Məhkəmə qərarları › İş №2-1(103)-4629/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4629/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4629/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna götürülmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9721/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının yaşayış yeri üzrə mənzil uçotuna götürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçunun anasıdır və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəhid ailəsi statusuna malikdir. Mənzil təminatı üçün müraciət etdiyi cavabdeh tərəfindən mənzil uçotuna götürülməsindən “son 5 ildə qeydiyyatda olmaması” səbəbilə imtina edilmişdir. Bu imtina qanunsuz və əsassızdır.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9721/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşayış yeri üzrə mənzil uçotuna götürülməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

4. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “iddiaçı şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna götürülməsinə əsas verir. İddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınmağa hüququ yarandığından, ona münasibətdə cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.”

5. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti imtina məktubuna uyğun tərtib edilmişdir.

IV. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tədqiq edilən sənədlər: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən Masallı rayonu, Köçəkli kəndində 1,2700 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 0,18142857 ha hissəsi X1, 0,07142857 ha hissəsi İddiaçı, 0,18142857 ha hissəsi X2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. X2 adına Masallı rayonu, Köçəkli kəndində 0,0999 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Cavabdehin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, iddiaçı son beş il ərzində Yasamal rayonunda pasport qeydiyyatında olmadığından Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. İddiaçının müraciətinə imtina verilmişdir. - Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli sərəncamından müəyyən edilir ki, iddiaçının şəhid ailəsi qismində mənzil növbəsinə götürülməsi qərara alınmışdır. - Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdən Cəbrayıl rayonunun Çaxırlı kəndindən daimi qeydiyyatdan çıxmışdır. - Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamından müəyyən edilir ki, iddiaçının Cəbrayıl Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılması və onun mənzil növbəsi sənədlərinin Abşeron Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. - Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı ünvan 3 ünvanında yaşayır. O, göstərilən ünvanda 09.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək qeydiyyatsız yaşamış, sonuncu tarixdə qeydiyyata alınmışdır. - Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq göstərilmişdir ki, şəhid ailələri, vətən müharibəsi əlilləri pasport qeydiyyatda olduqları yer üzrə müvafiq icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürüldükdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunur. - Bakı şəhəri Cavabdeh Başçısının 1 №-li sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X5 6, ev 27, mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Masallı rayonu, Köçəkli kəndində, xx.xx.2004-cü il tarixdən xx.xx.2024-cü ilədək Cəbrayıl rayonu, Çaxırlı kəndidə, xx.xx.2024-cü il tarixdən isə Bakı şəhəri, Yasamal rayonu, X5 6, ev 27, mənzil 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - İddiaçının müraciətinə cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçı son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından müraciətinin təmin edilməsi mümkün deyildir. Göstərilən tarixdən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülə bilər.

VI. Tətbiq olunan hüquq

9. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10. Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənziltikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar.

11. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur.

12. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında göstərilmişdir ki:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

VII. Məhkəmənin mövqeyi

13. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 2004-cü ilədək Masallı rayonunda, 2024-cü ilədək Cəbrayıl rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş və 2024-cü il tarixdən Bakı şəhəri Yasamal rayonuna qeydiyyata alınmışdır. 2019-2024-cü illər ərzində Abşeron rayonuda qeydiyyatda olmadan məskunlaşmışdır. İddiaçı 2021-ci ildə Cəbrayıl rayonunda müvafiq sərəncam əsasında mənzil növbəsində götürülmüş, daha sonra ərizəsi əsasında mənzil növbəsindən çıxarılaraq sənədləri Abşeron Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bundan sonra iddiaçı mənzil növbəsinə götürülməsi barədə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona qeydiyyatda olduğu yeri üzrə mənzil növbəsinə götürülməsi üçün müraciət etməsi tövsiyə edilmişdir. Hazırda iddiaçı şəhid ailəsi kimi mənzil uçotuna götürülməsi barədə sərəncamın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasını onun son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonunda qeydiyyatda olmaması təşkil etmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır.

15. Belə ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Onun təkcə paylı mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulur. Yəni kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatından başqa şəkildə istifadə edilməsinə qanunvericilik yol vermir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əvvəl Cəbrayıl rayonunda yaşadığı zaman mənzil uçotuna götürülmüşdür. Öz ərizəsi əsasında həmin uçotdan çıxarılmış və sənədləri Abşeron Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı Abşeron rayonunda qeydiyyatsız yaşadığından, yaşayış yeri üzrə qeydiyyat ünvanı Yasamal rayonu olduğundan, aidiyyəti üzrə cavabdehə müraciət etmişdir

17. Göründüyü kimi iddiaçı şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna götürülməsinə əsas verir. İddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınmağa hüququ yarandığından, ona münasibətdə cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.

18. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9721/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9721/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar