Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-460/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X10 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" məhdud məsuliyyəli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-231/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, “1200” saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv. metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-231/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar ekspertizanın təyin edilməsi və keçirilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət verilmişdir. Beləki, tərəflərindən müqavilə əsasında «X4» MMC-nin hazırkı mübahisə üzrə müvafiq 15 sentyabr 2021-ci il tarixli, «508» saylı mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində İddiaçı faktiki istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinin natura üzrə koordinatlarının ərazinin elektron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üstüstə duşməməsi müəyyən olunmuşdur. «X4» MMC- nin göstərilən rəyi vəsatətə əlavə olunsa da məhkəmə heç bir əsas olmadan vəsatətlərini təmin etməmişdir. Birinci instansiya məhkəməsi, vəsatətlərini tam qanuni və əsaslı olduğundan təmin etməli və iş üzrə təkrar ekspertiza təyin etməli idi. Əgər vəsatət təmin olunsaydı və təkrar ekspertiza keçirilsəydi iddianın rədd olunması barədə qərarın çıxarılması mümkün olmayacaqdı. Bu səbəbdən iş üzrə apellyasiya instansiya məhkəməsində təkrar ekspertiza təyin olunmalı və iş üzrə yeni ekspert rəyi alınmalıdır. Apelyasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki iclaslarda iştirak edən iddiaçı tərəf qərarın qanunsuz və əsassız olduğunu, bu səbəbdən də ləğv edilərək iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan sənədlər : - Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş “fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 13 avqust 1999-cu il tarixli 1200 №-li sərəncamın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. - İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********45 №li xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir. Həmçinin əlavə olunmuş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyatı yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - DƏDRX 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********55 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair X2, X7 və X1 Səbail Bələdiyyəsi tərəfindən verilmiş qərarları mövcud olsa da, dövlət reyestrində qeydiyyatı aparılmadığı üçün müvafiq sənəd surətlərin təqdim edilməsi mümkün olmamışdır. - Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 002/32 saylı cavab məktubunda bildirilmişdir ki, mübahisəli torpaq sahəsinə dair X2, X7, X1 və İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı bələdiyyə qərarlarının verilməsinə dair sənədlər barədə heç bir məlumat yoxdur. Badamdar Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********48 №li məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Bakı şəhər İca Hakimiyyəti (“İcarəyə verən”) ilə "xxxx" MMC (“İcarəçi”) arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 195 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı və xx.xx.2004-cü il tarixli 11760 №li inşaat pasportu əsasında Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal hissəsində ayrılmış torpaq sahəsinə dair 06.09.205-ci il tarixli 0594 №li torpaq icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci maddəsinə əsasən 50.000 (əlli min) kv. metr torpaq sahəsi “İcarəçiyə” 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 04/232 sayla xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktı”; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən isə xx.xx.2006-cı il tarixdə **********1000001 №li Torpaq sahəsinin Kadastr Planı hazırlanmışdır. Beləliklə işin müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv. metr torpaq sahəsi onun adına ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrindən müvafiq çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müraciətin təmininindən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olması, eyni zamanda elektron kodastr baza məlumatlarına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyatı olmadığı və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşməsi səbəbindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ məhkəmə tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/2893 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 iyun 2021-ci il tarixli, **********52 №li mütəxəssis rəyinə əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13 avqust 1999-cu il tarixli 1200 №li sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı apelyasiya şikayətində tərəflərindən müqavilə əsasında «X4» MMC-nin hazırkı mübahisə üzrə müvafiq 15 sentyabr 2021-ci il tarixli, «508» saylı mütəxəssis rəyinin alındığını, həmin mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində İddiaçı faktiki istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinin natura üzrə koordinatlarının ərazinin elektron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üst-üstə duşməməsinin müəyyən olunduğunu bildirmişdir. Belə ki, iş materiallarında olan «X4» MMC-nin hazırkı mübahisə üzrə müvafiq 15 sentyabr 2021-ci il tarixli, «508» saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, X5 faktiki istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsinin və İddiaçı faktiki istifadəsində olan 0.06 ha təşkil edən həyətyanı torpaq sahəsinin natura üzrə kordinatlarının ərazinin elektron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərtib edilən mütəxəssis rəyinə əlavə olunan, mübahisəli torpaq sahələrinin yerləşmə sxemində göstərilən torpaq sahələrinin yerləşmə sxemində göstərilən torpaq sahələrindən 88.7 metr qərb tərəfdə yerləşir. Daha sonra məhkəmə kollegiyası tərəfindən mütəxəssis rəyinin verilməsi üçün X9 və Ekspertiza Mərkəzinə müraciət olunmuş və sonuncu tərəfindən məhkəməyə ünvanlanan 02 fevral 2022-ci il tarixli, 30 nömrəli rəydə qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13 avqust 1999-cu il tarixli 1200 nömrəli sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinin naturada yerləşdiyi yer müəyyən edilmiş, həmin yer həm faktiki olaraq naturada, həm də kadastr məlumatlarına əsasən başqa fiziki və ya hüquqi şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, ilk mütəxəssis rəyində mübahisəli torpaq sahələrinin yerləşmə sxemində göstərilən torpaq sahələrindən 88.7 metr qərb tərəfdə yerləşdiyi, digər mütəxəssis rəyinə əlavə edilmiş ortofodan isə 40 metr kənarda yerləşdiyi görünür. Məhkəmə kollegiyasının iclası zamanı mütəxəssis tərəfindən verilən izahatdan aydın olmuşdur ki, mübahisəli torpaq sahəsinin ayrıc aktı mövcud olmadığından, həmin torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi mümkün olmaduğundan, iddiaçı tərəfin göstərdiyi yerin kordinatlarının götürülmüş, ölçülər faktiki yerə görə verilmişdir. Həmçinin iş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə cizgisi ilə mütəxəssis tərəfindən təqdim edilən ortofotoya qarşılıqlı baxış keçirildiyi zaman ikisi arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir (məs: Cizgidə ərazidən yol keçdiyi göstərilir, lakin həmin ərazidə yol yoxdur və s.). Beləliklə, hər iki mütəxəssis rəyindən («X4» MMC-nin hazırkı mübahisə üzrə müvafiq 15 sentyabr 2021-ci il tarixli, «508» saylı mütəxəssis rəyindən, X9 və Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan 02 fevral 2022-ci il tarixli, 30 nömrəli mütəxəssis rəyindən) aydın olur ki, qeyd edilən rəylər iş materiallarında olan sənədlərə uyğun olaraq deyil, iddiaçı tərəfin göstərdiyi faktiki yerə görə araşdırma aparılaraq verilmişdir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış ekzpertiza zamanı da iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə bağlı əraziyə baxış kecirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Görünən hal ondan ibarətdir ki, iddiacı ekspertiza rəyi ilə tanış olmuş, naturada göstərdiyi torpaq sahəsinin "xxxx" MMC-yə aid torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi ona məlum olduqdan sonra digər boş torpaq sahələrini göstərməklə müsbət mütəxəssis rəylərinin alınmasına nail olmuşdur. Belə olaan halda, «X4» MMC və X9 və Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/2893 saylı ekspert rəyini mötəbər hesab edərək, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin qanuni əsaslara söykəndiyini və birinci instansiya məhkəməsinin nəticəsinin haqlı olduğu qənaətindədir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-231/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vüsalə Baxışova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-460/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-460/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver