Məhkəmə qərarları › İş №2-1(103)-461/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-461/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-461/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmk və Əhalinin Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi tələbi” barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 saylı, 06 oktyabr 2022-ci il-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasının həkimləri İlkin Şirinov və Mətanət Məmmədovaya qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun 36 il bundan əvvəl, yəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə hərbi həkim və tibbi sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, bərpa olunması haqqında öhdəliyin Tibbi Sosial Ekspert Komissiyasının həkimləri İlkin Şirinov və Mətanət Məmmədovanın üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, , o, xx xxxx 1964-cü ildə doğulmuşdur. 2ci qrup hərbi travmalı əlil, 2-ci Dünya müharibəsi əlillərinə bərabər tutulan şəxsdir və şəhid ailəsi statusu vardır. 1982-1984-cü illərdə Almaniya Demokratik Respublikasının Drezden şəhərində yerləşən Sovet ittifaqı silahlı qüvvələrinə aid olan N saylı motoatıcı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi müddətdə hərbi nizamnaməyə uyğun döyüş tapşırığını yerinə yetirərkən ağır hərbi travma almış, həmin vaxdan bu günə kimi 2-ci dərəcəli hərbi xidməti vəzifəsini yerinə yetirən əlildir. Onun 1982- 1984-cü ildə müddətli həqiqi hərbi xidmət keçən zaman aldığı hərbi travmaya görə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə uyğun olaraq sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 12 mart 2020 ci il tarixdə qanunsuz olaraq onun 2- ci dərəcəli əlilliyini dəyişib 3-cü dərəcə əlillik etmiş bunun səbəbini soruşduqda isə ona heç bir cavab verilməmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 36 il bundan əvvəl, yəni 1982- 1984cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və tibbi sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksyasının pozulması” diaqnozu iiə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2020-ci il tarixdə nəzarət qaydasında Agentlikdə əyani müayinə olunmuş, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunun verdiyi “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Budçanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu. yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası” diaqnozunu və onda olan patofunksional dəyişiklərin ağırlıq dərəcəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.7. bəndinə müvafiq olaraq “hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının hazırkı sağlıq durumu, onda olan patofunksional dəyişiklərin ağırlıq dərəcəsi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci dərəcə əlilliyin təyininə əsas vermir, üçüncü dərəcə əlilliyin təyini qanunamüvafiqdir. İddiaçıya üçüncü dərəcə əlilliyin təyini zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir.Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndndə doğulmuş İddiaçı həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2ci dərəcəli əlilliyinin bərpa olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1405/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1251/2021 saylı, xx.xx.2021- ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 saylı, 06 oktyabr 2022-ci il-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1986-cı ildə iddiaçıya təyin olunan əlillik sənədlərində “əmək qabiliyyətsizdir” yazılmışdır, 21 il sonra yenə də, eyni diaqnoz qoyulmaqla müddətsiz 2-ci qrup əlillik təyin olunmuşdur və yenə “əmək qabiliyyətsizdir” kimi qeyd aparılmışdır, ilkin əlillik təyin olunduğu vaxtdan 36 il keçdikdən sonra, yeni pensiya haqqında Qanunu tətbiq etmək məqsədi ilə (guya audit yoxlama aparılır) onu tam əsassız olaraq komissiyaya salsalar da, Azərbaycan Respublikasının ƏƏSM Nazirliyinin təkrar Ekspert Komissiyası 12 mart 2020-ci il tarixli qiymətləndirmə protokoluna əsasən 2- ci qrup əlilliyi təsdiq etmişdir. Lakin, “indiki sağlamlıq durumu diaqnozla eynilik təşkil etmir”- deyərək müddətsiz 2-ci qrup əlilliyini ləğv edərək əlilliyini 3-cü qrup yazmışlar. Birincisi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 8-ci hissəsinin tələbinə əsasən normativ hüquqi aktların geriyə qüvvəsi olmadığına görə (vətəndaşların vəziyyətini yaxşılaşdıran hallardan başqa) yeni - 2015-ci ilin Pensiya Qanunu onun işinə şamil oluna bilməz. İkincisi, Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin tələbinə əsasən “ümumi iddia müddəti 10 il olduğuna və onun pensiyası 36 il əvvəl təyin olunduğuna görə onun işinin iddia müddəti ötdüyündən, pensiyasının yenidən araşdırılması tamamilə qanunaziddir. Üçüncüsü isə, hazırda qüvvədə olan “Pensiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 10 il müddətsiz əlilliyi olan şəxsin 10 ildən çox vaxt ötdüyü halda əlilliyi ömürlük hesab olunduğu üçün bu heç vaxt mübahisələndirilə bilməz. Bu həm də ümumi iddia müddətinin ötməsi kimi qəbul olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1513/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-298/2022 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş və İddiaçı təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1685/2023 saylı , xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1513/2023 nömrəli, 28 mart 2023-ci il tarixli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçıya münasibətdə aparılmış İİİ qrup əlillik təyinatının da ləğv edildiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-298/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 11 mart 2020-ci il tarixli, 505 saylı arayışında qeyd olunmuşdur ki, 1964-cü il təvəllüdlü İddiaçı 17 avqust 1983-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirərkən hərbi travma almışdır (Əsas: 591 №li Hərbi Hospitalın xx.xx.1984-cü il tarixli, 80 №-li xəstəlik şəhadətnaməsi) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 16 dekabr 2015-ci il tarixli, 3QHM300002 nömrəli təkrar müayinənin nəticələrinə dair arayışa əsasən İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”; müayinə tarixi xx.xx.2007; TSEK-in diaqnozu: "sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi, sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması”. Əlilliyin müəyyən olunması meyarı: İkinci dərəcə əlillik=> Digər Sağ bud sümüyünün və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokoluna əsasən, İddiaçı əlillik vəziyyəti 13 mart 2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik, müddətsiz, İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan audit yoxlaması ilə bağlı təkrar qiymətləndirilmə keçirilərək müəyyən edilmişdir ki, 12 mart 2020-ci il tarixdə aparılan əyani müayinə zamanı, İddiaçı tibbi sənədlərində qeyd edilmiş (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması) mövcud sağlamlıq vəziyyəti ilə (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası) eynilik təşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndində uyğun olaraq İİİ (üçüncü) dərəcə əlilliyin təyini üçün əsasdır və məqsədə müvafiqdir. Komissiya təkrar qiymətləndirmə ilə bağlı müayinənin nəticələrinə əsasən İddiaçı 12 mart 2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə müddətsiz əlillik təyin edilməsini qərara almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışa əsasən İddiaçı 12 mart 2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”; qiymətləndirmə tarixi xx.xx.2020; diaqnoz: sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Meyar: üçüncü dərəcə əlillik => bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankliozu və ya kəskin kontrakturası (M16.1, M.24,6). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddiaçının ona ikinci dərəcəli əlilliyin təyin olunmasına dair müraciətinə cavab olaraq 18 may 2020-ci il tarixli, **********3 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 12 mart 2020-ci il tarixli hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib qərar veriləcəkdir. - Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, Füzuli rayon sakini İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-1251/2021 nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada nəzarət qaydasında əyani müayinə olunmuşdur. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu - üçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, müddətsiz, İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Ona xx.xx.2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Hazırda iddiaçı ona 2007-ci ildə təyin edilmiş müddətsiz İİ qrup əlilliyin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən İddiaçı dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən tibbi-sosial ekspertiza sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmənin 2-1(103)-461/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun 36 il bundan əvvəl, yəni 1982-1984- cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və tibbi-sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə İddiaçı hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilmiş və canlı müayinənin nəticələrinə uyğun olaraq əsaslandırılmış cavab verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabiliyasiya Agentliyinə 1 (bir) ay müddət təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Füzuli rayon sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2024-cü il tarixli, 2-1(103)- 461/2024 nömrəli məktubunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.” Məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17- 4/3-3-5823/2024 №-li, xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı SSRİ Müdafiə Nazirliyi tərəfindən xx.xx.1984-cü il tarixli 80 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bud sümüyünün diafizinin sınığı nahiyəsində bərkiməmiş sümük döyənəyi, sağ aşağı ətrafın müvəqqəti funksiya pozğunluğu. Soltərəfli qasıq və oturaq sümüyüklərinin bitişmiş sınığı. Sidik kisəsinin və sidik kanalının cırılması nəticəsində keçirilmiş episistoektomiya əməliyyatından sonrakı vəziyyət, funksiya pozğunluğu olmadan" diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifəsini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş tərəfindən təqdim edilmiş xəstəlik haqqında şəhadətnamə “Hərbi- həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində aşkar edilməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı səhhəti ilə bağlı şikayət bildirməmişdir. Müayinənin gedişatında qardaşının şəhid olduğunu vurğulamış, hüquqşünas olduğu, müddətsiz əlillik təyinatı olduğu təqdirdə müayinəyə cəlb olunmasının qanunlara zidd olduğunu bildirmişdir. 1984-cü ildə Almaniyada avtoqəza keçirməsi nəticəsində travma aldığını, sidik kisəsinin partladığını, məlumatlar Əlillik AS-yə daxil edilərkən diaqnozunun dəyişdirildiyini, bu səbəbdən məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də, sağ dabanda çapıqlar, qarının ön divarında aşağı orta laparotomiya kəsiyinə məxsus ~6-7 sm ölçülü çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, nisbi qısalıq aşkarlanmamışdır. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki UrolojizXəstäxpnası xx.xx.2022-ci il tarixli müayinə aktında diaqnoz “Sol böyrəyin kistaları. Sidik saxlamamazlıq kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.” Təqdim edilmiş sənədlərdən göründüyü kimi İddiaçı cavabdeh inzibati orqan tərəfindən yenidən əyani müayinə olunmuş və onun tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda ona vaxtilə təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, bərpa olunmasını xahiş etsə də, işin hazırkı apellyasiya icraatı zamanı nəinki 2-ci dərəcəli əlilliyin təyinatı ilə bağlı hər hansı əsas müəyyən edilməmiş, əksinə cavabdeh tərəfindən təkrar müayinə zamanı iddiaçı barəsində məhkəmə icraatı zamanı qüvvədə olmuş 3–cü dərəcəli əlillik təyinatı da ləğv edilmiş və onun tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində qüvvədə olmuş 3–cü dərəcəli əlillik təyinatı da cavabdeh tərəfindən ləğv edildiyindən və onun tam reabilitasiya olunması qərara alındığından, hal-hazırda ona 2-ci dərəcəli əlillik təyinatının aparılması (və ya bərpa edilməsi) mümkün olmamaqla, iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 298/2022 saylı, 06 oktyabr 2022-ci il-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 saylı, 06 oktyabr 2022-ci il-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar