Məhkəmə qərarları › İş №2-1(103)-46/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-46/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-46/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh (3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X4) qarşı “kompensasiya verilməklə əmlakın boşaldılması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2- 1(81)-1476/2019 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır. Həmin ev (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 229480 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2-1(81)- 1476/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən evə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 229480 (iki yüz iyirmi doqquz min dörd yüz səksən) manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin boşaldılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2-1(81)- 1476/2019 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iştirakı olmadan işə baxılmışdır. İddiaçı yaşadığı sahənin qiymətini düzgün hesablamamış, qiyməti aşağı hesablayıblar. Həyətin ümumi ölçüsü 289,3 kv.m olduğu halda 229480 manat kompensasiya verilmişdir. Real bazar qiyməti 1 kv.m 4000-5000 manat olduğu halda 8-9 dəfə aşağı qiymət təklif edilməsi mülkiyyətində olan daşınmaz əmlakın qanunsuz olaraq zəbt edilməsi anlamına gəlir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1476/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1174/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2-1(81)-1476/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işə əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportunda yaşayış sahəsi 203,1 kv.m., 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”da isə 170,29 kv.m. göstərildiyi halda apellyasiya instansiya məhkəməsi bu ziddiyətə münasibət bildirməmiş və bununla bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd edir ki, sözügedən texniki pasportda fərdi yaşayış evinin sahəsi həyətyanı sahə ilə birlikdə 288,9 kv.m olsa da, iddiaçı tərəfindən həmin sahənin yalnız 170,29 kv.m hissəsi üçün kompensasiya təklif edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən ziddiyətlərlə bağlı dəlili irəli sürmüş, apellyasiya instansiya məhkəməsi isə cavabdehin bu dəlilinə münasibət bildirməmişdir. Bununla yanaşı, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin texniki pasporta göstərilən və iddiaçının sahibliyində olan 85 kv.m torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı bir kompensasiya təklif olunmamışdır. Halbuki, həmin torpaq sahəsi cavabdehin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ayrılmaz hissəsi olan texniki pasportunda qeyd olunmuşdur. Belə ki, işdən göründüyü kimi cavabdehin qanuni istifadəsində olan ümumi 288,9 kv.metr torpaq sahəsinin üzərində 203,1 kv.metr yaşayış sahəsi mövcuddur və 85 kv.metr boş torpaq sahəsi var. Maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hərəkətlərini təhlil etdikdə məlum olur ki, cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi. Lakin, iddiaçı həmin ödənişi kompensasiya hesablanması zamanı nəzərə almamış, beləliklə qeyd edilən normaların tələblərini pozmuş, apellyasiya instansiya məhkəməsi isə göstərilənləri nəzərə almadan iddiaçının mövqeyini əsaslı hesab etmiş və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olan texniki pasport və qiymətləndirmə hesabatı arasındakı ziddiyəti aradan qaldırmalı, fərdi yaşayış evinin və həyətyanı sahənin ümumi sahəsinin müəyyən edilməsi üçün yerli baxış keçirməli, zəruri olduqda bu məqsədlə mütəxəssis cəlb etməli, alınan sahənin həcmini dəqiq müəyyən etməli, həmçinin iddiaçı orqanın sözügedən torpağı almasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”a Azərbaycan Respublikası Qanununa və “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli və nəticədə əsaslı qərar qəbul etməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni - alan orqan İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 saylı xx.xx.2018-ci il tarixli qərarının icrası məqsədi ilə cavabdehə məxsus sözügedən yaşayış evini qiymətləndirmiş və 228480 manat məbləğində kompensasiyanı cavabdehə təklif edərək evin boşaldılmasını xahiş etmişdir. Cavabdehə məxsus və sökülməli olan ünvan 1 ünvanında yerləşən yaşayış evi cavabdehin xx.xx.2006-cı il tarixində vəfat etmiş anası X2 1987-ci il tarixindən mülkiyyətində olmuşdur. Evdə cavabdeh və ailə üzvləri qeydiyyatda olmaqla yaşayırlar. Texniki pasporta əsasən fərdi yaşayış evinin sahəsi 205 kv.m, həyəti 85.8 kv.m., cəmi 289.3 kv.m. təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinin yaşayış sahəsi 170,29 kv.metr göstərilməklə əsas sahəsi - 82.86 kv metr, köməkçi sahə - 33.52 kv metr, tavanı uçmuş giriş - 15.7 kv metr, tavanın bir hissəsi uçmuş otaq - 15.93 kv metr, tavanı uçmuş dəhliz - 14.91 kv metr, istismara yararsız dəhliz - 4.23 kv metr, istismara yararsız san. qov. - 3.14 müəyyən edilmiş sahə 228480 manata qiymətləndirilmiş, 2 aylıq kirayə və köçmək xərci 1000 manat, ümumilikdə kompensasiya məbləği cəmi 229480 manat müəyyən edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən, çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.3-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Həmin Qanunun 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hərəkətlərini təhlil etdikdə məlum olur ki, cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatda cavabdehin texniki pasporta göstərilən və sahibliyində olan 85 kv.m torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı bir kompensasiya təklif olunmamışdır. Halbuki, həmin torpaq sahəsi cavabdehin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ayrılmaz hissəsi olan texniki pasportunda qeyd olunmuşdur. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən fərdi yaşayış evinin boşaldılmasını tələb etsə də, həmin məbləğin içərisində torpaq sahəsi üçün kompensasiya nəzərdə tutulmamışdır. xx.xx.2022-ci il tarixdə aparılmış yerində baxış zamanı müəyyən edildi ki, ünvan 3 ünvanda yerləşən cavabdehə məxsus birmərtəbəli yaşayış evinin bir hissəsi tamamilə sökülmüşdür. Cavabdeh və ailə üzvləri hal-hazırda həmin evin bir hissəsində yaşayır. Yerli baxış iclasında iştirak edən cavabdeh özlərinin həmin evdə yaşaya-yaşaya söküldüyünü və bu barədə video çəkilişlər apardığını bildirdi. Cavabdeh həmçinin qeyd etdi ki, reyestr xidmətindən gəlib ölçülən zaman evin 305 kv.m. olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2-1(81)-1476/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2-1(81)- 1476/2019 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar