Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-463/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2822/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Ali Təhsil Həmkarlar İttifaqının Təhsil Müəssisəsi “Əmək və Sosial Münasibətlər Akademiyası”nı bitirməyinə dair 17.05.1999-cu il tarixli 137704 ******* nömrəli diplomu üzrə iqtisadçı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilərək (nostrifikasiya) ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1992-ci ildə həmin Akademiyaya qiyabi şöbəyə qəbul olmuş, 1999-cu ildə bitirmişdir. “İqtisadiyyat və əməyin sosiologiyası” istiqaməti üzrə mütəxəssis proqramını mənimsədiyinə və yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçdiyinə görə Dövlət İmtahan Komissiyasının 17.05.1999-cu il tarixli qərarı ilə ona “İqtisadiyyat və əməyin sosiologiyası” istiqaməti üzrə iqtisadçı ixtisası verilmişdir. Oxuduğu müddətdə bütün tədris-imtahan sessiyalarında iştirak edərək 42 fənn üzrə məqbulları, aralıq və yekun imtahanları verib qiymət almışdır, dövlət imtahanını müvəffəqiyyətlə vermiş, oxuduğu müddətdə, həmçinin, tədris istehsalat təcrübələrində iştirak etmişdir, “İqtisadi nəzəriyyə”, “Marketinq", “Əməyin sosiologiyası", “Əməyin iqtisadiyyatı” fənləri üzrə kurs işləri vermişdir. Diplomu Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamenti tərəfindən təsdiq edilmişdir. İxtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə AR Təhsil Nazirliyinə ünvanladığı 13.05.2019-cu il tarixli A78C**********9 nömrəli elektron müraciətinə Nazirliyin Akreditasiya və Nostrifıkasiya İdarəsində baxılmış, müraciəti təmin olunmayaraq ona 28.12.2019-cu il tarixli J-832/03 ANJ nömrəli məktubla imtina cavabı verilmişdir. Cavabdeh həmin məktubda imtinanın əsası kimi “nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edilməsi”ni göstərmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, beynəlxalq hüquq normalarına və milli qanunvericiliyin müddəalarına ziddir. Belə ki, təqdim etdiyi mötəbər sübut sayılan sənədlərdən göründüyü kimi o, tədrisi müvəffəqiyyətlə başa vuraraq, lazımi qaydada ixtisasına yiyələnmişdir. O, orta məktəbdə rus dili fənni keçmiş və bu fənni orta məktəb illəri üçün normal mənimsəmişdir. 22.05.1990-cı ildə isə Sovet Ordusu sıralarına müddətli həqiqi hərbi xidmətə göndərilmiş, iki il hərbi xidmətdə olarkən “tikinti-quraşdırıcı” ixtisasına yiyələnmiş və 20.05.1992-ci ildə xidmət müddətinin başa çatması ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həm orta məktəbdə oxuduğu illərdə, həm hərbi xidmətdə olduğu illərdə, həm də ali təhsil müəssisəsində təhsil aldığı müddətlərdə rus dilində lazımi səviyyədə normal danışıb oxumuşdur. 1999-cu ildə ali təhsili bitirdikdən sonra 20 ildir ki, Zərdab rayonu Alıcanlı kəndində yaşayır və işləyir. Bu 20 ildə kənd mühitində rus dili ilə əlaqəli nə rəsmi, nə qeyri-rəsmi münasibətləri olmamışdır. O, hazırda da rus dilini tam olmasa da qismən bilir, yəni rus dilində sərbəst oxuyur, qismən sərbəst ünsiyyət qura bilir və yalnız yazıda müəyyən çətinliyi vardır. Bu isə nə hüquqi cəhətdən, nə də faktiki olaraq onun diplomunun tanınmasından imtina üçün qanuni əsas sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin 09.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, “Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. ... Qanunvericiliyin tələblərindən görünür ki, ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinə görə mənfi rəyin verilməsi nəzərdə tutulmamışdır.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərar qəbul edərkən iddia tələbinin təmini əsaslarından biri kimi iddiaçının tədris dilini bilmə səviyyəsinə dair mütəxəssis rəyinə istinad etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28-ci bəndinə əsasən, Təhsil Nazirliyi xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 2.2.2-ci yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək Agentliyin fəaliyyət istiqaməti, Nizamnamənin 3.1.4-cü yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək isə Agentliyin vəzifəsi olaraq müəyyən edilmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, təhsilin məzmununun uyğunluğu barədə müsbət rəy olduqda ekvivalentlik haqqında şəhadətnamə verilir. Qanunvericiliyin sözügedən müddəalarından da göründüyü kimi, iddiaçının xarici ali təhsil ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdeh orqan tərəfindən həyata keçirilir. Bu əsasla da mütəxəssis rəyi sübut kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə iddia tələbinin təmini əsasları olaraq, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli, 455-İİQ nömrəli Qanununu və Azərbaycan Respublikasının da qoşulduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nı qeyd etmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının diplomuna vurulan apostil möhürü sənədin qanuniliyini sübut edir və Qaydaların 1.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Diploma vurulan apostil möhürü diplomdakı imzaların, habelə sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və ya onun vəzifəsinin həqiqiliyini müəyyən edir və həmin diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasının məcburiliyinə dair heç bir nəticə doğurmur və eyni zamanda, sözügedən Sazişdə xarici ali təhsil ixtisaslarının ekspertiza keçirilmədən ekvivalentliyinin müəyyən edilməsinə dair hər hansı qeyd-şərt yoxdur. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Konvensiyanın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) İzahedici Memorandumun 26-cı və 37-ci paraqrafları rəhbər tutularaq, iddiaçının sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analiz etmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini müəyyən etmək səlahiyyətinə malikdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. Qaydaların və Konvensiyanın müddəalarından göründüyü kimi, təhsilin məzmununun qiymətləndirilməsi zamanı təhsilin keyfiyyət meyarı nəzərə alınmalıdır. İddiaçının tədris dilini bilməməsi onun əldə etdiyi təhsilin keyfiyyətini şübhə altına almış olur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, Rusiya Federasiyası “Əmək və Sosial Münasibətlər Akademiyası”nın qeydiyyat nömrəsi 40530 olan AVS ******* nömrəli diplomunun Azərbaycan dilinə tərcümə edilməklə notariat təsdiqli surətinə görə, iddiaçıya dövlət attestasiya komissiyasının 17 may 1999-cu il tarixli qərarı ilə “Əməyin iqtisadiyyatı və sosiologiyası” ixtisası üzrə “İqtisadçı” dərəcəsi verilmişdir. Rusiya Federasiyası Ali Təhsil Həmkarlar İttifaqı Təhsil Müəssisəsi “Əmək və Sosial Münasibətlər Akademiyası”nın qeydiyyat nömrəsi 01-03-0001-19-24 olan 18.01.2019-cu il tarixli 137704 ******* nömrəli dublikat mütəxəssis diplomunun apostil olunmuş, Azərbaycan dilinə tərcümə edilməklə notariat təsdiqli surətinə əsasən, iddiaçı 17 may 1999-cu il tarixdə “İqtisadiyyat və əməyin sosiologiyası” istiqaməti üzrə mütəxəssis proqramını mənimsəmiş və yekun dövlət attestasiyasını müvəqqiyyətlə keçmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə ona “iqtisadçı” ixtisası verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.12.2019-cu il tarixli İ-832/03-ANİ nömrəli məktubda bildirilmişdir ki, 14.05.2019-cu il tarixli elektron müraciətin nəticəsi barədə ona 04.11.2019-cu il tarixdə elektron xidmət vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Əlavədə göstərilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan mühasibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən A78C**********9 nömrəli müraciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Bakı Slavyan Universiteti Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasovun 08.06.2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, hər hansı xarici dildə, o cümlədən rus dilində nitq fəaliyyətinin müxtəlif səviyyələri mövcuddur: reseptiv, reprodiktiv və produktiv. İlkin, yəni reseptiv səviyyə dedikdə danışan şəxsin yalnız həmin xarici dildə nitqi dinləyib-anlama, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməmə səviyyəsi başa düşülür. Reproduktiv nitq səviyyəsində danışan dinlədiyi (oxuduğu) mətnləri təkrar canlandırmaq bacarığına malikdir. Ona mətnlə bağlı verilən sadə sualları cavablandırır. Produktiv nitq səviyyəsində danışan şəxs nəinki həmin xarici dildə danışanı dinləyib başa düşür, onunla üsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyə özünü mövcud iki - yazılı və şifahi - formada büruzə verir. İddiaçı özü və ixtisası haqqında ona verilən ən müxtəlif suallara şifahi və yazılı formada cavab verir. Nitqində bəzən fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, əsasən fikrini düzgün ifadə edir. İddiaçı rus dilində lüğət ehtiyatı xeyli zəngindir. “İqtisadçı” ixtisasına dair rus dilində verilən suallara məntiqi və dolğun cavabları onun bakalavr səviyyəsində yaxşı ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarına malik olmasına əyani sübutdur. İddiaçı aldığı ixtisasına dair elmi və terminoloji söz və ifadələrdən istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Göstərilənləri ümumiləşdirərək, İddiaçı rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ilə aparılan müsahibənin videodiskinə baxış keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra - Qaydalar): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”in (bundan sonra - Saziş) 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Sazişin 6-cı maddəsinə görə, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Sazişin 7-ci maddəsinə əsasən, beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu 05.10.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya həm hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, təqdim etdiyi diploma əlavəyə əsasən qiyabi təhsil alan, müsahibə zamanı onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilən iddiaçının mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.3-cü maddəsi), onun mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Belə ki, Sazişin 6 və 7-ci maddələrindən göründüyü kimi, həmin ikitərəfli beynəlxalq müqavilədə Rusiya Federasiyasının yalnız əyani təhsil üzrə bakalavr və ya mütəxəssis diplomlarının tanınmasından bəhs olunur. İddiaçının isə güman olunan təhsili qiyabi olmuşdur ki, bu da hər bir halda cavabdehin Qaydaların 1.6-cı bəndinə müvafiq qaydada ekspertiza keçirmək səlahiyyətinə malik olduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan 08.06.2020-ci il tarixli mütəxəssis rəyinə münasibətdə bildirir ki, rəydə iddiaçının rus dilini bilməsinin produktiv səviyyəyə uyğun gəldiyi qeyd edilsə də, iddiaçı ilə aparılan müsahibənin videodiskinə keçirilən baxış zamanı bu qənaət formalaşmamışdır. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası, həmçinin, birinci instansiya məhkəməsinin qərarında iddianın təmin olunmasının əsaslarından biri kimi qeyd etdiyi iddiaçının diplomuna Rusiya Federasiyasında Apostille şəhadətnaməsinin əlavə olunması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, Apostille yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2822/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı Rusiya Federasiyası Ali Təhsil Həmkarlar İttifaqının Təhsil Müəssisəsi “Əmək və Sosial Münasibətlər Akademiyası”nı bitirməyinə dair 17 may 1999-cu il tarixli 137704 ******* nömrəli diplomu üzrə iqtisadçı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilərək (nostrifikasiya) ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-463/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-463/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver