Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4607/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X2 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-7791/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m. torpaq sahəsi və inşa edilmiş 298,7 kv.m. 1 mərtəbəli mansardlı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciət, cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin inşa edilməsi üçün X1 “Vətəndaşların fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 05 dekabr 2000-ci il tarixli 04 nömrəli qərarına əsasən ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində əvvəllər mövcud olmuş ümumi sahəsi 46,80 kv.m. olan birmərtəbəli 31 saylı fərdi yaşayış evinin sökülərək, əvəzində yeni inşa edilmiş ümumi sahəsi 298,7 kv.m. olan yeddi yaşayış otağından ibarət bir mərtəbəli və mansardlı 31 saylı fərdi yaşayış evi üzərində tam xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, İddiaçı fərdi yaşayış evinin inşa edilməsi üçün X1 05 dekabr 2000-ci il tarixli 04 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində yeni inşa etdiyi ümumi sahəsi 298,7 kv.m olan yeddi yaşayış otağından ibarət bir mərtəbəli və mansardlı 31 saylı fərdi yaşayış evi üzərində tam xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində daimi istifadəsində olan 0,0068 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində inşa etdikləri, tam xüsusi mülkiyyətində olan ümumi sahəsi 46,80 kv.m-dən ibarət birmərtəbəli 31 saylı fərdi yaşayış evində yaşayırdılar. Həmin fərdi yaşayış evinin ailə üzvlərinin yaşamaları üçün çox darısqal olduğuna görə 2023-cü ildə tamamilə sökülmüş, əvəzində ümumi sahəsi 298,7 kv.m. olan yeddi yaşayış otağından ibarət 1,235 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində yerləşən yeni bir mərtəbəli və mansardlı fərdi yaşayış evi tikilmişdir və hal-hazırda orada yaşayırlar. Fərdi yaşayış evinin yerləşdiyi 1235 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin 680 kv.m. hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********41- 10301, qeydiyyat tarixi isə xx.xx.2023-cü il olan çıxarışa əsasən o İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınsa da, qalan 555 kv.m. hissəsi Bilgəh bələdiyyəsinə məxsusdur. Qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Yenə həmin Qanunun 7.3-cü və 7.3.1-ci maddələrinə görə bələdiyyə torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına haqqı ödənilməklə xüsusi mülkiyyətə verilir. Yuxarıda adıçəkilən çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici ilkin arxiv sənədlərinin surətləri sorğu əsasında cavabdeh inzibati orqan 1 saylı Bakı Ərazi İdarəsindən əldə ediləndə məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi istifadəsində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin ölçüləri rəsmi sənəddə olduğundan az göstərilmişdir. “Vətəndaşlara fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılması haqqında” X1 14 nömrəli xx.xx.2002-ci il tarixli qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.2000-ci il tarixli 04 nömrəli protokoluna əsasən vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Bilgəh qəsəbə ərazisindən 10,5 ha torpaq sahəsi ayrılmışdır. Bununla da təsdiq edilir ki, sökülən 31 saylı fərdi yaşayış evinin əvəzinə yeni inşa edilən fərdi yaşayış evinin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində daimi istifadəsində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin ölçüsü 0.0068 ha deyil, 10,5 ha təşkil edir. Lakin, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********41-10301, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində İddiaçı tam xüsusi mülkiyyətində olan 31 saylı fərdi yaşayış evinin 0.0068 ha torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas hesab olunur. Hazırkı vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində İddiaçı tam xüsusi mülkiyyətində olan 31 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.0068 ha ölçüdə deyil, 1050,0 kv.m. ölçüdə olmalı, bu səbəbdən də Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda müvafiq düzəlişlər edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeydiyyatdan keçmiş fərdi yaşayış evinin söküldüyü, yeni fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Odur ki, sökülmüş fərdi yaşayış evinin məhvinə dair notariat qaydasında təsdiq edilmiş ərizə təqdim edilməlidir. Bundan başqa, təqdim edilmiş X1 xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu təqdim edilməmişdir. Eyni zamanda, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla Bilgəh bağ massivi ərazisində yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-7791/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddanın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan müayinə aktında və digər sənədlərdən torpaq sahəsinin harada yerləşdiyi müəyyən olunduğu kimi, onunla bağlı heç bir mübahisənin olmadığı da müəyyən olunur. İş üzrə heç bir ekspertiza keçirilmədən məhkəmənin ehtimallar əsasında iddiaçının uzun müddətdən bəri yaşadığı və bələdiyyənin ona ayırdığı torpaq sahəsinin bələdiyyə mülkiyyəti olmadığını qəbul etməsi qanuni və əsaslı yanaşma deyil. Bakı İnzibati Məhkəməsinin qərarı qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Məhkəmə işi təfsilatlı araşdırmadan qərar qəbuletdiyi üçün iddiaçının irəli sürdüyü sübut və faktlara düzgün qiymət verə bilməmiş, maddi və prosessual hüquq normaları pozaraq qərar qəbul etmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m. torpaq sahəsi və inşa edilmiş 298,7 kv.m. 1 mərtəbəli mansardlı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmiş, lakin üçüncü şəxsin nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən, iddiaçının nümayəndəsi verilmiş suallara cavab olaraq bildirmişdir ki, fərdi yaşayış evini 2004-cü ildə tikmişdir, iddia ərizəsində 2023-cü il qeyd edilməsi sənədlərin həmin vaxt təqdim edilməsi ilə bağlı olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamı ilə, Azərbaycan Respublikası Prezidentinin ““Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə ünvan 1 ünvanına dair sənədlərin təsdiq edilmiş surəti və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir: - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,105 ha, faktiki 0,123 ha olmaqla, sərhədləri mişar daşı ilə hasarlanıb, fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Qeydiyyatdan keçmiş fərdi yaşayış evi sökülmüş, yeni ev inşa edilmişdir. Torpaq sahəsinin koordinat cədvəli əlavə edilmişdir; - 679852 nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 46,8 kv.m. fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - X1 xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarı ilə, İddiaçı 0,105 ha (qərarda 10,5 ha qeyd edilməsi texniki səhv kimi qiymətləndirilir) torpaq sahəsi ayrılmışdır; - Fərdi yaşayış evinin 2004-cü il tarixli texniki pasportundan görünür ki, 2 otaqlı ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1050,0 (42 m x 25 m) kv.m.-dir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin söküldüyünü nəzərə alaraq, xx.xx.2025-ci il tarixli ərizəyə əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna daşınmaz əmlakın dövlət reyestrində xitam verilmişdir; 679852 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən yaşayış sahəsi 26,4 kv.m., köməkçi sahəsi 20,4 kv.m. olan 2 otaqdan ibarət fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququ X1 xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; ünvan 1 ünvanında inşa edilmiş 1+mansard mərtəbəli fərdi yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsi 2023-cü ildə tərtib edilmişdir. Apellyasiya icraatı zamanı iddia olunan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin hansı tarixdə inşa edilməsinin müəyyən edilməsi məqsədi ilə, həmin torpaq sahəsinin 2013-cü ildən əvvələ müxtəlif tarixlərə yerləşmə vəziyyətinə dair müqayisəli ortofotonun təqdim edilməsi cavabdeh inzibati orqandan tələb edilsə də təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):
7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı istifadəsinə 0.105 ha torpaq sahəsi ayrılmışdır, lakin məhkəmə iş materiallarını nəzərdən keçirərkən İddiaçı ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı bir mötəbər sənəd (yerləşmə cizgisi) aşkar etməmişdir. Həmçinin alqı-satqı aktı iş materiallarına əlavə edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda inzibati orqan tərəfindən qeydiyyatdan keçmiş torpaq sahələri bələdiyyələrin müvafiq qərarları ilə verilməmişdir, bağların ərazisi olmaqla, Bağlar Təsərrüfatı İdarəsinin orderləri ilə ayrılmışdır. Odur ki, qeyd edilən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aiddir. Həmin torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilməsi isə müəyyən olunmur. Fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektin olub-olmamasını və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə müvafiq icra hakimiyyətinə məlumat verilməsini təsdiq edən ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı X1 xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarına istinad edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m. torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası cavabdehin etirazına ümumilikdə münasibət bildirərək ilkin olaraq qeyd edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, plan ölçünün hazırlanması, torpaq sahəsinin ayrılması və s. ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “a priori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. İş materiallarından göründüyü kimi torpaq sahəsinin ayrılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin inzibati akt bugünkü günədək qüvvədədir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi sayılır. Belə ki, həmin sahədə inşa edilmiş fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmuş və ən azından fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyəti yazılmaqla iddiaçının istifadəsinə verilmiş və mülkiyyət hüququna dair qeyd aparılmışdır. İddiaçı isə, fərdi yaşayış evinə dair noyabr 2004-cü il tarixdə tərtib edilmiş texniki pasporta, eləcə də bələdiyyənin torpaq ayırma barədə qərarına istinad edərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdədir ki, mülkiyyət hüququna dair qeydiyyatın aparılmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilməsi ilə müəyyən olunur ki, fərdi yaşayış evinə dair qeydlər aparılarkən adıçəkilən sənədlər qovluqda mövcud olmuş, həmin sənədlər əsasında fərdi yaşayış evinə dair qeyd aparılmışdır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, 679852 nömrəli Qeydiyyat vəsiqəsindən də göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququ X1 xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilən səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair qeyd aparıldığı halda yerləşdiyi torpaq sahəsinə münasibətdə qeydin aparılmaması ziddiyyət təşkil edir. Belə ki, əgər torpaq sahəsinin ayrılması qanuni hesab edilmirsə, onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatının düzgünlüyündən söhbət gedə bilməz. Yox, əgər fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına cavabdehin özü tərəfindən aparılmışdırsa, deməli onun yerləşdiyi torpaq sahəsi də iddiaçının qanuni istifadəsində olmuşdur ki, bu baxımdan həmin sahə üzrə mülkiyyət hüququnun qeydinin aparılması mütləqdir. Başqa sözlə, cavabdeh inzibati orqan bələdiyyə qərarına əsasən fərdi yaşayış evinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alarkən, həmin sahənin bələdiyyə mülkiyyətində olmasını qəbul etməsi, hazırda isə bunu inkar etməsi anlaşılan olmamaqla, yuxarıda da qeyd edildiyi kimi inzibati icraatın təməl prinsiplərindən biri olan etimad hüququnun pozulmasıdır. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən də göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Oxşar norma Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci hissəsində də qeyd edilmilmişdir ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, yuxarıda adıçəkilən Qanunun 1-ci maddəsi torpaq islahatının məqsədi və vəzifələri ilə əlaqədardır ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Göründüyü torpaq üzərində yeni mülkiyyət münasibətlərinin yaranması torpaq islahatının əsas məqsədlərindən biri qismində çıxış edir ki, bunun davamı kimi yuxarıda göstərilən normativ tələblərə uyğun olaraq torpaq sahələrinin mülkiyyətə keçirilmə qaydası müəyyən edilmişdir. Bunun üçün isə, əsas meyar qanuni istifadəsində olma meyarıdır. Başqa sözlə dövlət orqanları dövlətin mülkiyyətində olan torpaq sahəsini qanuni əsaslarla vətəndaşın istifadəsinə vermişdirsə həmin dövlət torpağının şəxsi mülkiyyətə verilməsindən söhbət gedə bilər. Bu səbəbdəndir ki, bağların icarə və ya istifadə müqaviləsi adlanan müqavilələr, digər xarakterli hüquqmüəyyənedici sənədlər məhz mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində çıxış edir. Bu zaman icarə və istifadə müqaviləsinin yox, məhz mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılır. Göstərilən normaların tətbiqi bağ sahələri ilə yanaşı fərdi yaşayış evlərin altındakı torpaqlarla bağlı da eyniyyət təşkil edir. Nəzərə alınmalıdır ki, hüquqları dövlət qeydiyyatına alınan yaşayış sahəsi həmişə fərdi yaşayış evi olmuşdur. Əks halda fərdi yaşayış evinin altındakı olsa da istifadə hüququ 0,0068 ha ölçüdə qeydiyyata alınmazdı. Təbii ki, fərdi yaşayış evinin altındakı torpaq sahəsi ilə yanaşı, iş materiallarından da göründüyü kimi həyətyani torpaq sahəsi də mövcud olmuşdur. Məhz həmin istifadə də torpaq islahatı haqqında qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının qanuni istifadəsinə dəlalət edir. Başqa sözlə hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi, eləcə də həyətyani torpaq sahəsi, məhz qanuni istifadəsində olmuşdur. Həmin qanuni istifadə isə yuxarıda adıçəkilən normaların tələbinə əsasən mülkiyyət hüququ deməkdir. Belə ki, qanuni istifadədə olan fərdi yaşayış evlərinin altındakı və həyətyani torpaq sahəsi dövlət mülkiyyətində olsa da islahat çərçivəsində mülkiyyət hüququ kimi vətəndaşlarına güzəşt edilmişdir. Cavabdehin hazırkı imtinası isə dövlət tərəfindən verilmiş həmin güzəştin realizə edilməməsinə xidmət edir. Halbuki, qanunvericiliyin tələbi konkretdir qanuni istifadədə olan fərdi yaşayış evlərinin, altında olan və həyətyani torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda şərh edilənlər, iddia olunan torpaq sahəsinin ətrafında Bağlar Təsərrüfatı İdarəsinin orderləri ilə ayrılmış torpaq sahələrinin olması ilə bağlı dəlilləri də əhəmiyyətsiz edir və həmin dəlillər özlüyündə iddianın rədd edilməsini şərtləndirə bilməz. Torpaq sahəsinin yerləşmə cizgisinin olmaması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan X1 xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarına əsasən fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat apararkən, fərdi yaşayış evini texniki pasportunu tərtib etmişdir. Həmin texniki pasportda cavabdeh orqan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini bələdiyyə qərarı ilə ayrılmış ölçüdə, yəni 1050,0 (42 m x 25 m) kv.m. göstərməklə və torpaq sahənin planını tərtib etməklə, bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin həmin sahə olmasını qəbul etmişdir. Həmçinin qeyd edilən torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının istifadəsində olması işin mübahisəsiz halı olmaqla, həmin sahə ilə bağlı hər hansı digər şəxsin müraciətinin olması cavabdeh tərəfindən bildirilməmişdir. Fərdi yaşayış evinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf həmin evi 2004-cü ildə inşa etdiyini və hal hazırkı tarixədək istifadəsində olduğunu bildirsə də, cavabdeh orqan bunu təkzib edəcək, yəni evin 2013-cü il yanvarın 1-dən sonra inşa edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya icraatı zamanı iddia olunan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin hansı tarixdə inşa edilməsinin müəyyən edilməsi məqsədi ilə, həmin torpaq sahəsinin 2013-cü ildən əvvələ müxtəlif tarixlərə yerləşmə vəziyyətinə dair müqayisəli ortofotonun təqdim edilməsi cavabdeh inzibati orqandan tələb edilsə də təqdim edilməmişdir. Halbuki, prosessual qanunvericiliyə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Birinci intansiya məhkəməsi isə, fərdi yaşayış evinin 2013-cü il yanvarın 1-dən sonra inşa edilməsini müəyyən etmədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsini tətbiq etmiş və məlumatlandırma icraatının yerinə yetirilmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsinə və ya icarəsinə deyil, məhz mülkiyyətinə ayrıldığından fərdi yaşayış evi inşa edilərkən torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata aldırmasa belə bu dair “qanuni gözlənti”si mövcud olmuşdur. Bu səbəbdən fərdi yaşayış evinə münasibətdə həmin Qanunun 8.0.9.1.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddədə isə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunan yeganə sənəddir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1 və 8.0.9.1.2-ci maddələrinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-7791/2025 nömrəli qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-7791/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində İstiqlaliyyət küçəsində yerləşən 1050,0 kv.m. torpaq sahəsi və inşa edilmiş 298,7 kv.m. 1 mərtəbəli mansardlı fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov