Məhkəmə qərarları › İş №2-1(103)-463/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-463/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-463/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndələri X1 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu) “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5129/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması və ona 2020-ci ilin aprel ayından başlayaraq məhkəmə qərarı qəbul edilən günə qədər verilməyən məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Baş X3 Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi pensiya təyin edilmiş və prokurorluqda işlədiyi üçün həmin pensiyanın 50 (əlli) faizini almışdır. 22.04.2020-ci il tarixdən prokurorluq orqanlarından təqaüdə çıxmağı ilə əlaqədar xaric edilmişdir. İşdən çıxmağını nəzərə alıb, işdən azad olunduğu gündən “X5” Qanunun 20.8-ci maddəsinə əsasən 2018-ci ilin aprel ayından başlayaraq sonuncu 24 (iyirmi dörd) ay nəzərə alınmaqla pensiyanın hesablanıb ödənilməsi həyata keçirilmişdir. Lakin ödənilən məbləğ düzgün hesablanmamış və pensiyanı tam həcmdə ala bilməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyi, Baş Prokurorluğun verdiyi arayışda ona ödənilən 10.414,22 (on min dörd yüz on dörd manat, iyirmi iki qəpik) manat hesablanıb nəzərə alınmamış və hesablama zamanı səhvlərə yol verilmişdir. Həmin arayışda iddiaçıya verilən 10.414,22 (on min dörd yüz on dörd manat, iyirmi iki qəpik) manat əmək haqqı fondundan verilməklə, DSMF-yə müvafiq ayırmalar edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, bu məbləğ istifadə edilməmiş məzuniyyətlərə görə toplanılan və iddiaçıya zamanında ödənilməyən puldur. Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili üçün ona məzuniyyət verilir və işdən çıxma məzuniyyətin son günü hesab edilir. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 01 fevral 2021-ci il tarixdə pensiyanın yenidən hesablanması və iddiaçıya 2020-ci ilin aprel ayından bu günə qədər verilməyən məbləğin ödənilməsindən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən müraciəti cavablandırılmamışdır. Məhkəmənin 05.05.2021-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmış, həmçinin məhkəmənin 07.07.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Baş Prokurorluğu inzibati iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5129/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5129/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 11/195-k №li 22.04.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 21.05.2020-ci il tarixli 17/252 №li “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış”dan müəyyən olunur ki, İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənilmiş, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fondina müvafiq ayırmalar edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin 042356 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, xx xxxxx 1960-cı il təvəllüdlü İddiaçı 1047 nömrəli 03.09.2009-cu il tarixli qərarla 24.08.2009-cu il tarixdən 1.275,40 manat ömürlük pensiya təyin edilmişdir. Daha sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının təyin edilməsi haqqında” 03.06.2020-ci il tarixli **********9 №li qərarı ilə İddiaçı 22.04.2020-ci il tarixdən (dövlət qulluğu vəzifəsində stajı-34 il 06 ay 23 gün, Dövlət məvacibi 4262,19 manat, pensiyanın faizi- 80 faiz, pensiyanın müddəti – müddətsiz) 3.409,75 manat məbləğində pensiya təyin olunmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 03.03.2021-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi ərizədə qeyd edilən pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “X5” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda (31-ci (sonuncu) bəndi) istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya nəzərə alınmayan ödənclərə aid edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq, orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiya təyin olunmuş və bu zaman sonuncuya istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilmiş kompensasiyalar nəzərə alınmamışdır. “X5” Qanunun 20.8-ci maddəsi onun digər müddəaları, xüsusilə də 1.0.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməlidir. Belə ki, “əmək haqqındakı sonrakı artım” ifadəsi mücərrəd artımı deyil, konkret pensiyaçının əmək haqqındakı artımını ifadə edir. Daha açıq bir ifadə ilə, şəxs pensiyaya çıxarkən onun pensiyasının hesablanması zamanı əsas alınmış “əmək haqqının orta aylıq məbləği”nə şəxsin pensiyaya çıxdığı anda aldığı “əmək haqqı” və “digər ödənclər” daxildir. Dolayısı ilə, əgər şəxs pensiyaya çıxarkən almadığı, yəni “əmək haqqının orta aylıq məbləği”nə daxil olmayan məbləği “əmək haqqındakı sonrakı artım” kimi tələb edə bilməz. Bu nəticə, “X5” Qanunun 1.0.1-ci maddəsində əmək pensiyasına verilmiş anlayışla da uzlaşır. Çünki həmin maddəyə görə, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5129/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar