Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-462/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2 və Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “hesablanmış borcun silinməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2772/2021 saylı 08.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən 12.09.2018-ci il tarixdə **********34100 saylı 29.03.2015-ci il tarixli fevral 2015-ci il tarixli ƏDV bəyanaməsinə əsaslanaraq qanunsuz hesablanmış 147.467,88 manat və 12.09.2018-ci il tarixdə **********34100 saylı 20.04.2015-ci il tarixli mart 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq qanunsuz hesablanmış 47.316,07 manat məbləğlərində vergi borcunun silinməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışlar ki, firmanın əsas fəaliyyəti sənaye və sürtgü yağlarının Azərbaycan Respublikası ərazisinə idxalından və topdan satışının təşkilindən ibarət olmuşdur. Cavabdeh 12.09.2018-ci il tarixdə **********34100 saylı 29.03.2015-ci il tarixli fevral 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq, 147467,88 manat və 12.09.2018-ci il tarixdə **********34100 saylı 20.04.2015-ci il tarixli mart 2015-ci il tarixli ƏDV bayannaməsinə əsaslanaraq 47316,07 manat məbləğlərində qanunsuz olaraq əlavə hesablama etmişdir. Bu fakt iddiaçıya 07.05.2019-cu il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə baxış keçirən zaman məlum olmuşdur. Vergi orqanının qanunsuz hesablama etməsi ilk öncə özünü onda ehtiva edir ki, vergi ödəyicisi tərəfindən 12.09.2018-ci il tarixdə və həmin tarixə yaxın tarixlərdə heç bir vergi bəyannaməsi göndərilməmişdir. Bu fakt vergi ödəyicisinin onlayn-kargüzarlıq bölməsində göndərilmiş vergi bəyannamələrinin qeydiyyatı ilə birmənalı olaraq öz təsdiqini tapır. Vergi orqanının 2015-ci ilin fevral və mart ayları üzrə 3 illik dövr bitdikdən 5 ay sonra 18 sentyabr 2018-ci il tarixli vergi bəyannamələrinə əsaslanaraq belə bir hesablama etməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə tamamilə ziddir. Bundan əlavə, vergi ödəyicisinə 2012 - 2013-cü illərlə bağlı hesablanmış maliyyə sanksiyası üzrə 123080.75 manat və faizlər üzrə 69622.28 manat hesablanmış məbləğlər hesabat dövründən 5 il keçməsi səbəbi ilə vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi ödəyicisindən tələb edilə bilməz. Hazırkı halda vergi orqanın hesabat dövrünün üstündən 3 (üç) ildən artıq müddət keçdikdən sonra hesablama aparması göründüyü kimi qanunvericiliyin tələblərinə tamamilə ziddir. Göründüyü kimi vergi orqanı əgər hesab edirsə ki, İddiaçı firması 3 il bundan qabaq vergi qanunvericiliyini pozmuşdur və buna görə hüquqi şəxs barəsində hesablama olmalıdır fikri Vergi Məcəlləsinin 56.1-ci maddəsinə kökündən ziddir. Cavabdeh iddinı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən əsassız olaraq azalmalar verildiyinə görə vergi orqanı tərəfindən həmin məbləğlər şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Firmada keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2015-ci il tarixli **********883473 nömrəli qərar qəbul edilmişdir.İddiaçı cinayət işinin istintaqı apırıldığı dövrdə səyyar vergi yoxlaması ilə hesablanmış vergiləri ödəməkdən yayınmaq məqsədi ilə, eyni zamanda səyyar vergi yoxlaması ilə əhatə olunandövr üzrə dəqiqləşdirilmiş bəyənnamə təqdim edə bilmədiyinə görə 2015-ci ilin fevral və mart ayları üzrə dəqiqləşdirilmiş bəyannamələr verməklə ödənilməli olan vergi məbləğlərini əsassız olaraq azaltmışdır. Firma tərəfindən 08.01.2018-ci il tarixində 2015-ci ilin fevral, 30.03.2018-ci il tarixindən 2015-ci ilin mart ayı olmaqla, təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində aparılmış əvəzləşmələr 2006-2012-ci illər üzrə əldə edilmiş yük gömrük bəyannamələri ilə aparılmışdır ki, bu da Vergi Məcəlləsinin tələblərinə ziddir. Firma tərəfindən cavabdeh Bakı Vergilər Departamentinə (hazırkı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2015-ci il tarixli **********883473 nömrəli qərarın ləğv edilməsi barədə qaldırılan iddia, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.10.2015-ci il tarixli 2-1(82)1593/2015 nömrəli qərarı ilə iddia təmin edilməmiş, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.02.2016-cı il tarixli 2-1(103)-346/2016 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmin qərardan iddiaçının kassasiya şikayəti isə AR Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 29.06.2016-cı il tarixli 2-1(102)-1178/2016 nömrəli qərardadı ilə mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Bununla da məhkəmə icraatı başa çatmışdır. İddiaçı məhkəmə qərarı ilə qanuni və əsaslı hesab edilmiş məbləğlər üzrə yaranmış vergi öhdəliyini icra etməyərək, vergiləri ödəməkdən yayınmaq məqsədi ilə əsassız azalmalar vermiş, lakin sonradan həmin məbləğlər vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Ona görə də iddiaçının formal mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2772/2021 saylı 08.09.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsinin tələbələrinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında cavabdeh inzibati orqanın kameral vergi yoxlamasının nəticələri üzrə qərar olmadan hesablanmış məbləğin şəxsi hesab vərəqəsinə daxil edilməsinin, hüquqi əsaslarını araşdırmadan iddia rədd edilmişdir. Qərarın mahiyyəti ondan ibarət olmalı idi ki, Vergi Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halarının olmaması göstərilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə vergi orqanları Vergi Məcəlləsinə zidd istənilən vaxt vergi yoxlaması apara bilər, istənilən formada vergi hesablaya bilər. Məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Məhkəmə müəyyənləşdirməlidir ki, vergi qanunvericiliyi pozulmuş, həmin andan 3 il keçmişdir, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Məhkəmənin məntiqi ilə kameral vergi yoxlamasının nəticələri üzrə vergi orqanının qərar olmadan hesablanmış məbləğin şəxsi hesab vərəqinə daxil edilməməlidir. Vergi orqanının qərar olmadan şəxsi hesab vərəqəsinə məbləğin daxil edilməsini hüquqi əsaslarla izah verə bilmir. İşin mahiyyətinin əksinə olan “Dürüstləşmə” adı altında əməliyyat onların məhkəmə sisteminə yaraşmır. İşin halına görə məhkəmə aktnın icrası üçün faktiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan cavabdeh onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində əməliyyat aparmışdır. Məhkəmə işin əsil mahiyyətini kənara qoyub aidiyytati olmayan mülahizələri əsaslı biməsi yolverilməzdir. Çünki işin əsası 2015-ci ilin fevral-mart aylarına görə 2018-ci ilin sentyabr ayında vergi hesablanmasının yolverilməzliyidir. Məhkəmə isə qeyd etmişdir ki, guya 2015-ci il fevral və mart aylarına olan vergi borcu deyil cavabdeh vergi orqanının 06.04.2015-ci il tarixli **********883473 No-li qərarında qeyd olunan 2012 və 2013-cü il tarixlərdə yaranmış vergi borclarıdır. Məhkəmə araşdırmış olsaydı, hal-hazırda mübahisələndirilən hesablamaların 2012 və 2013-cü illərlə bağlı olmadığını rahat şəkildə görə bilərdi. 2015-ci ili fevral-mart aylarına hesablanmış borcun cavabdehin 06.04.2015-ci il tarixli **********883473 No-li qərarına aid olması deməyə heç bir hüquqi əsas vermir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri V.Abbasov, Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Baloğlanov apellyasiya şikayətinə etirazını bildirərək, vergi ödəyicisinin 2015-ci ildə səyyar vergi yoxlaması keçirilən qədər iddiaçının şəxsi hesab vərəqisində heç bir borcu qeydə alınmadığını, həmin yoxlamanın nəticələrinə əsasən ona vergilər hesablanaraq şəxsi hesab vərəqinə işlənildiyini, həmin yoxlama qərarının ləğvinə dair iddiaçı tərəfindən qaldırılan iddianın isə qanuni qüvvəsini almış məhkəmə qərarları rədd edildiyini bildirərək, iddiaçının əsassız dəqiqləşmə bəyannamələri ilə həmin məhkəmə qərarları ilə əsaslı olduğu müəyyən edilən vergilərin azaldıldığını, sonradan isə vergi orqanı tərəfindən əsassız olaraq azaldılmış vergilərin iddiaçının şəxsi hesab vərəqinə bərpa edildiyini və buna dair qərar qəbul edilməsinin vergi qanunvericiliyində nəzərdə tutulmadığını qeyd edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının qeyd olunan iddia tələblərindən göründüyü kimi, vergi orqanı tərəfindən 12.09.2018-ci il tarixində : **********34100 saylı 29.03.2015-ci il tarixli fevral, 2015-ci il tarixli ƏDV bəyanaməsinə əsaslanaraq hesablanmış 147.467,88 manat”; **********34100 saylı 20.04.2015-ci il tarixli mart 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq hesablanmış 47.316,07 manat - məbləğlərində vergi borclarının silinməsini tələb etmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən “vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.” İddiaçının işə əlavə edilmiş şəxsi hesab vərəqəsinə, habelə, cavabdeh vergi orqanunun hüquq sələfi Bakı Vergilər Departamentinin işə əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2015-ci il tarixli **********883473 nömrəli qərarına əsasən müəyyən olunur ki, firmaya həmin qərarla 2012-2013-cü illərin vergi dövrləri üzrə cəmi 244 641,48 manat məbləğində verginin azaldılması müəyyən edilərək ona əlavə vergi hesabanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. İddiaçı firmanın həmin qərarın ləğvi tələbinə dair iddia ərizəsi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1593/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qərarı ilə təmin edilməmiş, həmin qərardan onun verdiyi apellyasiya şikayəti də təmin edilməmişdir. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 346/2016 saylı 24 fevral 2016-cı il tarixli qərar ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin həmin qərarından isə iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1178/16 saylı 29 iyun 2016-cı il tarixli qərardadı ilə mümkün sayılmamış, icraat qəbul edilməsindən imtina olunmuş, beləliklə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1593/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. İddiaçının şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən müəyyən olunur ki, 06.04.2015-ci il tarixi vəziyyətinə, yəni, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2015-ci il tarixli **********883473 nömrəli qərarı qəbul edilən anda iddiaçı firmanın dövlət büdcəsinə qalıq vergi borcu və faiz borcu mövcud olmamış, əksinə, artıq ödəmələri olmuşdur. Qeyd olunan məhkəmə qərarları ilə müəyyən edilən hallardan göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçı firmanın cavabdeh vergi orqanının 06.04.2015-ci il tarixli **********883473 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi haqqında iddia tələbinin rədd olunması barədə qərarı, 2016-cı ilin iyun qanuni qüvvəsini almış, bununla da vergi orqanının qeyd olunan qərarı ilə iddiaçı firmaya hesablanmış əlavə vergilərin qanunauyğun və əsaslı olduğu öz təsdiqini tapmışdır. İşə əlavə olunmuş 06.04.2015-ci il tarixli həmin qərarından isə görünür ki, iddaçı firma tərəfindən 2012-2013-cü illərdə mənfəət vergisi, 2013-cü ildə isə ƏDV ümumilikdə 244.641,48 manat azaldıldığı müəyyən edilərək, onun artıq ödəməsi nəzərə alınmaqla, cəmi 195.915,35 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, firma tərəfindən 29.12.2017-ci il tarixində dəqiqləşmiş bəyannamə ilə “ƏDV 2015-ci il fevral ayı üçün, qeyd olunan yoxlama qərarı ilə hesablanmış əlavə vergi borcu həddində, yəni 194.991,51 manat məbləğində azalma verilmişdir.Bununla da, faktiki olaraq iddiaçı qanuni qüvvəsini almış məhkəmə qərparları ilə əsaslı olduğu sübuta yetirilən 2015-ci ildə aparılmış səyyar vergi yoxlamasının nətiəcələrini əks etdirən məsuliyyətə cəlb etmə qərarını icra etməkdən yayınmışdır. Eyni zamanda, şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, 08.01.2018-ci və 29.03.2018-ci il tarixlərində firma tərəfindən ƏDV 2015-ci il fevral-mart ayları üçün, müvafiq olaraq, 47.316,07 manat məbləğlərində əvəzləşmələr aparmışdır. 2015-ci ilin fevral-mart aylarının ƏDV bəyannamələrin 1 N-li əlavələrindən isə görünür ki, həmin əvəzləşmələr əslində 2006-20012-ci illərdə idxal olunmuş mallara yük gömrük bəyannmələri üzrə əldə olunmuşdur. Birincisi, Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinin tələbindən görünür ki, bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisi tərəfindən dəqiqləşdirmə və əvəzləşdirməyə yol verilir. Digər tərəfdən, həmin Məcəllənin 175.1.2-ci maddəsinin tələbinə görə hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilir Həmin Məcəllənin 170-ci maddəsi isə nəzərədə tutur ki, gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələbələrinə zidd şəkildə dəqiqləşmə və əvəzləşmələr aparmaqla səyyar vergi yoxlamsının qərarı ilə ona hesablanmış vergi məbəlğələinə azalmalar verdiyi sübuta yetirilir. Halbuki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Belə olan halda, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması qərarı ilə firmaya hesablanmış əlavə vergi məbləğini, bir daha, təkrar qaydada 12.09.2018-ci il tarixində ƏDV məbləğlərini - 2015-ci il: fevral ayı üçün 147.467,88 manat məbləğində, mart ayı üçün isə 47.316,07 (cəmi 194.783,95) manat iddiaçının şəxsi hesabına bərpa edilməsi qanuni və əsaslı hesab edilməlidir. Çünki, iddiaçının faktiki hərəkətləri ilə səyyar vergi yoxlamasının qərarı ilə əhatə olunan vergi məbləğlərinin azaldılması, həmin vergi məbləğinin iddiaçının şəxsi hesabına bərpa olunması üçün bir daha, vergi orqanı tərəfindən kameral qaydada qaydada hesablama aparılaraq yeni bir qərarın qəbul edilməsi zərurətini yaratmır. Ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əaasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Göründüyü kimi, iddiaçı firmanın apellyasiya şikayətinin, vergi qanunvericiliyinin tələblərinin pozulduğu andan 3 il keçdiyinə görə onun vergi məsuliyyətinin istisna etdildiyini, eləcə də, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının nəticələri üzrə qərar olmadan onun şəxsi hesabına vergi məbləğinin bərpa edilməsinin qanunsuz olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu öz təsdiqini tapır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Beləliklə də qeyd olunanları nəzərə alan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarda iddianın rədd edilməsi barədə gəldiyi nəticənin vergi qanunvericiliyinə zidd olması ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2772/2021 saylı 08.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı firmasının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2772/2021 saylı 08.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-462/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-462/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver