Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4623/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X4 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5154/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Ermənistanın Azərbaycan Respublikasına əsassız ərazi iddiaları ilə bağlı başladığı müharibə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Ordusunun komplektləşdirilməsi ilə bağlı könüllü olaraq toplanış məntəqəsinə çağırılmışdır və daha sonra N №-li hərbi hissədə dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsindən göndərilərək, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 №-li əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sürücü” vəzifəsinə təyin edilmişdir. “Hərbi xidmət haqqında” Qanunun müvafiq olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 №-li əmri ilə 2-ci Tabor sürücüsü olmaqla vəzifədən azad edilərək, Zenit-raket artilleriya divizionunda “sürücü” vəzifəsinə təyin olunmuşdur. Dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı zamanı “sol diz, sol sağrı nahiyyəsindən güllə yarası” alaraq xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin “Sarıcalı hospitalında” stasionar müalicə almışdır. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunduqdan sonra o, qanunvericiliyin tələblərinə uyğun olaraq 2024-cü ildə müharibə veteranı statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi Mərkəzi Arxivində xidməti ilə bağlı məlumatın aşkar olunmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-5154/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının döyüşlərdə yaralanması ilə bağlı qeyd etdiklərinin mötəbərliyini araşdırmamış, sənədlərin uyğunluğunu yoxlamamış, bununla da əsassız qərar çıxarılmışdır. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı döyüşlərdə yaralanaraq güllə yarası almaqla, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə (Sarıcalı hospitalında) müalicədə olmuşdur və bu qeydinin əsası kimi Müdafiə Nazirliyinin Tibb İdarəsinin xx.xx.2024-cü il tarixli 812 nömrəli arxiv arayışına istinad etmişdir. Lakin arayışda isə İddiaçı təvəllüdü göstərilməmiş, yaralanmanın şəraiti, yeri və yaralanma səbəbi barədə hər hansı qeydiyyat aparılmamışdır. Eyni zamanda Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 3-25-29/2-95/2025 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.1996-xx.xx.1997-ci il tarixli “Yaralıların qeydiyyatı” kitabında (əsas: səh-6, sıra-64, kitabda yaralanma səbəbi, yeri, şəraiti qeyd olunmamışdır) 1970-ci il təvəllüdlü, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdə yaralanması qeyd olunmuşdur. Göründüyü kimi, “Yaralıların qeydiyyatı kitabı”nda adıçəkilən İddiaçı 1970-ci il təvvəllüdlü göstərilməklə (iddiaçının təvəllüdü isə xx.xx.1959-cu il tarixdir), hazırda onun İddiaçı şəxsiyyəti ilə eyniləşdirilməsi müəyyən olunmur. Eyni zamanda, yaralanmanın şəraiti, yeri və yaralanma səbəbi də müəyyən olunmamışdır. Ən əsası isə döyüşdə yaralandığını iddia edən iddiaçının nə yaralanmasına dair müvafiq “Xəstəlik haqqında şəhadətnamə”si, nə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, nə də epikriz və digər əlaqədar sənədləri mövcud deyildir. Bu halda hansı hüquqi və faktiki əsasla məhkəmənin iddiaçının döyüşlərdə iştirak etməsi və məhz döyüşdə yaralanması ilə bağlı mövqe formalaşdırması aydın olmamaqla, məhkəmənin işə qeyri-obyektiv yanaşması təəssüratını formalaşdırır. Digər tərəfdən, iddiaçının ehtiyata buraxılması da müəyyən olunmamışdır, bu fakt isə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina üçün birbaşa əsas təşkil edir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 3-25-29/2- 95/2025 nömrəli məktubunda göstərilmişdir ki, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək “sürücü” vəzifəsinə təyin edilmiş, həmin hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 nömrəli əmri ilə Zenit-raket artilleriya divizionunda “sürücü” vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin komandirinin əmrlərində dekabr N-cü il, xx.xx.1994-xx.xx.2024-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və ya N nömrəli hərbi hissəyə göndərilməsi barədə, habelə N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli əmrlərində iddiaçının xidmətinə dair heç bir məlumat aşkar olmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 102 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı həmin hərbi hissədə Zenit-Raket Artilleriya divizionunda baş mexanik vəzifəsinə təyin edilmişdir. Lakin həmin dövrdən sonra iddiaçının hərbi xidməti və ən əsası, ehtiyata buraxılması amili müəyyən olunmamışdır. Hərbi qanunvericiliyə əsasən, şəxsin həqiqi hərbi xidmətdən qanuni əsasla buraxılmış hesab edilməsi üçün onun müvafiq əmr əsasında ehtiyata və ya istefaya buraxılması faktı olmalıdır. Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılmışlarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Ehtiyata və ya istefaya buraxılmanın konkret əsasları qanunvericilikdə göstərilmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsas meyar şəxsin yalnız döyüş əməliyyatlarında iştirak etməsi (döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi) deyil, həm də onun qanuni əsasla ehtiyata buraxılması faktorudur. Məhkəmə isə heç bir əsas göstərmədən bu faktı nəzərdən kənarda qoymaqla, iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə mübahisələndirilən qərarında (qərarın 9-cu səhifəsi) da iddiaçının döyüş əməliyyatlarında iştirakının sübut olunduğunu göstərmiş, lakin onun hərbi hissədən ehtiyata buraxılması ilə bağlı heç bir nüans qeyd edə bilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 3-25/2-Ə-8-20/2024 nömrəli arxiv arayışının surətindən görünür ki, N №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 №-li əmrilə (əsas: səh.-25, §4, sıra-444) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, "sürücü” vəzifəsinə təyin edilmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 №-li əmrilə (əsas: sıra-109) 2-ci taborun sürücüsü, sıravi İddiaçı öz vəzifəsindən azad edilərək, Zenit-raket artilleriya divizionunda "sürücü” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli 812 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə (Sarıcalı hospitalında) stasionar müalicədə olmuşdur. Diaqnoz: Sol diz, sol sağrı nahiyəsinin güllə yarası. Əsas: N nömrəli hərbi hissənin (Sarıcalı hospitalın) 1994-cü ilə məxsus “Stasionar xəstələrin qeydiyyatı” kitabının 51-ci səhifəsində olan, 48-ci sayındakı qeyd. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ə-119xx-xx/2024 nömrəli məktubda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən N nömrəli hərbi hissədə dekabr N-cü il tarixdən sonra hərbi xidmətiniz təsdiqlənmədiyinə və N nömrəli hərbi hissədə N yanvar 1994-cü il tarixdən (müalicədən) sonrakı hərbi xidmətiniz barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-25-29/2-95/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-25-29/2-145/2025 nömrəli məktublarda qeyd edilir: N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 №-li əmrində (əsas: §-4, səh-25, sıra-444) N №-li hərbi hissədən göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış çağırışçıların siyahısında, 2-ci dağpiyada taborunun xidmət tağımında sürücü vəzifəsinə təyin olunmuş, sıravi İddiaçı adı qeyd edilmişdir. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 №-li əmrilə (əsas: sıra-109) sıravi İddiaçı 2-ci taborun sürücüsü, vəzifəsindən azad edilərək, Zenit-raket artilleriya divizionunda "sürücü" vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 102 №-li əmrilə (əsas: §-4, səh-29, sıra-93) sıravi İddiaçı Zenit- Raket Artilleriya divizionunda baş mexanik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin xx.xx.1996-xx.xx.1997-ci il tarixli "Yaralıların qeydiyyatı" kitabında (əsas: səh-6, sıra-64, kitabda yaralanma səbəbi, yeri, şəraiti qeyd olunmamışdır) 1970-ci il təvəllüdlü, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdə yaralanması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin dekabr N-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması, N №-li hərbi hissəyə göndərilməsi və N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli əmrlərində barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 01-19 yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı» qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, N nömrəli hərbi hissənin xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. İş materiallarında olan Ağdam Hərbi Prokuorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-3-120/2-004042/2025 nömrəli məktubdan görünür ki, hərbi hissələrin prokurorluqlar üzrə nəzarət dairəsi dəyişdiyindən, döyüş əməliyyatları zamanı mövcud olan hərbi hissələrin yerdəyişmələri və ləğv edilmələri (hərbi hissələrin nömrələrinin dəyişilməsi) ilə bağlı, həmçinin 1-ci Qarabağ müharibəsində iştirak etmiş və cinayət törətmiş şəxslər barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda vahid mərkəzləşdirilmiş məlumat bazası mövcud olmadığından, sorğuda göstərilən şəxs (İddiaçı) barəsində göstərilən müddətdə cinayət işi və ya təqsirləndirici material olub-olmaması ilə bağlı dəqiq məlumat verilməsi mümkün deyildir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 9cu abzasına əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli 812 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə (Sarıcalı hospitalında) stasionar müalicədə olması və diaqnozunun sol diz, sol sağrı nahiyəsinin güllə yarası olması qeyd edilsə də, yaralanmanın şəraiti, yeri və yaralanma səbəbi barədə məlumatlar müəyyən olunmur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, N №-li hərbi hissənin xx.xx.1996-xx.xx.1997-ci il tarixli "Yaralıların qeydiyyatı" kitabında (əsas: səh-6, sıra-64, kitabda yaralanma səbəbi, yeri, şəraiti qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdə yaralanması qeyd olunsa da, təvəllüdü 1970-ci il göstərilmişdir. İddiaçı isə xx.xx.1959-cu ildə doğlumuşdur. Eyni zamanda, iddiaçının qeyd olunan dövrdə hərbi əməliyyatlar zamanı aldığı xəsarətlər nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması iş üzrə materiallarla öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxiv arayışlarından və məlumatlarından isə görünür ki, 1994-cü ilin yanvar ayından sonra nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti barədə məlumatlar mövcud deyildir. Qeyd edilməlidir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Qanunvericilikdə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsi tələb edilir. Beləliklə, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini və qanunla nəzərdə tutulmuş müddətdə hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Göründüyü kimi, iddiaçının 1994-cü ilin yanvar ayından sonra hərbi xidməti barədə məlumat mövcud deyildir. Belə ki, iddiaçının hərbi xidmətini davam etdirməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması iş üzrə materiallardan görünmür. Eyni zamanda, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamış, iddiaçı xəsarət almışdırsa, bundan sonra iddiaçının hərbi xidmətini davam etdirməsi və hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı mötəbər sənəd təqdim edilməmişdir. O da qeyd edilməlidir ki, iddiaçının xəsarət aldığını bildirdiyi (1994-cü ilin yanvar ayı) dövrdə atəşkəs rejiminin elan olunmadığı da nəzərə alınmalıdır. Bundan başqa, hərbi qulluqçuların ehtiyata buraxılma prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli 433 saylı Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji iş üzrə 2-1(102)-554/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunur: 29. … şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. 30. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, N nömrəli hərbi hissənin arxiv sənədlərində iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar vardır. Lakin buna baxmayaraq, onun hərbi hissənin siyahısından çıxarılması, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edilmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 31. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması, döyüş əməliyyatlarında iştirakı və yaralanması faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. 32. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Beləliklə, iddiaçının hərbi xidmətə qəbulu, xidmət keçməsi barədə müvafiq əmrlər olsa da, iddiaçının xidmətinin başa çatması, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə qanunla nəzərdə tutulmuş sənədlər iş üzrə müəyyən olunmadığından iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciətinin təmin edilməsidən cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5154/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4623/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4623/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver