Məhkəmə qərarları › İş №2-1(103)-4605/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4605/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4605/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Qasımov Vidadi Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin təmir emalatxanasının rəisi vəsifəsində çalışır. İddiaçı Əliyev X3 və Hərbi Səfərbərlik Xidmətinin Xətai rayon idarəsinin çağırışı ilə səfərbərlik dövrü ərzində istifadəsi nəzərdə tutulan və cəbhə bölgəsinə ezam olunan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, müxtəlif vaxtlarda 1 saylı təmir emalatxanasının rəisi kimi şəxsən özü, 1 saylı təmir emalatxanasının avtomobillərin təmiri üzrə çilingərləri X6, X7, X4, X8 və sürücü X2, Cəbrayıl, Şuşa, Qubadlı, Tərtər, Bərdə, Gəncə rayonlarına ezam olunmuşlar. Qarabağın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edərək, nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərmişlər. İddiaçı xx.xx.2020-ci il tarixdə, Qubadlıda zəhərlənmiş, sağlamlığında müəyyən fəsadlar yaranmış və hal-hazırda vəziyyəti kafidir. "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət olunmuş, lakin iddiaçının ərizəsini qəbul etməmişlər. İddiaçı xx.xx.2024- cü ildə ərizəni poçt vasitəsi ilə göndərmək məcburiyyətində olmuşdur. İddiaçı dəfələrlə cavabdeh inzibat orqandan göndərdiyi ərizəyə münasibət bildirilməsini tələb etsə də, cavabdeh inzibati orqan bu günə kimi iddiaçıya rəsmi cavab verməmişdir. Cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) qanunsuz və əsassızdır. Bu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli 14-2-18-1/2-235/2025 nömrəli məktubuna əlavə edilmiş “Socar” Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 539-e ünvanlı əmrində qeyd edilmişdir ki, səfərbərlik və hərbi səfərbərlik xidmətinin Xətai rayon idarəsinin çağırışı ilə səfərbərlik dövrü ərzində istifadəsi nəzərdə tutulan və cəbhə bölgəsinə ezam olunan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərilməsi ilə əlaqədar olaraq baş mühəndis Tariyel Qorçiyevin xx.xx.2020-ci il tarixli 2614 saylı təqdimatını nəzərə alaraq 1 saylı təmir emalatxanasının rəisi İddiaçı, 1 saylı təmir emalatxanasının avtomobillərin təmiri üzrə çilingləri X6 və X9 20-xx.xx.2020-ci il tarixlərdə 3 (üç) gün müddətinə Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Bərdə, Cəbrayıl, Tovuz rayonlarına ezam olunması əmr edilmişdir. - xx.xx.2025-ci il tarixli 14-2-18-1/2-235/2025 nömrəli məktubuna əlavə edilmiş “Socar” Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 634-e ünvanlı əmrində qeyd edilmişdir ki, Respublikada elan edilmiş qismən hərbi səfərbərlik ilə əlaqədar Baş mühəndis Tariyel Qorçiyevin 2920 saylı xx.xx.2020-ci il tarixli təqdimatını və sifarişçi təşkilatın tələbatını təmin etmək məqsədi ilə 1 saylı təmir emalatxanasının rəisi İddiaçı, 1 saylı təmir emalatxanasının avtomobillərin təmiri üzrə çilingərləri X9 və X4 14-xx.xx.2020-ci il tarixlərdə 3 (üç) gün müddətinə Ağcabədi, Şuşa, Qubadlı rayonlarına ezam olunması əmr edilmişdir. - Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2024-cü il tarixli 3- 25-2/2-Ə-112xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı komissiya tərəfindən imtinası və müraciəti yoxdur. - Müdafiə Nazirliyi şəxsi heyət baş idarəsinin xx.xx.2025-ci il tarixli 14/2-2413/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2025-ci il tarixli iclasında baxılmış, təqdim olunmuş sənədlərə əsasən SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin mexaniki vəzifəsində işləyən vətəndaş İddiaçı “Vətən müharibəsi” dövründə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirmək məqsədi ilə ezamiyyət olunmasına dair məlumatlar olmadığına Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. - xx.xx.2025-ci il tarixli 701 nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Bərdə, Cəbrayıl, Tovuz rayonlarına xx.xx.2020-ci il tarixədək ezam edilmişdir. - “Socar” Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 634-e ünvanlı əmrinə əsasən Respublikada elan edilmiş qismən hərbi səfərbərlik ilə əlaqədar Baş mühəndis Tariyel Qorçiyevin 2920 saylı xx.xx.2020-ci il tarixli təqdimatını və sifarişçi təşkilatın tələbatını təmin etmək məqsədi ilə 1 saylı təmir emalatxanasının rəisi İddiaçı, 1 saylı təmir emalatxanasının avtomobillərin təmiri üzrə çilingərləri X9 və X4 14- xx.xx.2020-ci il tarixlərdə 3 (üç) gün müddətinə Ağcabədi, Şuşa, Qubadlı rayonlarına ezam olunması əmr edilmişdir. - “Socar” Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 539-e ünvanlı əmrinə əsasən səfərbərlik və hərbi səfərbərlik xidmətinin Xətai rayon idarəsinin çağırışı ilə səfərbərlik dövrü ərzində istifadəsi nəzərdə tutulan və cəbhə bölgəsinə ezam olunan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərilməsi ilə əlaqədar olaraq baş mühəndis Tariyel Qorçiyevin xx.xx.2020-ci il tarixli 2614 saylı təqdimatını nəzərə alaraq 1 saylı təmir emalatxanasının rəisi İddiaçı, 1 saylı təmir emalatxanasının avtomobillərin təmiri üzrə çilingləri X6 və X9 20-xx.xx.2020-ci il tarixlərdə 3 (üç) gün müddətinə Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Bərdə, Cəbrayıl, Tovuz rayonlarına ezam olunması əmr edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və məhkəmə sorğusu əsasında əldə edilən sənədlərə əsasən SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin mexaniki vəzifəsində işləyən İddiaçı “Vətən müharibəsi” dövründə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirmək məqsədi ilə ezamiyyət olunmasına dair məlumat aşkar edilmədi. İddiaçının təqdim etdiyi ezamiyyət vəsiqəsindən görünür ki, onun təyinat məntəqəsinə gəlməsi X13 İstismar İdarəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar