Məhkəmə qərarları › İş №2-1(103)-460/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-460/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-460/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 11 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində Oğuz rayonunun Filfilli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1084/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 24.12.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 20 yanvar 2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin birdəfəlik verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, xx xxxxxx 1961-ci il tarixdə Oğuz rayonunun Filfilli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 04 yanvar 1982-ci il tarixdən başlamışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna yazılı müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən əmək kitabçasında qeyd olunan 09.09.1997-29.08.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İB-nin 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Qeyd edir ki, o, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 02 iyul 2019-cu il tarixli arayışını idarəyə təqdim etmişdir. Hansı ki həmin arayışda onun 09.09.1997-ci il tarixdən 01 avqust 2002-ci il tarixədək quraşdırıcı peşəsində işləməsi öz əksini tapmışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun imtinası əsassızdır və qanuna ziddir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən 20 yanvar 2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1084/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 20.01.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, ödənilməmiş fərqin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 02.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1084/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 13.05.1996-29.08.1997, 09.09.1997-01.12.1999-cu illər ərzində işlədiyi peşə olan “quraşdırıcı-çilingər” peşəsi yuxarıda qeyd edilən qərarın müvafiq bölməsində mövcud deyildir. Qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və hidqoaqreqatların quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri və vəkilləri X3 və X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1084/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Oğuz rayonunun Filfilli kəndində doğulmuşdur. - iddiaçıya məxsus AT-İİİ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 18.10.1979-cu ildən 01.12.1981-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. 04.01.1982-ci ildə Dəmirçi sexinə 3-cü dərəcəli nəqliyyat ilə mal nəql edən işinə qəbul edilmişdir. 14.02.1983-cü ildə RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 06.04.1983-cü ildə 2 saylı Bakı Sahəsinə 2-ci dərəcəli izolyasiyaçı işinə qəbul olunmuşdur. 08.06.1984-cü ildə öz xahişi ilə Omsk şəhərinə dəvət olunması ilə əlaqədar azad olunmuşdur. 12.07.1984-cü ildə X1ma İdarəsinə qazma avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. 24.07.1985-ci ildə qazma avadanlığının xidməti üzrə çilingər işi üzrə 4-cü dərəcəsi verilmişdir. 04.11.1987-ci il də Bakı Dərin Özülləri Zavoduna köçürülməsi yolu ilə əlaqədar işdən azad edilib. 16.11.1987ci ildə köçürülmə yolu ilə Qaz Sənayesi Nazirliyinin Dayaq hissələrinin hazırlanması üzrə Bakı Stasionar Dərin Özülləri Zavodunun TQİ-nin 4 saylı sahəsinə 4-cü dərəcəli m/k quraşdırıcı işinə qəbul edilmişdir. 25.04.1988-ci ildə “Şelflayihə-Tikinti” İstehsalat Layihə- Tikinti Birliyinin 22.04.1988-ci il tarixli, 1 saylı əmrinə müvafiq olaraq BSDÖZ TQİ adı dəyişdirilərək “Şelf Layihə-Tikinti” İstehsalat Layihə-Tikinti Birliyinin 1 saylı TQİ adlandırılmışdır. 30.04.1988-ci ildə 17.09.1986-cı il tarixli, 1115 saylı Sov.İKP və ÜHİMŞ-in qətnaməsinə uyğun olaraq əməyin ödənilməsi üzrə yeni şərtlərinə keçirilib. 30.04.1988-ci ildə “Şelf Layihə-Tikinti” İstehsalat Layihə-Tikinti Birliyinin 22.04.1988-ci il tarixli, 1 saylı əmrinə əsasən “Şelf Layihə-Tikinti” İstehsalat Birliyinin 2 saylı TQİ köçürülmə yolu ilə azad olunub. 01.05.1988-ci ildə “Şelf Layihə-Tikinti” İstehsalat Birliyinin 1 saylı TQİ köçürülmə yolu ilə 1 saylı sahəyə 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. 01.08.1990-cı ildə metal konstruksiyalarının quraşdırıcısı işi üzrə 5-ci dərəcəsi verilmişdir. 01.03.1991-ci ildə liftçi ixtisası verilmişdir. 01.09.1993-cü ildə metal konstruksiyalarının quraşdırıcısı işi üzrə 6-cı dərəcəsi verilmişdir. 11.05.1996-cı ildə müqavilə üzrə iş müddətinə “xxxx” Birgə Müəssisəsinə köçürülmə yolu ilə müvəqqəti işdən azad olunmuşdur. 13.05.1996-cı ildə köçürülmə yolu ilə 4-cü dərəcəli çilingər-quraşdırıcı işinə qəbul olunmuşdur. 28.08.1997-ci ildə çilingər-quraşdırıcı işi üzrə 5-ci dərəcəsi verilmişdir. 29.08.1997-ci ildə əvvəlki iş yerinə köçürülmə yolu ilə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad olunmuşdur. 09.09.1997-ci ildə köçürülmə yolu ilə 6-cı dərəcəli çilingər-quraşdırıcı işinə qəbul olunmuşdur. 01.12.1999-cu ildə bağlanmış əmək müqaviləsi № 48 əsasən 1-ci sahəyə 6-cı dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. 01.08.2002-ci ildə Azərbaycan Respublikası ƏM-nin 65-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 noyabr 2019-cu il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir- beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və hidroaqreqatların quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi 14 yanvar 1982-ci il tarixli, AT-İİİ ******* nömrəli əmək kitabçasında qeyd olunan 09.09.1997-01.08.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İB-nin 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdırıcıçilingər peşəsi yuxarıda qeyd olunan sahəyə aid olmadığı, həmin səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi bildirilmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna sorğu ünvanlanaraq, “xxxx” Birgə Müəssisəsi ilə bağlı məlumatları (arxivə sənədlərin təhvil verilib-verilməməsi), hazırda fəaliyyət göstərib-göstərməməsi, nə vaxtdan fəaliyyət göstərməməsi, iddiaçının həmin müəssisədə 12.05.1996-cı il tarixdən 29.08.1997-ci il tarixədək işlədiyi peşələr və işlədiyi dövrlər barədə məlumatları, eyni zamanda iddiaçının həqiqətən quraşdırıcı-çilingər və ya quraşdırıcı peşələrində işləməsi ilə bağlı olan məlumatları, quraşdırıcı-çilingər və ya quraşdırıcı peşələrinin eyni işlə bağlı olub-olmaması, bu peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına daxil olub-olmaması ilə bağlı olan məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən “xxxx” MMC-yə sorğu ünvanlanaraq, iddiaçının işlədiyi quraşdırıcı və quraşdırıcı-çilingər peşəsinin eyni işlə bağlı olub-olmaması, bu peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına daxil olub-olmaması ilə bağlı olan məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış 27.04.2021-ci il tarixli, SOCAR**********30480092X00005 saylı cavab məktubunda qeyd edilmişdir ki, “Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun arxivinə “xxxx” Birgə Müəssisəsinə aid heç bir sənəd təhvil verilməmişdir. Bu müəssisənin hansı dövrlərdə fəaliyyət göstərməsi və halhazırda fəaliyyət göstərib göstərməməsi ilə bağlı heç bir məlumata da malik deyillər. Odur ki, vətəndaş İddiaçı həmin müəssisədə 12.05.1996-cı ildən 29.08.1997-ci ilədək hansı peşələrdə işləməsi barədə məlumat yoxdur. Bildirmişlər ki, “quraşdırıcı çilingər” və “quraşdırıcı” peşələri üzrə yerinə yetirilən işlər metalkonstruksiyaların quraşdırılması üzrə texnoloji prosesin tərkib hissələridir. SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəsisəsi tərəfindən “quraşdırıcı çilingər” və “quraşdırıcı” peşələri eyni dərəcədə zərərli iş kimi qiymətləndirilmiş və bu peşələrdə işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında ” 22.08.2002-ci il tarixli 137 №-li qərarına əsasən tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənilmişdir. Yalnız “quraşdırıcı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-cü il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxil edilmiş, “quraşdırıcı çilingər” peşəsi isə bu siyahıya daxil edilməmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 07 iyun 2021-ci il tarixli, SOCAR**********30020123X00004 saylı cavab məktubu ilə İddiaçı üçün tələb olun arxiv sənədlərinin təsdiqlənmiş surətləri göndərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsası kimi iddiaçının 09.09.1997-01.08.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İB-nin 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı-çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə (29) aid olmaması olmuşdur. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış 27.04.2021-ci il tarixli, SOCAR**********30480092X00005 saylı cavab məktubunda SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəsisəsi tərəfindən “quraşdırıcı çilingər” və “quraşdırıcı” peşələri eyni dərəcədə zərərli iş kimi qiymətləndirildiyi və bu peşələrdə işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında ” 22.08.2002-ci il tarixli 137 №-li qərarına əsasən tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənildiyi qeyd edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 07 iyun 2021-ci il tarixli, SOCAR**********30020123X00004 saylı cavab məktubuna əlavə edilmiş, 08.05.1996-cı il tarixli, 35/k saylı ; 09.09.1972-ci il tarixli, 72/k saylı və 01.08.2002-ci il tarixli, 75/k saylı əmrlərin təsdiq edilmiş surətlərindən göründüyü kimi iddiaçının vəzifəsi “quraşdırıcı” olmuşdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Qeyd olunmalıdır ki, bu arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının çalışdığı “quraşdırıcı” peşəsinin əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş Arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi “quraşdırıcı” peşəsi həmin Siyahıda qeyd olunan “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə bərabər tutulması və iddiaçının tələb olunan 12 il 06 aylıq güzəştli iş stajına malik olması müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1084/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1084/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar