəmə aktı qərar qüvvədə olduğundan, hazırkı iddiaya yenidən baxılması istisna olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinə dair iddiasının mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-11312/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4597/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4597/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver