Məhkəmə qərarları › İş №2-1(103)-4620/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4620/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4620/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan, XVIII mədən küçəsi, * saylı bağ sahəsinə dair ilkin qeydiyyata alınmaqla arayışın (çıxarışın) mərhum X4 adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı ##.##.2021-ci ildə Bakı şəhərində “Dəqiqləşdirilməmiş bronxopnevmoniya” səbəbi ilə vəfat etmişdir. Mərhum yoldaşı Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma Idarəsində işləmişdir. Mərhum işlədiyi dövrdə üzv olduğu “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü olaraq, ona ##.##.2005-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan XVIII mədən küçəsi * saylı bağ sahəsi ##.##.2005-ci il tarixli “Qum adası” NQÇI-nin rəhbərliyi və həmkarlar komitəsinin rəyasət heyətinin birgə iclasının ** №-li protokoluna əsasən verilmişdir. Artıq 20 (iyirmi) ildir ki, ayrılmış torpaq sahəsindən istifadə edir, lakin ayrılmış torpaq sahəsinə dair sənədi mövcud deyil. Bu səbəbdən istifadəsində olan torpaq səhəsinə dair ilkin qeydiyyat alınmaqla arayışın (çıxarışın) verilməsi ilə bağlı cavabdehə rəsmi müraciət etmişdir. Lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını əsassız sayır. Mərhum yoldaşı Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma Idarəsində işləmişdir və işlədiyi dövrdə üzv olduğu “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü olaraq ##.##.2005-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan XVIII mədən küçəsi * saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan XVIII mədən küçəsi * saylı bağ sahəsinin ayrılması, SOCAR-nın Mərkəzi Arxivində “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıqyoldaşlıq cəmiyyəti tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı siyahıda aşkar olunması istifadəsində olan torpaq sahəsindən istifadə etməyinin tam olaraq hüquqi və əsaslı olmasını sübut edir. Mərhumun adına ayrılmış torpaq sahəsi Bakı şəhəri Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli *** №-li Sərəncamı ilə Suraxanı rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli *** saylı razılıq məktubunu nəzərə alaraq Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma Idarəsinə Suraxanı rayonu Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün ayrılmış torpaq sahəsindən biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda 25 ildir ki, ##.##.2005-ci il tarixli “Qum adası” NQÇI-nin rəhbərliyi və həmkarlar komitəsinin rəyasət heyətinin birgə iclasının ** №-li protokolu əsasında istifadəsində olan torpaq sahəsindən istifadə etməyi tam olaraq hüquqidir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsi ilə bağlı sərəncam verilməli, cavabdehin səlahiyyətində olan hərəkəti edilməlidir. Belə olan halda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Inzibati Məhkəməsinin (hakim Ləman Musayeva) *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında, 400 kv.m sahəsi olan, XVIII mədən küçəsi, * saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Vətəndaşın həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Işə baxan məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi də araşdırılmamışdır. Halbuki sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir. Göstərilən torpaq sahəsinə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ya Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən hüquqmüəyyənedici sənədlərin verilməsi yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarı mövcud olduğu halda həyata keçirilə bilər. Lakin Nazirlər Kabinetinin belə bir qərarı mövcud deyildir. Iş materiallarından görünür ki, işə baxan məhkəmə tərəfindən zəruri olaraq cəlbetməyə dair qərardad qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən zəruri olaraq üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cəlb edilməsinə dair qərardad qəbul edilsə də, bu, formal xarakter daşımış, faktiki olaraq üçüncü şəxsin məhkəmədə iddiaya münasibəti nəzərə alınmamışdır. Belə ki, təqdim edilən sənədlərdə qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X5 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Xəritədən çıxarışlar tərəflərindən birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən IPM-nin 28-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmamış və sonda düzgün olmayan qərar çıxarılmışdır. Hazırki iş üzrə üçüncü şəxsin iddiaya münasibəti nəzərə alınmadan tələsik olaraq qərar qəbul edilmişdir. Vətəndaşın həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Halbuki bütün göstərilən hallar yalnız məhkəmə tərəfindən araşdırılaraq qərar qəbul edilə bilərdi. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunur: O, X4 ilə 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı ##.##.2021-ci ildə Bakı şəhərində “Dəqiqləşdirilməmiş bronxopnevmoniya” səbəbi ilə vəfat etmişdir. Mərhum yoldaşı Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma Idarəsində işləmişdir. Mərhum işlədiyi dövrdə üzv olduğu “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü olaraq, ona ##.##.2005-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan XVIII mədən küçəsi * saylı bağ sahəsi ##.##.2005-ci il tarixli “Qum adası” NQÇI-nin rəhbərliyi və həmkarlar komitəsinin rəyasət heyətinin birgə iclasının ** №-li protokoluna əsasən verilmişdir. Artıq 20 ildir ki, ayrılmış torpaq sahəsindən istifadə edir, lakin ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi mövcud deyil. Bu səbəbdən istifadəsində olan torpaq səhəsinə dair ilkin qeydiyyata alınmaqla arayışın (çıxarışın) verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə öz növbəsində müraciətinə imtina etmişdir. “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin IH-nin ##.##.2005-ci il tarixli * saylı protokolundan olan çıxarışına əsasən Bakı şəhəri Icra Hakimiyyətinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamı ilə Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.m sahəsi olan XVIII mədən küçəsi * saylı bağ sahəsi mərhum X4 ayrılmışdır. Bundan başqa, qeyd edilən bağ sahəsinin qonşuluğunda yerləşən ** saylı bağ sahəsi yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahəyə dair X1 eyni hüquqmüəyyənedici sənədlər əsasında çıxarış verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq ona münasibətdə fərqli mövqe nümayiş etdirmişdir ki, bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində qeyd edilir ki, elektron kadastr baza məlumatına əsasən göstərilən sahə heç bir bağçılıq yoldaşlıq təsərrüfatı ayrıc aktı daxilində yerləşməməklə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisinə uyğun gəlir, həmçinin sahənin 82 metrlik məsafəsində neft quyusunun baza məlumatı mövcuddur. Bununla bağlı qeyd edir ki, torpaq sahəsinin təqdim olunmuş ortofoto görüntüsündən məlum olur ki, sahənin hər bir tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir. Qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olsa da, ** saylı bağ sahəsi yaşayış məntəqəsi torpaqlarına aid edilmiş və ayrılmış torpaq sahəsinə dair çıxarış verilmişdir. Iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququnun qeydiyyata alınması təşkil etdiyindən, apellyasiya şikayəti əsassızdır. Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan XVIII mədən küçəsi * saylı bağ sahəsinin ayrılması SOCAR-ın Mərkəzi Arxivində “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı siyahıda aşkar olunması torpaq sahəsindən istifadə etməsinin tam olaraq hüquqi və əsaslı olmasını sübut edir. Bakı şəhəri Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli *** №-li Sərəncamı ilə Suraxanı rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli *** saylı razılıq məktubunu nəzərə alaraq Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma Idarəsinə Suraxanı rayonu Zığ-Hövsan şosenin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün ayrılmış torpaq sahəsindən biri də mərhum həyat yoldaşına ayrılmışdır və torpaq sahəsindən istifadə etməsi tam olaraq hüquqidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə apellyasiya şikayəti üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verildiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini üçüncü şəxsə münasibətdə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan ##.##.1992-ci il tarixdə verilmiş V-JQ seriyalı ****** nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Məmmədova (Ismayılova) Nəzakət Bilal qızı ##.##.1992-ci il tarixdə nikaha daxil olmuşlar. Iş materiallarında olan ##.##.2021-ci il tarixdə verilmiş AZ-II seriyalı ****** nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Iş materiallarında olan Bakı şəhəri Icra Hakimiyyətinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma Idarəsinə Suraxanı rayonu, Zığ- Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi ayrılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubla təqdim edilmiş “Qum adası” Neft və Qazçıxartma Idarəsinin “Qum adası” bağçılıq cəmiyyəti tərəfindən torpaq sahəsi ayrılmış işçilərin siyahısından arxiv çıxarışdan görünür ki, XVIII mədən küçəsi * saylı bağ sahəsi X4 ayrılmışdır. X8 94-cü sırada qeyd olunmuşdur. Iş materiallarında olan “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin Idarə Heyətinin iclasının ##.##.2005-ci il tarixli * saylı protokolundan olan çıxarışdan görünür ki, Bakı şəhəri Icra Hakimiyyətinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamı ilə Suraxanı rayonu Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.m sahəsi olan XVIII mədən küçəsi * saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə X4 ayrılmışdır. Iş materiallarında olan “Qum adası” NQÇI-nin Həmkarlar Ittifaqı Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Rəhimulla Ismayılov ## #### 2005-ci il tarixdən “Qum adası” NQÇI-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. Iş materiallarında olan “Qum adası” NQÇI-nin bağçılıq-yoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarışdan görünür ki, Mədək küçəsi VIII ünvanında * nömrəli bağ X4 ayrılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” Istehsalat Birliyi “Qum Adası” Neft və Qazçıxarma Idarəsinin Bağçının üzvlük kitabçasına əsasən X4 28 May NQÇI-də baş mühəndis vəzifəsində işləmiş, ## #### 2005-ci il tarixdən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti üzvlərinin ## #### 2005-ci il tarixli ** nömrəli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, XVIII küçəsində Bağçılıq cəmiyyəti bağından sahəsi 400 kv.m olan 7 №li bağ sahəsi ##.##.2005-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün ona verilmişdir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilir: “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. Bundan başqa, vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Iş materiallarında olan cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Zığ-Qum adası bağ massivi faktiki sahəsi 405.0 kv.m göstərilən * saylı bağ sahəsi hasar daxilindədir. Sahədə iki mərtəbəli ev, köməkçi tikili var. Iş materiallarında olan * saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisi tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş (vərəsəlik işi V-563/2021) Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı mərhum X4 qanun üzrə vərəsəsidir. «Inzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. Inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. Inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” Istehsalat Birliyi “Qum Adası” Neft və Qazçıxarma Idarəsinin Bağçının üzvlük kitabçasına əsasən X4 28 May NQÇI-də baş mühəndis vəzifəsində işləmiş, Bağçılıq cəmiyyəti üzvlərinin ## #### 2005-ci il tarixli ** nömrəli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, XVIII küçəsində Bağçılıq cəmiyyəti bağından sahəsi 400 kv.m olan 7 №li bağ sahəsi ##.##.2005-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün ona verilmişdir. Iş materiallarında olan “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin Idarə Heyətinin iclasının ##.##.2005-ci il tarixli * saylı protokolundan olan çıxarışa əsasən Bakı şəhəri Icra Hakimiyyətinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamı ilə Suraxanı rayonu Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.m sahəsi olan XVIII Mədən küçəsi * saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə X4 ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubla təqdim edilmiş “Qum adası” Neft və Qazçıxartma Idarəsinin “Qum adası” bağçılıq cəmiyyəti tərəfindən torpaq sahəsi ayrılmış işçilərin siyahısından arxiv çıxarışına əsasən XVIII Mədən küçəsi * saylı bağ sahəsi X4 ayrılmışdır, X8 94-cü sırada qeyd olunmuşdur. X4 ##.##.2021-ci ildə vəfat etmişdir, * saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisi tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş (vərəsəlik işi V-563/2021) Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı İddiaçı mərhum X4 qanun üzrə vərəsəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” Istehsalat Birliyi “Qum Adası” Neft və Qazçıxarma Idarəsinin Bağçının üzvlük kitabçasına, “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin Idarə Heyətinin iclasının ##.##.2005-ci il tarixli * saylı protokolundan olan çıxarışa əsasən 400 kv.m sahəsi olan XVIII Mədən küçəsi * saylı bağ sahəsi X4 ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təqdim edilmiş “Qum adası” bağçılıq cəmiyyəti tərəfindən torpaq sahəsi ayrılmış işçilərin siyahısında X4 adı 94-cü sırada qeyd olunmuşdur və həmin bağ sahəsinin ona ayrıldığı təsdiq edilmişdir. Beləliklə, iddiaçının mərhum əri qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Iddiaçının əri vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinə mülkiyyət hüququnun ərinə məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlətdaxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, həmin ərazidə neft quyusu, neft kəməri və digər bu kimi neft və qaz istehsalına aid olan halların mövcud olması ilə əlaqədar, həmçinin iddia olunan torpaq sahəsinin magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququn qeydiyyata alınması təşkil edir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən təqdim olunmuş torpaq sahəsinin müayinə aktından, ortofoto görüntüsündən məlum olur ki, həmin bağ sahəsi hasar daxilindədir, faktiki sahəsi 405.0 kv.m-dir, bağ sahəsində iki mərtəbəli ev, köməkçi tikili var, bağ sahəsi qonşu torpaq sahələri ilə həmsərhəddir, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış massividir. Qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olduğu halda belə, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Həmin hal cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məktubla müəyyən edilir. O da qeyd edilməlidir ki, cavabdeh və üçüncü şəxs tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «Inzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. IPM-in 58-ci maddəsi və «Inzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Iddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sənədlərə etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmışdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar