Məhkəmə qərarları › İş №2-1(103)-461/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-461/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-461/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi X3 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin (VÖEN–**********; Hüquqi ünvanı – AZ1030, Bakı şəh., Xətai ray., İlqar Həbibov küç., ev 40B; Qanuni təmsilçisi – X5; Dövlət qeydiyyatına alındığı tarix– 20.11.2015) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-281/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 16.09.2019-cu il tarixdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, 08.06.2018-ci il tarixli sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı, 22.01.2016-cı il tarixli sərəncamına, İnşaat Pasportuna və Ayrıc Aktına əsasən İddiaçı-yə ünvan 2 ünvanında qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 530 saylı, 20.11.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı-yə ünvan 2 ünvanında inşa ediləcək binanın şəhərsalma əsaslandırması təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 393 saylı, 29.08.2017-ci il tarixli və 152 saylı, ,19.03.2018-ci il tarixli sərəncamına əsasən 15 saylı, 22.01.2016-cı il tarixli sərəncamına “qeyri-yaşayış binasının” ifadəsinin ilkin olaraq düzəliş edilərək “çoxfunksiyalı ictimai bina” və sonradan “çoxfunksiyalı ictimai və yaşayış binasının” düzəlişləri edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı, 22.01.2016-cı il tarixli, 393 saylı, 29.08.2017-ci il tarixli, 530 saylı 20.11.2017-ci il tarixli və 152 saylı, 19.03.2018-ci il tarixli sərəncamı əsasında onlara Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 260 saylı, 11.07.2018-ci il tarixli Tikinti İşlərinin Başlanması üçün əsas olan “Xüsusi nişan” və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintilərinin Dövlət Reyestri Tikinti Obyektinə Verilən Koda dair” Seria AZE № 001565 saylı, 31 iyul 2018-ci il tarixli şəhadətnamə təqdim edilmişdir. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı, 22.01.2016-cı il tarixli sərəncamında qeyd edilmiş bütün tapşırıqlar yerinə yetirilmiş, çoxfunksiyalı ictimai və yaşayış binasının eskiz və işçi layihəsi təsdiq edilərək razılaşdırılmış və 08.06.2018-ci il tarixli, 67 saylı “Obyektin Tikintisinə İcazə” alınmışdır. Buna əsasən də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı, 22.01.2016-cı il tarixli sərəncamında qeyd edilən tapşırıqlar qanunvericilikdə qeyd edilmiş qaydada yerinə yetirildiyini (Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər müvafiq qurumların rəyləri və icazələri alınmaqla) və tam olaraq yekunlaşdırıldığını təsdiq edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, 08.06.2018-ci il tarixli sərəncamı verilmişdir. Bütün sənədləşmə işləri yekunlaşdıqdan və müvafiq razılıqlar alındıqdan sonra onlar xəndanı qazaraq, tikinti işlərini aparmağa başlamışlar. Lakin 24.07.2019-cu il tarixində tikintinin getdiyi əraziyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin T.T.N.D. Agentliyinin əməkdaşlarını və Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşını dəvət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, 22.01.2016-cı il tarixli sərəncamının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamı ilə ləğv edildiyindən AKT tərtib edərək tikintinin 4-cü mərtəbə səviyyəsində dayandırması barədə xəbərdarlıq etmişlər. Lakin 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamı onlara təqdim etməmişlər. Həmin AKT-a imza edən nümayəndə “qeyd” olaraq bildirmişdir ki, İddiaçı icra başçısının qeyd edilən sərəncamından məlumatsızdır və onlara qeyd edilən sərəncam rəsmi şəkildə təqdim edilməyib, nə də ki, tikintinin saxlanılması barədə hər hansı rəsmi göstəriş daxil olmamışdır. Bundan sonra onlar 30.07.2019-cu il tarixli, 222 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək məsələyə aydınlıq gətirmələrini xahiş etmişlər. Oradan onlara cavab olaraq 15.08.2019-cu il tarixli cavab məktubu və “Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra Sərəncamlarının ləğv edilməsi haqqında” 03.01.2019-cu il tarixli, 02 saylı sərəncamdan təsdiq edilmiş çıxarış təqdim edilmişdir. Buradan məlum olmuşdur ki, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 2.6, 2.7 və 6.8-ci bəndlərini rəhbər tutularaq Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 360 saylı, 08.06.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış sənədləşmə işləri ləğv edilmişdir. Hesab olunur ki, “Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra Sərəncamlarının ləğv edilməsi haqqında” 03.01.2019-cu il tarixli, 02 saylı sərancamı onlara aid hissədə tam olaraq qanunsuz olduğundan və onların hüquqlarını kobud şəkildə pozduğundan ləğv edilməlidir. İlk olaraq 360 saylı, 08.06.2018-ci il tarixli sərəncam qanunvericiliyə əsasən yekun sərəncam sayılır və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 saylı, 22.01.2016-cı il tarixli ilkin sərəncam üzrə MMC-nin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini təsdiq edir və bu sərəncam yekun sərəncam olduğundan, bütün sənədləşmələr bu sərəncam qəbul edilənədək həll edilir və bu sərəncam əsasında hər hansı bir sənədləşmə aparılmır. Buna əsasən də 360 saylı, 08.06.2018-ci il tarixli sərəncamın ləğv edilməsi ilə bağlı hər hansı sənəd ləğv edilə bilməz. “Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra Sərəncamlarının ləğv edilməsi haqqında” 03.01.2019-cu il tarixli, 02 saylı sərəncamında 360 saylı 08.06.2018-ci il tarixli sərəncamın ləğv edilməsi kimi əsas “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 2.6, 2.7 və 6.8-ci bəndləri götürülmüşdür və aparat rəhbərinin imza etmək səlahiyyətinin olmadığı qənaətinə gəlinmişdir. “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin qeyd edilən bəndləri ilə tanış olarkən məlum olur ki, bu bəndlərin heç birində icra başçısının olmadığı təqdirdə onun vəzifəsinin müvəqqəti icra edilməsi aparat rəhbərinə qadağan edilməsi barədə heç bir qeyd yoxdur. Bundan əlavə qeyd edilən əsasnaməyə əsasən, aparat rəhbəri, müavinlər və icra başçısının özü kimi icra hakimiyyətinin rəhbərliyinə daxil olan vəzifədir. Əgər aparat rəhbərinin belə səlahiyyəti yox idisə necə olur ki, keçmiş icra başçısı Hacıbala Abutalıbov vəzifədən azad ediləndə təhvil-təslimi aparat rəhbəri ilə aparmış və Bakı Şəhər İcra Hakimiyyətinin möhürü və digər hüquqmüəyyənedici sənədləri aparat rəhbərinə təhvil vermişdir. Bundan əlavə onlar sənədləşmənin yekunlaşması barədə müraciət edərkən aparat rəhbərinə yox, Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etmişlər və onların məktubuna cavab olaraq 08.06.2018-ci il tarixli, 67 saylı “Obyektin Tikintisinə İcazə” və 360 saylı 08.06.2018-ci il tarixli sərəncam onlara göndərilmişdir. Bunula da onlar hüquqi şəxs olaraq dövlət orqanı olan Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər və onlara oradan sənədlər rəsmi olaraq möhürlənmiş və imzalanmış şəkildə təqdim edilmişdir. İddiaçı 24.09.2019-cu il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti xarakterli müdafiə kimi mübahisələndirilən inzibati aktın icrasının dayandırılması, cavabdehə və üçüncü şəxslərə tikinti işlərinə müdaxilənin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2019-cu il tarixli, 2-1(81)-4005/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. 24.10.2019-cu il tarixdə üçüncü şəxs məhkəməyə etiraz təqdim edərək, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri kimi inzibati aktın icrasının dayandırılmasının tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 25.10.2019-cu il tarixdə iddiaçının nümayəndəsi X7 ərizə təqdim edərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4005/2019 saylı, 25.10.2019-cu il tarixli qərardadı ilə İddiaçı-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın hissəvi ləğv edilməsi tələbinə dair iş üzrə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə baxılmadan iddiaçıya geri qaytarılması qərara alınmışdır. Daha sonra üçüncü şəxs iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-281/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 24.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-281/2020 nömrəli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar tikinti işlərinə mart 2019-cu ildə başlamış və iyul ayında onlara 03 yanvar 2019-cu il tarixli sərəncamın ləğv edildiyi bildirilmişdir. Lakin onlar tikintinin 5-ci mərtəbəsinə çatanadək nə Bakı şəhər İcra Hakimiyyəti, nə də ki, Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı hər hansı məlumat və irad bildirməyiblər. Üçüncü şəxsin mövqeyi aydın deyil və onların bu məsələdə mövqeyi qeyri-müəyyəndir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-281/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 saylı, 22 yanvar 2016-cı il tarixli İddiaçı-yə qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamından görünür ki, İddiaçı-nin 17.12.2015-ci il tarixli, 18 saylı müraciətini, "xxxx" X2 16.12.2015-ci il tarixli, 13 saylı razılıq məktubunu və Səbail Rayon İcra Hakimiyyətinin 17.08.1998-ci il tarixli, 1269 saylı sərəncamını nəzərə alaraq, Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı-nin istifadəsinə verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 393 saylı, 29 avqust 2017-ci il tarixli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.01.2016-cı il tarixli, 15 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” Sərəncamından görünür ki, İddiaçı-nin 09.08.2017-ci il tarixli, 52 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə İddiaçı-yə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.01.2016-cı il tarixli, 15 saylı sərəncamında “qeyri-yaşayış binasının” ifadəsi, “çoxfunksiyalı ictimai binanın” ifadəsi kimi oxunmasına sərəncam verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 530 saylı, 20 noyabr 2017-ci il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı Qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” Sərəncamının 1.68-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış Səbail rayonu, Q.Abbasov küçəsi, 42 saylı məhəllədə İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan çoxfunksiyalı ictimai binaya (30.07.2017-ci il tarixli, 18/03-8/2341 saylı məktub) dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 360 saylı, 08 iyun 2018-ci il tarixli “Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamlarını nəzərə alaraq İddiaçı-nə tikintiyə icazə verilməsi haqqında” Sərəncamından görünür ki, İddiaçı-nin 04.06.2018-ci il tarixli, 07 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Bakı Şəhər İcra Hakimiyyətinin 22.01.2016-cı il tarixli, 15 saylı, 29.08.2017-ci il tarixli, 393 saylı və 19.03.2018-ci il tarixli, 152 saylı sərəncamlarını nəzərə alaraq: Səbail rayonu, Qurban Abbasov küçəsi, 42 saylı məhəllədə çoxfunksiyalı ictimai və yaşayış binasının tikintisi üçün İddiaçı-yə icazə verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03 yanvar 2019-cu il tarixli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 360 saylı, 08.06.2018ci il tarixli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 23.07.2019-cu il tarixli, 03-Bi/383 saylı məktubdan görünür ki, şəhərsalma nəzarəti çərçivəsində ünvan 4 ünvanında İddiaçı-nə yaşayış binasının tikintisinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 360 nömrəli, 08.06.2018-ci il tarixli sərəncamı əsasında tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Qeyd olunan sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin 02 nömrəli, 03.01.2019-cu il tarixli sərəncamı ilə ləğv edildiyindən işlərin davam etdirilməsinin yolverilməzliyi barədə bu işləri həyata keçirən şəxslərə müvafiq xəbərdarlıq edilməsinə və aidiyyəti qurumların bu barədə məlumatlandırılmasına baxmayaraq inşaat işləri hal-hazırda davam etdirilməkdədir. Mövcud qanunvericiliyin tələblərindən irəli gələn zəruri tədbirlərin görülməsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı görüləcək tədbirlərdə birgə fəaliyyətin təmin edilməsi və nəticələr barədə məlumat verilməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlətinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirildiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır. -Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 saylı, 20 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X8 20.07.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavinin səlahiyyətlərinin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanlanmış 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri 14.06.2018-ci il tarixli, 2/569 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində aidiyyatı orqanlaraq ünvanlanmış məktubun və digər sənədlərin imzalanmasını Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə razılaşdırılmadığından qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edərək, kobud qanun pozuntusu olduğunu bildirmişdir. Bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X8 20.07.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlaraq ünvanlanmış məktubların imzalanması səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.09.2017-ci il tarixli, 430 saylı sərəncamı ilə müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığını nəzərə alaraq, həmin vəzifənin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə olunmasına razılıq verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Adminsitrasiyasının rəhbəri qarşısında məsələ qaldırılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Baş Nazirinin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli, 07/07/13 saylı məktubdan görünür ki, 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubda qaldırılan məsələ Azərbaycan Respublikası Prezindenti Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı 08.06.2018-ci il tarixli sərəncamın ləğv edilməsi hissəsində ləğv edilməsi təşkil edir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03 yanvar 2019-cu il tarixli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 360 saylı, 08.06.2018-ci il tarixli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sərəncamın qeyd edilən hissədə ləğv edilməsi qanuni olmuşdur. Belə ki, X6 360 saylı, 08.06.2018-ci il tarixli sərəncamı imzalayarkən həmin sərəncamı imzalamaq səlahiyyəti olmamışdır. Bununla da sözügedən sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi inzibati aktın onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması həmin aktın qanunsuz olması və ləğv edilməsi ilə nəticələnir. Beləliklə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 360 saylı, 08.06.2018-ci il tarixli sərəncamın ləğv edilməsi hissəsi tamamilə qanuni olmuş, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan tikintinin 5-ci mərtəbəsinə çatanadək nə Bakı şəhər İcra Hakimiyyəti, nə də ki, Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı hər hansı məlumat və irad bildirilməməsi və üçüncü şəxsin mövqeyi aydın olmaması və onların bu məsələdə mövqeyi qeyri-müəyyən olması ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müvafiq sərəncamın ləğv edilməsi barədə sərəncam 03.01.2019-cu il tarixdə qəbul edilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 23.07.2019-cu il tarixli, 03-Bi/383 saylı məktubda şəhərsalma nəzarəti çərçivəsində ünvan 4 ünvanında İddiaçı-nə yaşayış binasının tikintisinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 360 nömrəli, 08.06.2018-ci il tarixli sərəncamı əsasında tikinti işlərinin aparılması faktı aşkar edildiyi, qeyd olunan sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin 02 nömrəli, 03.01.2019-cu il tarixli sərəncamı ilə ləğv edildiyindən işlərin davam etdirilməsinin yolverilməzliyi barədə bu işləri həyata keçirən şəxslərə müvafiq xəbərdarlıq edilməsinə və aidiyyəti qurumların bu barədə məlumatlandırılmasına baxmayaraq inşaat işləri hal-hazırda davam etdirilməkdə olduğu qeyd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti çərçivəsində Səbail rayonu ərazisinə baxış zamanı İddiaçı tərəfindən yaşayış binasının tikintisinin aparıldığı müəyyən edilmiş bu barədə iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq, tikinti işləri davam etdirilmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətinin dəlili kimi üçüncü şəxsin mövqeyinin qeyrimüəyyən olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi üçüncü şəxs işin birinci instansiya icraatı zamanı iddia ərizəsinə yazılı etiraz təqdim etmiş, həmçinin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclası zamanı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı iş üzrə üçüncü şəxsin iddia tələbinə qarşı mövqeyi müəyyən olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-281/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-281/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar