Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-462/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı "diplomun tanınması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2114/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı “X4 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 154935 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci ildə doğulmuşdur, Bakı şəhərində yaşayır, 2015-ci ildə X4 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutuna qəbul olunmuş, 2019-cu ildə həmin Universitetin Gəmi energetik qurğularının istismarı ixtisası üzrə bakalavr proqramını tam bitirmişdir, bu barədə ona X4 və Texnologiyalar Universitetinin Hetman Petro KonaşevişSaqaydaçnıy adına X9 İnstitutu tərəfindən xx.xx.2019-cu il tarixli, B19 № 154935 saylı diplom və ona A3-97/15 saylı əlavə təqdim olunmuşdur. Diplom lazımi qaydada imzalanmış və möhürlə təsdiq edilmişdir.İddiaçı xx.xx.2023-cü ildə ali təhsilə aid kvalifikasiyasının tanınması barədə aidiyyəti inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir.Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması barədə 21 iyul 2023-cü il tarixli, NA00013925 saylı qərar qəbul edilmişdir. Səbəb kimi imtinada göstərilmişdir ki, “Ərizəçi ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir".Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması" Qaydalarının 4.1 və 3.10-cu maddələrində təsbit olunmayan əsasla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.İddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmişdir, həmin ölkədə olmadığı dövrdə isə üzrlü səbəbləri olmuşdur. O cümlədən, iddiaçı hər il imtahanlarını uğurla başa vurmuş və təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmişdir. İddiaçı imtahanlardan yaxşı qiymətlər almışdır və tədris yükünü tam mənimsədiyinə görə ona bakalavr diplomu verilmişdir. İddiaçının tədris yükünü yerinə yetirməyi həm də onunla təsdiq olunur ki, o, uzun illərdir ki, bakalavr ixtisası üzrə işləyir. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci bəndinə əsasən, Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr", “mütəxəssis” və “magistr" ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gəlir, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən: tanınma üzrə ümumi tələblər aşağıdakılardır:müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması;müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması;müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi;Həmin Qaydaların 3.10-cu maddəsinə əsasən, aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir;bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda;ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda.Həmin Qaydaların 1.4.3cü maddəsinə əsasən, əhəmiyyətli fərq dedikdə, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür.Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində ixtisasın mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu inzibati orqan tərəfindən diqqətə alınmamışdır. Yəni, şəxs tərəfindən tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. O cümlədən, iddiaçı hesab edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətində, həmçinin cavabdehin öz imtina məktubunda istinad etdiyi iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına əlahiddə olaraq deyil, iddiaçının təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəmə imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman təhsil alanın həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bununla bağlı olaraq həmçinin bildirir ki, cavabdeh iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına itsinad etsə də, bu zaman özünün mövqeyini ümumiyyətlə dəqiqiləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu da göstərməmişdir. Сavabdeh imtina məktubunda iddiaçının tədris yükünü mənimsəməsinin mümkün olmadığını bildirsə də, cavabdehə təhsil barədə təqdim etdiyi sənədlərə məcmu halda qiymət verməmiş, diplom, ona əlavələr və digər sənədlərdə akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlərin və onların qiymətləndirilməsinin aydın şəkildə şərh edilməsinə, habelə əmək fəaliyyətinin sözügedən ixtisas istiqamətində uzun müddətdir davam etməsinə baxmayaraq, formal əsasa əsaslanaraq, iddiaçının tədris yükünü tam yerinə yetirməməyi barədə nəticəyə gəlmişdir. Lakin iddia ərizəsinə əlavə olunan sənədlərdən də məlum olur ki,o, diplomda qeyd olunan ixtisas üzrə uzun müddətdir ki, əmək fəaliyyəti ilə məşğul olur və bu isə həm də onu deməyə səbəb olur ki, həmin sahə üzrə bilik və bacarıqlara kifayət qədər yiyələnmişdir. O cümlədən, əmək fəaliyyəti ilə bağlı “BUE CASPİAN LİMİTED” tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunmuş xasiyyətnamədən aydın olur ki, əmək fəaliyyəti müddətində iddiaçı öz bilik və bacarıqlarını kifayət qədər göstərmişdir və həmin sahə üzrə peşə qabiliyyətləri yüksək səviyyədədir.Göründüyü kimi, cavabdeh işin bütün hallarına (diplom, ona əlavə olunan sənədlər, sahə üzrə əmək fəaliyyəti, tədris yükünü yerinə yetirməyi barədə digər sübutlar) qiymət verməmiş, yeganə məqamın, yəni tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olmaq halına əsaslanaraq diplomun tanınmasından imtina etmişdir. O cümlədən nəzərə alınmalıdır ki, təhsil alan şəxsin hazırlıq səviyyəsinin artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman təhsil alan şəxsin həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları, əmək fəaliyyəti ilə əlaqədar əldə etdiyi səriştələr, imtahanlarda və dərslərdə əldə etdiyi nəticələr də nəzərə alınmalıdır.Həmçinin bildirir ki, iddia ərizəsinə əlavə etdiyi müvafiq fəxri fərman da təsdiq edir kı, tədris müddəti ərzində baş verən "Günəşli" neft yatağında yanğınla əlaqədar xilas etmə işlərinə cəlb olunmuşdur və bu üzrlü səbəbdən həmin dövrlərdə təhsil aldığı ölkədə olmasa da həmin dövr üzrə bütün imtahanlardan yüksək nəticə əldə etmişdir. O cümlədən iddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, övladının sağlamlıq imkanları məhdud olması, xüsusi qayğıya ehtiyacı olması, həmçinin əmək fəaliyyətinə davam edərkən işini itirməmək səbəbindən bəzi illər ərzində yalnız imtahan sessiyasında iştirak etmək üçün həmin ölkəyə gedə bilmişdir, lakin buna baxmayaraq həmin dövrlərdə belə imtahanlarda yüksək nəticələr əldə edərək, tədris yükünü tamamilə mənimsəmişdir.Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə almamış, iş üzrə mühüm xüsusatları araşdırmamış və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının ali təhsil müəssisəsində qiyabi təhsilalma formasının tələblərinə uyğun olaraq sessiya və imtahanlarda iştirak üçün xarici ölkədə olma müddətlərinin aşağıdakı kimi olduğunu müəyyən etmişdir: 2015-2016 -10 gün, 2016-2017 – 25 gün, 2017-2018 – 19 gün, 2018-2019- 17 gün.Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir.Bu səbəbdən də iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.Cavabdeh inziati orqan inzibati aktı qəbul edən zaman diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hədlərinə əməl etmiş və diskression hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli,2306 nömrəli fərmanı iə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması qaydaları”na uyğun olaraq həyata keçirilir.Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azerbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili qaydalarına əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin 30-40 gün xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Qaydaların 4.1.4cü yarımbəndində Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblərə aid edilmişdir. İddiaçının vəziyyətində isə təhsil müddətinin birinci və sonuncu tədris illərində bu tələblər ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2114/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzbati orqanda ərizəçinin sərhədkeçmə məlumatları yalnız dərs günləri nəzərə alınmaqla (təhsil aldığı ölkədə olduğu həftəsonları daxil edilməmək şərti ilə) yenidən yoxlanılmış və hesablama nəticələrinə uyğun olaraq onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: 1-ci il- 5 gün, 2-ci il-18 gün, 3-cü il-13 gün, 4-cü il-13 gün. Göründüyü kimi, ərizəçinin aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Belə olan halda iddiaçının qiyabi təhsilalma forması üzrə tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir. İddiaçı tərəfindən təhsil müddətindən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda təhsil proqramları üzrə tədris olunan fənlərə hazırlaşaraq tədris yükünü yerinə yetirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi 124.3-cü yarımbəndində Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi öz əksini tapmışdır. Bununla da, məhkəmənin qərarın 19-cu bəndində gəldiyi nəticənin - “qeyd edilən hallar məcmu şəkildə iddiaçının aldığı təhsil üzrə tədris proqramını layiqincə mənimsədiyinin təsdiqidir” tamamilə əsassız olduğu sübut edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1 -ci və 73.3.2ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 22. Ali təhsil 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmipedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3.Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. 1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.
3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİSə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır.Ərizəçinin müraciətinə baxılması üçün Agentlik aşağıdakı məlumatların yoxlanılmasını həyata keçirir: ərizəçinin fərdi məlumatlarındakı (soyadı, adı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik;. ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin: 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir. 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriatsəviyyəsində ildə 180-240, magistraturada isə 120- 160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
İş materiallarında olan Ukrayna İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin B19 №154935 nömrəli bakalavr diplomunun azərbaycan dilində tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 2019-cu ildə İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin X6 Saqaydaçnıy adına X9 İnstitutunda təhsil üzrə tam kursu bitirmiş və ona “Dəniz və Çay Nəqliyyatı” istiqamətinin “Gəmi energetik qurğularının istismarı” proqram sahəsi üzrə bakalavr dərəcəsi verilmişdir, bakalavr diplomu Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil ilə təsdiq edilmişdir. Ukrayna İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin B19 №154935 nömrəli bakalavr diplomuna əlavəyə əsasən iddiaçı İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin X6 Saqaydaçnıy adına X9 İnstitutunda qiyabi təhsil almışdır. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində həmin ölkədə olmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Kollegiya cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, cavabdehin iddiaçının diplomunun tanınmasından imtinasının əsas və yeganə dəlili ondan ibarətdir ki, iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində həmin ölkədə olmadığından ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünün dövlət standartlarının tələblərinə uyğun yerinə yetirilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı Caspian Marine Services B.V. şirkətinin Azərbaycan Respublikasındakı filialında “Muslum Magomayev” gəmisində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər elektromexanik, BYUİ Kaspian Şirkətinin gəmilərində xx.xx.2012-ci ildən xx.xx.2022-ci ilə qədər elektromexanik işləmişdir, Caspian Server gəmisində işləyən zaman xx.xx.2015-ci ildə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın zamanı yanğınsöndürmə işlərində xüsusi xidmət göstərmiş, buna görə də şirkət tərəfindən fəxri fərmanla təltif olunmuşdur, BiYui Kaspian Limitedin xasiyyətnaməsinə əsasən isə iddiaçı xx.xx.2012-ci ildən xx.xx.2022-ci ilə qədər Bua Caspian şirkətinin gəmilərində elektrik mexaniki işlədiyi dövrdə şirkət rəhbərliyinə həm dəniz, həm də quru obyektlərində yüksək kvalifikasiya tələb olunan işlərin yerinə yetirilməsində yaxından köməklik etmişdir, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir, öz işlərinin öhdəsindən layiqincə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının ailə vəziyyəti ilə bağlı uzun müddət Ukrayna Respublikasında qala bilməməsi barədə dəlili ilə də razılaşır, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçının qızı X2 (xx.xx.2005ci il təvəllüdlü) ikinci dərəcəli ömürlük əlildir, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan, qulluq və müalicə tələb edən əqli gerilikdən və spastik tetraplegiyadan əziyyət çəkir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddia tələbinə etirazında iddiaçının təhsil aldığı ölkədə 2015-2016-cı təhsil ili üzrə 10 gün, 2016-2017-ci təhsil ili üzrə 25 gün, 2017-2018-ci təhsil ili üzrə 19 gün, 2018-2019-cu təhsil ili üzrə 17 gün, apellyasiya şikayətinin dəlillərində isə təhsil aldığı xarici ölkədə 1-ci il- 5 gün, 2-ci il-18 gün, 3-cü il-13 gün, 4-cü il-13 gün qalmasına istinad etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. İş materiallarından görünür ki, universitetin hər tədris ili üzrə tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə iddiaçı növbəti kursa keçirilmiş, nəticədə iddiaçı 2019-cu ildə İnfrastruktur və Texnologiyalar Dövlət Universitetinin X6 Saqaydaçnıy adına X9 İnstitutunda təhsil üzrə tam kursu bitirmiş və ona “Dəniz və Çay Nəqliyyatı” istiqamətinin “Gəmi energetik qurğularının istismarı” proqram sahəsi üzrə bakalavr dərəcəsi verilmişdir, bakalavr diplomu Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil ilə təsdiq edilmişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmiş, iddiaçının növbəti kurslara kəsiri və ya akademik borcu qalmamışdır. Məhkəmə kollegiyası iddiaçının sosial vəziyyətini, onun himayəsində əlil övladının olduğunu, eləcə də ixtisası üzrə uzun müddət işlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının təhsil müddəti ərzində cavabdeh tərəfin mübahisələndirdiyi normativ müddətdən az müddətdə təhsil aldığı ölkədə olması səbəbi hazırkı iş üzrə iddiaçının təhsil barədə sənədinin ölkə ərazisində tanınması məqsədinə xidmət etmir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, həmin ölkədə olmadığı dövrün üzrlü səbəbi barədə məhkəməyə sübut və əsaslar təqdim etmiş, təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmiş, iddiaçı imtahanlardan yaxşı qiymətlər almış və tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu almışdır. Beləliklə, iddiaçıya verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Buna görə də cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar iş üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da mövqe bu şəkildə əsaslandırılmışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2114/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov