Məhkəmə qərarları › İş №2-1(103)-461/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-461/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-461/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 970/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 17674.81 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbəğinin 5 gün ərzində dövlət bübdcəsinə ödənilməsi məqsədilə ona bildiriş verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də, ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 17978.63 manat borcuna görə 100000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********1 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi haldda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 17674.81 manat ödənilmməiş borcu qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı (hakim A.Abdullayeva) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, siyahıya alınmış əmlakların siyahıya alınma zamanı mütəxəssis tərəfindən qiymətləndirmə rəyi olmamış vergi orqanının qoyduğu mümkünsüz məbləğ nəzərə alınaraq ekspertiza təyin edilmədən, əmlaka baxış keçirilməmiş, siyahıya alınmış əmlaklar nəzərə alınmaqla real bazar və likvid qiymətləri müəyyən edilməmişdir. Borcun məbləği 17674.81 manat olmasına baxmayaraq 100 000 manat məbləğində əmlak siyahıya alınmış və siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması qərara alınmışdır. Borc məbləği ilə siyahıya alınmış əmlakın dəyəri mütənasib deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh və iddiaçı məhkəmə iclasında öz nümayəndələrinin iştirakını təmin etməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və iddiaçının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, idiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Tərəflər arasında yaranmış münasibət publik xarakterli olduğuna, iddiaçının inzibati orqan olaraq İnzibati icraat haqqında Qanunun tələblərindən çıxış edərək inzibati icraat aparması nəzərə alınaraq hazıki işə inzibati məhkəmə icraatında baxılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. -89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. -89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. -90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN almışdır. Vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsi üçün cavabdehə **********4 nömrəli 23 avqust 2022-ci il tarixli “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir. Cavabdeh bildiriş məktubunu aldıqdan sonra borc məbləği üzrə ödəniş etmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarı ilə cavabdehin ümumilikdə 100000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınmasına dair xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “əmlakın siyahıya alınması haqqında” **********1 nömrəli qərardan və protokoldan görünür ki, cavadeh və iddiaçının birgə iştirakı ilə 100.000 manat dəyərində Almaniya məhsulu 1 ədəd mamoqrafiya aparatı vergi borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə siyahıya alınmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. siyahıya alınmış əmlaklar nəzərə alınmaqla real bazar və likvid qiymətləri müəyyən edilməmişdir.

2. borc məbləği ilə siyahıya alınmış əmlakın dəyəri mütənasib deyildir.

Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1617/2024 xx.xx.2024-cü il tarixli qərarında (***) oxşar işlər üzrə məhkəmələr tərəfindən araşdırılmalı və qiymətləndirilməli olan məqamlar qeyd edilmişdir. Hazırki iş üzrə araşdırılması tələb edilən məqamlardan olan əmlakın siyahıya alınmasına əsas olan vergi borcunun məhkəmə araşdırması zamanı mövcud olubolmaması və siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsus olub-olmaması istiqamətində məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş inzibati icraat materiallarından görünür ki, vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi siyahıya alınma prosedurunda iştirak etmiş, siyahıya alınmış əmlakı məsul saxlamaya almış, həmçinin izahatında siyahıya alınmış əmlakın Cavabdehnə məxsus olması barədə məlumat vermiş, vergi borcu ödənilməyənədək siyahıya alınmış əmlakları satmamağa, bağışlamamağa zəmanət vermiş və vergi borcunun 30 gün ərzində ödəniləcəyinə dair qeyd aparmışdır. Həmçinin, apellyasiya şikayətinin dəlillərində də cavabdeh əmlakın ona məxsus olmaması barədə dəlil irəli sürməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı vergi borcunun mövcud olubolmaması istiqamətində də araşdırma aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə əmlakın siyahıya alınmasına səbəb olan xx.xx.2022— ci il tarixli borc məbləğindən hazırda dövlət büdcəsinə olan borcun məbləğinin nə qədər olması barədə sorğu verilmiş, 3-21-2-3/2-630364/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda xx.xx.2022-ci il tarixli **********1 saylı qərar üzrə dövlət büdcəsinə 1021.78 manat borcun olması barədə məlumat verilmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, yuxarıda istinad olunan məhkəmə qərarında qeyd edilmişdir ki, ilk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; - ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s. Məhkəmə kollegiyası qeyd edilən istiqamətdə də araşdırma aparmağa çalışmışdır. Belə ki, araşdırılmalı hallardan görünür ki, bəzi məqamlarda yarana biləcək suallara yalnız vergi ödəyicisi aydınlıq gətirməlidir. Məhz bu səbəblə apellyasiya araşdırması zamanı vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli sorğu ünvanlanaraq Cavabdeh MMC-ə əmlakın siyahıya alınmasına səbəb olan xx.xx.2022-ci il tarixli borc məbləğinin ödənilməmə səbəbi barədə, satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkün olub-olmaması barədə, əmlakın satılmasının MMC-nin sahibkarlıq fəaliyyətində yaradacağı mümkün nəticələr barədə, borc məbləğinin icrasının MMC üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təkliflər barədə məlumat tələb edilmiş, sorğu vergi ödəyicinin elektron kabinetinə yerləşdirilmiş, lakin məhkəmə araşdırması gedişatında apellyasiya şikayəti verməsinə baxmayaraq vergi ödəyicisi səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və sorğunu cavablandırmaq istiqamətində addım atmamışdır. Məhkəmə kollegiyasının da qənaəti ondan ibarətdir ki, oxşar işlər üzrə araşdırılmalı və qiymətləndirilməli sözügedən məqamların araşdırılması vergi ödəyicisinin mövqeyi olmadan mümkünsüzdür. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətində qeyd etdiyi siyahıya alınmış əmlakın real bazar və likvid qiymətlərinin müəyyən edilməməsi dəlilinə cavab olaraq qeyd edir ki, İcra haqqında Azərbaycan Respublikasının 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Apellyasiya şikayətinin “borc məbləği ilə siyahıya alınmış əmlakın dəyəri mütənasib olmaması” dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında oxşar dəlil üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki: Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə iddianı təmin etməkdə haqlı olsa da apellyasiya araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1021.78 manat borcu mövcuddur. Odur ki, məhkəmə qərarı dövlət büdcəsinə ödənilməli olan vergi borcu hissəsində dəyişdirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası bir daha qeyd edir ki, siyahıya alınmaya dair inzibati icraat materiallarında əmlakın 100000 manat dəyərində olduğu qeyd edilsə də, qanunvericilik normasına əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar hazırki mübahisədə mövcud olmadığından qiymətləndirmə icra mərhələsində həyata keçiriləcəkdir. Odur ki, məhkəmə qərarı əmlakın qiymətinin qeyd edildiyi hissədə də dəyişdirilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 970/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı dəyişdirilməli, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1021.78 manat borcun borcun ödənilməsi məqsədi ilə Almaniya məhsulu 1 ədəd mamoqrafiya aparatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə (VÖEN **********) qaytarılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1021.78 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlak ticarət şəbəkələrində satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdehnə qaytarılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar