Məhkəmə qərarları › İş №2-1(103)-46/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-46/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-46/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11994/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Səbail RİHB) 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Səbail RİHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə ona fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 600 kv. m. torpaq sahəsi ayrılmışdır. Badamdar qəsəbə nümayəndəsi tərəfindən 48 saylı, xx.xx.2004-cü il tarixli cizgi tərtib olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi yuxarda göstərilən torpaq sahəsini qeydiyyata almaqdan imtina edir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Sonradan iddiaçının nümayəndəsi X4 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Səbail RİHB-nın 02 avqust 1994-cü il tarixli 2551 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsində ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi şübhə doğurduğundan idarə tərəfindən Səbail RİH-nə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq yerləşmə cizgisinin aşkar olunmadığı bildirilmişdir. Sözügedən torpaq sahəsinin sərhədləri şərtidir və mərzçəkmə və hasarlanma işləri aparılmamışdır. Eyni zamanda elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət əmlakı ilə həmsərhəddir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahəyə yol digər qonşu sahədəndir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin çox hissəsi X1 (fin: 123XS67) və X3 (fin: 126Z8AS) adına qeydiyyatdan keçmiş **********38- 10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun baş planında qeyd olunan sahə ilə üst- üstə düşür və göstərilən torpaq sahəsinə yol bu sahədəndir. Həmçinin təqdim edilən yerləşmə cizgisində istinadlar, istinad məsafələri və qeyd edilməmiş və torpaq sahəsinə dair yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya müvafiq cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. 1991-2000-ci il tarixlərində qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11994/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 avqust 1994-cü il tarixli 2551 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsində ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı iş üzrə torpaq sahəsi ilə bağlı iddia tələbinin 591 kv.metr kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11994/2023 nömrəli qərarı dəyişdirilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-05902/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Səbail RİHB-nın “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” 2551 №-li, 2 avqust 1994-cü il tarixli sərəncamından (çıxarışdan) müəyyən olunur ki, Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün İddiaçı 600,0 (altı yüz) kv. m. torpaq sahəsi ayrılmışdır. -Səbail RİHB-nın 5-19/2-2/10-1341/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Səbail RİHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s) RİH-nin arxivində aşkar edilməmişdir. -DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********43 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/m sahəsində yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 600,0 kv.m., faktiki sahəsi 630,0 kv.m. təşkil edir, 30,0 kv.m artıq sahə qeyd olunmuşdur. Ərizəçinin nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsi bir tərəfdən hasar təməli, bir tərəfdən metal löhvə və daş hasarla, dörd tərəfdən isə daş hasar və qonşu tikilinin çöl divarı ilə sərhədlənib. Qonşu sahələr və dalan yolu ilə əhatə olunub. Torpaq sahəsi üzərində tikili yoxdur. Göstərilən sahənin faktiki yerləşməsinə dair koordinatı baxılması üçün akta əlavə olunmuşdur. -Səbail rayon İHB-nın 2551 №-li, xx.xx.1994-cü il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 4 döngə, 671 №-li torpaq sahəsinin yerləşmə cizgisi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində Nümayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq olunmuşdur. -Səbail rayon İH tərəfindən Zahid İbrahimova ünvanlanmış (iddiaçının nümayəndəsi) 10-İ- 79/2-091/2-t/1; İ-79/3-091/3 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Səbail rayon İHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsinin cizgisində mexaniki səhvin düzəlişinə köməklik göstərilməsi barədə müxtəlif instansiyalardan Səbail RİH-yə daxil olmuş müraciətlərinə baxılmışdır. Sözügedən Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem v s.) Səbail RİH-nin arxivində aşkar edilməmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2692/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail RİH-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail RİHB-nın 2251 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin plan və ölçü sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2692/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail RİHB-nın 02 avqust 1994-cü il tarixli 2551 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi öhdəliyinin cavabdeh Səbail RİHyə həvalə edilməsi qərara alınmışdır. - Səbail RİH tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə Xidmət) ünvanlanmış 2/10-İ78-016 saylı, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Səbail RİH-yə İ-78-016 saylı, xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Səbail RİHB-nın 2251 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq olunmasını xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin iş № 2-1(112)- 2962/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Səbail RİHB-nın 02 avqust 1994- cü il tarixli, 2551 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi öhdəliyinin Səbail RİH-yə həvalə edilmişdir. Sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair plan-ölçü sxeminin təsdiq olunması yerli İH-nin səlahiyyətləri xaricində olduğundan qaldırılan məsələnin həlli istiqamətində lazımi köməkliklərin göstərilməsi məqsədilə sənədlər aidiyyəti Xidmətə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2692/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadının 1-ci səhifəsinin 3-cü və 4-cü abzasında qərarın qanuni qüvvəsini aldığı və icra olunması üçün cavabdehə göndərildiyi, məhkəmə qərarı könüllü icra müddətində cavabdeh tərəfindən icra edilmədiyindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra olunması üçün Bakı şəhəri Səbail rayon icra şöbəsinə göndərildiyi qeyd olunmuşdur. - ünvan 2 ünvanında qeydiyyatda olan X5 tərəfindən ünvan 3 ofisində təsdiqlənmiş **********361 saylı ərizədə qeyd olunmuşdur ki, Səbail RİH-nin 2551 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi ünvanında yerləşən 600 kv.m., torpaq sahəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyata alınmasına etiraz etmir. - Ərizəyə əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 1-ci massiv, ev 428 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar Şossesi 96) ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 305,90 kv.m. fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydə alınmışdır. - ünvan 6 ünvanında qeydiyyatda olan X4 və X7 tərəfindən ünvan 3 ofisində təsdiqlənmiş **********258 saylı və **********259 ərizədə qeyd olunmuşdur ki, Səbail RİH-nin 2551 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi ünvanında yerləşən 600 kv.m., torpaq sahəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyata alınmasına etiraz etmirlər. - Ərizəyə əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 464 kv. m. fərdi yaşayış evinin 6 otaq y/s-121.6 kv.m, k/s-110,6 kv.m hissəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1, 6 otaq y/s- 121 kv.m., k/s-110.6 kv.m. olan hissəsi xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydə alınmışdır. - **********34 №-li, xx.xx.2019-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması barədə” bildirişdə (surəti) qeyd olunmuşdur ki, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Tərəfindən təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi şübhə doğurduğundan idarə tərəfindən Səbail RİH-nə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq yerləşmə cizgisinin aşkar olunmadığı bildirilmişdir. Sözügedən torpaq sahəsinin sərhədləri şərtidir və mərzçəkmə və hasarlama işləri aparılmamışdır. Eyni zamanda elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət torpağıdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə hesab etmişdir ki, “iddiaçıya məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Səlahiyyətli dövlət orqanı tərəfindən sözügedən 600 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsinə iddia edən yox, bu torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi mövcud deyildir, başqa sözlə torpaq sahəsinin iddiaçıya məxsus olması heç bir şübhə doğurmur.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə qismən razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10.həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırkı işin hallarından görünür ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Səbail RİHB-nın “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” xx.xx.1994-cü il tarixli, 2551 saylı sərəncamı əsasında onun mülkiyyətinə verilmişdir. Bununla bağlı, RİHB-nin Badamdar qəsəbə nüayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixdə, Səbail RİHB-nın xx.xx.1994-cü il tarixli, 2551 saylı sərəncamı ilə Badamdar qəsəbəsində iddiaçının adına ayrılmış 600 kv.m-dən ibarət torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi tərtib edilərək, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Bundan əlavə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Səbail RİH-yə 2251 saylı, xx.xx.1994-cü il tarixli sərəncam əsasında İddiaçı ayrılmış mübahisəli torpaq sahəsinin plan və ölçü sxeminin verilməsi vəzifəsi həvalə olunmuşdur. İddiaçıya məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Səlahiyyətli dövlət orqanı tərəfindən sözügedən 600 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsinə iddia edən yox, bu torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi mövcud deyildir, başqa sözlə torpaq sahəsinin iddiaçıya məxsus olması heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin 2- 1(103)-1174/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Hazırkı iş üzrə İddiaçı Bakı şəhəri Səbail RİHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsinin faktiki yerləşmə ölçülərinə uyğun olaraq sahəsi nə qədərdir?

2. Hazırkı iş üzrə İddiaçı Bakı şəhəri Səbail RİHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsi faktiki yerləşməsinə uyğun olaraq digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü? AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 10/2692№-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İlkin İmanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Qərardadın birinci sualı üzrə Göstərilən torpaq sahəsi faktiki olaraq 591.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın ikinci sualı üzrə İddiaçı Bakı şəhəri Səbail RİHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış ümumi sahəsi 600 kv.m olan (faktiki olaraq 591.0 kv.metr) torpaq sahəsi faktiki yerləşməsinə uyğun olaraq digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.” Təqdim edilmiş ekspert rəyindən görünür ki, iddiaçının hazırkı iş üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb etdiyi torpaq sahəsi faktiki olaraq 591.0 kv.m olmaqla digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. AR İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla əlaqədar olaraq işin hazırkı apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 591 kv. metr olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan ölçünün verilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Beləliklə, hazırkı işin hallarından 591 kv.m. torpaq sahəsinin iddiaçıya ayrılması və həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin mövcud olmaması müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının (2- 1(102)-1013/2023 №li xx.xx.2023-cü il tarixli qərar (reyestrdən çıxarışın verilməsi) hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplər ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların Konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-427/2023 nömrəli 27 aprel 2023-cü il tarixli qərarı)”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hazırkı iş üzrə daşınmaz əmlakın dövlət qeydiyyatından imtinasının əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin dəqiqləşdirilmiş iddia tələbi nəzərə alınmalı və Səbail RİHB-nın 02 avqust 1994-cü il tarixli 2551 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsində ümumi sahəsi 591 kv. metr olan torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11994/2023 nömrəli qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11994/2023 nömrəli qərarı dəyişdirilsin. Bakı şəhəri Səbail RİHB-nın 02 avqust 1994-cü il tarixli 2551 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsində ümumi sahəsi 591 kv. metr olan torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar