Məhkəmə qərarları › İş №2-1(103)-4613/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4613/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4613/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10684/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Cavabdehin iddiaçının müraciətinə imtina məktubu onunla əsaslandırılmışdır ki, "Əmək Pensiyaları" haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququna xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik olmuşdur. Daxili işlər orqanlarında xidmət müddətiniz təqvimi hesablama ilə - 18 il, 00 ay, 01 gün təşkil etdiyindən sizə təqaüdün təyin edilməsi, eləcə də daxili işlər orqanlarında xidmət illəriniz nəzərə alınaraq pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqinin DİN-in Maliyyə Plan İdarəsinə göndəriləsi mümkün olmamışdır.

2. 20.01.2025-ci il tarixli 3-13-12/2-İ-188xx/xx/2025 nömrəli arxiv arayışından qeyd edilmişdir ki, həqiqətən xx.xx.1975-ci il təvəllüdlü sabiq polis serjantı İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək və xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək daxili işlər orqanlarında xidmət etmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 284 nömrəli qərarında qeyd edilmişdir ki, Laçın RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bərdə Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ topuq oynağından dəlib keçən infeksiyalaşmış güllə yarası" və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sağ topuq nahiyəsinin yumşaq toxumalarının dəlib keçən odlu silahla qəlpə yaralanması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2021-ci il tarixli 962 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 402 nömrəli arayışı, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli protokollar kitabından çıxarış , MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. MN MHHK-nın xx.xx.2013cü il tarixli 619 nömrəli qərarı ləğv edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı ona pensiya təyin edilməsində yaranan çətinliyin aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi tərəfindən “Təminat Xərcliyi barədə Məlumat Vərəqəsinin” ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildən 1997-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 1997-ci ildə Prezidentin müvafiq əmri ilə xidmət müddəti başa çatdığı üçün ordudan ehtiyata buraxılmışdır. 1997-ci ildən 2011-ci ilin sonunadək DİNnin Baş Mühafizə İdarəsində Mühafizə Polis şöbələrində polis nəfəri vəzifəsində çalışmışdır. 2011-ci ildə ərizəsi əsasında DİO-dan xaric olmuşdur. 1994-cü il yanvarın 26-da Müdafiə Nazirliyində xidmətdə olduğu dövrdə Fizuli istiqamətində gedən döyüş əməliyyatlarında yaralanmağı ilə əlaqədar, 2013-cü ildə səhhətində ağırlaşmalar olmuşdur. 2013-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciəti və təqdim etdiyi sənəd əsasında tibbi ekspertiza təyin olunaraq, MHHK-nın qərarı ilə tibbi şəhadətləndirmə tərtib olunmuşdur. 2014-cü ildə ƏƏSMN HHK-nın qərarı ilə müddətli olaraq 3-cü qrup müharibə əlili təyinatı aparılmışdır. 2021-ci ildə müddət qutardıqdan sonra dayandırılmışdır. xx.xx.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat Təyinat üzrə Mərkəzi Filial İdarəsinə pensiya təyinatı aparmaq üçün ərizə ilə müraciət etmişdir və ümumi hərbi xidmət illərinin 18 il olduğunu bildirərək pensiya haqda qanunun 9.5 və 9.5.3-ci maddəsi ilə təyinat aparılmasını xahiş etmişdir. Ərizəyə baxıldıqdan sonra 2007-ci il tarixli 135 saylı qərarın 3-cü hissəsinə əsasən sonuncu iş yerindən, elektron qaydada DSMF-nin fonduna məlumat vərəqəsinin göndərilməsini bildirmişdilər. DİN-nin BMl-nə məlumat vərəqəsinin göndərilməsinə müraciət etdikdə, məlumat vərəqəsinin DSMF-nin fonduna göndərməkdən imtina etmişdirlər. İmtinanı belə əsaslandırmışdılar ki, cəmi 18 il təqvim ili xidmətiniz var, 20 ildən aşağı olduğu üçün göndərilə bilməz. Yalnız DSMFnun XŞT-nin DİO-na sorğu verdiyi təqdirdə göndərə biləcəklərini bildirmişdirlər. Bundan sonra DSMF-nun XŞT idarəsinə DİN-ə məlumat vərəqəsi üçün sorğu verilməsi barədə müraciət etdi. XŞT-dan sorğu vermiyəcəklərini bildirdilər və DİN-dən məlumat vərəqəsi gələcəyi təqdirdə pensiya təyinatı aparılmayacağı bildirdilər. Bunu belə əsaslandırdılar ki, sonuncu iş yeri olan DİO-dan xəstəliklə yox öz xahişi ilə ehtiyata buraxılmışdır. Aşağıda yazılan qanunları hər iki qurumun diqqətinə çatdırsa da əhəmiyyəti olmamışdır. Hərbi quluqçuların 109 saylı qanunun 2-ci maddəsinə əsasən hərbi xidmətdən buraxıldıqdan sonra onlara pensiya təyin edilir və ödənilir. Vətəndaşların pensiya təyinatı haqqında qanunun 1.0.5- 9.5 - 9.5.3 maddələrinə əsasən həqiqi hərbi xidmətdən buraxılmışlar istisna olmaqla, hərbi rütbədən mərhum olunmuş ehtiyata və istefaya buraxılan hərbi quluqçulara pensiya təyinatı aparılır. Qanunlarda göründüyü kimi xidmət apardığı dövrdə yox, xidmət dövründən sonra ehtiyata və istefaya buraxılanlara pensiya təyinatı aparılır. Hərbi xidmət keçmə haqqında 377 saylı qanunun 155-ci maddəsinin b) bəndinə əsasən əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa ƏƏSMN-nin HHK tərəfindən müharibə əlili kimi pensiya təyinatı aparılmışsa hərbi uçotdan silinməklə istefaya buraxılırlar. 377 saylı qanunda həqiqi hərbi xidmətdə hərbiçilərin buraxılmasını bu əsasnamənin 156 v) 157 b) 159-cu maddələrinin biri ilə icra olunur. Bu zaman bu maddələrlə bir neçə əsası olan, müsbət attestasiya edilmiş hərbi quluqçular ən yüksək güzəştlərlə hüquq və imtiyazlara malikdir, yaşına səhhətinə görə buraxılmağa təqdim edilirlər. 2020-ci ildə qüvvədə olan 9.5 və 9.5.3 maddəsinin tələblərinə əsasən 45 yaş həddi və ümumi olaraq 25 il iş stajı, bu stajın 12 il 6 ayını hərbi xidmət olmaq şərti ilə tələb olunub. 2020-ci ildə bu qaydada göstərilən meyarların göstəriciləri, 2019-cu ilin yanvarında qüvvəyə minmiş Prezidentin hədiyyə olunmuş sığorta stajına əsasən pensiya təyinatı üçün bu göstəricilər onda olub. Digər əsaslarla ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, xidmət dövründən sonra xidmətlə əlaqədar xəstəliklə ehtiyata və ya istefaya buraxılması Nazirlər Kabinetinin və Sosial Müdafiə Nazirliyinin qəbul etdiyi “Hərbi ekspertiza haqqında Əsasnamə” əsasında icra olunur, bu barədə mövcud qaydalar və qanunlar vardır. Məntiqlə müqayisə etsək, istər xidmət dövründən xəstəliklə ehtiyata və ya istefaya buraxılması, istərsə də xidmət dövründən sonra xəstəliklə əlaqədar istefaya buraxılması hər iki halda xəstəliklə və istefaya buraxılmasını təqdim edir. Eyni zamanda barəsində təyin olunmuş MN-nin MHHKnin tərtib etdiyi tibbi şəhadətləndirmə və ƏƏSMN-nin HHK-nın təyin etdiyi əlillik pensiya təyinatına: əsasən, hərbi xidmət dövründə döyüş əməliyyatlarında yaralandığı üçün həqiqi hərbi xidmət dövrü ilə əlaqədar uçotdan silinməklə ehtiyata və istefaya buraxılmış hesab olunur. Bu da hərbi xidməti ilə əlaqədar xəstəliklə ehtiyata və istefaya buraxılmağını ehtiva edir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə tərəfindən hərbi qulluqçu kimi yaşa görə pensiya təyinatı ilə əlaqədar iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixdə 2-1(112)8334/2025 saylı iş üzrə hakim Aygün Abdullayevanın sədrliyi ilə ilkin olaraq iclası təyin olunmuşdur. Proses zamanı hakim qanunvericliyin hallarını izah edərək bildirmişdir ki, tərtib olunan iddia ərizəsində cavabdeh DSMF yox DİN-ə qoyulmalıdır və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsi 3-cü şəxs kimi qeyd olunmalıdır. Hakimin tövsiyəsini nəzərə alaraq, iddia ərizəsində dəyişiklik etmək məqsədi ilə, proses ərəfəsində öz vəsaiti ilə işin dayandırılması barədə müraciət etmişdir. Yenidəntəqdim etdiyi iddia ərizəsi ilə Cavabdeh olaraq, 3-cü şəxs kimi isə DSMF-nin xüsusi şərtlərlə pensiya təyinatı idarəsini qeyd etmişdir. İnzibati prosessual məcəllənin 40.1-ci maddəsi İnzibati İcraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün 35.1.2-ci maddəsi və 50.4-ci maddəsini nəzərə alaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyini və başlanan 2- 1(112)8334/2025 saylı işin əsasında, yenidən məhkəmə prosesini bərpa etməyinizi xahiş edir. 2025-ci ildə barəsində təyin olunmuş pensiya təyinatı qüvvədə olmuşdur. Buda əmək pensiyasının 34-cü maddəsinə əsasən pensiya növü seçmək və dəyişmək hüququ vermişdir. Hüquq yarandığı təqdirdə qanunvericiliklə müraciət etmək üçün vaxt məhdudiyyəti yoxdur. DİO-la məlumat vərəqəsi ilə yaranmış problemlə əlaqədar olaraq güzəştli xidmət illəri istisna olmaqla və təminat xərcliyi vərəqəsi barədə sorğu verməyinizi, eyni zamanda DSMF-nn XŞT idarəsi ilə pensiya təyinatı ilə əlaqədar problemdə ona kömək edilməsini xahiş edir.

6. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10684/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi xidmət illərinə görə ehtiyata buraxılan və tələb olunan qaydalarla xəstəliyə görə ehtiyata və istefaya buraxılan qaydalara fərq qoymayaraq əsassız olaraq 631 nömrəli qərarı və “Pensiya haqqında” Qanunun 9.5.1-ci maddəsini tətbiq edərək iddianı rədd etmişdir. “Pensiya haqqında” Qanunun 9.5.3-cü maddəsində 109 saylı Qanunun 12-ci maddəsinin v) bəndində xəstəliklə istefaya buraxılanlardan 12 il 6 ay tələb olunduğu halda, 1992-ci il 631 nömrəli qərarı “Əmək pensiyası haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən 20 təqvim ili tələb edilməsi əsassızdır. Göründüyü kimi, 9.5.3-cü maddə 109 saylı Qanunun 12-ci maddəsinin v) bəndi uzun və fasiləsiz xidmət illərinə görə yox, xəstəliyə görə təsbit olunmuş qanunun maddəsidir, 1992-ci il 631 nömrəli qərar və “Pensiya haqqında” Qanunun 9.5.1-ci maddəsi ilə ziddiyyət təşkil edir, istinadı və tətbiqi yanlışdır. Məhkəmə o halda 1992-ci il 631 saylı qərara və “Pensiya haqqında” Qanunun 9.5.1-ci maddəsinə istinad edə bilərdi ki, hərbi qulluqçuların 109 saylı Qanunun 12-ci maddəsinin v) bəndi və “Pensiya haqqında” Qanunun 9.5.3-cü maddəsi ləğv olunaraq 9.5.1-ci maddə hesab edilməsi haqqında hansısa qanun və ya sərəncam olduğu halda. Halbuki hərbi qulluqçuların 109 saylı Qanunun 12-ci maddəsinin v) bəndi “Pensiya haqqında” Qanunun 9.5.3-cü maddəsi əlavə və dəyişiklikliklərlə bu gün də qüvvədədir, ləğv olunması barədə heç bir fərman və ya sərəncam yoxdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

11. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2023cü ilə kimi qüvvədə olan redaksiya 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayınıi hərbi xidmətdə keçirmiş şəxslər 9.8-ci Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”n 1-ci bəndinə əsasən: Bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra - hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrasl haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən) 19.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

20. Belə ki, iddiaçı pensiya təyin edilməsində yaranan çətinliyin aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi tərəfindən “Təminat Xərcliyi barədə Məlumat Vərəqəsinin” ona verilməsini tələb edir. 21.Cavabdeh orqan isə imtina cavabı verərək bildirmişdir ki, iddiaçının Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə - 18 il, 00 ay, 01 gün təşkil etdiyindən ona təqaüdün təyin edilməsi, eləcə də daxili işlər orqanlarında xidmət illərini nəzərə alınaraq pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqinin DİN-in Maliyyə Plan İdarəsinə göndəriləsi mümkün deyildir.

22. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1975-ci il təvəllüdlü sabiq polis serjantı İddiaçı 1993-cü ildən 1997-ci ilə kimi həqiqi hərbi xidmətdə olub, xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək və xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək daxili işlər orqanlarında xidmət etmişdir. 2016-cı ildə yenidən daxili işlər orqanlarına xidmətə qəbul olunmaq istəmiş, lakin səhhətində yaranmış problemlərlə bağlı xidmətə qəbul edilməmişdir. İddiaçı Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və hal-hazırda tələbi ondan ibarətdir ki, onun hərbi xidmətdə olduğu müddətidə xidmət illərinə daxil edib məlumat vərəqəsi tərtib edilsin. Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə - 18 il, 00 ay, 01 gün təşkil edir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək pensiyası hüququ o halda yaranardı ki, o, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu olsun. Lakin, iş materiallarından göründüyü kimi iddiaçı hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu olmadığından ona məlumat vərəqinin verilməsi mümkün olmamışdır. 24.Odur ki, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 25.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 26.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10684/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 27.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10684/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar